Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   76   77   78   79   80   81   82   83   ...   161

 
165
cəsədini içəri atdılar, Gicbəsər cəld sıçrayışlarla özünü zeytunluğa verdi və 
ağrılarına baxmayaraq var gücü ilə qaçıb bu yerlərdən uzaqlaşdı.  
Tüfəngsiz sanitar bayaqkı dekorativ kola tərəf baxıb:  
– Bəs o birisi nə oldu? – soruşdu.  
Tüfəngli sanitar da başını çevirib əvvəlcə o kola, sonra zeytunluğa tərəf baxdı, 
itin hansı istiqamətdə qaçıb canını qurtardığını düzgün müəyyən etdi və sidq-
ürəkdən təəssüflənə-təəssüflənə:  
– Qaçıb getdi əclaf!.. – dedi.  
Ikisi də maşına mindi.  
Sürücü növbəti dəfə əsnəyib motoru işə saldı və yenə də deyindi:  
– Katafalkada işləmək bundan yaxşıdı!.. It ölüsü daşıyıram...  
Sonra o furqonlu maşın yerindən tərpəndi.  
Dan yerinin o qırmızısı yavaş-yavaş çəkilib gedirdi və Bakıda yeni gün 
başlayırdı.  
 
11  
 
ƏBDÜL QAFARZADƏ 
 
Həmin aprel günü Əbdül Qafarzadə ikinci dəfə Rayon Icraiyyə Komitəsinin 
binasından çıxıb trolleybusla Qəbiristanlıq Idarəsinə gələndən sonra iki nəfər içəri 
girib bir balaca qanını qaraltdı. Biri tösmərək oğlan idi, o birisi şalban kimi arıq və 
uzun bir tip idi (bayaq iclasdan qayıdanda da gözləmə otağında gördüyü bunlar idi), 
ölüləri üçün yer istəyirdilər və rüşvət əleyhinə mübarizə aparırdılar... Axmaqlar!.. 
Əbdül Qafarzadənin bu cür miskin adamları görməyə gözü yox idi; əfəl və mənasız 
məxluqat olduqları üçün ciblərində də bir qəpik olmur və buna görə də ədalət 
uğrunda mübarizə aparırlar, qanundan dəm vururlar... Bu tösmərək axmaq da Sovet 
Ittifaqının qanunlarını köməyə çağırırdı və Sovet Ittifaqındakı qanun keşikçisi 
mayor Məmmədov da, elə bil, qəsdən burada idi, o axmağın qolundan yapışıb 
göstərdi ona həmin qanunları.  
Tülkü Gəldi Qəbiristanlığı neçə ildən bəri sahə müvəkkili işləyən milis 
mayoru Məmmədovun ərazisinə daxil idi və o bu işə gələndə baş leytenant idi, 
Əbdül Qafarzadənin sayəsində indi mayor olmuşdu, amma – insan, əlbəttə, 
naşükürdür– indi özünü daha sahə müvəkkilliyinə sığışdırmırdı, axır vaxtlar Əbdül 
Qafarzadəyə, xüsusilə, yaltaqlanırdı ki, kişi gedib Bakı Şəhər Milis Idarəsində, 
yaxud Daxili Işlər Nazirliyinin özündə ağız açsın, onu irəli çəksinlər. Könlündən 
rayon milis şöbəsinin rəisliyi keçir, hələlik, heç olmasa, rəis müavini olmaq istəyir... 
Əvvəllər Əbdül Qafarzadə Mirzəibinin, Ağakərimin, yaxud Vasilinin vasitəsilə 
hərdənbir Məmmədova cib xərcliyi verirdi, amma indi Məmmədovun özü yeri 
düşəndə Mirzəibiyə, Vasiliyə, Ağakərimə işarələr vururdu, eyhamlarla (birbaşa 
deməyə ürək eləmirdi) Əbdül Qafarzadə üçün pul təklif edirdi ki, gedib yuxarılarda 
işini düzəltsin. Acın biri idi, burada sahə müvəkkili olandan sonra özünü düzəldib – 
ərazisində nə qədər istəyirsən kababxana, dükan, dondurma sexi, qayış sexi, 
keramika fabriki, pivəxanalar... Ayda hər birindən çox yox, elə beşcə yüz manat 
alsa, gör nə qədər eləyir!.. Hər halda, acından ölmür... Nə isə, Məmmədov da adam 


 
166
idi və özünü oda-közə vurub adam kimi yaşamaq istəyirdi. Ola bilsin ki, Əbdül 
Qafarzadə ona kömək edəcəkdi, amma hələ qəti qərara almamışdı. Indi isə bərk 
acımışdı və təzə katibə qızı çağırıb çörək və pendir almaqdan ötrü mağazaya 
göndərdi. Əlbəttə, bu qız səhlənkarlıq eləmişdi və o iki nəfəri icazəsiz içəri 
buraxmışdı, Əbdül Qafarzadə isə səhlənkarlığı, xüsusən, işdə səhlənkarlığı 
xoşlamırdı; amma Əbdül Qafarzadə cavan və gözəl qızları xoşlayırdı və o 
səhlənkarlıq üstündə hissə qapılıb bu qızı qovmağın hələ vaxtı deyildi... Bir də ki, – 
Əbdül Qafarzadə buna qətiyyən şübhə etmirdi – o iki nəfəri bura katibə qız yox, get-
gedə ağlını itirən Bədurə buraxmışdı. Bədurə öz qocalığı ilə heç cürə barışa bilmirdi 
və indiyə qədər də Əbdül Qafarzadəni qısqanırdı, bunu heç kim görməsə də (bəlkə 
heç Bədurənin özü də indi bu fikirdə deyil!..), Əbdül Qafarzadə yaxşı görürdü. 
Azərbaycanlı belədir də... Odur, mühasib Yevdakiya Stanislavovna, ya da ki, kassir 
Marqarita Iosifovna, indi qocalıblar, başlarını da aşağı salıb işlərini görürlər. 
Cavanlıqlarında bəyəm Əbdül Qafarzadə ilə az oyundan çıxmışdılar?.. Hər halda, 
Bədurə ilə yaxşıca bir söhbət eləmək lazımdı, bu təzə qızın məsələsi isə gələcəyin 
işidi, indinin yox. Axır ki, bugünkü qəzetləri rahat oxumaq olar...  
O gözəl katibə qız, Əbdül Qafarzadənin verdiyi iki əzik-üzük manata baxa-
baxa çaşbaş qalmışdı: bu kişi ki, camaat bunun haqqında bu qədər danışır, adicə 
qəbirqazanlar kimi, cibindən iki dənə əzik manatlıq çıxartdı və bu adam da nahar 
zamanı adicə qəbirqazanlar kimi, dükan pendiri ilə dükan çörəyi yeyəcəkdi; qız gah 
əlində tutduğu o əzik manatlara, gah da Əbdül Qafarzadənin indicə kabinetə girib 
ardınca örtdüyü içi pambıq dolu qəhvəyi meşin qapıya baxırdı.  
Makinaçı Bədurə xanım bu Qəbiristanlıq Idarəsinin də, Əbdül Qafarzadənin 
də cikinə-bikinə bələd idi (hər halda, iyirmi ildən artıq Qəbiristanlıq Idarəsində 
işləyən bu arvada belə gəlirdi!) və buna görə də öz küncündə oturub makinadakı 
yazısını davam etdirə-etdirə təzə katibə qıza baxdı,qıpqırmızı boyadığı 
dodaqlarından bir təbəssüm keçdi. Bədurə xanım da iyirmi iki il bundan əvvəl bu 
idarəyə gələndə, iyirmi iki il bundan əvvəl birinci dəfə Əbdül Qafarzadə ilə tanış 
olanda beləcə çox çaşbaş qalmışdı, amma indi sakitcə öz küncündə oturub 
dissertasiya çap edirdi. Əbdül Qafarzadə icazə vermişdi ki, Idarə işi olmayanda (bu 
Idarədə isə makinaçı işi çox az idi – əsas etibarilə Əbdül Qafarzadənin yuxarı 
təşkilatlara göndərdiyi arayışlar, raportlar, bəzi xahişlər, vəssalam) Bədurə xanım öz 
müştərilərinin işini yazsın və Bədurə xanım da bir ucdan cürbəcür – ədəbiyyatdan 
tutmuş fəlsəfəyəcən – dissertasiyaları makinada yazmaqla məşğul idi.  
Əlbəttə, o cavan, o gözəl katibə qızın haradan ağlına gələ bilərdi ki, Əbdül 
Qafarzadə kimi bir adam niyə nahar üçün pendir-çörək istəyir? Niyə Bakının gözəl 
kababxanalarından (bu kababxanalardan biri elə Tülkü Gəldi Qəbiristanlığının 
yanında idi və «Əlvida» adlı həmin kababxananın da əsl sahibi Əbdül Qafarzadə idi) 
özü üçün yemək gətirtmir? Bunun səbəblərindən biri çox sadə idi: Əbdül Qafarzadə 
indi burada əməlli-başlı nahar eləsəydi, evə gedəndə daha çörək yeyə bilməyəcəkdi 
və o da evdə çörək yeməyəndə, Qaratel dilinə, ümumiyyətlə, heç nə vurmurdu. 
Amma indi Əbdül Qafarzadə bir az pendir-çörək yeyəcəkdi, işdən sonra isə, gedib 
evdə xörək hazırlayacaqdı (əgər Qaratel yenə də sözə baxmayıb ağrıya-ağrıya özü 
kişinin işdən qayıtması üçün xörək hazırlamayıbsa), iştahla yeyəcəkdi və Qarateli də 
məcbur edəcəkdi ki, bir az yesin. Nə isə, dünyanın beləcə qəribə işləri o cavan 
katibə qızın ağlına haradan gələ bilərdi?  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə