290
Onun dostları elə də çox deyildi (Molla Cumanın məşhur misrası,
elə bilirəm
ki, burada yerinə düşür: «Dərdi qanan ya bir ola, ya iki...»), amma düşməni isə,
ümumiyyətlə, yox idi. Paxıllıq edən, ədəbi qısqanclıq hissini boğa bilməyən, gözü
götürməyən, əlbəttə, var idi, amma – düşməni – yox idi və elə bilirəm ki, yazıçılar
aləmindəki, – xüsusən, 40 – 50 – 60-cı illərdə – intriqalar burulğanını nəzərə alsaq
və bura onu da əlavə etsək ki, dövrün, hakim ideologiyanın, sistemin yaratdığı ab-
hava həmin «intriqalar burulğanının» daha da qızışması üçün gözəl münbit zəmin,
əlverişli şərait yaradırdı, bu fakt, yəni İlyas Əfəndiyev «düşmənsizliyi» onun
şəxsiyyəti haqqında az söz demir.
Bununla əlaqədar orasını da
xüsusi qeyd etmək istəyirəm ki, İlyas Əfəndiyev
ötkəm adam idi, sözü şax üzə deyən və heç kimdən çəkinməyən, öz sərbəstliyini,
ləyaqətini qiymətləndirməyi və qorumağı bacaran bir şəxsiyyət idi.
Yenə Bəxtiyar Vahabzadədən bir sitat gətirmək istəyirəm, çünki İlyas
Əfəndiyevlə bağlı bu da dəqiq bir müşahidədir: İlyas Əfəndiyev «hər adamla
ünsiyyət bağlamaz, onun öz ətrafı, öz həmsöhbətləri olardı. O, istedadsız, sırtıq,
mütaliəsiz, dayaz adamlardan qaçardı. Amma istedadlı, mütaliəli və ziyalı
adamlarla... söhbətdən ləzzət alardı. Çünki özü daxilən ziyalı adam idi. Dərin
mütaliəsi var idi. Mən cəsarətlə deyə bilərəm ki, yazıçılar
içərisində Qərb və rus
ədəbiyyatını onun qədər dərindən bilən qələm sahiblərini barmaqla saymaq olar».
Mən, indi əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 60-cı illərin ikinci
yarısında namizədlik dissertasiyası yazırdım və o zaman M.F.Axundov adına Dövlət
kitabxanasında həmin 30-40-50-ci illərin bütün respublika mətbuatını səhifə-səhifə
vərəqləmişdim: bir çox görkəmli yazıçı və şairlərimizdən fərqli olaraq, İlyas
Əfəndiyevin kimisə «ifşa» etməsinə, sonralar peşmançılığını çəkəcəyi, cürbəcür
bəraət bəhanələri gətirməyə məcbur olacağı hansısa bir «ifşa» məktubuna (o
zamanın geniş yayılmış «ədəbi janrına»!) imza atmasına
rast gəlməmişəm, çünki
belə hadisə olmayıb.
O dövrün ədəbi-ictimai həyatını öyrənənlər bu faktın nə demək olduğunu daha
yaxşı qiymətləndirə bilərlər (və qiymətləndirirlər!).
Amma onu «ifşa» edən yazılar var...
İlyas Əfəndiyevin uşaqlıq dostlarından mən, ancaq heykəltəraş Cəlal
Qaryağdını və tarixçi, professor Əhəd Bağırzadəni tanıyırdım və onlar sonralar da
hərdənbir əlaqə saxlayırdılar, bəzən görüşürdülər, bəzən də uzun illər
görüşmürdülər. Buna görə də İlyas Əfəndiyev vəfat edəndə və Cəlal Qaryağdı
başsağlığı verməyə gələndə (Əhəd Bağırzadə isə daha əvvəl vəfat etmişdi), məni
qucaqlayıb uşaq kimi ağlaması və:
– İlyasın ölümü mənim belimi sındırdı,– deməsi, bu sözləri dedirdən kədərin
təbiiliyi, doğrusu, mənim üçün bir az
gözlənilməz oldu və hətta mən, nədənsə, elə
bil ki, onun qarşısında özümü bir az günahkar hiss etdim.
Beş ildən sonra, 2001-ci ildə Cəlal Qaryağdı da rəhmətə getdi və bu sözləri
yazarkən bu uşaqlıq dostlarının haqq dünyasındakı ruhları qarşısında indi özümü bir
balaca rahat hiss edirəm: Cəlal müəllim uzun illərdən bəri üzərində işlədiyi Cəfər
Cabbarlı heykəlini bitirmişdi və o heykəl Xızıda ucaldılmalı idi, ancaq bunun üçün
vəsait çatışmırdı. Mən BMT-nin Azərbaycandakı nümayəndəliyini bu işə cəlb edə
bildim və o heykəlin açılış mərasimində onunla birlikdə iştirak etdim. Indi Cəlal
Qaryağdının əsl sənətkarlıqla yaratdığı o heykəl Cəfərin ana yurdunda ucalmaqdadı.
291
İlyas Əfəndiyevin daima xatırladığı ən yaxın uşaqlıq və yeniyetməlik dostu
haqqında da yazmaq istəyirəm: Məhəmməd adlı o oğlanla
Füzulidə bir məktəbdə
oxuyublar, Məhəmməd iki sinif irəlidə imiş və təxminən 16-17 yaşları olanda – 30-
31-ci illərdə – yeni hakimiyyəti, yerli bolşeviklərin rəhbərliyini və əməllərini heç
cürə qəbul etmədikləri üçün, İlyasla Məhəmməd qərar veriblər ki, Irana qaçıb,
oradan Türkiyəyə gedib Azərbaycan uğrunda mübarizə aparacaqlar, həmfikirlərini
başlarına toplayıb yenidən Azərbaycana qayıdacaqlar. Nəhayət,
bir gün sözləşirlər
ki, səhər tezdən görüşüb Arazı keçsinlər. Sübh tezdən sözləşdikləri yerdə görüşürlər.
İlyas Əfəndiyev deyirdi: «Çayı keçməyə hazırlaşırdıq ki, birdən-birə anam,
atam, balaca qardaşlarım, bacılarım yadıma düşdü. Fikirləşdim ki, bunları burda
qoyub gedirəm, axırları necə olacaq? Bolşeviklər atama, anama, bütün ailəmizə
zülm edirdilər, fikirləşdim ki, bu zülmə necə tab gətirəcəklər? Bunlar bu vəziyyətdə
qalır burda, mən Türkiyədə necə rahat yaşaya bilərəm? Məhəmmədə dedim ki, yox,
mən getmirəm. Nə qədər elədisə də, getmədim. Məhəmmədlə vidalaşdıq, onu
ötürdüm, üzüb Arazı keçdi, mən geri qayıtdım».
İlyas Əfəndiyev,
dediyim kimi, Məhəmmədi tez-tez xatırlayırdı, onun çox
ağıllı və bacarıqlı olduğunu deyirdi və şübhə etmirdi ki, əgər, salamat qalıbsa,
hörmətli bir adam olub.
Sonralar mən Türkiyə səfərlərim zamanı həmişə bu adamı axtarırdım, onun
haqqında soraqlaşırdım və nəhayət 90-cı illərin əvvəllərində Türkiyədə yaşayan
mühacirlərimizin köməkliyi ilə onun kimliyini müəyyənləşdirə bildim:
mühacirətdəki Azərbaycan milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri –
Məmməd Azər Aran.
52-53 illik xəbərsizlikdən sonra gələn bu soraq İlyas Əfəndiyevi çox
sevindirdi və ona çox da təsir etdi. Atam, Məmməd Azər Arana məktub yazdı və
mən o məktubu ünvanına çatdıra bildim. Mənə deyilənə görə, Məmməd Azər Aran
da bu məktuba çox sevinib, sovet rejimindən İlyas Əfəndiyevlə birlikdə qaçmaq
istədiklərini təfərrüatı ilə xatırlayıb, ancaq çox da təəssüf ki,
o zaman o, artıq ağır
Parkenson xəstəliyinə tutulmuşdu və azacıq sonra da vəfat etdi.
Mən onun vəfat etdiyini atama demədim və məktubuna cavabın gəlməməyinə
belə bir bəhanə gətirdim ki, ağır xəstədir, deyir, belə bir vəziyyətdə mən İlyasa
cavab yazmaq istəmirəm, sağalan kimi Bakıya gedib özüm İlyasla görüşəcəyəm.
İlyas Əfəndiyev sidq-ürəkdən gələn bir pərişanlıqla:
– Bəs həkimləri nə deyir?– soruşurdu.
Mən də:
– Deyirlər sağalacaq,– deyirdim.
Sonra İlyas Əfəndiyev özü vəfat etdi...
Türk Kültur Dərgisi «Azərbaycan» 1996-cı il oktyabr nömrəsində yazırdı:
«Bakıdan aldığımız acı xəbər Azərbaycan Kültur Dərnəyi Yönetimi və
mənsublarını acılara boğdu.
Azərbaycan
Cümhuriyyətinin olduğu qədər, Türk Dünyasının da ən böyük
dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda Tanrının rəhmətinə qovuşdu.
İlyas Əfəndiyev 72 illik kommunist rus işğalı dönəmində Kommunist
partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyətlərdən biri idi. O, sovet
ordusunun Azərbaycanı işğal etdiyini, Azərbaycan xalqının bir müstəmləkə həyatı
yaşadığını gördükdən sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş