306
verə bilməyib, aldatmaq da istəməyib. Qız isə,
bu sevgidən dərdə düşüb, vərəm
olub. Biz bir tərəfdən qızın halına acıyır, bir tərəfdən də Sadıqcanın kişi hərəkətini,
arvadına, ailəsinə sədaqətini hiss edib mütəəssir olurduq. Sanki heç özümüz də hiss
etmədən insanların gözəl rəftarları, hissləri bizi ucaldırdı, bizə səbəbini, mahiyyətini
dərk etmədiyimiz şairanə bir ilham verirdi. Biz tanıyıb-tanımadığımız bütün yaxşı
insanları sevməyə, özümüz də onlar üçün fədakarlıqlar etmyə hazır idik. Indi bu
sətirləri yazarkən də mənə elə gəlir ki, bütün uşaqlar göz açıb ilk dəfə dünya ilə tanış
olmağa
başlayanda, o hisslərlə yaşayırlar».
Və daha səkkiz ildən sonra, İlyas Əfəndiyev 70 il içində gəzdirdiyi o
«mütəəssirliyi», o hissləri kağıza köçürür... «Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı» povestini yazır. Bu povest İlyas Əfəndiyevin sonuncu bədii
əsəridir və onu 1996-cı il mayın 28-də bitirib. 82 yaşında yazdığı bu son povest
gənclik ehtirası, şövqü, hisslər aləminin zənginliyi, romantik duyğular baxımından
onun ən maraqlı yazılarından biridir.
Sadıqcanın nəvəsi Aybəniz xanım, o zaman Xarici işlər naziri vəzifəsində
işləyən Həsən Həsənovun həyat yoldaşıdır və mən «Xan qızı Gülsənubərlə tarzən
Sadıqcanın nağılı»nı oxuyandan sonra, əlyazmanı Həsən
Həsənova da verdim ki,
oxusunlar. Səhəri gün Həsən Həsənov mənə telefon açdı və:
– Heç vaxt inanmaq olmaz ki, bu hissləri 82 yaşlı bir yazıçı ifadə edib,– dedi.–
İlyas müəllimin adı olmasaydı, mən elə bilərdim ki, bu gözəl povesti 30 yaşlı bir
gənc yazıb.
«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» faktı mənim üçün ona görə
əlamətdardır ki, İlyas Əfəndiyevin ən kiçik uşaqlıq çağları ilə, ömrünün, hətta 80-ni
keçən sonrası arasında da bir harmoniya, hissiyyat dəyişməzliyi və zənginliyi var idi
və o bir uşaq kimi həyata hansı hissiyyatla gəlmişdisə,
elə həmin hissiyyatlarla da
həyatdan köçdü.
6.
Teatr İlyas Əfəndiyev üçün gündəlik həyatının nəfəs almaq, su içmək, yemək
kimi tamam təbii, mübahisəsiz bir atributu idi və onun həyatının xüsusən son 32 ili
(«Sən həmişə mənimləsən»dən sonra) ən sıxı surətdə teatrla bağlı keçmişdir.
Bu yerdə «teatr» məfhumu yalnız İlyas Əfəndiyevin tamaşalarından ibarət
deyil, onun ehtiva dairəsi çox genişdir: bura Akademik Milli Dram Teatrının
qapıçısı ilə hal-əhval tutmaqdan, yaradıcı heyətin, bütün işçilərin dərdindən-sərindən
xəbərdar olmaqdan, onların ailə-məişət problemləri ilə bağlı xahişlərinə çarə
qılmaqdan tutmuş, teatrın bədii-estetik simasının
müəyyənləşdirilməsinə, gənc
istedadların səhnəyə gətirilməsinə, yeni-yeni aktyor nəslinin yetişdirilməsinə qədər –
hər şey onunla bağlı o «teatr» məfhumunun içində idi.
Mən yuxarıda qeyd elədim ki, İlyas Əfəndiyev öz şəxsi arxivinə fikir verən
adam deyildi, bəzən özü haqqında yazılan məqalələri belə, axıracan oxumağa
hövsələsi çatmırdı, amma Akademik Milli Dram Teatrına bir əsər verdikdən sonra,
onun mizarxası oxunuşundan tutmuş, bütün
məşqlərində iştirak edirdi, hətta 80-90-
cı illərdə hərdən nasaz olanda da məşqlərə gedirdi və biz buna etiraz etmirdik, çünki
o məşqlərdən sonra özünü daha yaxşı hiss edirdi, ovqatı dəyişirdi, bəlkə özü də
bunun fərqində deyildi, amma teatr ona açıq-aşkar müsbət emosiyalar verirdi və bu
müsbət emosiyaların yalnız gözəl mənəvi deyil, cismani təsiri də açıq-aşkar idi.
307
İlyas Əfəndiyev teatra necə bağlıydısa, teatr da eləcə ona bağlı idi.
Aktrisa Şəfiqə Məmmədova:
«Bu gün teatra onu yalnız və yalnız İlyas müəllim kimi sevə bilən, onu İlyas
müəllim kimi duya və qiymətləndirə bilən
bir sənət bilicisi, sənət fədaisi gərəkdir.
İlyas müəllim səviyyəsində və masştabında bir sənətkarın teatrla birgə işi, sənət
ünsiyyəti böyük nəticələr verdi ki, bu, göz qabağındadır. Özünü bütünlüklə teatra
həsr edən bu böyük sənətkara mənim mənsub olduğum sənətkarlar nəsli də çox
borcludur».
Rejissor Mərahim Fərzəlibəyov:
«Onun nüfuzu, istedadı, qələminin qüdrəti qarşısında hamı baş əyirdi, bir
sözünü iki edən yox idi. O, bəyəndiyi rejissoru hər hansı incəsənət müəssəsindən
çağırıb tamaşasının səhnə təcəssümünü verdirə bilərdi... İlyas Əfəndiyev
dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev
dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə
olan
günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu
zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən
onunla söhbətləşir, məsləhətləşir, əsərlərini müzakirə edirəm. İlyas Əfəndiyevin
nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss
edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı
İlyas Əfəndiyevlə bağlıdır.»
Artist Səyavuş Aslan:
«Mən bir sənətkar kimi teatr sənətində başqalaşmağımın,
az-çox nəyəsə nail
olmağımın səbəbini o qüdrətli sənətkarın öyüd-nəsihətlərində görürəm».
Artist Əlabbas Qədirov:
«Şəxsən mən 30 ilə yaxın yaradıcılığımda az-çox nəyə nail ola bilmişəmsə,
bunun üçün İlyas Əfəndiyevə, böyük dramaturq və gözəl insana minnətdaram».
Artist Fuad Poladov:
«Əgər, teatrımızın yaşlı nəslinə mənsub olan aktyorlar söhbətlərində bir aktyor
kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun dramaturgiyasının böyük
rolundan fəxrlə danışırdılarsa, biz də, yəni altmışıncı illərdə səhnəyə gəlmiş gənclər,
cəsarətlə deyə bilərik ki, səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə
müasirimiz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəsna rolu
olmuşdur».
Aktrisa Bəsti Cəfərova:
«Onun teatr sənətinə ülvi, təmiz,
yüksək məhəbbəti, sənətkarlara münasibəti,
tamaşa üzərində aktyorlarla işləmək bacarığı, tamaşa hazırlanıb istehsalata
buraxılandan sonra da tamaşanın qayğısını çəkməyi, tamaşa ilə bağlı hər bir məsələ
ilə maraqlanması, sənətdə heç bir kompromisə getməməsi bizə həmişə dərs idi».
Aktrisa Firəngiz Mütəllimova:
«Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdiyimə və bir də
Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək bir insana – unudulmaz İlyas
Əfəndiyevə borcluyam».
Aktrisa Kübra Əliyeva:
«Mənə hər dəfə sual verirlər: «– Kübra xanım, bu sənətə gəlməkdə sənə kim
kömək edib, müəllimin, rejissorun kim olub?
Hər yerdə, hər zaman və ömrümün sonuna qədər cavabım budur: