302
ürəkdən
gülürdü və deyirdi ki, yazmağı bacarasan, Əli özü gözəl bir əsərin, «Don
Kixot» səviyyəli bir əsərin qəhrəmanının prototipi ola bilər.
«Dostumuzu xatırlayarkən» adlı essesində İlyas Əfəndiyev 30-cu illərin
sonlarını, 40-cı illərin əvvəllərini xatırlayıb yazırdı:
«Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən,
yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə
güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza
qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi. Səməddə də,
Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi».
Mən bu yerdə Sabirabadda yaşayan və artıq adını çəkdiyim həkim-yazıçı Əli
Ağabəylini də xatırlamaq istəyirəm. Əli bəy Tibb Institutunda (indiki Tibb
Universitetində) Mehdi Hüseynin həyat yoldaşı Fatma xanımla bir yerdə oxumuşdu
və onu atamla Mehdi Hüseyn tanış etmişdi. O tanışlıqdan
sonra Əli Ağabəyli
ömrünün sonuna kimi İlyas Əfəndiyevin və ümumiyyətlə, bizim evin, ailənin sadiq
və etibarlı bir dostuna çevrildi.
Əli Ağabəyli çox koloritli, mədəni və çox da mütaliəli bir adam, yaxşı
şahmatçı və böyük kitab həvəskarı idi. Moskvada yeni və maraqlı nə kitab çıxırdısa,
o saat xəbər tuturdu və o kitabı əldə edirdi. İlyas Əfəndiyev üçün isə mütaliə,
dediyim kimi,
klassikləri oxumaq da, müasir dünya ədəbiyyatındakı maraqlı
hadisələrin içində olmaq da, gündəlik həyatının yemək kimi, içmək kimi
atributlarından biri idi.
Əli Ağabəyli, İlyas Əfəndiyevlə, onun ətrafı ilə elə qaynayıb-qarışmışdı ki, o
da Kislovodskdakı o pansionat-klubun daimi yay üzvlərindən birinə çevrilmişdi...
İlyas Əfəndiyev Mir Mehdi Seyidzadə ilə həm uzun müddət qonşu oldu, həm
də çox duzlu zarafatları var idi və İlyas Əfəndiyev hər dəfə «Hüsü Hacıyev»
küçəsindəki məşhur Yazıçılar Binasının balkonunda Ağanı (Mir Mehdiyə belə
deyirdilər) görəndə, onun öz sözləri ilə:
– Ey zalım, necəsən?– deyirdi.–
Təzə qəzəl zühur eləyib, yoxsa, yox?
Və belə balkon görüşləri və zarafatları çox zaman ya Ağa əmigildə (mən də
ona belə müraciət edirdim), ya da bizdə gözəl ekspromt bir məclislə qurtarırdı, illah
da ki, Ağa əmi yeni bir qəzəl yazmışdısa, o məclislər lap aləm olurdu.
Ağa deyirdi:
– Ey zalım! Klassiklər yüz gözələ cəmi bir qəzəl yazırdı, mən isə, bir gözələ
yüz qəzəl yazıram!
İlyas Əfəndiyev 40-cı illərdə Kinostudiyada ssenari şöbəsinin müdiri işləmişdi
və elə o vaxtlardan da Lətif Səfərovla, Muxtar Dadaşovla yaxın münasibətləri var
idi. Lətif Səfərov hərdən-bir axşamlar bizə gələrdi («Körpüsalanlar»a film çəkmək
istəyirdi) və həmin axşamlardan birində, faciəli ölümündən – intiharından təxminən
bir
həftə-on gün əvvəl, içi araqla dolu qədəhi başına çəkib İlyas Əfəndiyevə dediyi
sözlər heç vaxt mənim yadımdan çıxmır:
– Tofiqə gözəl mahnılar yazdırdım, Rəşidi də saxladım gələcək nəsillərə. Elə
bu – mənim bəsimdi!
Lətif Səfərov «Bəxtiyar» filminin quruluşçu rejissoru idi və söhbət Tofiq
Quliyevin o film üçün bəstələdiyi mahnılardan, Rəşid Behbudovun da baş rolda o
mahnıları ifa etməsindən gedirdi.
303
Indi – rəhmətlik Lətif Səfərovun dediyi həmin «gələcək nəsillər»in yetişdiyi,
bir-birini əvəz etdiyi bir vaxtda, mən hər dəfə Rəşidin ifasında o mahnıları eşidəndə,
televizorda o filmdən fraqmentləri görəndə, bizim evdəki o axşamı xatırlayıram...
Mən bu mövzunu qurtarmağa çətinlik çəkirəm,
çünki hər dəfə son nöqtəni
qoymaq istəyəndə yeni bir işıqlı sima gözlərimin qarşısında canlanır və mən onun
barəsində, onunla İlyas Əfəndiyevin münasibətləri barədə, bu münasibətlərin də, öz
növbəsində, sənət aləminin, Azərbaycan ədəbi-mədəni mühitinin bir hissəsi, bir
parçası olması haqqında yazmaya bilmirəm, yazmasam,
elə bil ki, onların ruhu
qarşısında, nəsə, bir günah işlədirəm...
Onların hamısı yazılmalıdı.
Sağlıq olsun...
5.
Artıq dediyim kimi, İlyas Əfəndiyev ədəbiyyata 1939-cu ildə «Kənddən
məktublar» kitabındakı hekayələrlə gəldi və vəfatından sonra nəşr olunmuş «Sən ey
böyük Yaradan» kitabındakı hekayə və kiçik povestlər isə onun son əsərləri oldu.
Bu 57 yaradıcılıq ili ərzində İlyas Əfəndiyev altı roman («Söyüdlü arx» –
1958; «Körpüsalanlar» – 1960; «Dağlar arxasında üç dost» – 1963; «Sarıköynəklə
Valehin nağılı» – 1976; «Geriyə baxma, qoca» – 1980; «Üçatılan» – 1981; bu
romanların bəzisi povest kimi də təqdim olunub), beş povest («Kənddən məktublar»
– 1939; «Aydınlıq gecələr» – 1941; «Torpağın sahibi» – 1952; «Qaçaq Süleymanın
ölümü» – 1993; «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklü-
kiçikli qırx yeddi hekayə, bir çox oçerklər və xatirələr yazmışdır və bu nəsr
yaradıcılığı onun yaradıcı fəaliyyətinin daimi tərkib hissəsi olmuşdur, İlyas
Əfəndiyev nəsri və İlyas Əfəndiyev dramaturgiyası daima bir-birini əvəz və davam
etdirmişdir.
Orası da maraqlıdır ki, İlyas Əfəndiyev
heç bir nəsr əsərini
səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, «Pyes lap
başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır!» – deyirdi,
yazıçının öz romanını, povestini, hekayəsini səhnələşdirməsi barədə isə, yəqin bir az
da hissə qapılaraq: «Aşığın
sözü qurtaranda, sazım, dınqıl-dınqıl deyər!»– deyirdi.
İlyas Əfəndiyevin hekayələri haqqında və bu hekayələrin Azərbaycan
hekayəçiliyinin və ümumiyyətlə, Azərbaycan nəsrinin, Azərbaycan bədii dilinin
inkişafında, janrın poetikası baxımından estetik rəngarəngliklərin əldə edilməsindəki
rolu barədə çox yazılıb və bu da çox maraqlı və yəqin ki, əlamətdar bir faktdır: onun
o ilk hekayələr kitabının – «Kənddən məktublar»ın düz 63 il (!) bundan əvvəlki
rezonansı bu gün də hələ unudulmayıb.
Oxucuların İlyas Əfəndiyevin hekayələrinə marağı ilə bağlı uzaq keçmişdə
qalmış bir epizodu xatırlayıram.
1954-cü ilin yayında – o zaman mən beşinci sinifə keçmişdim – biz Şuşadakı
Yaradıcılıq Evinə getmişdik və həmin yay İlyas Əfəndiyevin yeni yazdığı «Su
dəyirmanı»
hekayəsi radio ilə verildi, hekayə böyük olduğu üçün, üç gün dalbadal
oxundu.
Şuşanın Bazar başı deyilən mərkəzində, taxta elektrik dirəyinin (şalbanın)
başında gur səsi aləmi bürüyən bir radio aparatı var idi və o hekayə oxunan həmin
üç gündə Bakıdan, ətraf rayonlardan Şuşaya istirahətə gələnlərin, Şuşa cavanlarının