128
Ələsgər müəllim ən dərin bir pərişanlıq
içində idi, eyni zamanda həmin
anlarda dəhşətli bir nigarançılıq bu adamın bütün varlığını didib dağıdırdı; bu
nigarançılığı yalnız qorxu hissi, vahimə yaratmamışdı; Ələsgər müəllim, görünür,
həmin anlarda bir azdan görəcəyi işin nigarançılığı içində idi...
Xıdır müəllim, əlbəttə, gedib lazımi orqanlara xəbər verəcəkdi, Xosrov
müəllimin dünənki hərəkətini şeytanlayacaqdı, buna Ələsgər müəllimin daha heç
şübhəsi yox idi və onda... və onda...
Ələsgər müəllim dibçəkdəki o gözəl, o zərif güllərə baxa-baxa yenə də
Qazaxıstanın o kimsəsiz çöllərində, o qar çovğununun içində, o şəhvətli kişi
baxışları altında
o köməksiz iki nəfəri, o ana-balanı – Firuzə ilə Arzunu gördü...
Yox... Tələsmək lazım idi... Başqa əlac yox idi... Qabaqlamaq lazım idi... Bu köpək
oğlu Xıdır Qafarzadəni qabaqlamaq lazım idi... Yoxsa Ələsgər müəllimi də dinc
buraxmayacaqdılar və o zaman Firuzə ilə Arzu, doğrudan da, çöllərə düşəcəkdi... O
köpək oğlunu qabaqlamaq lazım idi, Xosrovun hərəkətini Ələsgər müəllim özü
xəbər verməli idi... Xosrov onsuz da məhkum idi, ona kömək eləmək mümkün
deyildi... Orqanlara məlumatı Ələsgər müəllim özü çatdırmalı idi... Özü
çatdırmasaydı, bu alçaq Xıdırın xəbərçiliyndən sonra, Ələsgər müəllimi də, o biri
müəllimləri də Xosrov müəllimə qata bilərdilər...
Xosrova kömək etmək mümkün
deyildi, özünə kömək etməliydi, Firuzəyə, Arzuya kömək etməliydi, o birilərinə
kömək etməliydi... Özü... Özü çatdırmalı idi... Özü deməliydi... Orqanlara yox...
Raykoma... Cümşüdlüyə...
Və Ələsgər müəllim gözlərini o dərdli güllərdən çəkib tamam taqətsiz halda,
ürəyi döyünə-döyünə mizə yaxınlaşdı, titrəyən əli ilə telefonun dəstəyini götürdü...
8
QƏBUL
Həmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci
katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı.
Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı
görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq
işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib
dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər
Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi,
sürətlə hadisələrdən
hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin
başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu
təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az
qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət
ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin
zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də
çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana
bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin
bu pəncərədən görünən
o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da
təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər
Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən
129
adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə
Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.
Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı
və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında
tutduğu bir
dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema
xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri
əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra
gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını
nəzərdən keçirdi.
Dənizin qaraltısı, damları örtmüş, küçələrin kənarına, səkilərin dibinə yığılmış
qarın zəif ağartısı o sakit qış axşamında ora-bura gedən paltolu, papaqlı adamların,
yoldan ötən maşınların, tramvayın, tək-tük faytonun hərəkəti müqabilində çox
durğun, hətta ölgün görünürdü və Mir Cəfər Bağırov yenə də adamlara baxdı və
fikrindən keçirdi ki, indi o özü də adi bir bəndə kimi, bu adamların arasında olsaydı,
onların neçəsini tanıyardı, neçəsiylə salamlaşardı, bəlkə lap hal-əhval tutardı; indi
yox, əlbəttə, on altı-on yeddi il bundan əvvəl olsaydı, belə olardı, indi isə bu adamlar
Mir Cəfər Bağırovu o saat tanıyacaqdı, kimisi yerində quruyub qalacaqdı, kimisi
qaçacaqdı, kimisi xorla salam verəcəkdi,
kimisi də, Allah bilir, nə edəcəkdi, amma
hamının da ürəyindən bir qorxu, bir təlaş hissi keçəcəkdi – bunu dəqiq bilirdi,
iclaslarda, müşavirələrdə, rəyasət heyətində oturanda, ya da elə bu otaqdakı o mizin
arxasında əyləşəndə hərdən diqqətlə vəzifəli və vəzifəsiz adamlara baxırdı və bu
adamlar sir-sifətdən nə qədər müxtəlif olsalar da, onların hamısının gözünün
dərinində bir qorxu, bir təlaş hissi var idi. Mir Cəfər Bağırov adamların gözünün
dərininə çökmüş o qorxunu görürdü və ümumiyyətlə,
onun gözündən heç nə
yayınmırdı; Mir Cəfər Bağırov burasını da yaxşı bilirdi ki, bu adamlar məhz ondan
qorxurlar, amma həmin qorxu hissi olmasaydı– Mir Cəfər Bağırov buna qəti əmin
idi – zamanın, dövrün böyük işlərini də görmək mümkün olmayacaqdı, çünki
insanlar öz təbiəti etibarilə rahatbazdılar, hazırına nazirdilər, qorxmasaydılar nə
şüarlar köməyə gələcəkdi, nə ideyalılıq, nə də saysız-hesabsız nitqlər, məruzələr–
neft planı da yerinə yetirilməyəcəkdi, pambıq planı da artıqlamasıyla dolmayacaqdı,
partiyanın sıraları da düşmənlərdən təmizlənməyəcəkdi. Partiya da, Sovet Ittifaqı da
Mir Cəfər Bağırov üçün yoldaş Stalin demək idi, partiyanın marağı, ölkənin
mənafeyi yoldaş Stalinin marağı və yoldaş Stalinin mənafeyi demək idi və Mir Cəfər
Bağırov yoldaş Stalinə sədaqətlə xidmət edirdi, bunu yoldaş Stalin də bilirdi, Beriya
da, Siyasi büronun başqa üzvləri də bilirdi.
Azərbaycanda isə partiya da, respublika
da yoldaş Stalinlə birlikdə, eyni zamanda Mir Cəfər Bağırov demək idi və Mir Cəfər
Bağırov başqalarından da özünə eyni sədaqətli xidməti tələb edirdi; sədaqətli xidmət
isə, qorxu hissi olmadan mümkün deyildi, çünki insanın təbiətində nankorluq var idi.
Heç bir ideyalılıq, heç bir başqa münasibət qorxunun yaratdığı sədaqəti yarada
bilməzdi.
Mir Cəfər Bağırov boş xəyallara dalan, romantik hisslərə qapılan adam deyildi,
amma həmin qış axşamı birdən-birə bu adamın ürəyindən həsrətə bənzər bir hiss
keçdi; adi bir bəndə olmaq
və adi bir bəndə kimi də, bax, bu görünən küçələrlə, bu
adamların arası ilə harasa tələsmək, harasa getmək istədi, amma bu ötəri hiss də
keçib getdi və Mir Cəfər Bağırov yenə də iri əllərini karandaşlara sürtdü,
karandaşların şaqqıltısı yenə də bu iş otağının sükutunu pozdu.