126
keçib Firuzəyə dəyəcək, Arzuya dəyəcək, hətta Ələsgər
müəllim kürəyində o
güllənin göynəyən yarasını duydu və sərt hərəkətlə geri çevrildi.
Xıdır müəllim qapının ağzında dayanıb qəzəbli nəzərlərlə Ələsgər müəllimə
baxırdı. Xıdır müəllim də narahat, həyəcanlı bir gecə keçirmişdi. Evləri şəhərin
Bayıl tərəfində idi və dünən gecə Ələsgər müəllimgildən çıxanda tramvaya
minmədi, o uzaq yolu qarın altında piyada getdi: bu cür piyada getmək həm bədənə
xeyir idi, həm də Xıdır müəllim fikirləşirdi, satqın adamlar barədə düşünürdü.
Cəmiyyəti Xosrov müəllim kimi satqınlardan təmizləmək lazım idi. Özü də dayanıb
gözləmək olmazdı. Xıdır müəllim nə vaxta qədər dayanıb gözləyəcəkdi? Hücuma
keçmək lazım idi, hücuma! Hansı komanda – istəyir futbol olsun, istəyir basketol, nə
olur-olsun, –
hücuma keçməsə, qələbə qazana bilər? Heç bir komanda! Bir qara
qəpiyə də dəyməyən adamlar görürsən ki, sayıqlıq edir, hücuma keçir, Xosrov
müəllim kimilərini ifşa edir, yüksək də mərtəbələrə qalxır. Bəs, Xıdır? Xıdırın nəyi
əskikdir? Özü də zəhmətkeş ailəsindən çıxıb! Kim Azərbaycan idmanına Xıdırdan
yaxşı rəhbərlik edə bilər? Idmanı beş barmağı kimi bilir. Idmançıların hamısını
tanıyır. Ancaq Xıdırı heç kim tanımır. Çünki Xıdır həyatdan geri qalır. Xosrov
müəllim açıq-aşkar düşməndir, daha buna heç bir söz ola bilməz. Buna daha Ələsgər
müəllimin yağlı dili də kömək eləyə bilməz. Görmədin, O boyda kişinin sağlığına
içmək
istəmədi, hamının qabağında protest elədi, belə düşmənə kim kömək eləyə
bilər? Bəs, Xıdır indi də özünü göstərə bilməsə, haçan göstərəcək? Xıdır özünü
göstərə bilməsə heç zaman bədən tərbiyəsi sahəsində rəhbər işdə olmayacaq,
ömrünün axırına qədər o əbləh məktəbdə, dallarını güclə çəkən o xəstə-xüstə
müəllimlərin, uzununa heç iki metr də hoppana bilməyən küt şagirdlərin içində itib-
batacaq. Xıdırın böyük vəzifələrdə heç kimi yox idi,
heç kim ona kömək
etməyəcəkdi və indiyəcən Xıdır nəyə nail olmuşdusa, öz gücünə eləmişdi. Ancaq
hələ hər şey irəlidə idi. Xıdır hələ çox aza nail olmuşdu...
Xıdır gör nə günə qalmışdı ki, ona kömək əlini uzadan yeganə adam,
tramvaysürən Əflatun müəllim idi... Düzdü, tramvaysürən Əflatun indi məktəb
müdiri idi, amma fərqi yox idi, tramvaysürən Əflatun lap nazir də ola bilərdi, amma
tramvaysürənliyində də qalacaqdı, ondan artıq bir şəxsiyyət olmayacaqdı. Xıdır
gərək özü özünü o mərtəbəyə qaldıra biləydi ki, həmin mərtəbə tramvaysürən
əflatunlar üçün əlçatmaz bir priz yüksəkliyində olaydı.
Xıdırın biliyi, Xıdırın qorxmazlığı, Xıdırın qabiliyyəti tək özünə yox, bütün
Azərbaycan idmanına lazım idi və Xıdır
özü hərəkət eləməliydi, bu qeyrətsiz, bu
vicdansız Xosrovun ifşası Xıdır üçün məşq olmalı idi, Xıdır hücuma keçməli idi,
məqsədə doğru hücuma keçməli idi və bu məşqdən sonra, böyük oyunlar başlamalı
idi. Və Xıdır cəmiyyəti düşmənlərdən təmizləyəcəkdi. Xıdır Azərbaycan idmanına
rəhbərlik edəcəkdi! O qarlı qış gecəsi Xıdır müəllimin içində elə bir qətiyyət yarandı
ki, o qətiyyət, elə bil, onsuz da, həddən artıq sağlam və güclü olan bu adamın
bədəninə daha artıq bir güc verdi, qarın içi ilə addımlarını daha möhkəm, daha iti
atdı və gəlib evə çatanda Əbdülü həmişəki kimi oyaq gördü. Əbdül həmişəki kimi
qardaşının yolunu gözləyirdi.
Xıdır müəllimin atası Orduxan inqilabdan əvvəl və inqilabın
ilk illərində
Bakının məşhur hamballarından biri idi və bəzən hətta tərsanələrdə gəmilərə yük
daşıtdıran sahibkarlar, şirkətlər hambal Orduxanı Bakının ən məşhur hambalı,
əfsanəvi hambal Dadaşdan da artıq tuturdular. Əbdülün anadan olduğu il – 1929-cu
127
ilin bir yay günü Kömürçü meydanında yüz iyirmi kilo soğan kisəsinin altında
hambal Orduxanın ürəyi birdən-birə partlamışdı, sonra Xıdır müəllimin anası vəfat
etmişdi və Xıdır müəllim kiçik qardaşı Əbdüllə tək qalmışdı. Əbdülün əsl adı
Əbdüləli idi, amma hamı onu Əbdül çağırırdı və bütün bu illər ərzində Xıdır Əbdülə
həm atalıq eləmişdi, həm də analıq. Əbdül böyük qardaşını adicə olaraq çox
istəmirdi, onunla fəxr edirdi, qürurlanırdı və Xıdır elə eləməliydi ki, kiçik qardaşı
özündən də qat-qat uca mərtəbələrə qalxsın, qoy hamı görsün ki, hambal Orduxanın
oğlanları heç kimin köməyi olmadan, öz güclərinə hansı yüksəkliyə qalxıblar! Xıdır
hücuma keçəcəkdi! Xıdır öz istədiyini dartıb həyatın boğazından çıxaracaqdı,
istədiyinə nail olacaqdı və həmin gecə çarpayıda uzanıb yalnız səhərə yaxın yuxuya
getməzdən əvvəl Xıdır müəllim o qarlı qış soyuğunda adamın canını qızdıran bir
xəyal aləmində Azərbaycan idmanına rəhbərlik etdi,
yeni stadionlar tikdi, yeni
komandalar yaratdı, yeni idmançılar yetişdirdi; tribunada partiya və sovet rəhbərləri
ilə bir yerdə dayanıb idmançıların paradını qəbul etdi, böyük xitabət kürsülərindən
nitqlər dedi, hətta... Mixail Ivanoviç Kalinin Kremldə Xıdır Qafarzadəyə bədən
tərbiyəsi sahəsində görkəmli xidmətlərinə görə orden təqdim etdi və Mixail Ivanoviç
Kalinin Kremldə Xıdırın əlini sıxdığı məqamda çəkilmiş fotoşəkil Sovet Ittifaqının
bütün qəzetlərində, o cümlədən, əlbəttə, «Krasnıy sport» qəzetində çap olundu...
Bəlkə... Bəlkə lap yoldaş Stalinin özü Xıdırı tanıyacaqdı, çünki yoldaş Stalin
idmançıları çox sevir! Düzdü, idmançıların arasında
da elə əclaflar var idi ki, yoldaş
Stalinə xain çıxırdılar (o ki qaldı bu düşmən Xosrov müəllim ola!..). Ode, Nikolay
Kovtun!.. Vaxt var idi ki, Kovtunun adı çəkiləndə Xıdırın ürəyi sevinclə dolurdu,
çünki Kovtun birinci sovet idmançısıydı ki, 2 metrdən hündürə atdanmışdı, dünya
rekordçusu olmuşdu! «Krasnıy sport» da şəkli çıxırdı!.. Ancaq nə oldu? Əclaf, xalq
düşməni çıxdı! Yoldaş Stalinə nankor çıxdı! Ay əclaf, yoldaş Stalin olmasaydı, sən 2
metr 01 santimetr hündürlüyə atdana bilərdin?! Ona görə də indi adını nifrətlə
çəkirlər. Inişil tutub basdılar əclafı, getdi!.. Bu Xosrov müəllimi isə stadiona
çıxartsan, heç bir metr də hündürlüyə atdana bilməz, ancaq elədiyi qələtə bax!..
Xıdır sayıq olacaqdı, hətta ən məşhur idmançıların da maskasını sifətindən dartıb
çıxaracaqdı, idmançıları yoldaş Stalinin adına layiq tərbiyə edəcəkdi.
Xıdır müəllim belə narahat və eyni zamanda, xəyallar aləmində şirin bir gecə
keçirmişdi və indi müdir otağının qapısı ağzında dayanıb
qəzəblə Ələsgər müəllimə
baxa-baxa:
– Ələsgər müəllim, – dedi, – o cür düşməni qanad altına almaq olmaz! Ancaq
siz onu qanad altına alırsız! Elə bilirsiz dünən başa düşmədim ki, siz niyə təzədən
Mir Cəfər Bağırov yoldaşın haqqında sağlıq dediz? Ona görə ki, o düşmənin
hərəkətini ört-basdır eləmək istəyirdiz! Belə zaşitaya keçməklə mənim vicdanımı
susdura bilməzsiz! Mən açıq adamam, rinqdə də həmişə açıq vuruşmuşam. Məsləhət
görürəm sizə ki, o düşmənə qəyyumçuluq eləməyin! Özünüzə pis olar! Mən bu işi
belə qoymayacağam! Lap Mir Cəfər Bağırov yoldaşın özünün qəbulunacan gedib
çıxacağam!
Xıdır Qafarzadə otaqdan çıxdı və qapını da ardınca çırpdı.
Yazıq professor Fazil Ziya müayinə etdiyi adamlara, müalicə etdiyi xəstələrə
deyirdi ki, tez-tez teatra gedin!.. Yazıq
gözəl insan, tez-tez teatra getmək heç onun
özünün karına gəlmədi...