148
Bu dəfə karandaşların şaqqıltısı,
elə bil ki, daha da bərkdən gəldi və hələ də özü
ilə bağlı şübhələrdən yaxa qurtarmamış Komissar susub Mir Cəfər Bağırovun
növbəti sualını gözlədi.
– O kimdir?
– Məktəb müdiri, Mir Cəfər Abbasoviç? Famili Babazadədir.
Mir Cəfər Bağırov ayaq saxladı:
– Nə?
– Famili Babazadədir, Mir Cəfər Abbasoviç. – Komissar gözünü kağızdan çəkib
Mir Cəfər Bağırova baxdı və başa düşdü ki, yoldaş Bağırov bu adamı tanıyır.
Mir Cəfər Bağırov soruşdu:
– Ələsgər Babazadə?
– Bəli, Mir Cəfər Abbasoviç. Iyirmi ilə yaxındır ki, məktəb müdiri işləyir... –
Komissar məktəb müdirinin Mir Cəfər Bağırovla yerli olduğunu da qeyd etməyi
lazım bildi (məlumat üçün bu kabinetə girməmişdən əvvəl burada adı çəkiləcək
adamlarla bağlı bütün göstəriciləri öyrənirdi): – Əsli qubalıdır. Yoldaşlar onu çox
yaxşı xarakterizə edirlər...
Qəribə idi, neçənci hadisəydi ki, kimsə birdən-birə Mir Cəfər Bağırovun yadına
düşür, axşam, ya gecə isə, eləcə də gözlənilmədən həmin adamın adı pırtlayıb
bu cür
qovluqların, kağızların arasından çıxırdı.
Yenə birdən-birə o uzaq uşaqlıq çağları yada düşdü. «Qulliverin səyahəti»
kitabının bütün bu illər ərzində unudulub getməmiş xoş təsirini yenidən hiss etdi,
amma o xoş təsirdə bir nisgil var idi və həyətdəki alma bağının bir küncünə qısılıb
hirsindən ağlayan o uşaq, Mir Cəfər Bağırovun gözlərinin qabağına gəldi. Düzdü,
Mir Cəfər Bağırov heç vaxt özünü tənha hiss etmirdi, amma hərdən uşaqlıq çağlarını
xatırlayanda bütün içinə bir həsrət yayılırdı və illər keçdikcə bu həsrət də artırdı: o
gözəl, o qayğısız uşaqlıq çağları bir də heç vaxt geri qayıtmayacaqdı, çünki əbədi bir
keçmişdə qalmışdı...
Mir Cəfər Bağırov təzədən yazı mizinin arxasına keçdi və hər dəfə Komissarı
üşüdən soyuq ifadə ilə:
– O necə məktəb müdiridir ki, terrorçuları evinə yığır?– soruşdu.
Komissar dərhal:
– Düzdür, Mir Cəfər Abbasoviç, – dedi, elə bil ki, söhbət indicə təriflədiyi
adamdan getmirdi.
Komissar üçün hər şey aydın idi: məktəb müdiri terrorçu kimi güllələnməli idi.
Məsələ burasında idi ki, 1 dekabr 1934-cü il
qanununa görə terrorçuluqda
təqsirləndirilən adamlar dərhal güllələnirdi, onların müdafiə olunmağa, bağışlanmaq
haqqında müraciət etməyə ixtiyarı yox idi. Mir Cəfər Bağırovun orqanlarda işləyən
yaxın silahdaşlarından biri – Atakişiyev, tabeliyində olan əməliyyat işçilərindən
həmişə tələb edirdi:
«– Dayte v priznaniyax kusoçek terrora.» Mir Cəfər Bağırovun, eləcə də
Beriyanın Azərbaycandakı şəxsi düşmənlərinin hamısı terrorçu kimi güllələnmişdi.
... Həmin gecə saat bir ilə iki arası, Mir Cəfər Bağırovun «Azneft»in rəhbərləri
ilə hələ də müşavirə apardığı vaxt Ələsgər müəllim də,
Kələntər müəllim də, Firidun
müəllim də, Əlibaba müəllim də və Xıdır müəllimin özü də bir-bir evlərində
yuxudan oyadılıb terrorçu kimi həbs olundu və ailələri bir daha o adamları görmədi.
149
9
«OLUM, YA ÖLÜM?»
Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər
idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof
və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi,
Redaktor idi,
Xosrov müəllim idi, bir də Bir Nəfər.
Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya
işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl
Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə
etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-
təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova
oxşayırdı:
eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə,
oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...
Şair bu Bir Nəfəri kamerada ilk dəfə görəndə diksinmişdi və öz-özünə
fikirləşmişdi ki, bu ki, bu dərəcədə Mir Cəfər Bağırova oxşayır, hansı qurd ürəyi
yemiş bunu tutub xalq düşməni kimi bu kameraya soxmağa cürət edib?..
O Bir Nəfər çaşbaş danışsa da, hərdən yersiz suallar versə də, görünür, Keşlə
həbsxanasında gedən istintaq onun şəxsiyyətini tamam sındırmamışdı və kamera
yoldaşlarının şübhəsini hiss edib bununla barışmışdı, and-aman eləmirdi, kamerada
bəraət almağa çalışmırdı, yerində uzanıb gözlərini çeşməyinin girdə şüşəsi
arxasından tavana zilləyirdi. Istintaq zamanı onu
çox döyəndə, həmin şübhəyə
(«Yalandan döyüblər ki, bunun vasitəsilə bizdən söz alsınlar...») baxmayaraq,
kameradakılar Bir Nəfərə də kömək eləməyə çalışırdılar, onu taxtına uzadırdılar, üz-
gözünün qanını silirdilər.
Düzdü, məhbuslar (??? – bu adamların hüquqi vəziyyəti müəyyən deyildi;
onlar kim idi: məhbus? istintaq altında yatan? cinayətdə şübhələnən şəxs? şahid? –
məlum deyildi, amma onların hamısını birləşdirəcək bir məfhum var idi: xalq
düşməni!) bu Bir Nəfərə kömək edirdilər, amma gecə, ya gündüz istintaqa çağrılıb,
təzədən kameraya gətiriləndən sonra da, onun həqiqi məhbusluğuna inanmırdılar,
onlara elə gəlirdi ki, Bir Nəfərin istintaq zamanı aldığı yaralar da onları inandırmaq
üçündür; elə bil ki, Mir Cəfər Bağırova bu qədər oxşayan
bir adam heç vaxt həqiqi
məhbus ola bilməzdi, o Şairin, o Dramaturqun, yaxud Redaktorun, Kitabxanaçının
taleyini bölüşə bilməzdi...
Istintaq isə hər gün, daha doğrusu, daima davam edirdi, çünki burada gün,
sutka
məfhumu yox idi, kameradakı adamlar (məhbuslar?!) gecə-gündüz hər hansı
bir vaxt istintaqa çağırıla bilərdilər və çağırılırdılar da. Onlardan Sovet hökumətinin,
şəxsən yoldaş Stalinin əleyhinə birgə mübarizə apardıqları adamların adını tələb
edirdilər və onları tanımadıqları, bilmədikləri adlardan ibarət siyahıların altına qol
çəkməyə məcbur etmək istəyirdilər (və çəkdirirdilər!), Mir Cəfər Bağırova qarşı
qəsddə iştirak etdiklərini boyunlarına qoyurdular.
Bu kamera dünyadan, yəni hara istəsən gedə biləcəyin küçələrdən, istədiyin
vaxt başını qaldırıb baxa biləcəyin göydən, istədiyin vaxt əlini uzadıb toxunacağın
ağacdan o qədər uzaqda idi ki, buranın sement divarlarına, döşəməsinə, tavanına bir
quyu ümidsizliyi hopmuşdu,
o quyu o qədər dərin idi ki, ağzı görünmürdü və o