Roman, povestlər



Yüklə 3 Mb.
səhifə44/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   40   41   42   43   44   45   46   47   ...   158

 156 

müəyyən vaxt boşluğunu nəylə doldursun... Görəsən aşağıda, 

otelin qarşısındakı eyvanda neçə  dənə gün çətiri var? Azı 

iyirmi — otuz dənə… Nə  rəngdədirlər onlar? Qırmızı, sarı, 

yaşıl, göy, mavi, çəhrayı, sarı… yuxu doğrudan da onu çəkib 

apardı… 


Bu iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır, 

ayılmayıb. Amma yuxuda da tanıdı bu iyi. Bu iy tək bircə idi, 

təkrarsız idi. Afrikanın iyi kimi. Amma bu Afrikanın iyi 

deyildi. 

Zaur hələ  də yuxu içində idi, yuxu içində fikir eləyirdi: 

hardan gəlib çıxdı bu qoxu bura, Dakara, otelin 17-ci 

mərtəbəsinə? Yuxuda fikirləri elə bil qıc olub tutulmuşdu, 

silkinib yuxudan çıxa, ayıla bilmirdi və buna görə də daha da 

eymənirdi. Bu iyin nə iy olduğunu, bu qoxunun kimin qoxusu 

olduğunu bilirdi axı... hələ  də yuxudaydı, amma bu qoxudan 

başqa — Təhminənin qoxusundan başqa — müxtəlif fransız 

ətirlərinin qarışığından yaranan bu təkrarsız qoxudan başqa — 

heç bir şey duymurdu. Bu ətir qarışığının sirrini bircə Təhminə 

bilirdi və  həmin sirri hamıdan gizli saxlayırdı. "Hər hansı bir 

ətiri,  ən nadir tapılan  ətirləri belə almaq olar, — deyərdi 

Təhminə. — Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. 

Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, 

həmin  ətirləri bir-biriylə qarışdırmaq lazımdır, hərəsindən bir 

azacıq qarışdırmaq lazımdır. Nə  qədər? Bu, sirdir və bu sirri 

bircə mən bilməliyəm". 

Röyasız yuxu içində — sönmüş ekran qarşısındaymış kimi 

— Zaur intizarla gözləyirdi. Budur bax, bu saat ekran 

işıqlanacaq, yuxu rənglərə boyanacaq, səslərlə dolacaq və 

Təhminə canlanacaqdır — onunçün nə var ki, məsafələri qət 

etsin, qitələri, okeanları aşsın, sərhədləri keçsin. Əgər dünyanın 

o başında güclə duyulan, zərif və  zəif qoxusu Zauru 

haqlamışdısa, sifətinin, səsinin, nəfəsinin, gülüşünün bura gəlib 

çıxması  çətinmi iş idi? Yuxunun dolaşıq, qarmaqarışıq 

məntiqinə dayanaraq düşünürdü: hansı reyslə uçub gəlib bura, 



 157 

axı Moskvadan bura təyyarə  həftədə bir uçur? Yuxuda belə 

bunu unutmamışdı  və yuxuda düşünürdü ki, axı bu yuxudur, 

gərək oyanam, gərək cəhd eləyəm oyanmaqçün, gərək  əlimi 

uzadıb gecə  çırağını yandıram.  Əlini uzadırdı, gecə  çırağını 

yandırırdı, amma çıraq yanmırdı və Zaur başa düşürdü ki, hələ 

da yuxudadır, yuxuda uzadıb  əlini çırağa,  əslində isə heç 

uzatmayıb da, yuxuda yandırıb çırağı, əslində heç yandırmayıb 

da, yuxuda ayılıb yuxudan, əslində heç ayılmayıb da... 

Ayılmayıbsa, deməli, indicə görəcək onu... Və o gündən 

bəri birinci dəfə görəcək Təhminəni. Neçə ay keçmişdi o 

gündən? Yox, arada bir dəfə görmüşdü Təhminəni. Yuxuda 

yox, real həyatda da yox, — televizorda görmüşdü... Bircə 

dəfə, vəssalam.  İndi isə... buyur, Qərbi Afrikada, müstəqil 

Seneqal respublikasının paytaxtı Dakar şəhərində  gəlib 

duracaqdı gözləri qarşısında:.. Nə tez də  sənədlərini toplayıb 

təhvil verib: tibbi arayış, anket, üç imzalı xasiyyətnamə, viza... 

hamısı da belə  təcili, tez... Bütün bunları toplayıb düzəldib, 

bütün bunlardan keçib. Hər şeyin çəmini, yolunu tapıb ki, tez-

tələsik uçub bura gəlsin. Burada, dünyanın o başında Zauru 

yaxalasın və  hər  şeyi geriyə döndərsin. Bütün olub keçənlər, 

ötüb-itənlər yenidən qayıtsın, dirçəlsin, yenidən başlansın. 

Amma axı başlamamalıydı hər şey təzədən. Olan olmuş, keçən 

keçmişdi, biryolluq, həmişəlik, dönüb-qayıtmaz bir 

mütləqlikdir. Bəs onda... Axı, bu, yuxudur, — deyə 

düşünürdü... — Yuxunun nəyindən qorxursan, yuxunun nə 

təhlükəsi var? — deyə düşünürdü. —Ayılıb oyanacam, hər şey 

keçib gedəcək, — deyə düşünürdü və onu da düşünürdü ki, 

yuxudamı, oyaqlıqdamı, bu dünyada Təhminənin 

nəvazişlərindən qorxulu heç nə yoxdur onunçün. Təhminənin 

nəvazişləri, sığalları, beyni dumanlandıran oxşamaları, çılğın 

pıçıltıları, deyilməmiş gileyləri... Bir da qapqara, uzun, sıx 

kirpikləri — o kirpikləri elə qaldırırdı, elə bil qədim bir kitabın 

ağır səhifəsini açır və o kirpiklər Təhminənin sifətinin tən 

yarısına kölgə salırdı. Bir dəfə Zaur içmişdi, dedi ki, sən 



 158 

kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir 

səhifə açılır... 

...Yuxuda, iradəsi zəifləyib möhkəm şüur, məntiq buxovları 

boşalanda Zaur onun, Təhminənin alaqaranlıq istəklərinə tabe 

olacaqdı. Axı bu istəklər həm də onun özünün, Zaurun istəkləri 

idi. Bir gün Zaur iradəsini toplayıb bütün hiss-həyəcanlarını 

ürəyindən birdəfəlik qoparıb ata bilmişdi. Ancaq yuxunun öz 

qanunları var, daha doğrusu, yuxu bütün qanunlardan azaddır. 

Zaur isə indi heç bir azadlığa hazır deyildi, istəmirdi heç bir 

azadlıq-filan. Yalnız bircə  şey istəyirdi — yuxudan ayılmaq. 

Ən çətini göz qapaqlarını qaldırmaq, gözünü açmaq idi... Bir 

cəhd elədi, güc-bəlaynan göz qapaqlarını açdı, amma bu da 

yuxu idi — yuxuda cəhd eləmişdi, yuxuda açmışdı gözlərini. 

Bunu anlayıb bir də  cəhd elədi və bu səfər, doğrudan da, 

oyandı... Bir an, ayılandan sonra düz bircə an ona elə gəldi ki, 

bu otaqda — Afrikanın iyi hopmuş bu otel nömrəsində başqa 

bir qoxu, Təhminənin rayihəsi də qalır hələ.  İndicə canını 

qurtardığı yuxu girdabının cazibəsi qəlbini limhəlim 

doldurmuşdu, amma Zaur bilirdi ki, xilas olmalıdır bu 

hisslərdən; rahat, dinc yaşamaqçün bütün bunları biryolluq 

özündən iraq eləməlidir və bu gecəni də sakit başa vurmaq 

istəyirsə, indicə durub geyinməlidir, nömrədən çıxıb aşağı 

düşməlidir, fikirlərini yayındırıb, düşüncələrin yönünü dəyişib

sonra qayıtmalıdır otağına. Yalnız bundan sonra sakit uzanıb 

yata bilərdi. 

Qaranlıqda ayaqqabılarını axtararkən Firəngiz səsə oyandı. 

Bir şey demədi, amma nəfəsinin dəyişməsindən Zaur arvadının 

ayıldığını bildi. 

Zaur: 


—Nədənsə yata bilmirəm, — dedi, — çıxıb bir az okeanın 

qırağında gəzmək istəyirəm. 

Firəngizdən səs çıxmadı. Nə hə, nə yox. Zaur düşünürdü ki, 

eyni tərzdə "istəyirəm gedib özümü dənizə atam" — deyə  də 

bilərdim və yenə  də Firəngiz etirazını bildirməzdi... Bəzən 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə