145
və skeptik deyiləm. Yüksək amala da inanıram. Böyük mənada
məqsədim də var. Cəmiyyətin məqsədlərini başa düşürəm.
Xalqımın problemlərini də anlayıram. Ədalətli, azad, gözəl bir
cəmiyyət. Bərabərhüquqlu insanlar, bərabərhüquqlu millətlər.
Nə əzən var, nə əzilən. Bütün dünyada sülh və əmin-amanlıq.
Ən uzaq ölkələrdə belə aclıq, fəlakət, xəstəlik olmasın. Mən
bütün bunları arzu edirəm. Bu məqsədlərin yolunda, necə
deyərlər, canımı, qanımı verərəm. Çox yaxşı. Amma bax
şəxsən mənim, otuz üç yaşlı tərcüməçi Nemət Namazovun
konkret məqsədi, işi nə olmalıdır? Mənim nə xüsusi bir parlaq
istedadım, nə böyük bir bacarığım var ki, xariqüladə işlər
görüm. Mənim elədiyim işi isə, başqası da lap gözəl, bəlkə də
məndən yüz dəfə yaxşı, ya məndən bir az pis, fərqi yoxdur, hər
halda mənim işimi başqası görə bilər. Bəs mənim necə
deyərlər, mütləqliyim, əvəzsizliyim nədir, mənim öz yerim
hardadır ki, o yerdə məni heç kəs əvəz edə bilməz? Şəxsən
mənim məqsədim, konkret olaraq mənim məqsədim nədir?
Maşın almaq? Kooperativ evə yazılmaq? Ya bütün ömrüm
boyu Murtuz Balayeviçin atmacalarına göz yummaq, Dadaşa
yarınmaq, Mürşüdün şitliyinə gülmək? Hə?
—Mürşüd kimdir, Murtuz Balayeviç kimdir, ay Nemət?
—Tanımasan yaxşıdır, mənim durub-oturduğum
adamlardır...
—Pis adamlardır?
—Nə bilim? Pis adam, yaxşı adam. Məgər bilmək olar, pis
adam kimdir, yaxşı adam kimdir?
—Aman allah! Ay Nemət, dünən həmin bu sözləri mən
özüm bir nəfərə deyirdim. Amma, Nemət, axı, vallah, belə
deyil. Hər halda yaxşı adam yaxşı adamdır, pis adam pis
adam...
—Yaxşı, onda bax, mən, pis adamam, yoxsa yaxşı adam?
—Mən səni az tanıyıram, Nemət.
—Çox sağ ol, Təhminə, belə dediyin üçün sənə çox
minnətdaram, mərdliyin üçün sağ ol. Desəydin ki, yaxşı
146
adamsan, inanmayacaqdım. Amma düz deyirsən ki, adama
yaxşı, ya pis demək üçün onu gərək tanıyasan. Bax, məsələn, o
Murtuz Balayeviç ki deyirəm, mənim böyük bacanağımdır, özü
hərbçidir, polkovnikdir. Belə bir az köntöy adamdır,
namərbutdur e... Sözünün, danışığının yerini bilən deyil, odur
ki, məni həmişə əsəbləşdirir. Ancaq indi fikirləşirəm ki, onu
ittiham etməyə mənim nə haqqım var? Kişi oddan-alovdan
çıxıb. Müharibədə yaralanıb, qan töküb. Ölümün gözünün içinə
baxıb. Hər halda həyatda müəyyən bir yeri, rolu olub ki, orda
onu heç kəs əvəz edə bilməzdi. Yaxud o biri bacanağım
Cabbar...
—Bacanaq sarıdan deyəsən bolsan.
—Hə, Cabbar, onun arvadı. Elə-belədə söhbət eləyirsən,
dayaz adam təsiri bağışlayırlar. Amma axı deyirlər öz
sahələrində yaxşı mütəxəssisdirlər. Mühüm dövlət əhəmiyyəti
olan bir obyektdə işləyirlər.
Təhminə qəfilcə soruşdu:
—Nemət, neçə uşağın var?
Nemət də qəfilcə cavab verdi:
—Bir, — həyatında ilk dəfə belə cavab verdi.
—Bir?
—Bir, — deyə qətiyyətlə təkrar etdi. — Qızdır. Nərgiz.—
Sonra əlavə etdi: — İki böyük qız yoldaşımın birinci
ərindəndir.
—Allah saxlasın, hamısını.
Az qaldı desin, səninkilərnən. Sonra yadına düşdü ki,
Təhminənin uşağı yoxdur. Qəribə bir həvəslə Nərgizdən
danışmağa başladı. Sözlərindən, oyunlarından, marka
toplamasından.
—Dünən oturub özü Xoruz babaya uzun bir məktub yazıb.
Deyir Xoruz baba keçən səfər tapşırdı ki, hansı quş adlarını
bilirsiniz yazın mənə. Bu yazıq şəhər uşağı, quşların adını
hardan bilsin? Bəli, oturub buna bir-bir quş adlarını demişəm
yazıb. İndi bu gün də səhərdən oturub radionun qabağında ki,
147
Xoruz baba mənim adımı deyəcək. Deyirəm, qızım, məktubu
dünən yazmısan, hələ heç gedib Xoruz babaya çatmayıb. Kimə
deyirsən? Bəli, axıra qədər qulaq asdı, adını demədilər, bir də
gördüm, dodağını büzüb doluxsundu. Deyirəm, qızım, sən lap
arxayın ol, gələn həftə mütləq sənin adını deyəcək.
Təhminə səssiz qulaq asırdı. Bir an Nemətə elə gəldi ki,
Təhminə yuxuya gedib.
—Təhminə, — dedi.
—Hə... elə bil səsi uzaq bir aləmdən qayıtdı. — Eh, ay
Nemət, — dedi. — Belə qızın ola-ola yenə həyatının mənasını
axtarırsan...
—Bilirsən mən bu barədə də düşünmüşəm. Deyirəm bəlkə
həyatda mənim varlığımın yeganə mənası körpü olmaqdır.
Bütün əcdadımın, baba-nənələrimin, atamın, anamın həyatını
körpü kimi öz üstümdən keçirib övladlarıma yetirməkdir? Hə?
Susursan. Deyəsən yaman naqqalladım, səni lap yordum.
Yuxun gəlmir ki...
—Yox.
—Bilirsən, ürəyim yaman dolu idi. Danışdım səninlə bir, az
ürəyim yüngülləşdi. Əşşi, dünən maqnitofon almışam. Səsimizi
yazmışıq. Da buna neçə dəfə qulaq asarlar? Beş dəfə, on dəfə,
yüz dəfə... Hər qonaq gələndə təzədən qurulur. Eyni sözlər,
ibarələr, gülüşlər. Məni dəhşət basdı. Mənə elə gəldi ki, bu elə
mənim həyatımın rəmzidir. Dəyişməz, durğun, donub qalmış.
İndi də dəhşətlə fikirləşirəm ki, sabah yenə qulaq asacaqlar.
Adam istəyir lap başını götürüb qaçsın.
—Daha niyə qaçırsan, ondansa yazını poz.
—Pozum?
—Hə. Nədi, bu ağlına gəlməmişdi?
—İnanırsan ki, yox? Ağlıma hardansa bir fikir düşmüşdü ki,
yazılana pozu yoxdur.
Hər ikisi güldü.
—Yox, əzizim, maqnitofon yazısını pozmaq çox asandır.
Hansı markadır maqnitofonun?
148
—Yauza.
—Hə, mənimki də ondandır. Dördüncü düyməni bas,
vəssalam. Pozulsun getsin.
—Ay sağ ol. Əməlli-başlı başıma ağıl qoydun. Deməli,
dördüncü düymə. Çox sağ ol.
—Sən də sağ ol, — əsnədi, — hələlik...
—Dayan, dayan. Yaxşı, axı əsas məsələ yaddan çıxdı.
—Hansı məsələ?
—Sənin gözlərinin rəngi.
Güldü.
—Gözlərim elə rəngdədir ki, heç bir sözə, tərifə sığışmaz:
Gərək özün görəsən. Sabah işdə baxarsan.
—Sabah yox, bu gün... Eşidirsən, tramvaylar başladı
işləməyə.
—Bizim küçədən tramvay keçmir. Oy, babamın babası, —
əsnədi, — doğrudan a, səhərdir. Dan yeri sökülür. Düz
deyirmiş Füzuli: "Var sübh". Gedim heç olmasa bir az yatım,
yoxsa, işdə mənim sifətimə baxıb qorxarsınız.
—Qoy görək əşi, istəyirsən sənə kompliment deyim?
—De də, nə olar ki? Hansı qadın komplimentdən imtina
edər?
—Deyim də... sən çox gözəl, çox yaxşı, çox ağıllı qızsan.
Bu gecəki söhbətimizi mən heç vaxt unutmaram. İndi sən də
axırda mənə bir söz de ki, gedim yaxşı yuxu görüm. Yoxsa elə
biməzmun yuxular görürəm ki...
—Qoy sənə öz yuxumu danışım, sən də onu gör.
—Danış.
—Bu yuxunu tez-tez görürəm. Eyni bir yuxunu. Bayaq sən
zəng eləyəndə də görürdüm. Görürəm ki, dəniz sahilindəyəm.
Aydın, işıqlı bir gündür. Sahil bomboşdur. Bircə mənəm. Təpə-
tənha. Dəniz gömgöydür. Uzaqda, lap uzaqda, üfüq xətti
tərəfdə ağ bir liman görünür və bu ağ limanda qıpqırmızı
gəmilər dayanıb.
—Əcəb yuxudur. Çox sağ ol, əzizim. Geçən, yox, səhərin
Dostları ilə paylaş: |