138
Bu gecə vaxtı hardan öyrənəcəksən? Görəsən kim bilər bunu?
Dadaş. Zəng eləyəsən, Dadaşdan soruşasan. Neməti gülmək
tutdu. Pis olmaz. Gecə saat üçdə zəng eləyib Dadaşı yuxudan
oyadasan: bağışlayın, Dadaş müəllim, sizə bir sualım var:
Təhminənin gözləri nə rəngdədir? Təsəvvür edirəm Dadaşın
sir-sifətini: Dadaş tuman-köynəkdə yuxudan avara olunub,
telefonla şöbəsinin bir işçisi Nemətə başqa işçisi Təhminənin
gözləri haqqında məlumat verir. Nə səhnədir! Doğrudan nə
olardı, indi götürüb Dadaşa zəng edəsən?! Eh, nə boş-boş
danışırsan, heç eləyərsən? Niyə eləmirəm? Ay elədin ha!
Vallah, dəli şeytan deyir, dur elə. Ay elədin ha! Yaxşı. Nemət,
yat. Hə, nə oldu, əzizim, deyirəm axı, sən dəli şeytanın sözüylə
durub-oturan oğlanlardan deyilsən. Sən həmişə ağıllı şöbə
müdirinin qoyduğu qayda-qanunlarla yaşayan oğlansan. Elə bu
tutduğun yolnan da get. İşin yaxşı olar. Deməli, belə? Yaxşı,
baxarıq.
Nemət ayağa durdu. Gecə məstlərini geydi, pijamasını
düymələdi, dəhlizə çıxdı. Telefonun dəstəyini qaldırdı. Vaxt
gec olduğundan, telefondan dərhal aydın "zummer" eşidildi.
Nemət özünə belə qəribə görünən bir etinasızlıqla Dadaşın
nömrəsini yığdı. "Beş siqnal gözləyəcəyəm, cavab çıxmasa
asacam". Dördüncü siqnaldan sonra Dadaşın səsi gəldi:
—Allo!
Səs yuxulu səs deyildi. Həmişəki aydın, təmkinli səs idi.
Nemət bir an susdu, sonra cəld:
—Mənəm. Nemətdi, — dedi. Daha geriyə yol yox idi.
—Buyur, Nemət.
—Bağışlayın. Dadaş müəllim, sizi yuxudan oyatdım.
—Yox, yox, yatmamışdım, işləyirdim.
Birdən-birə Nemət özünü aciz və miskin hiss etdi. Yatmış
bir mötəbəri gecə saat üçdə yuxudan oyadıb qəribə sual vermək
ürək istəyirdi! Amma gecənin bu vaxtında oturub işləyən bir
adamı belə axmaq bir sualla işindən ayırmaq yüngüllük idi,
uşaqlıq idi, sataşmaq idi. "Təcili surətdə ayrı bir bəhanə tapıb
139
işin içindən çıxmaq lazımdır".
—Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. —
Bunu vaxt qazanmaq üçün dedi.
—Buyur.
"Aha, tapdı".
—Dadaş müəllim, mən belə şeylərdə yaman vasvasıyam.
Yata bilmirəm. Sabaha qədər yerimdə qovrulacaqdım. Siz
allah, bir məni sakit eləyin. İnciyib eləmədiniz ki?.. Bizim bu
qonşu, Mürşüd bir az şitlik edirdi. Murtuz Balayeviç də bir az
kobud adamdır... Deyirəm bəlkə...
Dadaş onun sözünü yarımçıq qoydu:
—Yox, yox, nə danışırsan, Nemət, dəli olma. Hər şey lap
əla idi. Niyə inciyirəm? Adamlar cürbəcürdür. Hərəsinin öz
duzu, öz ləzzəti var. Elə adamlar olmasaydı, həyat maraqsız
olardı. Sən lap arxayın ol. Rahat get yat. Gecən xeyrə qalsın,
— cavab gözləməmiş dəstəyi yerə qoydu.
"Vəssalam, Nemət müəllim. Bu da sənin qiyamın. Bu da
sənin meydan oxumağın. Bu meydan oxumaq olmadı, meydan
sulamaq oldu. Qiyam olmadı, mütiliyinin yeni ifrat bir təsdiqi
oldu. Di get yat. Eşitmədinmi, Dadaş sənə rüsxət verdi. Yat".
Nemət otağa keçib qaranlıqda pencəyini tapdı, cibindən
siqaret çıxarıb iki qullab vurdu, dəhlizə qayıtdı. Telefonun,
dəstəyini qaldırıb nömrəni yığdı. Du, du, du...
—Bəli, — Dadaşın səsi yenə də sakit və təmkinli idi.
—Mənəm, Nemətdir.
—Eşidirəm.
—Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm.
Təhminənin gözləri nə rəngdədir? — birnəfəsə dedi.
Dəstək sükuta qərq oldu. "Hə, elə olarsan, müəllim.
Deyəsən söz boğazında qaldı. Bir udqun görək. Hə, indi cavab
ver. Həmişəki tək sakit və təmkinlə gecə saat dördə iyirmi
dəqiqə işləmiş işçin Nemətə, işçin Təhminənin gözlərini rəngi
barəsində məlumat ver görüm".
—Nemət, — səs əvvəlki kimi sakit idi, — deyəsən, biz
140
gedəndən sonra xəlvətə salıb təkbaşına içmisən.
Nemət bu sözlərin mənasını da, Dadaşın sakitliyinin
səbəbini də anladı. Bu vəziyyət Dadaşçün qəribə, qeyri-adi bir
şey deyildi. Ömrü boyu Dadaş elə növbənöv qəribəliklər
görmüşdü ki, Nemətin əcaib sualı onu təəccübə gətirib
halından çıxarda bilməzdi. Sualın vaxtına — gecə saat dördün
yarısına gəldikdə isə, buna da vərdişli idi: Məmməd Nəsirin
vizitləri də təxminən gecənin bu radələrində olurdu. "Bizdən
sonra xəlvətə salıb içmisən". Dadaş, Nemətə Məmməd Nəsir
kimi baxırdı. Əlbəttə, Nemət Məmməd Nəsir deyil, ağlı,
dərrakəsi var. Həm də ailəsi, arvadı qoymaz. Amma ömründə
bir gecə Məmmədnəsirlik edirsə, dünya dağılmaz. Dadaş
təmkinlə və çox soyuq:
—Nemət, get yat, — dedi, — gecdir. Yaxşıca əl-üzunü yu,
sonra yat.
—Dadaş müəllim, əgər elə bilirsiz ki, mən sərxoşam, çox
səhv edirsiniz. Əgər məni təzə başlayan Məmməd Nəsir hesab
edirsinizsə, yenə də səhviniz var. Mən tamamilə ayığam.
Axşam da az içmişdim. Sizdən sonra da dilimə vurmamışam.
Mən bircə sizdən onu bilmək istəyirəm ki, Təhminənin gözləri
nə rəngdədir.
Dadaş kəskin və sərt bir ədayla:
—Nə demək istəyirsən? — dedi.
—Heç nə. Bircə Təhminənin gözlərinin rangini bilmək
istəyirəm.
Dadaş daha da sərt və əsəbi bir tərzdə:
—Bu sualı mənə niyə verirsən? — dedi.
"Aha, deyəsən özündən çıxırsan. O mötəbərlik maskan
yerindən oynayır. Kişisən, bir kəlmə sərt söz de, cavabını elə
verim ki, ölənəcən yadından çıxmasın. İstəmirəm sənin
müqaviləni, avansını da. Mən elə kişinin oğlu deyiləm ki, sən
mənə atalıq eləyəsən. Hə, de görüm, bir söz de..."
Dadaş heç nə demədi. Ancaq birdən-birə güldü. Bərkdən
güldü. Bəlkə ondakı yumor hissi əsəblərinə və hirsinə üstün
Dostları ilə paylaş: |