149
xeyrə qalsın. Bağışla məni.
—Sən də sağ ol. Dördüncü düymə, unutma.
Dəstəyi asdı. Papiros yandırdı. Bir müddət telefonun
yanındaca oturdu, sonra səs, hənirti eşidib otağa keçdi.
Pəncərələrdən süzülən hələ solğun səhər işığında balaca
Nərgizin cizgiləri daha da məsum görünürdü. Səs də onun
səsiydi. Nərgiz yuxuda danışırdı: turac, qırqovul, kəklik, sora
göyərçin. Nemət bir müddət qızının başı üstündə dayandı.
Onun indi gördüyü yuxusunu təsəvvüründə canlandırmağa
çalışdı. Buludsuz göy, yaşıl budaqlar, qanadlı quşlar. Nərgiz
yenə də adda-budda sözlər deyirdi: toyuq, xoruz, sora bülbül,
sora...
Dördüncü düymə. Nemət cəld o biri otağa keçdi. Maqnitofona
yanaşdı. Dördüncü düymə, Vəssalam. Nə Alyagilin iki dəfə böyük
maqnitofonu qalacaq, nə Sürəyyanın dolaşıq cümlələri, nə
Karmenin istehzası. Nə də "bir də mən görsəm ki..."
Hamı yatıb. Pozsan, gərək indi pozasan. Bilsələr
qoymayacaqlar. Onlara izah da edə bilməyəcəyəm. Özüm
özümə izah edib aydınlaşdıra bilmədiyim bir şeyi onlara necə
izah edəcəm?
Maqnitofonu işə saldı. Qızdırdı. Sonra dördüncü düyməni
basdı.
—Vəssalam, — dedi. — Burda bir elə hikmət yox imiş.
Lenti tərsinə — fırladıb qulaq asmağa başladı. Sükutu,
səssizliyi dinlədi. Xoşlandı. — Basırıq tramvayın konduktoru
bürkü yay gününün gecəsi adamsız reyslərin — seyrək
sərinliyindən xoşlanan kimi.
—Vəssalam, — deyə təkrar etdi. — Qurtardı. Nöqtə.
Küçədən tramvay keçdi. Nargin tərəfdən gələn gəminin
uzaq fit səsi eşidildi.
Nemət maqnitofonu söndürüb öz otağına qayıtdı. Soyunub
yerinə girdi. Yuxuladı.
Yuxu gördü.
Gördü ki, böyük bir dənizin sahilindədir. Sahil bomboşdur.
150
Dəniz uzandıqca uzanır.
Sahil sapsarıdır. Sarı qumlar.
Dəniz gömgöydür. Ləpəsiz.
Ancaq birdən gördü ki, dənizin, göy dənizin lap, lap
uzağında nə isə ağ bir şey görünür: ağ liman.
Ağ... Ağ...
Ağappaq. Və bu ağ limanda qırmızı gəmilər dayanıb.
Qırmızı... Qırmızı...
Qıpqırmızı...
1965
Bakı-Kislovodsk
151
BEŞMƏRTƏBƏLİ EVİN ALTINCI MƏRTƏBƏSİ
(roman)
Birinci fəsil
Bu vüsala yuxu əhvali demək mümkün idi,
1
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
...amma qəfilcən sükut çökdü. Yüxunun seyrək toranlığı
içində Zaur, hətta bir qədər təəccübləndi də. Axı necə oldu ki,
böyük otelin bütün hay-küyü, yad, özgədilli danışıqların
hənirtisi, haradansa, çox uzaqlardan eşidilən musiqi sədaları
(saksafon, royal, zərb alətləri çalırdılar), liftin hərəkəti-bütün
başqa səslər — qəfilcən qeyb oldu və bütün bu tanış səslərlə
birlikdə okeanın da uğultusu kəsildi...
Gecəyarıdan keçmişdi. Vaxt cədvəli, adamların yatıb-durma
məqamları bütün dünyada təqribən eyni cürdür və bu cədvəlin
hökmü insanların icad etdikləri maşınların, mexanizmlərin,
alətlərin səsləriylə bərabər təbiətin möhtəşəm xilqəti —
okeanın da səsini qısmışdı elə bil.
Yuxunun yapışqantək çiriş horrasında (buraların havası
kimiydi bu horra) çapalayıb ayıqlığa çıxmağa cəhd edərkən
Zaur düşünürdü: yəqin Firəngiz otağın pəncərəsini örtüb,
vəssalam: səskeçirməz pəncərələr dişarıdakı bütün səsləri,
küyləri, danışıq-hənirtiləri eşidilməzləşdirib, Zaurun
yarıyuxulu-yarıoyaq şüurundan kənar edib.
Elədir ki, var, qu desən qulaq tutulan cinkiltili sükutdan
sonra otaq həm də qaranlığa qərq oldu; Firəngiz pəncərəni
bağlayıb işığı da keçirtdi. Zaur örtülü göz qapaqları arasından
qaranlığın müxtəlif mərhələlərini duyurdu — əvvəlcə otaq
1
Epiqraflar Füzulinin “Leyli və Məcnun”undan və “Divan”ından alınmışdır.
152
alaqaranlıq oldu —vannanın açıq qapısından kvadrat şəklində
işıq şüləyi düşürdü döşəməyə. Qapı bağlanandan sonra otağa
güclə sezilən ətir kimi — gecə çırağının zəif şöləsi yayıldı.
Firəngiz bu çırağı da söndürdü və o zaman ətraf qaranlıq içində
həll oldu.
Zaur ağır-ağır göz qapaqlarını qaldırdı, otağın qatran kimi
qatı qaranlığında bir an kerçəklik hissini itirdi — bilmədi
haradır bura, hardadır özü? Ancaq bir an. Bir an sonra gözləri
zil qaranlıqda heç nəyi seçib ayırmasa da artıq harda olduğunu
dəqiq dərk edirdi — bilirdi ki, bu otaq otelin nömrəsidir, indi
gecədir və uzun məsafələrdən, uçuşdan, hərəkətdən, müxtəlif
yad lövhələrdən calaq olunmuş gecə-gündüz bitib, ömrünü yeni
bir gecə-gündüzə təhvil verib. Bu təhvil-təslim dəqiqələri
Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü döydüyü
anlara düşüb. İndi isə gecəyarını ötüb — təqvimin başqa
tarixidir. Amma nə tarix, nə təqvim? Moskvadan Afrikaya on
bir saatlıq uçuş ərzində-onlar Avropanın, Aralıq dənizinin,
Saxaranın üstündən keçmişdilər — bütün vaxt-zaman
anlayışları qarışıq düşmüş və Zaurgilin ömrünə üç saat əlavə
olunmuşdu. Bakıyla Moskva arasındakı bir saatlıq fərqi də
bunun üstünə gəlsin — ömürlərindən dörd saatlıq hədiyyə
almışdılar. Doğrudur, bu hədiyyəni qaytarmaq lazım gələcəkdi
— üç saatını buradan Moskvaya uçanda, bir saatını da
Moskvadan Bakıya qayıdanda...
Yer kürəmiz zaman zolaqlarına bölünüb, Qərbdən Şərqə
getdikcə hər zolaqda bir saat irəli düşürsən. Moskvada saat on
bir olanda. Bakıda on ikidir... Daima üzü Qərbə doğru gedəsən,
elə bir sürətlə ki, bir saat içində bir vaxt zolağından o birinə
keçəsən — hamısında da, məsələn, saat on bir olsun? Vaxtı bu
sayaq aldatmaq mümkündürmü?
Adamın ağlına nə qəribə fikirlər gəlir. Fantastika! Halbuki
ən böyük fantastika elə real gerçəklikdir, bax, elə məsələn,
onların bugünkü günü: zarafat gəlməsin sənə, dünyanın o biri
başına gəlib çıxıblar. Afrikada, Dakar şəhərindədirlər. 17
Dostları ilə paylaş: |