Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   15   16   17   18   19   20   21   22   ...   151

sutkada cəmi yeddi saat işləməli olurdular. Qalan vaxtlarda balıq tutur, çimir və meşə cığırları ilə 
gəzişirdilər. Martin Moqalisə qayıdanda tam bir rahatlıq içərisində idi və hiss edirdi ki, Madelinaya daha 
çox vurulub. 
Onlar həftədə iki dəfə bir-birlərinə nəzakətli və üzrxahlıqla dolu məktub yazırdılar, sonra bu məktublar 
daha ehtiraslı oldu və hər gün yazılmağa başladı. Madelinanı yayda onun doğma şəhərinə – Uinnemakın 
Oqayo ilə sərhədinə apardılar. Şəhər Elk-Milzdən, Martinin vətənindən böyük idi, orada bir neçə kiçik 
fabrik var idi, amma günəşin altında od tutub yanır və bəlkə də, elə buna görə başqa şəhərlərdən daha 
çox darıxdırıcı görünürdü. Madelina böyük və yayğın xəttlə kağız üzərində qaçışaraq təəssüflənirdi: 
 
"Ola bilər biz artıq heç vaxt görüşməyək, amma istəyirəm biləsiniz ki, sizinlə elm, ideallar və təhsil 
haqqında  apardığımız söhbətləri çox qiymətləndirirəm. Xüsusilə indi, burada, bataqlıqda batıb qalan 
provansialların – oooo, bu, dəhşətlidir! – öz avtomobilləri və qulluqçu qadına nə qədər ödəmək 
məcburiyyətində qaldıqları və bu kimi şeylər haqqında danışdıqları bir yerdə … siz mənə o qədər çox şey 
vermisiniz ki… Amma mən də sizə xeyirli olmuşam, elə deyilmi? Mən heç də həmişə haqsız olmuram, 
düzdür?" 
 
"Mənim əzizim, mənim sevimli qızcığazım! – o kədərləndi, – "mən həmişə haqsız olmuram" yazır. Mənim 
zavallım, mənim zavallı əzizim".  
Yayın ortalarında yenə də nişanlı idilər; düzdür, bu aralar Viskonsindən olan gənc kassir qadın, incə ayaqlı  
güləyən məktəb müəlliməsi Martini yüngülvari həyəcanlandırmışdı. Amma Madelina üçün o dərəcədə 
darıxırdı ki, gecələr işdən imtina etmək haqqında düşünür, onun nəvazişli ağuşuna doğru uçmaq istəyir 
və yuxusuz qalırdı.  
Geri qayıdan qatar həm üzücü, həm də ağır-ağır hərəkət edirdi, Martin isə hirslənir, Madelina haqqında 
şirin xəyallara dalırdı. İyirmi dəqiqə sonra onlar Madelinanın qonaq otağında səssizcə qucaqlaşırdılar. 
Düzdür, daha iyirmi dəqiqə sonra qız artıq Klif Kloson, balıq ovu və dünyada olan bütün müəllimələr 
haqqında nifrətlə danışırdı; amma çox keçməmiş onun ehtiraslı istəyi qarşısında göz yaşları içərisində 
təslim oldu. 
 

 
Üçüncü kurs Martinin başını lap gicəlləndirdi. Səhər tezdən fiziologiya, hazırlıq kursu, cərrahlıq, 
nevrologiya, ginekologiya və mamalıq üzrə mühazirələri dinlə; nahardan sonra klinikaya get, mühitin 
hazırlanmasını, Qotlib üçün şüşə qabların sterilləşdirilməsini izlə; təzə tələbələrə mikroskop, filtr və 
avtoklavla necə rəftar etməyi öyrət; üstəlik elmi jurnallardan alman, ya da fransız dilində nəsə oxu; 


həmişə də Madelina ilə görüş. Hər yerə yetişmək üçün Martin, sanki, özünü tarixi yarışmaya tələsdirirdi 
və bu yarışmanın  ən qızğın vaxtında ilk müstəqil işinə başlamışdı – ilk poemasına, araşdırılmamış 
yüksəkliklərə doğru atılan ilk addıma. 
O, dovşanları qarın yatalağına qarşı immunizasiya edirdi və güman edirdi ki, bu immunitetli heyvanlardan 
götürülmüş qan zərdabını qarından götürülmüş basillə qarışdırdıqda basillər öləcək. Amma basillər 
gözlədiyinin əksinə olaraq, acığa düşübmüş kimi, sürətlə artırdılar. Martin heyrət içində idi. Əvvəl elə 
fikirləşdi ki, texnikada yanılıb, təcrübəni təkrar-təkrar apardı, gecəyarısına qədər işlədi,  öz qeydləri 
haqqında ətraflı fikirləşmək üçün səhər lap erkəndən oyandı. (Madelinaya yazdığı məktublar qara-qura 
alınırdı, amma laboratoriya yazılarında nədənsə çox səliqəli idi).  Təbiətin lazım olduğundan fərqli 
hərəkət etdiyinə tamamilə əmin olduqdan sonra günahkar görünüşlə Qotlibin yanına  yollandı: 
– Lənətə gəlmiş basillər bu immunitetli zərdabda ölməli idilər, amma budur, ölmürlər. Yəqin, 
nəzəriyyədə nəsə düzgün deyil.  
– Cavan oğlan, siz elmin üstünə hücuma keçmisiniz? – Qotlib əlindəki dəftərləri stolun üstünə çırpa-çırpa 
bağırdı, –  elə bilirsiniz ki, immunologiyadakı ehkamlarının üstünə cummaq üçün kifayət qədər səriştəniz 
var?  Hm…  
– Bağışlayın, cənab. Amma mən bu ehkamlarla heç nə edə bilmirəm. Budur. qeydlərim. Özüm də bu işi 
dəfələrlə təkrar etmişəm. Amma özünüz də əmin ola bilərsiniz ki, aldığım nəticələr eynidir. Mən 
müşahidələrdə nə əldə etdiyimi yaxşı bilirəm.  
Qotlibin üzü gülürdü. 
– Sizə öz yepiskop xeyir-duamı verirəm, mənim balam! Düz hərəkət edirsiniz! Müşahidə edin və 
müşahidələriniz elmin sonadək qəbul etdiyi fikirləri təkzib edirsə, o zaman onları rədd edin! Çox şadam, 
Martin. Amma indi "niyə"sini axtarın. Görün, işin içində hansı qanun gizlənib.  
Adətən Qotlib onu "Erousmit" adlandırırdı, ya da sadəcə "siz" deyirdi; Hətta sadəcə,  "hm" dediyi vaxtlar 
da olurdu. Hirsləndikdə isə digər tələbələrə müraciət etdiyi kimi, "doktor" – deyə çağırırdı. Ancaq ən 
əhəmiyyətli dəqiqələrdə  onu "Martin" adlandırmağa layiq görürdü. Hər dəfəsində də bu gənc hər 
hadisənin arxasında gizlənən sirli "niyə"ləri axtarmağa və heç zaman tapmamağa ruhlanmış bir ovqatla 
onun yanından çıxıb gedərdi. 
 

 
Bir gün Qotlib onu böyük Zenit Şəhər xəstəxanasına – maraqlı bir xəstədən meninqok ştammı  almağa 
göndərdi. Hövsələsi daralmış qeydiyyatçı (ona pasientin familiyasını, dini mənsubiyyətini, işlədiyi 
müəssisənin ünvanını yazmaq daha vacıb idi; kiminsə haradasa ölməsi, yoxsa ağlı-göylü gözəl lineliuma 
tüpürməsi, ya da şəhərdə veyllənərək meninqokları toplamaqla məşğul olması qətiyyən maraqlı deyildi. 


Təki kitaba ünvanlar səliqə ilə qeyd edilsin) təkəbbürlə ona "D" palatasına qalxacağını söylədi. Martin 
uzun dəhliz boyunca, çarpayılarda əyləşmiş sarı sifətli, bez köynəkli qoca qadınların boylandığı saysız-
hesabsız qapıların yanından  keçərək gedir və çalışırdı ki, özünə ciddi görkəm versin.  İstəyirdi onu həkim 
hesab etsinlər, amma nədənsə içində yalnız çaşqınlıq vardı. 
O, bir neçə baxıcı qadının yanından tələsik ötdü, əməliyyata yubanan yaxşı cərraha layiq şəkildə hamı ilə 
başıyla salamlaşdı (bəlkə də, fikirləşirdi ki, belə lazımdır). Martin gələcəyi parlaq olan gənc cərraha 
bənzəmək istəyinə o qədər qapılmışdı ki,  bir də ayıldı ki, xəstəxanada azıb, özü də pullu palatalar üçün 
ayrılmış hissəyə gəlib çıxıb. O gecikmişdi. Bundan sonra üzündəki ciddiliyi qoruyub saxlamağa artıq 
zamanı yox idi. Martin də bütün kişilər kimi, yolu soruşaraq öz məlumatsızlığını etiraf etmək istəmirdi; 
amma istəməsə də palatalardan birinin qapısının ağzında dayandı; baxıcı-təcrübəçi qız döşəmə yuyurdu. 
O, alçaqboylu və incəbədənli idi, əynində göy rəngli cod sarjadan paltar, çox böyük ağ döşlük vardı, 
alnına dəyirmi rezinlə bərkidilmiş ləçək keçirmişdi; mundir ən azından sabunlu su ilə doldurulmuş vedrəsi 
qədər görkəmsiz idi. Təcrübəçi canlı, açıq-saçıqlıq dolu gözlərini Martinə zillədi. 
– Xanım qız, – Martin dedi, – mənə "D" palatası lazımdır. 
Qız tənbəl-tənbəl sözü uzatdı: 
– La-zım-dır? 
– Bəli, işinizə mane olmuramsa, deyərdiniz… 
– Eyibi yoxdur, mane olun. Lənətə gəlmiş baş tibb bacısı tapşırıb ki, döşəməni təmizləyim, halbuki bizdən 
belə bir şey tələb etməyə ixtiyarı yoxdur. Səbəbi də budur ki, məni siqaret çəkən yerdə tutub. O, 
küpəgirən qarıdır. Sizin kimi ağzından süd iyi gələn uşağı görsə, qulağınızdan tutub bayıra tullayacaq.  
– Lütfkar xanım, bilmək istəsəniz… 
– Aha! "Lütfkar xanım, bilmək istəsəniz…" Lap bizim şəhərimizdəki qoca müəllim kimi danışırsınız…  
Qızın etinasız, laqeyd nəşəsi, Martinlə, sanki, vağzalda bir-birinə dil göstərən iki  oğlanmışlar kimi 
danışması professor Qotlibin gənc və ciddi assistentinin xoşuna gəlmədi.  
– Mən doktor Erousmitəm, – o nərildədi, – və mənim əldə etdiyim məlumata görə, hətta təcrübə 
keçənlərə belə öyrədirlər ki, baxıcı qadınların ilk vəzifəsi həkimlə danışanda ayağa qalxmaqdır. 
Məlumunuz olsun ki, "D" palatasına getmək və çox təhlükəli bir mikrobun ştammını almaq istəyirəm, lütf 
edib mənə yolu göstərsəniz…   
– Ay-ay-ay, yenə də cəzalandırılacağam! Görünür, hərbi nizam-intizama alışmaq mənlik deyil. Yaxşı. Qoy 
belə olsun, qalxaram, – o ayağa qalxdı. Qızın hər hərəkəti pişik qaçışı kimi sürətli və rəvan idi, – geri 
qayıdın, sağa dönün, sonra da sola. Sizə qarşı ədəbsizlik etdimsə, bağışlayın. Xəstə baxıcılarının 
yaltaqlanmalı olduğu qoca kaftar həkimləri görsəydiniz… Vicdanla deyin, doktor – siz, doğrudan da, 
həkimsinizsə… 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə