bəzən nikah mərasiminin yaratdığı tənhalıq hissindən qurtularaq dərindən nəfəs aldılar: "İndi
bəs nə
edək, nə edək?".
Uitsilvaniya stansiyasında Leoranın ailəsi onları hərbi hazırlıq vəziyyətində gözləyirdi.
Bert elə o dəqiqə onların qaçdığından şübhələnmişdi. O şəhərlərarası telefonla beş-altı yaxın şəhərə zəng
etmiş və nikah haqqında lisenziyanın verilməsindən beş dəqiqə sonra mahalın katibini tapa bilmişdi.
Katibin Martin və Leoranın yetkin yaşda olması və buna görə də əlindən heç nə gəlməyəcəyi ilə bağlı
söylədiyi fikirlər, bir də "kiminlə danışmağım heç vecimə deyil, öz kantorumda yalnız mən əmr verə
bilərəm" deməsi Berti sakitləşdirmək əvəzinə özündən çıxardı.
Bert stansiyaya Martindən özü kimi – Bert Tozer kimi kamillik mücəssiməsi yaradacağına əminliklə
gəlmişdi. Həm də bunu gecikmədən edəcəkdi.
Tozerlərin evində həmin gecə olduqca qorxunc vəziyyət var idi.
Cənab Tozer deyir və uzun müddət sübut etməyə çalışırdı ki, Martin
öz üzərinə böyük məsuliyyət
götürüb.
Missis Tozer ağlayır və deyirdi ki, Orinin toy məsələsində əlahiddə səbəblər üzündən tələsmək
məcburiyyətində qalmadığına ümid edir.
Bert deyirdi ki, məsələ belə olsaydı, o, Martini öldürərdi…
Ada Kvist deyirdi ki, özündənrazılığın və sevimli Zenitinə getmək haqqında söhbətlərin nəyə gətirib
çıxardığını Ori artıq özü görür…
Mister Tozer isə bütün bu məsələlərdə bir yaxşı tərəfin olduğunu söyləyirdi:
Ori indi başa düşür ki,
növbəti bir cəncələ düşməməsi üçün onlar Leoranı tibb bacısı kursuna göndərə bilməyəcəklər …
Martin isə hərdənbir fikirlərə müdaxilə edərək deyirdi ki, o, yaxşı oğlandır, çox gözəl bakterioloqdur və öz
arvadının qayğısını çəkə bilər. Amma Leoradan başqa heç kim ona qulaq asmırdı.
Sonra Bert qışqırdı. Amma atası onun səsini batırdı: "Hər halda, oğlanla həddindən artıq kobud olma"…
Amma Bert yenə də öz sözünə davam etdi: "Martin lazım olmayan yerə burnunu soxmaqla Tozerlərdən,
heç olmasa, bir sent belə alacağını
təsəvvür edirsə və heç olmasa, bircə dəfə bu barədə ona müraciət
etməyi ağlına gətirərsə… Qoy, heç olmasa, bircə dəfə ağzını açsın!.. Qoy hələ bir ağzını açsın!"
Leora başını gah bu, gah da o biri tərəfə çevirərək onları müşahidə edirdi. Cəmi bircə dəfə o, Martinə
yaxınlaşdı və onun əlini sıxdı. Fırtınanın ən qızğın vaxtında, Martinin
çox bərk çəkişdirildiyi zaman, qız öz
cibindən zəhrimar papiros qutusunu çıxarıb çəkməyə başladı. Tozerlərdən heç kəsin ağlına da gəlmirdi ki,
Leora papiros çəkir. Onun intizamsızlığı, Vahid Qardaşlığa xəyanəti, dəlisovluğu haqqında nə fikirləşsələr
də, Leoranın siqaret çəkmək kimi ədəbsizlik edə biləcəyini ağıllarına da gətirməzdilər. Tozerlər Leoranı
danlamağa başladılar və Martin dərindən nəfəs aldı.
Bütün bu gurultu altında mister Tozer, nəhayət, qərar qəbul etdi. Bəzən bu işgüzar və həddindən artıq
özündənrazı insan, dolların bütün dəyərini qiymətləndirməyə bacarığı çatmayan Bertin əlindən sükanı
dartıb ala bilirdi (cənab Tozer onu yüz doxsan sent hesablayırdı, proqressiv Bert isə, az qala, yüz əlli).
Cənab Tozer mülayim səslə göstəriş verdi:
– Didişməyə son qoymaq lazımdır. Martinin Ori üçün mütləq pis ər olacağı hələ ki sübut edilməyib.
Yaşayarıq, görərik. Amma… Martin dərhal universitetə qayıdacaq, sözəbaxan olacaq və nə qədər
mümkünsə,
institutu tez bitirəcək, pul qazanmağa başlayacaq. Ori isə evdə qalacaq və ağıllı qız olacaq…
Əlbəttə, özünü daha heç vaxt əxlaqsız qadın kimi aparmayacaq və papiros çəkməyəcək. Bu müddət
ərzində o Martinlə olmayacaq… heç bir cinsi əlaqədə... (Missis Tozer tutuldu, diqqətlə dinləyən Ada Kvist
isə utandığın göstərərək qızarmağa çalışdı). Onlar həftədə bir dəfə bir-birlərinə məktub
yaza bilərlər,
vəssalam. Ancaq heç bir vəchlə… özlərini ailəli adam kimi aparmayacaqlar. Ta ki bunun üçün icazə
almayana qədər. Hə, nə deyirsiniz?
Şübhəsiz ki, Martin onlara meydan oxumalı və gəlini götürərək gecənin qaranlığında oradan getməli idi.
Amma ona elə gəlirdi ki, bundan sonra diplomu da rahatca alacaq, təcrübəyə də başlaya biləcək... Leora
indi onundur, həmişəlik onundur. Onun xətrinə Martin ağıllanmalı idi. Ağıllanacaqdı da. O, öz işinə
qayıdacaq və işgüzar olacaqdı. Bəs Qotlibin elm idealları? Laboratoriya? Tədqiqat? Bunların hamısı
cəfəngiyatdır!
– Yaxşı, – o, cavab verdi.
Amma Martin
dərk edə bilmədi ki, özlərini saxlamaları elə bu gecədən başlamalıdır; bunu o, yalnız əlini
Leoraya uzadaraq gülümsədiyi zaman mister Tozerin gurultulu səsini eşitdikdə anladı:
– Ori, indi sən yuxarı qalxacaq və öz otağında yatacaqsan!
Beləcə, o, nikah gecəsini arvadının on yardında yerləşən yataqda ora-bura çevrilərək keçirdi.
Bir dəfə Martinə elə gəldi ki, haradasa qapı açıldı və o, tir-tir titrəməyə başladı: indi Leora gələcək!
Diqqətini topladı, gözlədi. Amma o gəlmədi. Martin yerindən qalxaraq qapıdan çölə boylandı. Leoranın
otağını tapmaq qərarına gəldi. Getdikcə Martinin qaynına qarşı xəlvəti düşmənçiliyi artmağa başladı.
Çünki həmin vaxt Bert dəhlizdə gəzişir, qarovul çəkirdi. Bertin görünüşü daha zəhmli olsaydı, Martin,
yəqin ki, onu öldürərdi. Amma o, nədənsə bu uzundişli və ədabaz dindarla üz-üzə gəlməyə cəsarət
etmirdi.
Martin otağına qayıdaraq yerinə uzandı və bərk-bərk özünə söz verdi ki, səhər onların hamısını
cəhənnəmə yollayacaq və Leoranı buradan aparacaq. Amma gecə saat üçdə onda ruh düşkünlüyü
yarandı. Bu hisslər içində çabalayaraq açıq-aydın başa düşdü ki,
onunla birlikdə getsə, Leora acından
öləcək… Gördü ki, o biabır olub, hətta institutdan atılmayacağına da kimsə zəmanət verə bilməz.
"Zavallı qız! Onun həyatını korlamayacağam. Aman Allah, onu necə də sevirəm! Moqalisə qayıdacağam.
Özüm də elə işləyəcəyəm ki… Görəsən, dözə biləcəyəmmi?"
O, nikah gecəsini beləcə keçirdi və səhəri məyus qarşıladı.