– Ah, dolu idi?
– Hə, həddindən artıq çox sərnişin var idi.
– Eləmi? Mən düşünürəm ki… Hə!... Hərdən heyrətlənirəm ki, daima bir yerdən başqasına səfər edən bu
adamlar hara gedirlər belə? Siz isə… Şəhərlərdə həddindən artıq soyuq idi? Minneapolisdə və Sent-
Polda?
– Hə, yetərincə soyuq idi.
– Ah, soyuq idi?
Missis Tozer elə sakit idi və elə səylə nəzakətli olmağa çalışırdı ki… Martin özünü qonaq yerinə qəbul
edilən oğru kimi hiss edir və Leoranın hara yoxa çıxdığını əzabla təxmin etməyə çalışırdı. Leora kofe və
kişmişlə, qlazurla bəzənmiş isveç krendeli gətirərək sakitcə içəri girdi. Sonra hamını qış şaxtası və
"ford"ların dəyəri haqqında sərbəst söhbətə çəkdi… Lakin cənab Endryu Cekson Tozer bu söhbətin
sevincinin içinə soxuldu və söhbət yenidən lütfkarlığın mübadiləsinə çevrildi.
Cənab Tozer də arvadı kimi arıq, adi, günəşdə yanmış adam idi və arvadı kimi sakitcə ona göz qoyur,
dinmirdi. Onun elevatoruna, yağçalanına, bapbalaca bankına, Vahid Qardaşlıq Təşkilatına və overlendi
ehtiyatlı idarəetməsinə dəxli olmayan hər şey ona qəribə təsir bağışlayırdı. Təəccüblü deyil ki, o varlana
bilmişdi. Çünki o, Endryu Cekson Tozer üçün qeyri-adi və narahat olan heç nəyi qəbul etmirdi.
O, Martinin içib-içmədiyi ilə, yaşamaq üçün vəsaitinin olub-olmadığı ilə və onun Uinnemak kimi (Tozerlər
əslən İllinoysdan idilər, amma uşaqlıqdan Dakotada yaşayırdılar və Viskonsini öz dünyalarının ən
təhlükəli, ən uzaq ucqar yeri hesab edirdilər) yüksək mədəni bir yeri tərk edərək bu cür uzaq yolu necə
qət etdiyi ilə maraqlandı. Onlar elə qüsursuz və nəzakətli idilər ki, Martin universitetdən xaric olunması
kimi xoşagəlməz söhbətin üstündən keçə bilmədi. O, Leoranın təmin edilməsinə yetəcək yaxşı pullar
qazanmağa hazırlaşan ciddi gənc həkim təəssüratı yaratmağa çalışdı. Amma elə ki, stulda arxaya
söykəndi və rahatlandı – Leoranın qardaşı peyda oldu… Onun gəlişi ilə də Martinin ayaqları altından
torpaq qaçdı.
Bert Tozer, Albert R.Tozer – baş mühasib və Uitsilvaniya bankının vitse-prezidenti, Tozer çörək şirkətinin
müfəttişi və vitse-prezidenti, "Ulduz" yağ emalı zavodunun vitse-prezidenti və xəzinədarı idi. Leoranın
qardaşında valideynlərinin ehtiyatlı susqunluğundan əsər-əlamət yox idi. Berti kifayət qədər söhbətcil və
tamamilə müasir, işgüzar insan idi. Onun böyük köpək dişləri vardı. Bertinin pensnesindən qızıl zəncir
sallanır və sol qulağının arxasına dürtülmüş gözəl bir qarmaqla tamamlanırdı. O, şəhərlərin reklam
vasitəsilə tanınmasına, avtomobil yarışlarının təşkilinə, boyskauta (hərbi-siyasi xarakter daşıyan uşaq
təşkilatına), beysbola və İRM üçün dar ağacına ümid bəsləyirdi və çox təəssüf edirdi ki, Uitsilvaniya
işgüzar klubun, yaxud da GİXA-ın seksiyasının təsis edilməsi üçün çox balacadır.
Tozerin nişanlısı, miss Ada Kvist də onunla əl-ələ gəlmişdi. Nişanlısının burnu iti idi, amma səsi və Martinə
dikdiyi şübhəli baxışları ondan da iti olardı.
– Erousmit? – Bert soruşdu, – Hə… Hə, nədir? Nəhayət, bura, ilahi ölkəsinə düşdüyünüz üçün şadsınız?
– Hə, bura çox gözəldir…
– Bütün şərq ştatlarının bədbəxtliyi ondadır ki, onlarda enerji və inkişaf üçün geniş meydan yoxdur. Siz
əsl Dakota biçininin necə olduğunu bir görəydiniz. Bəs ilin bu vaxtında dərslərinizi necə buraxa bildiniz?
– Necə məgər?
– Universitet qaydalarına bələdəm. Mən Qrand-Foksda kommersiya kollecinə getmişəm. Siz necə çıxa
bilmisiniz?
– Qısamüddətli məzuniyyət götürmüşəm.
– Leora deyir ki, siz onunla evlənmək fikrindəsiniz.
– Biz…
– Siz kursu bitirmək üçün kənara nəsə atmısınız?
– Yox.
– Elə belə də düşünürdüm. Siz arvadınızı nə ilə saxlamaq fikrindəsiniz?
– Bir müddət sonra praktikaya başlamaq istəyirəm.
– Bir müddət sonra! Arvad saxlamaq iqtidarında deyilsinizsə, evlənmək haqqında danışmağın nə faydası?
– Elədir ki, var, – Bertin sevgilisi, miss Ada Kvist onun sözünü kəsdi, – eyni şeyi mən də söyləmişəm, Ori, –
adama elə gəlirdi ki, o, püstə dodaqlarından daha çox iti burnu ilə danışır, – Bertlə biz gözləyə biliriksə,
güman edirəm ki, başqaları da bacarar.
Missis Tozer ağlamağa başladı:
– Berti, cənab Erousmitlə kobud danışma, əminəm ki, o, hər şeyi yoluna qoymaq istəyir.
– Heç kimlə kobud danışmıram. Mən sadəcə məntiqliyəm. Siz ata ilə iş haqqında düşünsəydiniz və
Martinin qabağında sakitcə oturub susmasaydınız, heç qarışmazdım da. Başqalarının işinə burun soxmağı
xoşlamıram. Özüm də yol vermərəm ki, kimsə mənim işimə qarışsın. "Yaşa, başqalarına da yaşamağa
imkan ver, bir də öz işini boş buraxma"! Mənim devizim budur. Alek İnqlbedə də belə söyləmişəm… Hə…
Bir dəfə üzümü qırxırdım, o isə bizim lazım olduğundan artıq girov kağızı saxlamağımızı lağa qoymağa
çalışırdı; Mən də onun cavabını verdim.
Bir Allah şahiddir ki, haqqında heç nə bilmədiyim adamın imkanlarını araşdırmadan onun bacımın
ətrafında fırlanmasına imkan vermərəm.
Leora mızıldanmağa başladı:
– Berti, pişiyim, yenə də sənin qalstukun yaxalığının üstünə gedib çıxıb.
– Sən isə, Ori, – Berti hirsləndi, – unutma ki, mən olmasaydım, iki il əvvəl Sem Petçekə ərə gedəcəkdin!
Sonra Bert Leoranın necə yelbeyin olduğunu göstərmək üçün bir sıra konkret misallar da gətirdi: "O ki
qaldı tibb bacısı peşəsinə… Tibb bacıları!..."
Leora Bertini dəyişməyin mümkün olmadığını söylədi və Martinə Sem Petçeklə bağlı məsələni (o, yenə
də Martinə tam aydın olmadı) izah etməyə çalışdı.
Ada Kvist isə bu arada əlavə etdi ki, öz mehriban valideynlərinin ürəyini qırmaq və Bertin karyerasına son
qoymaq Leora üçün heç vaxt çətin olmayıb.
Martin söhbətə qarışdı:
– Qulaq asın, mən… – Amma ona sözünü bitirməyə imkan vermədilər.
Missis və mister Tozerlər dedilər ki, hamı sakitləşməlidir və Bert, tamamilə başqa şeyləri nəzərdə
tuturdu… Amma bununla belə, ağıllı olmaq və bir sualı cavablandırmaq lazımdır: cənab Erousmit arvadını
necə saxlamaq fikrindədir?
Müzakirə saat onun yarısına kimi uzandı. Sonra cənab Tozer hamının yatmağa getməli olduğunu
bildirdi… Və miss Ada Kvistin şam yeməyinə qalıb-qalmaması ilə bağlı beş dəqiqəlik söhbət və axırıncı
şorbada olan qaxac ətin keyfiyyəti haqqında fikir mübadiləsi nəzərə alınmazsa, bütün bu zaman ərzində
"Leora ilə Martini nişanlanmış hesab etmək olarmı" sualı diqqətdən kənar qalmadı. Martin və Leora
istisna olmaqla bütün əlaqədar şəxslər belə qərara gəldilər ki, onları nişanlanmış hesab etmək olmaz.
Bert Martini öz otağına ötürdü. O yatmamışdan əvvəl aşiqlərin öpüşmək üçün əllərinə fürsət
keçməməsinin də qayğısına qaldı; Cənab Tozer on birə yeddi dəqiqə işləmiş "Sənə nə olub, Bert, bütün
gecəni orada qalmaq istəyirsən? Ürəyini boşaltmamısan?" deyərək onu geri çağırana qədər o, Martinin
yoxsul əyin-başına istehza ilə göz gəzdirə-gəzdirə, qohum-əqrəbası, dini, siyasi baxışları, kart oyunlarına
və rəqslərə münasibəti haqqında təfsilatı ilə soruşa-soruşa, onun çarpayısında oturmuşdu.
Səhər yeməyi zamanı hamı Martinin bir gün də qalmasına ümid etdiyini söylədi. Hər halda, evdə hamıya
yer çatardı.
Bert qərara gəldi ki, səhər saat onda Martin şəhərə gedəcək və bankla, yağ emalı zavodu və taxıl anbarı
ilə tanış olacaq.
Amma saat onda Martin və Leora şərqə doğru hərəkət edən qatarda əyləşmişdilər. Sevgililər mahalın
dördminlik əhalisi və bir üçmərtəbəli evi olan böyük mərkəzində, baş şəhər Leopolisdə qatardan
düşdülər. Elə həmin gün, saat birdə onlar alman lüteran keşişinin yanında nişanlandılar. Pastorun
kabineti çılpaq otaqdan ibarət idi. Düz ortasında pas atmış böyük odun peçi yanırdı. Şahidlər isə pastorun
arvadı, bir də həmin səhər bağçada cığırları təmizləmək üçün dəvət edilmiş hansısa yaşlı alman idi. O da
odun üçün yeşiyin üstündə oturub mürgüləyirdi. Yalnız saat ikidə Uitsilvaniyaya geri qayıdan qatara
oturduqdan sonra Martin və Leora səhər tezdən onlardan əl çəkməyən qəmgin narahatlığı bir kənara
atdılar. Sonuncu vaqonda – basırıqda əl-ələ tutub bir-birinə qısılaraq və yeni evlənmiş ər-arvad arasında
Dostları ilə paylaş: |