Martin bank direktorlarını qumarxanalardan çıxarır, rüşvətə bənzəyən mükafatı isə qəzəblə rədd edirdi.
Amma sonra Leoranı necə bir nahara qonaq
edə biləcəyini düşünəndə, mükafatdan imtina etdiyinə görə
bərk peşman olurdu. Qapını sındıraraq mehmanxanaların qaz iyi gələn otaqlarına soxulur, intiharla
ölmək istəyən insanları həyata qaytarırdı. İçki əleyhinə qanuna qarşı çıxan konqresin deputatı ilə birlikdə
Trinidad romu içirdi. Tətilçilər tərəfindən döyülən polismeni və polismenlər tərəfindən döyülmüş tətilçini
müayinədən keçirirdi. Gecə saat üçdə qarın boşluğunda təxirəsalınmaz əməliyyata assistentlik edirdi.
Adama
elə gəlirdi ki, cərrahiyyə otağına par-par parlayan buzdan üz çəkilib: ətrafda ağ kafelli divarlar, ağ
kaşılı döşəmə, fənərin tutqun işığı… Hətta alətlər üçün şüşə yeşiklərdə sərt ensiz tiyələr belə ağ alovla
işıldayırdılar. Uzun ağ xalatlı, ağ papaqlı və açıq narıncı rezin əlcək geyinmiş cərrah sarımtıl bədənin
dəsmalla mühasirə edilmiş dəliyində piy qatını keçərək cəld kəsik açırdı və Martin kəsik yerindən ilk
qanın necə qorxunc formada üzə çıxdığını həyəcansız izləyə bilirdi. Bir dəfə, Çaluza sahildən çıxdıqda o,
aradabir karetdə, ya da polis məntəqəsindəki stolda yarım saat mürgüləməklə dalbadal yetmiş saat
işləmişdi.
Bu fəlakət baş verən vaxt Martin suyun içindən bir
hissəsi görünən, bir vaxtlar isə ikinci mərtəbəsində
doğuş qəbul etdiyi mənzilə qayıqda yan alırdı; adamları cərgəyə düzərək qollarını və başlarını sarıyırdı.
Amma o, özünün əsl şöhrətini fədakar qəhrəmanlığı sayəsində qazandı. Yəni axınla hərəkət edən kilsə
skamyasından yapışmış və dəhşətli dərəcədə qorxmuş beş uşağı qurtarmaq üçün seldən üzüb keçəndə...
Qəzetlər böyük sərlövhəli yazılarla onun haqqında bar-bar bağırdı. Amma Martin evə qayıdıb Leoranı
öpdükdən sonra yarım sutka yatmaq üçün yerinə girəndə yenə də istehza hissi və sarkazmla tədqiqatlar
haqqında düşünürdü.
"Qotlib! Həyatdan ayrı düşmüş qoca əcaib adam! Baxardım da, görüm, o, axını necə üzüb keçir?!" –
doktor Erousmit Martini qızışdırırdı.
Amma gecə növbələrinin tənhalığı içində o, öz içindəki Martinlə üz-üzə gəlirdi. Bax, elə o zaman
laboratoriya üçün, kəşflərin yaşatdığı həyəcan üçün burnunun ucu göynəyirdi. O, bu işdə həkimlikdən
daha böyük fərəh hissi duya bilərdi… Bu, mömin adamın dünyəvi yaxşılıqların yaşatdığı sevincdən daha
çox Allahın mahiyyəti və zəhmli adından vəcdə gəlməsinə bənzəyir.
Özünün qıraqda qalması, başqalarının texnikanı daha yaxşı mənimsəməklə, bioloji kimyanın hadisələrini
daha geniş öyrənməklə pionerlərin dumanlı surətdə ehtimal etdiyi qanunların dərinliyinə varması, onu
ötüb keçməsi Martində kədər qarışıq həsəd hissi yaradırdı.
Təcrübənin ikinci ilində daşqınlar və qətllər Martin üçün hesabdarlıq kimi adiləşməyə başlamışdı. O, artıq
insanların özlərinə xətər yetirmək və bir-birlərini öldürmək üçün əl atdıqları azsaylı
vasitələrə bələd
olmuşdu. Hər şey maraqsız idi. Öz üzərinə qəbul etdiyi "doktor" adını itirməmək üçün yaşamaq isə ona
darıxdırıcı gəlirdi…
O zaman Martin öz cinayətkar elmi ehtirasını xəstəxana laboratoriyasında könüllü olaraq əlləşməklə, qan
analizlərini aparmaqla söndürməyə, daha doğrusu, öldürməyə başladı. Onun tədqiqatların zəhərilə
oynaması təhlükəli idi. Hətta cərrahiyyə əməliyyatlarının təlaşı içində də o, laboratoriyanın səssizliyi
haqqında xəyal qururdu.
– Yaxşı olar ki,
buna son qoyum, – Martin Leoraya şikayətlənirdi, –Uitsilvaniyaya köçmək, işlə məşğul
olmaq və pul qazanmaq istəyirəmsə… Lənət şeytana… Axı mən bu məqsəddən əl çəkmişəm!
Dekan Silvanı tez-tez xəstəxanaya konsiliuma dəvət edirdilər. Axşamların birində o, kimsəsiz qəbul
otağından keçirdi, Leora isə stenoqrafçı işlədiyi kontordan geri qayıdaraq
birlikdə nahar etmək üçün
Martini gözləyirdi. Martin onları tanış etdi və balaca dekan Leoranın əlini ovcunda saxlayaraq mızıldadı:
– Sevimli uşaqlar, mənimlə nahar etməklə məni sevindirmək istəməzsiniz ki? Arvadım məni tərk edib.
Mən zavallı və tənha mizantropam .
Dekan onların arasında xırda addımlarla yeriyirdi – gonbul və xoşbəxt görünürdü... Artıq onun Martinlə
münasibəti tələbə-professor münasibəti deyildi. Onlar iki həmkar-həkim idilər, çünki dekan Silva artıq
tələbə partasında əyləşməyən adamlara qarşı marağını itirməməyi bacaran nadir pedaqoqlardan idi. O,
iki arıq adamı ucuzvarı bir restorana apardı, kabinədə stol arxasında əyləşdirdi və onlara böyük porsiya
ilə qızardılmış qaz əti və hərəsinə bir parç el sifariş verdi.
Dekan Silva bütün diqqətini Leoraya yönəltmişdi, amma mövzu Martinlə bağlı idi:
– Sizin əriniz şəfa verən əsl sənətkar olmalıdır, daha laboratoriya siçovullarıtək mənasız şeylər içində
eşələnməməlidir.
– Amma Qotlib mənasız şeylər içində eşələnmir, – Martin araya söz qatdı.
– Hə… Amma o… Məsələ insanın hansı Allaha qulluq etməsindədir. Qotlibin Allahları – utanmaz
təxribatçılar, qara camaatın
dediyi kimi, qəbirqazanlardır. Bu, Didro, Volter, Elserdi. Onlar dahi
adamlardı, cadugərdilər, çünki başqalarının nəzəriyyələrinin dağıdılması ilə təskinlik tapırlar. Halbuki,
bunun yerinə öz nəzəriyyələrini yarada bilərdilər. Amma mənim Allahlarım – Qotlibin Allahlarının
kəşflərini götürən, onları insanların xeyrinə yönəldən və o nəzəriyyələrə həyat verə bilən insanlardı!
Kətan və boya icad edənlərə hörmət və eşq olsun! Amma bu kəşflərdən istifadə edən Rafael və
Qolbeynlərə daha çox eşq olsun! Elə deyilmi? Laennek və Osler! Onlardı əsl alimlər! Təmiz elmi
tədqiqatlar? Çox gözəl, başqa cür ola da bilməz: kommersiya mənfəəti və şöhrət arxasınca qaçmadan
həqiqəti axtarmaq! Hər şeyin kökünə varmaq! Nəticəyə və təcrübi mənfəətə xor baxmaq! O zaman, bu
ideyanı bir
az da davam etdirəriksə, siz başa düşürsünüzmü, insan heç bir şey etmədən ticarət
küçəsindəki körpüdə durub çay daşlarını saya bilər. Çünki belə olduqda o, işləməmək üçün bəhanə
tapacaq. O, hətta insanlara sadəcə, onların bağırtılarına qulaq asmaq üçün əzab
verə və bunu edərkən
özünə haqq qazandıra da bilər… Belə olduqda milyonlara rahatlıq gətirən insanı da ələ salmaq olar!
Xeyr, xeyr! Missis Erousmit, sizin Martininiz ehtiraslı insandır, xırdaçı deyil. O insanlığın rifahı naminə
qızğın məhəbbətlə alovlanmalıdır. O, yer üzündəki ən şərəfli sənəti seçməsinə baxmayaraq, eyni vaxtda
çox şeydən yapışır. Gah bir şeyi, gah başqa bir şeyi təcrübədən keçirir. Onu tutub saxlayın, əzizim, onun
faydalı həvəsini insanlıq üçün qoruyun!
Bu təntənəli nitqdən sonra Silva ata onları operettaya apardı, ikisinin arasında əyləşdi və səhnədəki
aktyor ağ boyalı vedrənin
içinə girəndə Martinin çiyninə, Leoranın əlinə şappıldadaraq, gözləri