tez Ada Kvist Bertin yanına baş çəkirdi və kiçik Tozer nişanlısı ilə dilxoşluq etmək üçün öz
hesablamalarına ara verməli olurdu.
– İndi, Ada, siz gərək həkimin yanında hətta düşünəndə belə ehtiyatlı olasınız. O, indicə mənimlə
nevrologiya və fikirlərin oxunması ilə bağlı söhbət edirdi. Hə, Mart! Siz məni elə qorxutmusunuz ki, mən
hətta oda davamlı şkafımın qıfılındakı hərflərin kombinasiyasını belə dəyişmişəm.
– Oooo? – Ada kükrədi, – qoy kimi istəyirsə ələ salsın, amma məni yox! Hamı kitabdan nə istəsə
əzbərləyə bilər, amma elmi təcrübədə tətbiq etmək lazım gələndə… İcazə verin deyim ki, Mart, nə
zamansa Leopolisli qoca doktor Uinterin topladığı biliklərin ondan biri sizdə olsa, onda mənim
düşündüyümdən çox yaşaya biləcəksiniz….
Beləliklə, onlar birləşərək kürəkənlərinə izah etdilər ki, Zenitli olmağı ilə öyünən centlmen üçün Martinin
qalstuku bir az pis bağlanıb: "Sən özünü elə vacib adam hesab edirsən ki, iyrənc fermerlərin zavallı uşağı
kimi bizim qarşımızda burnunu dik tutmağa çalışırsan".
Həmin axşam Bert hazırcavablıqla söylədiyi fikirləri və Adanın bəzi sözlərini süfrə başında da təkrar etdi.
– Sən nahaq yerə onun zəhləsini tökürsən. Amma düzünü deyim ki, qalstukla bağlı sözünüz yerinə düşür.
Mənə elə gəlir ki, Martin həqiqətən də özü haqqında çox yüksək fikirdədir, – cənab Tozer söylədi.
Leora şam yeməyindən sonra Martini bir kənara çəkdi:
– Əzizim, sən hələ dözə bilirsən?! Biz imkan olan kimi öz evimizdə yaşayacağıq. İstəyirsənsə, elə bu
dəqiqə aradan çıxa bilərik!
– Eyibi yox, dözərəm.
– Hm… Ola bilər. Əzizim, xəbərdarlıq edirəm, Berti döydüyün zaman ehtiyatlı ol ki, dar ağacına
düşməyəsən.
Martin qabaq qapıdan artırmaya çıxdı. O, "Qartal" redaksiyasının arxasındakı otaqlara baxmaq qərarına
gəlmişdi. Başa düşürdü ki, Bertdən qorunmaq üçün etibarlı sığınacağı olmasa, onun hərəkətlərinə bir
həftə belə dözə bilməyəcək. Narblomların nə vaxt köçməyə qərar verəcəklərini gözləmək isə mümkün
deyildi. Hətta onlar Martinin ən qorxunc və əbədi düşmənlərinə çevrilsələr belə…
Martin kədər gətirən qürub işığında gördü ki, taxta səki ilə bir adam addımlayır və tərəddüdlə ora tərəf
baxır. Bu Vays adlı bir nəfər idi. Qəsəbədə "Vays-polyak" adı ilə tanınan rus yəhudisi… O, dəmir yolu
yaxınlığındakı evdə yaşayır, gümüş mədənlərinin və avtomobil zavodlarının aksiyalarını, torpaq
sahələrini, atları və ondatra dərisini alıb-satmaqla məşğul olurdu. O, Martini səslədi:
– Bu sizsiniz, dok?
– Aha!
Martin sevinclə diqqətini yönəltdi: pasient!
– Qulaq asın, mənimlə bir az gəzişə bilərsinizmi? Bir məsələ haqqında sizinlə danışmaq istəyirdim. Ya da
bəlkə, bizə gedək. Bu yaxınlarda aldığım yeni siqarlardan çəkərdik.
Vays "siqar" sözünü xüsusi vurğuladı. Şimali Dokotada da, Moqalisdə olduğu kimi, nəzəri cəhətdən içki və
siqar qadağan olunmuşdu.
Martin həvəslə razılaşdı. O qədər uzun müddət idi ki, ayıq-sayıq zəhmətkeş həyatı yaşayırdı!..
Vaysın birmərtəbəli, yaxşı qurulmuş evi baş küçədən yarım kvartal aralıda yerləşirdi və onu geniş buğda
zəmilərindən yalnız dəmir yolu ayırırdı. Divarlar şam ağacından tikilmişdi, onların qoxusu tütün iyini
əməlli-başlı öldürürdü. Vays göz vurdu (o etibara layiq olmayan sui-qəsdçilər tayfasına mənsub idi) və
pıçıltı ilə dedi:
– Məncə, siz bir udumluq əla kentukiyskiyə etiraz etməzdiniz?
– Yox, etirazım yoxdur.
Vays pəncərə pərdəsini aşağı saldı və yazı masasının qabarmış qapısını açaraq şüşəni çıxartdı. Onlar
şüşənin ağzını silərək növbə ilə onu dodaqlarına yaxınlaşdırdılar. Sonra Vays qırıq-qırıq danışmağa
başladı:
– Bilirsiniz nə var, dok? Siz buralı heyvanlara oxşamırsınız. Bəzən insan iradəsindən asılı olmayaraq çirkin
işlərə girişə bilər. Uzun sözün qısası, mən, deyəsən, lazım olduğundan çox gümüş aksiyası satmışam. Ona
görə də camaat əleyhimə qalxıb. Yəni aradan çıxmaq vaxtıdır… Lənət şeytana… Amma ümid edirdim ki,
bu dəfə iki-üç il bir yerdə rahat yaşaya biləcəyəm. Deməli belə: eşitmişəm ki, sizə kabinet lazımdır. Evim
sizin üçün çox münasibdir. Həqiqi sözümdür! Bu otaqdan başqa, arxada iki otaq da var. Mən onu sizə
mebellə birlikdə verəcəm, bütün avadanlığı ilə… Ayda on beş dollara. Siz mənə bir illiyi əvvəlcədən
ödəsəniz. Rahat olun, kələk-zad yoxdur. Sizin qaynınız yaxşı bilir, ev həqiqətən də mənimdir.
Martin işgüzar görkəm almağa çalışdı. Məgər o, tezliklə cari hesaba pul yığmağa başlayacaq gənc həkim
və Uitsilvaniyanın ən hörmətli sakinlərindən biri deyildimi?
Gənc doktor evə döndü və qonaq otağında lampa işığında (yaşıl çobanyastığılı şüşə abajur öz ətrafına zəif
işıq salırdı) əyləşmiş Tozerlər ehtiyatla ona qulaq asdılar. Bert isə bütün gövdəsi ilə qabağa əyilərək ağzını
açmışdı.
– Bir illik o qədər də qorxulu deyil. Amma bu məsələdə hiylə var, – o fikrini bildirdi.
– Əlbəttə, amma hiylə bunda deyil. Norblomlar bizə evi kirayə vermək qərarına gəldikləri bir vaxtda
onların əleyhinə çıxmaq düzgündürmü?! İstəyirsiniz ki, bütün bu çalışıb-çabalamadan sonra axmaq
vəziyyətdə qalım?! – cənab Tozer inildədi.
Demək olar ki, saat ona qədər mübahisə getdi, amma Martin fikrindən dönmədi ki, dönmədi və səhərisi
gün Vaysın daxmasını kirayələdi.
Həyatında ilk dəfə idi ki, onun öz mənzili var idi. Bütünlüklə onun və Leoranın mənzili…
Qürurlu ev sahibi bu daxmanın timsalında knyaz sarayı görürdü. Buradakı hər çay daşı, ot saplağı, qapı
süngüsü qeyri adi və sevimli idi.
Qürub vaxtı Martin arxa artırmada oturmuşdu. Dəmir yolunun nazik lenti üstündə alışıb-yanan üfüqdən
hüdudsuz bir preriya onun ayaqlarına doğru hərəkət edirdi. Birdən Leora onun yanında dayandı, qolunu
boynuna doladı və Martin gələcək həyatlarının bütün əzəmətini mədh etməyə başladı:
– Bilirsən, mən mətbəxdə nə tapmışam? Çox qəşəng bir köhnə qurğu. Düzdü, bir az pas atıb, amma mən
yeşik götürüb cihazlar üçün ştativ hazırlaya bilərəm… Şəxsən özümün olacaq ştativ!
XV FƏSİL
1
Martin "tibbi alverçilik"lə bağlı "Diqamma Pi"ni təngə gətirdiyi fikirlərini bir dəfə belə xatırlamadan
hərdənbir Cersi-Sitinin "Yeni ideya" Tibbi Kabinetlərin Təchizi Səhmdar Cəmiyyətinin kataloqu ilə tanış
olurdu. Gözəl kitab idi. Parlaq yaşıl üz qabığında qara və qırmızı rəngli portretlər verilmişdi: idarə
heyətinin sədri, girdəsifətli məzəli adam, bütün gənc həkimlərin həqiqi dostu… Direktor isə əldən
düşmüş sifəti olan, şübhəsiz ki, bütün məşəqqətli günlərini və gecələrini elmin inkişafına sərf etmiş biri
idi; sədrin müavini Martinin keçmiş müəllimi, çevik və eynəkli doktor Rosko Qikdi. İfrat dərəcədə müasir
adam... Bundan başqa, üz qabığındakı kiçik bir yerdə bir neçə poetik nəsr nümunəsi və aşağıdakı
cəzbedici vədlər yerləşdirilmişdi:
"Həkim! İşgüzarlıqdan məhrum olanlara qulaq asma, ruhdan düşmə! Pasientlərə yaxşı təsir göstərən,
təcrübəni yüngülləşdirən, ehtiram və dövlət gətirən belə bir kabinetinin olmaması üçün heç bir səbəbin
yoxdur. Hazırda "Yeni ideya" və onun məşhur maliyyə sistemi sayəsində tibbin böyük nümayəndəsini
miskin cızma-qaraçıdan fərqləndirən əla təchizata sahib ola bilərsən: "Bir az nəğd pul, qalanı isə
qonararla ödəmə hesabına"… Bunu sənin üçün "Yeni ideya"nın alətləri təmin edəcək!"
Yuxarıda, çərçivədə İoniya kapitelləri ilə yazılmış və dəfnə yarpaqları ilə bəzədilmiş çağırış da gözə
dəyirdi:
"Döyüşçüləri, tədqiqatçıları, dövlət xadimlərini mədh etmək yetər; məgər müdrik, rəşadətli,
tamahkarlığa tutulmamış həkimin şöhrəti onları kölgədə buraxmayıbmı; Centlmenlər, biz baş əyərək sizi
Dostları ilə paylaş: |