Hanziker "belə!..", – deyirmiş kimi kresloya yayxandı: "Belə bir uğuru, yəqin, ki, gözləmirdiniz, eləmi?!
Qotlib əsəbi halda danışmağa başladı:
– Mən seroloji proseslərin patentləşdirilməsinə razılıq verə bilmərəm. Onlar bütün
laboratoriyalar üçün
açıq olmalıdır. Vaxtından qabaq istehsala buraxılmanın, yaxud bununla bağlı məlumatın elan edilməsinin
də qəti əleyhinəyəm. Düşünürəm ki, səhv etməmişəm, amma özümü texnika məsələsində yoxlamalıyam.
Ola bilsin ki, düzəlişlər edim, yalnız bundan sonra xatircəm olacağam. O zaman, mənə elə gəlir ki, bazar
istehsalatı üçün heç bir maneə olmayacaq… Amma çox az miqdarda və başqaları
ilə təmiz rəqabət
aparmaqla, özü də patentsiz… Bu axı yolka bəzəklərinin satışı deyil!
– Mənim əziz dostum, sizə acıyıram. Şəxsən mən həyatımı yüksək dəyərli bir elmi kəşf uğruna qurban
verərdim. Heç nəyi bu qədər arzulamamışam və üstəlik heç bir mənfəəti də nəzərə almazdım. Amma biz
"Doson Hanziker və K(0)" səhmdar cəmiyyəti payçıları qarşısında onlar üçün pul qazanmaq öhdəliyi
götürmüşük. Onların arasında isə o qədər dul qadın və yetimlər var ki… Onlar var-dövlətlərini bizim
işimizə sərf ediblər. Biz onların inamını doğrultmalıyıq. Mənim heç bir səlahiyyətim yoxdur. Yalnız onların
itaətkar quluyam. Digər tərəfdən isə mənə elə gəlir ki, sizə çox yaxşı
münasibət göstərmişik, doktor
Qotlib, sizə tam azadlıq vermişik. Biz bundan sonra da çalışacağıq ki, burada sizə yaxşı şərait yaradılsın!
Hələ bu harasıdır, dostum, siz varlı olacaqsınız, siz bizlərdən biri olacaqsınız! Mən tələb etmək istəmirəm,
amma borcum məndən tələb edir ki, bu bənd üzərində təkidlə dayanım. Ümid edirəm, siz zərdabı
mümkün qədər tez hazırlamağa başlayacaqsınız…
Qotlibin altmış iki yaşı var idi. Uinnemakdakı məğlubiyyəti onun mətanətini zəiflətmişdi.
Onun Hanzikerlə
müqaviləsi yox idi.
O, tərəddüdlə etiraz etdi, amma geriyə, öz laboratoriyasına, demək olar ki, sürünə-sürünə qayıtdı. Ona
elə gəldi ki, bu müqəddəs yeri tərk etmək və amansız, qəddar dünyanın qarşısına çıxmaq mümkün deyil.
Amma öz antitoksininin təhrif edilmiş və təsir qüvvəsi olmayan surroqatı ilə barışmaq da ona eyni
dərəcədə mümkünsüz görünürdü. Həmin saatdan etibarən Qotlib taktika yürütməyə başladı, halbuki, öz
keçmiş təkəbbürü ilə bu addımı "ağlasığmaz" adlandıra bilərdi. Fənd işlətməyə girişdi, reklamın da, öz
antitoksininin istehsalının da "bəzi bəndlərin aydınlaşdırılmasına" qədər dayandırılmasına nail oldu. Bu
arada
həftədən həftəyə keçdikcə, Hanziker onu daha çox hədələyir və sıxışdırırdı. Qotlib isə öz
növbəsində tezliklə qarşılaşacağı fəlakətə hazırlaşırdı.
O, öz ailəsini daha kiçik mənzilə köçürdü, hər cür israfçılıqdan imtina etdi, hətta siqaret çəkməyin də
daşını atdı.
Qənaət məqsədilə oğluna verdiyi pulu da azaltdı.
Robert enlikürək, qarabuğdayı, dəliqanlı bir oğlan idi. Bəzən elə məqamlarda qabalıq edirdi ki, əslində,
orada bunun üçün əhəmiyyətli bir səbəb olmurdu. Solğun simalı, ağappaq dərisi olan qızlar onun üçün
əldən-ayaqdan
gedirdilər, o isə bu gözəllərə yuxarıdan aşağı baxırdı. Atası gah qürurla, gah da yumşaq
istehza ilə öz yəhudi nəcabəti haqqında danışsa da, oğlan kollecdəki yoldaşlarını təmiz alman olduğuna,
hətta guya, aristokrat mənşəyindən gəldiyinə inandırmağa çalışırdı. Onu bəyənərək, avtomobillərdə
gəzən, poker oynayan, qonaqlıqlara yollanan gənclərin dəstəsinə qəbul edirdilər, buna görə də atasının
verdiyi cibxərci Robertə yetmirdi.
Qotlibin stolunun üstündən iyirmi dollar itmişdi. Maks Qotlib şərəf haqqında şərti anlayışları ələ salsa da,
adamayovuşmaz qoca zadəgan-mülkədar heysiyyətinə və təkəbbürünə malik idi.
Hanzikeri aldatmaq məcburiyyətinin yaşatdığı bitmək bilməyən təhqir hissinə yeni bir kədər də əlavə
olunmuşdu. O, bir gün açıqdan-açığa soruşdu:
– Robert, mənim stolumun üstündən pulu sən götürmüsən?
Bu qartala bənzəyən donqarburunlu sifətə, qəzəbli, qan dolmuş, çuxura düşmüş
gözlərə hər adam dik
baxa bilməzdi. Robert əvvəlcə dodaqaltı anlaşılmaz sözlər söylədi, sonra isə bağırdı:
– Hə, mən götürmüşəm! Yenə də lazımdır! Kostyumlara və bir sıra digər xırda-para şeylərə ehtiyacım var.
Siz özünüz günahkarsınız. Məni elə bir məktəbə vermisiniz ki, orada bütün şagirdlər pullarını hara
xərcləyəcəklərini bilmirlər. Sizsə istəyirsiniz ki, mən dilənçi kimi geyinim.
– Oğurlamaq!…
– Boş sözdür! Buna bax, oğurluq! Sən həmişə günah, haqq-ədalət, düzgünlük haqqında çığır-bağır salan
moizəçilərə gülmüsən. Bu sözləri o qədər işlədiblər ki, onlar artıq heç bir məna daşımır və … tüpürürəm
onlara!
Dos Hanziker, qoca Hanzikerin oğlu mənə atasından eşitdiklərini söyləyib. O deyir sən milyonçu
ola bilərdin, əvəzində isə bizi elə məngənədə saxlayırsan ki… Özü də belə bir vaxtda – anamın xəstə
olduğunu bilə-bilə… İcazə ver sənə deyim ki, Moqalisdə anam mənə demək olar hər həftə gizlincə iki-üç
dollar verirdi və… Bu artıq zəhləmi töküb! Mənə cır-cındır geyindirmək
istəyirsənsə, kolleci atacağam!
Qotlib özündən çıxdı, amma onun qəzəbi güclü deyildi. Düz iki gün o bilmədi ki, özünü necə aparsın, oğlu
necə rəftar edəcək...
Sonra… Yalnız qəbirstanlıqdan geri qayıdarkən, onlar qadının artıq yox olduğunu dərk etdilər! Onun
arvadı vəfat etmişdi. Bundan başqa, bir həftə sonra Qotlibin böyük qızı kart oynamaqla dolanan bir
avaraya qoşulub qaçdı.
…Qotlib təkcə oturmuşdu. O, İova haqqında kitabı təkrar-təkrar oxuyurdu.
– Doğrudan da, Tanrı məni və mənim evimi darmadağın etdi, – o pıçıldayırdı.
Robert düzələcəyini donquldaya-donquldaya içəri daxil olan zaman, qoca bomboş gözlərini ona tərəf
qaldırdı. Amma o, öz atalarının ibrətli hekayələrini təkrar edərkən ağlına belə gəlmirdi ki, onlara inansın,
yoxsa onlardakı Allah qəzəbi qarşısında diz çöksün. Ya da hər şeyə rəğmən
öz kəşfini Hanzikerə təqdim
edərək rahatlıq əldə etsin?!
Bir az gözləyərək ayağa qalxdı və səssizcə öz laboratoriyasına yollandı. Onun təcrübələri yenə də
həmişəki kimi diqqətlə aparılırdı. Yəni heç kim Qotlibdə heç bir dəyişiklik hiss etmirdi. Sadəcə, o, artıq