Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   42   43   44   45   46   47   48   49   ...   151

– Burada, məncə, heç bir şiş yoxdur. Sizə də məlum olduğu kimi, doktor, şiş qabırğaların aşağı hissəsində, 
özü də dərindən nəfəs alanda qarının səthində meydana çıxaraq özünü büruzə verir.   
– Bəli, bəli, bəli… 
– Məncə, narahat olmağa dəyməz. Yaxşı olardı ki, biz onu universitet klinikasına yerləşdirək, sınaq üçün 
səhər yeməyi verək, rentgenlə yoxlayaq və baxaq görək, onda Boas-Oppler basili  varmı. 
Ağır, hissiyyatsız qadını götürdülər və evin pillələri ilə aşağı düşürdülər. Qotlib onun yanında idi. O, 
arvadını sevirdi, yoxsa yox, bunu aydınlaşdırmaq mümkün deyildi. Amma bir şey dəqiq idi: dekan Silvaya 
müraciət etmək zərurəti onun öz müdrikliyinə inamını tapdamışdı. Bu, sonuncu haqsızlıq idi. Özü də 
məktəblilərə kimya dərsi deməkdən daha kəskin və daha yaralayıcı bir haqsızlıq…  
Xəstəxana çarpayısının yanında əyləşdiyi vaxt onun tutqun sifəti heç nə ifadə etmirdi. Və bu maska 
üzərindəki qırışlar, bəlkə, kədəri, bəlkə də, qorxunu daha çox dərinləşdirirdi… Məlum deyildi ki, o Silvanın 
yataq otağında, komodun üstündə diqqət etdiyi çarmıxa çəkilmiş insan şəklinə bu illər ərzində necə 
baxıb?! Mücrü üzərində duran qızıl suyuna salınmış, balıqqulağı ilə bəzədilmiş bəzəkli gips kimi, yoxsa?!...  
Silva təxmini mədə yarası diaqnozu qoydu və müvafiq olaraq pəhriz təyin etdi.  Qadın yüngül, tez-tez, 
amma kiçik həcmdə qida qəbul etməliydi. Xəstə sağaldı, amma düz bir ay xəstəxanada yatdı. Qotlibə isə 
bir sual əziyyət verirdi: "Həkimlər bizi aldatmır ki? Bəlkə, xərçəngdir və onlar öz professional bacarıqları 
ilə bunu məndən, naşı adamdan gizlədirlər?" 
Uzun zaman ərzində, yorğun gecələrdə arvadının adət etdiyi susqun-sakitləşdirici varlığından məhrum 
olan Qotlib indi tez-tez qızlarının üstünə qışqırırdı. Onların royalda səsli-küylü məşqlərindən, pinti 
qulluqçunun bacarıqsızlığından lap ümidsiz vəziyyətə düşürdü. Uşaqlar yatanda isə Qotlib lampanın 
tutqun işığında təkcə oturur və tərpənmirdi, heç nə oxumurdu da. O, sarsılmışdı. Bu murdar yükün 
altında beli bükülmüşdü, qürurlu gözləri nəmli idi. Onlarda ümidsiz bir dözüm var idi. Sanki, qılınc tutan 
əli kəsilmişdi və həyasız milçəklər irinləyən biləyin dalınca uçuşurdular... 
Məhz bu aralıqda o, Zenitdə Martin və Leora ilə qarşılaşdı. 
Gənclər yanından ötüb keçəndən sonra o, dönüb dala baxmadı, amma həmin gün onlar haqqında 
düşündü. "Bəlkə, elə bu qız Martini mənim … elmin əlimdən alıb! Yox! Oğlan haqlıdır. Hamı mənim kimi 
axmaqların başına nə gəldiyini görür!" 
Martin və Leoranın mahnı oxuya-oxuya Uitsilvaniyaya yola düşdükləri günün səhəri Qotlib müəllimlər 
agentliyi ilə şəxsən danışmaq üçün Çikaqoya üz tutdu. 
Bu müəssisənin rəhbəri keçmişdə dairə məktəb inspektoru omuş diribaş bir adam idi. O, Qotlibə elə də 
ciddi maraq göstərmədi. Buna görə Qotlib lap özündən çıxdı: 
– Siz, doğrudan da, müəllimlər üçün iş yeri tapmağa çalışırsınız, yoxsa onları öz əyləncəniz xətrinə ora-
bura göndərirsinz? Siz mənim xidmət kitabçama baxmısınız? Siz mənim kim olduğumu bilirsiniz? 
Agent əsəbiləşərək gur-gur guruldamağa başladı: 


– Ooo, əlbəttə, biz bilirik, əla bilirik! Sizə birinci dəfə yazanda bilmirdim, amma… Anladığım qədər, sizin 
böyük laboratoriya təcrübəniz var. Amma, görünür, siz tibbə heç nə verməmisiniz. Biz sizə, təkcə sizin 
deyil, istənilən birinin bərk-bərk yapışa biləcəyi  fürsəti vermək istəyirdik. Con Edtut, Oklaxomun neft 
kralı universitet təsis etmək istəyir. Avadanlığı,  kapital qoyuluşu və orijinallığı ilə təhsil sahəsində nə 
zamansa təşkil edilmiş hər şeyi vurub keçəcək bir institut… Dünyada ən böyük gimnastika zalı olan bir 
institut! Nyu-Yorkun eks-çempionu brada beysbol üzrə məşqçi olacaq! Biz sizi ora bakteriologiya, yaxud 
da fiziologiya kafedrasına düzəltmək istəyirdik. Düşünürəm ki, bu işin öhdəsindən gələrdiniz. Təbii ki, bir 
az məşğul olsaydınız. Amma biz araşdırdıq. Və… Uinnimakda olan yaxşı dostlarımız vasitəsilə 
aydınlaşdırdıq ki, bu qədər məsuliyyətli vəzifəni sizə etibar etmək olmaz. 
Qotlib hiddətindən ingilis dilini yaddan çıxardı və onun söyüşləri alman dilində tələbə jarqonu kimi quru, 
mənasız çıxdı. Ümumiyyətlə, bu mənzərə adamoynadan mühasibə və stenoqrafçı qızlara həddindən artıq 
gülməli təsir bağışladı. Küçəyə çıxarkən Maks Qotlib özü hara getdiyini bilmədən asta-asta yeriməyə 
başladı və… onun gözlərində yalnız qocalara xas göz yaşları titrəyirdi. 
 
 
XIII FƏSİL 
 

 
Tibb dünyasında heç kim böyük əczaçı firmaların xırdaçılığına Qotlib kimi ürəkdən heyrət edə bilməzdi – 
xüsusilə də söhbət Pitsburqun "Doson T.Hanziker və K(0)" firmalarından gedirdisə. Bu, həm köhnə, həm 
də "namuslu" firma idi. İstisnasız olaraq hörmətli həkimlərlə işləyirdi. Firma həkimləri difteriya və 
tetanus xəstəliyinə qarşı çox yaxşı zərdabla təchiz edirdi. Bundan başqa, firma gözəl görünüşlü dərman 
şüşələrinin üzərinə sadə etiketlər vurmaqla rəsmi şəkildə bəyənilmiş preparatlar hazırlayırdı.  
Qotlib iddia edirdi ki, firmada  şübhəli vaksinlər istehsal edilir. Amma Çikaqodan qayıtdıqdan sonra o, 
Doson Hanzikerə məktub yazaraq bildirdi ki, dərs deməyə marağını itirib. Qalan vaxtı ona çox vacib elmi 
tədqiqat işi üçün laboratoriyadan istifadə etməyə icazə versələr, iş gününün yarısını bu müəssisədə 
işləməyə razıdır.  
Məktub göndərildi…  
…Qotlib kresloda əyləşərək öz-özünə danışırdı. O, həqiqətən də özündə deyildi. 
– Təhsil! Dünyada ən böyük gimnastika zalı! Daha mənə məsuliyyətli vəzifə etibar etmək olmaz!... Dərs 
deyə bilmərəm. Amma iş ondadır ki, Hanziker də məni ələ salacaq. Çünki onun haqqında dəfələrlə 
həqiqəti söyləmişəm… Mən də məcbur olacağam ki… Aman Allah, mən neyləyim? 


Bu səssiz coşqunluğun içində – qızları qorxu içində qapıdan atalarına boylanırdılar – göydəndüşmə kimi 
haradansa bir ümid peyda oldu. 
Telefon zəng çaldı. Qotlib cavab vermədi. Üçüncü əsəbi zəng səsinə  dəstəyi qaldırdı və hirslə dedi: 
– Bəli, bəli, nə olub? 
Xəttin o başındakı adam burnunda və etinasız səslə danışırdı: 
– Bu M.S.Qotlibdir? 
– Doktor Qotlib! 
– Aha! Deyəsən, elə belədir! Dəstəyi qoymayın, şəhərlərarası danışıqdır.  
Sonra səs eşidildi: 
– Professor Qotlib? Danışan Doson Hanzikerdir. Pitsburqdan. Əziz dost, biz böyük məmnuniyyətlə sizi öz 
cərgəmizə qəbul edərik… 
– Bəli... Amma mən… 
– Siz, deyəsən, əczaçılıq firmalarını tənqid etmişdiniz, oooo, biz qəzetləri çox diqqətlə oxuyuruq. Amma 
əminik ki, yanımıza gələn kimi çox böyük tarixi olan firmamızın ruhunu daha yaxşı başa düşəcək, hətta 
onun pərəstişkarı olacaqsınız. Yeri gəlmişkən, ümid edirəm ki, zəngim çox bivaxt olmadı... 
Beləcə, Hanziker bir neçə yüz mil uzaqlıqdan, Seviklidəki villasının göyümtül-qızılı qonaq otağından öz 
evində, yamaqlı kresloda əyləşmiş Maks Qotliblə danışırdı. Qotlib özünü o yerə qoymamaq üçün ümidsiz 
bir cəhdlə mızıldandı:  
– Yox, zərər yoxdur. 
– Lap yaxşı. Biz böyük məmnunluq hissi ilə sizə başlanğıc üçün beş min dollar təklif edərək yarımgünlük iş 
vaxtına etiraz etmirik. Sizə yer, texniki imkan və material, bir sözlə, lazım olan hər şeyi təqdim edəcəyik. 
Deməli belə, bizimlə hesablaşmadan öz yolunuzla gedirsiniz, vacib bildiyiniz məsələləri dərindən tədqiq 
edirsiniz. Yeganə tələbimiz budur: həqiqətən də dünyəvi əhəmiyyət daşıyan hansısa zərdab tapsanız, biz 
onu hazırlamaq hüququnu öz üzərimizə götürəcəyik. Hətta bu bizə ziyan gətirsə belə – əhəmiyyətli deyil. 
Harada mümkündürsə, orada da vicdanla qazanmağa hazırıq, çünki əsas məqsədimiz bəşəriyyətə xidmət 
etməkdir. Əlbəttə, zərdab gəlirli olsa, sizə səxavətli faiz də təqdim edəcəyik. İndi isə təcrübi təfərrüatlarla 
bağlı… 
 

 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə