Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   41   42   43   44   45   46   47   48   ...   151

– Qotlib, – Qəyyumlar Şurasının sədri dedi, – mən düşünürəm ki, siz elə indi istefanızla bağlı ərizə yazıb 
bizə versəniz, daha yaxşı olar… Sizinlə xoşluqla ayrılarıq… Bizi xoşagəlməz bir iş görməyə vadar 
etmədən… 
– İstefa versəm, görüm məni ildırım vursun! – Qotlib hiddət içində ayağa durdu, – sizin hamınızın beyni 
məktəbli beyni, futbol komandasında oynayanların beyni kimidir. Siz  mənim təklifimi təhrif edirsiniz. 
Özü də sağlam inqilabi ideal haqqında çox dəqiqliklə ifadə edilmiş bir təklifi… Bu təklif şəxsən mənim 
üçün heç bir xeyir, yaxud mənfəət nəzərdə tutmur. Amma siz onu özünüz qabağa gedəsiniz deyə təhrif 
edirsiniz. Bu axmaqlar hələ bir heysiyyət  haqqında danışırlar da! – Onun uzun şəhadət barmağı 
balıqtutan qarmağı kimi rektor Traskotta tərəf uzandı – Yox, mən istefa verməyəcəyəm! İstəyirsinizsə, 
məni bayıra ata bilərsiniz! 
– Belə olan halda, sizdən səsvermə vaxtı zalı tərk etməyinizi xahiş edəcəyik, – rektorun səsi bu cür 
nəhəng, güclü və qüvvətli adam üçün təəccüblü dərəcədə mülayim idi. 
Qotlib öz laxlayan velosipedində laboratoriyaya getdi. Ona "istefası"nın qəbul edilməsi xəbərini rektor 
dəftərxanasının sırtıq katibəsi telefonla xəbər verdi. 
O, əzab çəkirdi: "Məni işdən çıxartmaq? Mümkün deyil! Mən bu axmaq məktəbin əsas qüruru, yeganə 
iftixarıyam!"  
Amma elə ki, həqiqətən də işdən çıxarıldığını başa düşdü, bərk utandı. Düşündü ki, nə üçün onlara belə 
bir imkan yaratdı? Amma hər şeydən kədərli olan o idi ki, inzibatçı olmaq cəhdinə görə o, müqəddəs bir 
işi yarımçıq qoyacaqdı...  
Ona mənəvi rahatlıq və laboratoriya lazım idi, özü də dərhal!  
Qotlib onları gic vəziyyətdə qoyacaq!  Onlar onun Harvarda dəvət olunduğunu eşidəndə, mütləq ağızları 
əyiləcək. 
Kembric və Bostonun yetkin  mədəniyyəti onu özünə cəlb edirdi. Nə üçün bu qədər uzun zaman ərzində 
bu vəhşi Moqalisdə qalıb? O, doktor Entvayla dəvəti böyük məmnuniyyətlə qəbul edə biləcəyinə işarə 
vuran məktub yazdı. Qotlib cavab teleqramını gözlədi. Bir həftəlik intizarın ardından, Entvayldan uzun-
uzadı bir məktub gəldi. Məktubda o, etiraf edirdi ki, Harvard fakültə şurasının adından Qotlibə iş təklif 
etmək üçün bir qədər tələsib. İndi o, Qotlibi şura adından salamlayır və ümid edir ki, ola bilsin bir 
müddət sonra Harvard onu öz sıralarında görmək şərəfinə nail olacaq. Amma indiki vəziyyətdə… 
Qotlib Qərbi Çippevaya yazdı ki, nəhayət, tibb fakültəsinə rəhbərlik haqqında fikirləşməyə hazırdır və 
cavab məktubu aldı: boş yer artıq tutulub və Qotlibin məktubunun yazı tərzi onların xoşuna gəlmədiyi 
üçün "gələcəkdə danışıq aparmağı artıq hesab edirlər".  
Qotlib altmış bir yaşında qənaət edib cəmi bir neçə yüz dollar pul yığmışdı – cəmi bir neçə yüz dollar. 
İşdən çıxarılan istənilən bənna kimi o ya iş tapmalı, ya da acından ölməli idi. O artıq yaradıcılığa ara 
verildiyi üçün hiddətlənən dahi deyildi.  


Öz qəhvəyi evciyində otaqlarda veyil-veyil dolaşır, kağızları bir-bir götürüb gözdən keçirir, arvadına baxır, 
köhnə tablolara diqqət edir və gözlərini boşluğa dikib uzun müddət tərpənməz dayanırdı. Onun hələ dərs 
demək üçün bir ay vaxtı var idi. Axı onun əvəzinə yazılmış istefa ərizəsinə bir neçə həftə əvvəlki tarix 
qoyulmuşdu.  Buna baxmayaraq, o,  laboratoriyaya getmədi. Həddindən artıq yorğun idi. O, özünü yaxşı 
hiss etmirdi. Hətta təhlükəsizlikdə də hiss etmirdi. Onun əvvəlki özünəinamı sındırılmış və təəssüf hissinə 
çevrilmişdi. Qotlib məktub dalınca məktub gözləyirdi. Mütləq onun düşdüyü vəziyyəti və ideyalarının 
necə olduğunu bilən kimdənsə kömək gələcəkdi.  
Amma elmi araşdırmaları ilə bağlı çoxlu dostcasına məktublar gəlsə də, məktublaşdığı adamlar 
universitet dedi-qodularına qulaq asmadıqlarından, onun ehtiyacından da xəbərsiz idilər.  
Harvard uğursuzluğundan və Qərbi Çippevadan gələn rədd cavabından sonra Qotlib daha universitetlərə 
və elmi institutlara müraciət edə bilməzdi. Qüruru isə aman vermirdi ki, ona hörmət edən insanlara xahiş 
məktubu yazsın. Yox, işgüzarlıqla hərəkət etmək lazımdır! O, müəllimlərin Çikaqo agentliyinə müraciət 
etdi və "nə isə tapmaq" vədi ilə dolu rəsmi məktub aldı. Məktubda soruşurdular ki, o əyalət orta 
məktəbində fizika və kimya müəllimi olmağa razılıq verərmi?   
Qotlib özünə gəlib cavab yazmağa imkan tapmamışdı ki, arvadının ağır xəstəliyi bütün ailənin həyatını 
darmadağın etdi.  
Missis Qotlib artıq bir neçə ay idi ki, nasazlıq hiss edirdi. Qotlib onu həkimə getməyə razı salmağa çalışsa 
da, arvadı razılıq vermirdi. Çünki bütün bu müddət ərzində xəstəliyinin mədə xərçəngi olması qorxusu 
qadını əldən salmışdı. Yalnız indi, qan qusmağa başlayanda, qadın kömək üçün ərinin üstünə cumdu. 
Həmişə "peşəkarların" və "həb alverçilərinin" tibbi credo–suna gülən Qotlib artıq çoxdan idi ki, 
diaqnostika ilə bağlı bildiklərini yaddan çıxarmışdı. Özü, ya da ailədən kimsə xəstələnsəydi, xəstəliyi 
müəmmalı şeytanın qara qəzəbi hesab edən hər hansı geridə qalmış cahil adam kimi Qotlib də eyni 
çaşqınlıqla həkim çağıracaqdı.  
Qotlib inanılmaz bir sadəlövhlüklə hesab edirdi ki,  Silva ilə mübahisəsi şəxsi xarakter daşımır və buna 
görə də Silvanı çağıra bilər… Bu dəfə o, yanılmamışdı. Silva alicənablıqla aşıb-daşsa da, onun evinə için-
için gülərək gəldi: "Gör ha, bədbəxtlik üz verəndə, o Arrenius, yaxud Jak Lyobun yanına deyil, mənim 
yanıma qaçır!" 
Balaca adamcığaz bu köhnə-köşkül evə güc gətirdi. Qotlib yuxarıdan aşağı olsa da, ona inamla baxırdı. 
Xəstəyə ağrılar əzab verirdi. Silva ona morfi təyin etdi. O, Qotlibin hətta dozanı belə bilmədiyinə gizli 
sevinc hissi ilə əmin oldu. Perkussiya ilə  xəstəni müayinə etdi, Qotlibin quru uzun barmaqları kimi 
sərrast olmasa da, ən azı onlar qədər həssas koppuş əlləriylə xəstənin bədənini yoxladı. Sonra  havası 
ağır olan yataq otağını gözaltı süzdü: tünd yaşıl rəngli pərdələr, kiçik komod, üzərində… Al-əlvan 
litoqrafiyadan şəhvət hissi ilə qollarını açan bir qız boylanırdı. Silvada elə bir hissiyyat var idi ki, sanki, nə 
zamansa bu otaqda olub. Sonra xatırladı. Bu otaq bir ay əvvəl konsiliumda olduğu baqqal almanın hüznlü 
otağının eyni idi. 
O, Qotliblə düşməni, ya da həmkarı kimi yox, ruhlandırılması lazım gələn pasient kimi danışırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə