Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   127   128   129   130   131   132   133   134   ...   147

151 
 
cəhdləri də uğur qazanmadı: yeni iqtisadi siyasət dövrü uzun sürmədi, "dəmir pərdə" isə mühacirətə getməyə hər 
hansı imkanın qarşısını kəsdi. 
1935-ci ildə Bala bəy Aşurbəyov yenidən həbs edilir. "Üçlüyün" çıxardığı qərar "əsaslı" idi: bu adam 
keçmişdə neft sənayeçisi və fabrikant olmuşdu... 
Bala bəy Aşurbəyovu Orta Asiyaya sürgün edirlər. Həmin gündən onun barəsində nadir hallarda xəbər 
gəlirdi. Yalnız keçmiş  həbsxana həkiminin söhbətlərindən bəlli olur ki, kamerada onun yanına bir xəbərçi 
salınıbmış və bu adam hamının yanında Stalini ucadan söyürmüş. Əvvəlcə hamı ehtiyatlanıb susurmuş, amma 
Bala bəy sonda dözməyib: "Nə söz ola bilər ki? Axı o - diktatordur!". Bu kifayət etmişdir və 1937-ci ilin 
dekabrında Aşurbəyov güllələnmişdir. 
Qardaşından sonra Əli bəy də çox yaşamadı. Bala bəyin həyatdan getməsi haqqında xəbər onun qəddini 
birdəfəlik əydi və o, 1940-cı ildə ürəktutmasından vəfat etdi. 
Tibb  İnstitutunun məzunu olan Rəşad bəyin taleyi də faciəli oldu: cəbhəyə yollandı  və 1944-cü ildə 
Budapeştin alınması zamanı  həlak oldu. Qohumların və doğmaların xatirələrinə görə, o da öz dərin biliyi, 
ziyalılığı  və vüqarlı davranışı ilə seçilirmiş. Bacılar qardaşlarının həlak olması barədə  xəbəri anaları  İsmət 
xanımdan gizlədə bilirlər. İsmət xanım 1954-cü ildə öz toylarının 50 illiyi günündə dünyadan köçmüşdür. Son 
gününə qədər oğlunun qayıdacağını gözləyirmiş... 
Aşurbəyovların çoxsaylı pleyadasında - mülkədarlar, tacirlər, sahibkarlar, sənayeçilər, mesenatlar 
arasında bir ad - İsa bəy Aşurbəyov ayrıca qeyd edilməlidir. Faciəli bir tale yaşasa da, son dərəcə maraqlı bir 
adam olan İsa bəy bu nəslin özünü siyasi sahədə sınamış çox az sayda təmsilçisindən biridir. 
İsa bəy Aşurbəyov 1878-ci ildə doğulmuşdur. Onun atası Hacı Mehdiqulu bəy Aşurbəyov bu soyun 
yaşlı  nəslinin tipik təmsilçilərindən biri idi. H. Z. Tağıyevlə birlikdə  H. M. Aşurbəyov Bakı Quberniyası  uşaq 
evlərinin hamilik təşkilatının fəxri üzvü olmuşdur. Sara xanım Aşurbəylinin  şahidliyinə görə, Bakı 
əsilzadələrinin təmsilçisi qismində Hacı Mehdiqulu bəy Aşurbəyov II Nikolayın tacqoyma mərasimində iştirak 
etmiş və monarxa qızıl işləməli xəncər hədiyyə etmişdir. 
İsa bəy Aşurbəyov Hacı Mehdiqulu bəyin yeganə oğlu idi. "Neft fırtınası" dalğasında varlanmış olan ata 
tək oğlunun təhsili üçün pul əsirgəməsə  də, hər halda İsa bəyi kənar təsirlərdən imkan daxilində qorumağa 
çalışmışdır. Bəlkə  də  məhz buna görə coşqun ictimai fəaliyyət göstərmək arzusu illər keçdikcə  İsa bəyi daha 
dərindən çulğalamışdır. Gənclik illərində o, ehtiraslı bir şəkildə sosial-demokrat ideyalarına bağlanmışdı. 
İnqilabi 
[271 - 272] 
əhval-ruhiyyəli fəhlələrlə, peşəkar inqilabçılarla tanışlıq  İsa bəyi 1905-1906-cı illər 
hadisələrinin burulğanına salmışdı. Bu illərdə o, öz mənşəyinə baxmayaraq, M. .Muxtarovun emalatxanalarında, 
ardınca isə öz atasının mədənlərində açıq təbliğat aparır, bu əsnada jandarm idarəsi tərəfindən üç dəfə  həbsə 
məruz qalır. 
İsa bəy üçün inqilabi romantika dövrü çox sürməmişdir. Bolşeviklərlə prinsipial fikir ayrılığı onun 
sonrakı illərdə  həmin düşərgədən uzaqlaşmasına gətirib çıxarmışdı ki, buna görə sovet tarixşünaslığı  İsa bəyi 
birmənalı şəkildə "təsadüfi cığırdaşlar" deyilən düşərgəyə aid edirdi. 
1912-ci ildə  İsa bəy Aşurbəyov H. Z. Tağıyevin yanında - onun məşhur Bakı  qəzeti "Kaspi"nin 
mətbəəsində qulluğa girir. Əsilzadə, neft sənayeçisinin oğlu İsa bəy Aşurboyovun qulluğa daxil olması atasında 
narazılıq doğurmuş və bu hərəkət qohumlarla növbəti incikliyin səbəbi olmuşdur. Buna baxmayaraq, Bala bəy 
Aşurbəyovun maliyyə yardımı ilə İsa bəy mətbəəni iki il yarım ərzində icarəsində saxlayır və onu Staro-Poçtovı 
və Persidski küçələrinin (indiki S. Tağızadə və M. Muxtarov küçələri) tinindəki evinin zirzəmisində yerləşdirir, 
müəllimlər üçün dərsliklər, metodiki ədəbiyyat nəşrini təşkil edir. Birincilərdən biri olaraq İ. Aşurbəyov 
M. Ə. Sabirin  əsərini nəşr edir, "Şəlalə" və "Vodopad" həftəlik müəllim jurnallarını (rus və Azərbaycan 
dillərində), "Baraban" satirik əlavəsini çap edir. 
Lakin müəllimlərin əsərlərinin çap edilməsi və onların böyük qisminin pulsuz şəkildə yayılması İsa bəy 
Aşurbəyovu tam maliyyə böhranına gətirib çıxarır. Odur ki, tezliklə  mətbəəni böyük bir borcla birlikdə 
H. Z. Tağıyevə qaytarmalı olur. Bu borclar yalnız sovet hakimiyyətinin gəlişi ilə ləğv edilir. 
İsa bəyin ictimai fəaliyyəti öz davamını 1910-cu ildə seçilmiş olduğu Bakı Şəhər Dumasında, eləcə də 
Bakıda "Nicat" müsəlman cəmiyyəti-xeyriyyəsində, "Kapli moloka" adı altında uşaq ölümü ilə mübarizə 
cəmiyyətində tapır. 
Birinci Dünya müharibəsinin başlanması ilə  İsa bəy Aşurbəyov Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin 
tərkibindən Bakı qradonaçalniki tərəfindən təşkil edilən "Türk hərbi əsirlərinə yardım komitəsi"nin üzvü seçilir. 
Sonrakı illərdə baş verən siyasi hadisələrin burulğanı və imperiyanı saran qarışıqlıq İsa bəyi yenidən öz qoynuna 
alır. Həbs edilməsindən sonrakı istintaq protokolları onun ən müxtəlif hərəkatlar və partiyalarla: "Hümmət", 
"İttihad", "Difai" ilə əlaqələrindən söz açır... 
Bu siyasi kaleydoskopda baş  çıxarmaq  İsa bəy üçün son dərəcə  çətin olmuşdur. Lakin 1918-ci ilin 
martında daşnakların törətdikləri müdhiş  qırğınlardan sarsılan  İ.
 
Aşurbəyov 1918-ci ilin sentyabrında türk 
qoşunlarının Bakıya daxil olması üçün özünün bütün nüfuzundan və əlaqələrindən istifadə edir. Onların şəhərdə 


152 
 
yerləşmələri dövrü qısa olsa da, məhz bu hadisə İsa bəy Aşurbəyovun 31 dekabr 1937-ci ildə həbs edilməsinin 
səbəbi olmuşdur. 
Həmin vaxtlar Stalinin repressiya maşını bütün gücü ilə işləyirdi. Həbs edilən adam barəsində hər hansı 
məlumat almaq sadəcə mümkünsüz idi. Üstündən dörd il keçəndən sonra böhtan və iftira əsasında  İsa bəyin 
kiçik oğlu Davud da həbs edilir. Onlar 30-cu illərin 
[272 - 273]
 amansız repressiyalarının qurbanı olan 
Aşurbəyovların kədərli siyahısını tamamlamışlar. Yalnız 1992-ci ildə İsa bəyin varisləri istintaq materialları ilə 
tanış ola bilmiş  və aydın olmuşdur ki, İsa bəy Aşurbəyov 1938-ci ilin oktyabrında həmin vaxtlar üçün 
basmaqəlib və tipik olan "xarici dövlətlərin xeyrinə casusluq"dan tutmuş, "millətçi təşkilatlarda iştirak"a qədər 
ən müxtəlif ittihamlar əsasında ölüm cəzasına məhkum edilmişdir. 
İsa bəy Aşurbəyovun son dərəcə qeyri-adi, parlaq, lakin heç də hamı  tərəfindən başa düşülməyən 
şəxsiyyəti, zənnimizcə, gələcəkdə tarixçilər tərəfindən daha dərindən və  təfsilatı ilə öyrəniləcəkdir. Təbiəti 
etibari ilə romantik olan İsa bəy həmişə hansısa qeyri-real idealların ardınca qaçan və, əlbəttə, onu əhatə edən 
aləmdə onu tapa bilməyən adam təsiri bağışlayırdı. 
*** 
Bakı  məscidləri... 1912-ci il üzrə "Bakinski sputnik" məlumat kitabında təkcə kiçik məhəllə 
məscidlərinin sayı 15-ə qədər göstərilir. Bunlar Məmmədyar və Hacı Zərbəli, Hacı Qurban və Hacı Cəbrayıl, 
Hacı Hüseyn və Hacı Tusverdi, Hacı Cavad, Tiley məscidi və başqaları idi. Təəssüf ki, onlardan yalnız bəziləri 
bizim günlərədək qorunub saxlanmışdır, qalanlarının adı yalnız yaddaşlarda yaşayır. 
Köhnə Bakının  ən möhtəşəm məscidləri sırasına böyük, ibadət zalının diametri demək olar 20 metrə 
çatan, incə  işləməli portalı, eləcə  də  zəngin daxili bəzəkləri ilə  Təzə Pir cümə  məscidi aid edilir. Bütün 
bunlarTəzə Piri Bakının digər məscidlərindən fərqləndirir. Bununla birlikdə Təzə Pir təkcə ən bəzəkli məscid 
olmaqla qalmayıb, həm də onların arasında  ən gənc məsciddir. Bu məscidin inşası 1914-cü ildə başa 
çatdırılmışdır. 
Sara xanım Aşurbəylinin söylədiklərinə görə, hələ XIV əsrdə indiki Təzə Pirin yerində öz alimliyi və 
qonaqpərvərliyi ilə  məşhur olan dərviş  Əbu Səid  əl-Bakuvinin zaviyəsi varmış. Ona məxsus olan kiçik neft 
quyusundan gələn gəlirlə bu dərviş təkcə öz yaşayışını təmin etmir, həm də çoxsaylı sərgərdan dərvişlərə kömək 
göstərir, onları himayə edirdi. Onun evini qapısı bu dərvişlərin üzünə həmişə açıq idi. Ola bilsin, bu səbəbdən 
Əbu Səid əl-Bakuvinin ölümündən sonra onun zaviyəsi pirə - ziyarət yerinə çevrilmişdir. 
XX  əsrin  əvvəllərində pir xaraba vəziyyətə düşmüşdü. Varlı bakılı dul qadın Nabat xanım Rzayeva-
Aşurbəyova onun keçmiş şöhrətini özünə qaytarmaq istəyir. Mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi 
əsasında əvvəlki pirin yerində o, Təzə Pir adını almış yeni bir monumental məscid ucaltdırır. 
Lakin əvvəlcə Nabat xanımın özü haqqında söz deyək. Bu qadın əsilzadə Aşurbəyovlar nəslindən idi və 
tanınmış Rzayevlər tacir familiyasının təmsilçisinə ərə getmişdir. Dul qalan və əlində iri varidat cəmləşən Nabat 
xanım onun xeyli hissəsini yoxsulların ehtiyacları üçün sərf etmişdir ki, bu da ona səxavətli xeyriyyəçi qadın 
şöhrəti qazandırmışdır. Rzayevlərin Balaxanski küçəsindəki (indiki Füzuli küç.33) çox böyük binasının qapısı 
həmişə yoxsulların üzünə açıq olmuşdur. Deyilənə görə, ev sahibəsi olmadıqda belə, onlar burada özlərinin çay
bir girvənkə qənd, bir dəst parça və üç manat puldan ibarət (o zaman üçün az məbləğ deyildi) ala bilirlərmiş. 
[273 - 274]
 
Nabat xanım Sabunçuda məktəbin inşasında, Bakı - Şollar su kəmərinin çəkilişi kimi iri xeyriyyə 
aksiyalarında iştirak etmiş, onun vəsaiti hesabına Tatarski küçəsində (sonrakı Krupskaya küç.) hamam 
tikilmişdir. Lakin Bakıda möhtəşəm bir cümə məscidi inşa etdirmək Nabat xanımın ən böyük arzusu olmuşdur. 
Yeri gəlmişkən, onun tikintisi o dərəcədə böyük vəsait tələb etmişdir ki, H. Z. Tağıyev gələcək məscidin 
inşasında ona öz vəsaiti ilə yardımını təklif etmişdir. "Əgər sən bu dərəcədə varlısansa, onda özün bir məscid 
tikdir", - deyə Nabat xanım Tağıyevin bu təşəbbüsünün qarşısında ağıllı bir cavab vermişdir. Lakin buna 
baxmayaraq, gələcək məscidin təməl daşını qoymaq şərəfi məhz Hacı Zeynalabdin Tağıyevə həvalə edilmişdir. 
Bu hadisə 23 iyul 1905-ci ildə olmuşdur. 
Təzə Pirin tikintisinə o çağın  ən yaxşı ustaları: bənna-daşyonan usta Hacı Abbas, üzlük ustalarından 
Hacı Xeyrulla və Məmmədhənifə, Salman Atayev və usta Salman, 1965-bi ildə vəfat etmiş usta Kərbəlayı Mirzə 
cəlb edilmişdilər. Məscidin interyerinə, onun naxışlı ornamentlərinə ustalardan Kərbəlayi Məcid və Kərbəlayı 
Sadıq tərtibat vermişdilər. 
Memarların bu məharəti, eləcə  də cümə  məscidi üçün əlverişli məkan seçimi sayəsində  Təzə Pir 
minarələrinin ikinci, daha yüksək yarusunun inşa edilmədiyinə baxmayaraq, bu cümə  məscidi son dərəcə 
möhtəşəm görünüşə malikdir. Yeri gəlmişkən, məscidin qübbəsində son daşı da 1914-cü ildə yenə 
H. Z. Tağıyev qoymuş və bu münasibətlə bütün ustaları səxavətlə mükafatlandırmışdı. Təəssüf ki, Nabat xanıma 
öz arzusunun təcəssümünü bütün gözəlliyi ilə görüb seyr etmək nəsib olmayıb. Bu nəcib insan 1912-ci ildə 117 
yaşında ikən dünyadan köçmüşdür. Yekun mərhələsindəki işlərə Nabat xanımın oğlu, anasının xeyriyyəçilik 
ənənələrini çox baxımdan davam etdirən Hacı Abbasqulu Rzayev rəhbərlik etmişdir. Nabat xanım kimi Hacı 
Abbasqulu da vəfat etdikdən sonra məscidin girişində dəfn edilmişdir. Allah onların ruhlarını şad etsin! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə