32
XII əsrdə Nizami Gəncəvi «İsgəndərnamə» adlı əsərində utopik
cəmiyyətin təsvirini verirdi. Bu cəmiyyətin bütün sakinləri arasında bütün
nemətlər bərabər bölünüb, burada xoşbəxt insanlar yaşayırlar. S.Urməvi,
N.Tusi, M.Fizuli və bir sıra digər mütəfəkkirlərin əsərlərində də ədalətli
cəmiyyət haqqında fikirlər inkişaf etdirilir.
M.F.Axundov «Kəmalüddövlə məktubları», «Aldanmış kəvakib» adlı
əsərlərində ədalətli cəmiyyətin, ideal dövlətin qurulması ilə bağlı fikirlərini
əks etdirir. Bu əsərlərdə ədalətli cəmiyyət qurmağın əsas şərti dövlətin ədalətli
və mütəfəkkir hökmdar tərəfindən idarə edilməsi kimi müəyyənləşdirilir,
müəllif despotik idarəçilik üsulunun dəyişdirilməsi tərəfdarı kimi çıxış edir və
sosial bərabərliyi sosial tərəqqinin mənbəyi kimi qəbul edir.
H.Zərdabi tarixin yüksələn xətlə inkişafını qəbul edirdi və elm, sənaye,
kənd təsərrüfatının inkişafını tarixi tərəqqinin əsas amilləri kimi
müəyyənləşdirirdi. H.Zərdabi “Gələcək haqqında bəd xəbərlər” adlı əsərində
gələcək inkişafın əsaslarını təhlil edirdi. Azərbaycan maarifçiliyinin görkəmli
nümayəndəsi olan H.Zərdabi yaşadığı dövrün ideya
istiqamətinə uyğun olaraq,
gələcək cəmiyyəti istismarın olmadığı, hüquq və azadlıqların təmin olunduğu
cəmiyyət kimi təsvir edirdi.
XIX əsrin 70-90-cı illərinin görkəmli mütəfəkkiri C.Əfqani Şərqdə
konstitusiya və parlament idarəçilik üsulunun tətbiq edilməsi fikrini irəli
sürürdü, lakin bu zaman islam idarəçilik qanunlarının daha təkmil təhlillər
əsasında, daha mükəmməl əsaslarda istifadə edilməsi təklifi ilə çıxış edirdi.
Ümumiyyətlə, ədalətli cəmiyyət qurulması ideyası XIX – XX əsrin
görkəmli
mütəfəkkirləri
olan
C.Məmmədquluzadə,
Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, M.Rəsulzadə və bir çox başqalarının yaradıcılığının əsas xəttini
təşkil edib. C.Məmmədquluzadə respublika quruluşunun tərəfdarı kimi çıxış
edirdi. Ə.Hüseynzadə «Vəhdət və tərəqqi» partiyasını yaratmışdı və
vahid türk
dövlətinin yaradılması ideyası ilə çıxış edirdi. Ə.Ağaoğlu Şərqdə tənəzzülün
əsaslarını araşdırırdı və sosial tərəqqinin əsasında elmi inkişafın durduğunu
göstərirdi. M.Rəsulzadə «türkləşmə, islamlaşma, müasirləşmə» şüarı ilə
Azərbaycan cəmiyyətinin gələcək inkişaf istiqamətini müəyyənləşdirməyə
çalışırdı və vahid türk birliyinin yaradılması tərəfdarı kimi çıxış edirdi. Bu
dövr mütəfəkkirlərinin gələcək haqqında fikirləri daha çox siyasi çalarlara
malik olsa da, bu ideyaları gələcək cəmiyyətin modeli kimi qəbul etmək olar.
XX əsrdə Azərbaycanın fantast yazıçılarının yaratdıqları əsərlər gələcəyin
mümkün, yaxud arzu edilən inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə
cəhd kimi qiymətləndirilə bilər. Bu əsərələr sırasında E.Mahmudovun
«Kainat gəmisi» (1957), «Həyat simfoniyası» (1966), «Yox olmuş səslər»
(1964), «Atlant qızı» (1987), Anarın «Kontakt» (1976), N.Abdullayevin