Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   30   31   32   33   34   35   36   37   ...   145

 
79
Ümumiyyətlə, elə bil ki, meyvələr get-gedə dadsızlaşırdı və Zübeydə sidq-ürəkdən 
hayıfsılana-hayıfsılana fikirləşdi ki, hanı indi Hövsan soğanı, Corat qovunu, Zirənin 
ağ turpu, kökü, Buzovnanın kahısı, Nardarandakı Paçan bağlarının qara şanısı, 
Sarayın, Novxanının ağ şanısı, Qala tərəfdəki Hacıxuna bağlarının sarıgiləsi, 
Bilgəhin səhər-səbahi kəhrəba kimi ənciri?.. 
Zübeydə bunları fikirləşdi, bu meyvələrin, tərəvəzin tamını ağzında hiss elədi 
və birdən-birə özü də özünə çox köhnə, qədim bir məxluq kimi göründü. 
Zübeydə heç özü də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtıyla o qədər o tərəf-
bu tərəf eləmişdi yaşını ki, o qədər dolaşdırmışdı ki, axırda özü də çaşbaş qalmışdı; 
hər halda, əlli altı ilə  əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də 
olmazdı. 
Burası da qəribə idi ki, Zübeydə birinci dəfəydi beləcə ciddi surətdə yaş 
barədə fikirləşirdi, yəni, yaşını nə üçünsə azaltmaq barədə yox, nə üçünsə çoxaltmaq 
barədə yox, elə-belə, səbəbsiz-zadsız, düzünəqulu öz yaşı barədə. 
Nə isə, aşıq deyib ki, ya bir başqası, hər halda, kimsə deyib ki, gün keçdi, il 
keçdi, cavan olmaram bir də  mən. Zübeydə bunu da fikirləşəndən sonra, Molla 
Nəsrəddinin bir əhvalatı yadına düşdü: deyirlər ki, bir gün molla ata minmək 
istəyirmiş, ayağını üzəngiyə basıb bir güc eləyib, iki güc eləyib, amma ata minə 
bilməyib, deyib ki, eh, hardasan, ey cavanlıq, sonra baxıb görüb ki, yan-yörəsində 
heç kim yoxdu, deyib: « – Heç cavanlıqda da bir zad deyildin!». 
Əşşi, molla da getsin işinin dalınca, o birisi də, sən Allah, qoy uzanmışıq 
yerimizdə, qoy bir nəfəsimizi dərək, amma... amma bir məsələ vardı ki, Zübeydə, 
misal üçün, Aşqabadın o istisinə düşəndə, dünya-ərzdə Ağagülün heç izi-sorağı da 
yox idi, amma indi adama elə baxır ki, elə bil, əfi ilana baxır. 
 
III 
 
Ağagül «aerodrom» papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və 
ürəyində yer üzündəki bütün pis adamlarçun, o cümlədən də, təbii ki, Zübeydəyçün 
hansı söz lazımıydısa, o sözü də dedi. 
Ağabacı yerdən palazın üstə oturub qabağındakı bir böyük məcməyi sirkəlik 
üzümü balonlara doldururdu və indicə salamsız-kəlamsız içəri girən oğlunun 
qaşqabağına təəccüb elədi. Axır günlər səhər-axşam Ağagülün üzü gülürdü, nə 
deyirdin onu eləyirdi, işə-gücə yarıyırdı və Ağabacı belə bir üzüyolalığı təkcə 
onunla yozurdu ki, bir azdan oğlu ikiillik əsgərliyə gedəcəkdi, özü də uzağa 
gedəcəkdi, Pribaltikaya, buna görə də ikiillik ayrılıqqabağı ipəkdən yumşaq 
olmuşdu. 
Əlbəttə, Ağabacı bilmirdi ki, məsələ təkcə bunda deyil, ikinci əsas səbəb də 
var və bu ikinci əsas səbəb ondan ibarət idi ki, düz iki il dərdindən dəli-divanə 
olduğu, dalınca düşdüyü, yayın bürküsündə, qışın boranında, payızın küləyində, 
yazın yağışında xəlvətcə qapıları ağzında dayandığı Nisənin daş ürəyi axır ki, 
yumşalmışdı və Ağagülün axırıncı məktubuna cavab göndərmişdi və bu cavabdan 
sonra düz doqquz gün idi ki, hər gün xəlvətcə görüşürdülər. Nisə həyat və insanlar 
barədə, vəfasızlıq və ilqar barədə danışırdı, hərəsinə üç-dörd dəfə baxdığı hind 
kinolarını Ağagülə nağıl edirdi, Ağagül də papirosu papiros dalınca tüstülədə-


 
80
tüstülədə və çox da ciddi surətdə Nisənin yanınca addımlayırdı, çox zaman da 
danışmağa söz tapmırdı. 
– Nolub, ədə, papağı nöş tullayırsan? – Bunu heyrətlə oğluna baxan Ağabacı 
soruşdu. 
Ağagül də: 
– Heç, – dedi və yenə  də ürəyində yer üzündəki bütün pis adamları, o 
cümlədən də Zübeydəni söydü. 
Ağabacı ona görə heyrətlə  oğlunun halını  xəbər aldı ki, başqa vaxt Ağagül 
«aerodrom» papağını, az qala, yatanda da başından çıxarmırdı, yayın cırhacırında da 
nazik köynəkdə, nazik şalvarda və bu «aerodrom» papaqda gəzirdi, bu papaq 
Ağagülün böyük qardaşı Baladadaşın papağı idi və il yarım bundan əvvəl Baladadaş 
əsgərliyə gedəndə bu papağı Ağagülə verdi ki, gəzdirsin başında, həmişə qeyrətini 
çəksin bu papağın; Baladadaş indi Amur vilayətində  əsgər idi və beş-altı aydan 
sonra qayıdıb gələcəkdi və  Ağagül Baladadaşın papağını kişi kimi gəzdirmişdi 
başında, amma indi içəri girən kimi, papağı başından çıxarıb vızıldatdı divanın 
üstünə, pis adamların  əməli yandırıb-yaxmışdı onu, özü də ayrı cür yandırıb-
yaxmışdı. 
Ağabacı yerindən qalxıb əlini dəsmalla sildi və Ağagülün günorta suyunu içib, 
küftəsi ilə kartofunu axşama saxladığı kasanı  gətirib qıraqları  xırda qırmızı gül 
naxışlı, ağ süfrəli mizin arxasında oturmuş  Ağagülün qabağına qoydu. Soğan, 
vəzəri, reyhan gətirdi, bir dənə sirkəyə qoyulmuş badımcan, çörək gətirdi və Ağagül 
də  nə anasının üzünə baxdı, nə qabağındakı göy-göyərtiyə, küftəyə baxdı, elə 
kortəbii yeməyə başladı. 
Ağagül orta məktəbi keçən il bitirmişdi və indi Bakıdakı  şoferlər kursunda 
oxuyurdu, iki həftədən sonra qurtarırdı kursu və iki-üç həftədən sonra da gedirdi 
əsgərliyə, özü də bilirdi hara: vayenkom Mürsəlov demişdi ki, səni göndərəcəyəm 
Pribaltikaya, gözəl yerlərdi; yolları da əntiqə, gedib orada canla-başla xidmət 
eləyərsən Vətənə. 
Nisə gecə  məktəbində oxuyurdu, onuncu sinifdə, gündüzlər uşaq bağçasında 
işləyirdi, anasının yanında, uşaqlara nəğmə oxumaq öyrədirdi; yeddiillik musiqi 
məktəbini də qurtarmışdı Nisə, qarmon çalırdı. 
Düz doqquz gün idi ki, Ağagül gecələr məktəbin dalında xəlvətcə Nisəni 
gözləyirdi və onlar adamsız yerlərdən keçib vağzal bağıyla evə gəlirdilər, yəni, Nisə 
gedirdi öz evlərinə, Ağagül də gəlirdi öz evlərinə. Ağagül istəyirdi Nisəni nişanlayıb 
getsin  əsgərliyə, amma Nisə deyirdi ki, yox, qayıdıb gələrsən sonra; Nisə bilmək 
istəyirdi ki, Ağagülü, həqiqətən sevir, yoxsa yox, özünü bu iki ildə  sınamaq 
istəyirdi. 
Bu gecə Ağagül ömründə birinci dəfə Nisəni öpdü və Nisə də ömründə birinci 
dəfə icazə verdi ki, oğlan onu öpsün və Ağagül heç vaxt inana bilməzdi ki, haçansa 
bir gün gələcək, bugünkü gün kimi və o, Nisəni xəyal aləmində yox, gecə yuxuda 
yox, doğrudan-doğruya öpəcək və əlbəttə, Ağagül heç vəchlə ağlına gətirməzdi ki, 
belə bir məqamda Zübeydə kimi dinsizin-imansızın biri gəlib kəsdirəcək başlarının 
üstünü. 
Nisə vağzal bağıyla gələ-gələ ağlayıb özünü öldürürdü ki, biabır olacağam 
bütün kənddə, Zübeydə biabır eləyəcək məni, sonra da dedi ki, Ağagül, qurban olum 
sənə, Ağagül, qoyma biabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, nə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə