Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   31   32   33   34   35   36   37   38   ...   145

 
81
istəyir ver, Ağagül, qoyma məni biabır eləsin, Ağagül  qardaşımın üzünə baxa 
bilmərəm, heç kimin gözünə görünə bilmərəm. Ağagül də dedi ki, qorxma, 
qoymaram, amma bunu deməyə nə var ki, demək asandı, amma Zübeydə kimi bir 
ifritənin ağzını yummaq asan iş deyil. Gördüyünün də üstünə yüzünü qoyub səhər 
sübhdən bütün kəndə yayacaq, biabır eləyəcək Nisəni bütün aləmdə və Nisə də dərd 
eləyəcək bunu ürəyində. Allah bilir neyləyəcək Nisə, nə desən eləyər Nisə, lap 
özünə əl də qaldırar, təki qardaşı Atabalanın yanında rüsvay olmasın, təki kəndin 
arvadlarının arasında anasının başı aşağı olmasın. 
Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib 
yayacaqdı aləmə ki, Ağagül gəlib ağlayırdı yanımda ki, qələt eləmişəm. 
Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun. 
 
IV 
 
Zübeydə miçətkənin altından çıxıb otağa girdi və tərdən tamam yaş olmuş pal-
paltarını çıxarıb təzəsini geydi, özü də tez-tez, tələsik geydi ki, şifonerin qapısındakı 
yekə yumurtavarı güzgüyə gözü sataşdıqca, sallanmış döşlərini və yekə qarnını 
görməsin, sonra həyətə düşüb quyunun motorunu işə saldı,  şlanqı  əlinə alıb 
ağacların dibini, qızılgül kollarını (bu gülləri elə xoşlayırdı ki, dərib aparıb Bakı 
bazarında at qiymətinə satmırdı, güllər elə-eləcə kolun üstündə solub tökülürdü), 
evin arxasında  əkdiyi pomidor, badımcan, bibər ləklərini, soğanı, vəzərini, kəvəri, 
şüyüdü sulamağa başladı. Ümumiyyətlə, bu bağ-bağçanı Zübeydə öz əllərilə salıb 
becərmişdi, təkcə o hasar boyu küknar ağaclarını yazıq  Əbdül  əkmişdi ki, küləyin 
qabağını kəssin. 
Düzdü, kənddə deyirdilər ki, Zübeydə  səkkiz dəfə  ərə gedib, amma, əslində, 
Zübeydə bircə  dəfə, yəni rəsmi surətdə bircə  dəfə  ərə getmişdi, onda da Əbdülə. 
Əbdül müharibədən əvvəl bu kənddə faytonçu idi, tək adam idi, hamamın yanında 
bir daxması vardı, orda yaşayırdı (sonralar, müharibədən sonra, Zübeydə bu 
daxmaya bir balaca əl gəzdirib onu dördqat artıq qiymətə satmışdı) və Əbdül bülbül 
gülə  aşiq olan kimi, Zübeydəyə  aşiq olmuşdu. Onun bu aşiqliyi kənd camaatının 
dilinin əzbəri idi və hamı ona Qeysəbdül deyirdi, ən başlıcası isə Əbdül özü belə bir 
ləqəbdən incimirdi, əksinə, xeyli feyziyab olurdu və Zübeydə ona məhəl qoymayıb 
(faytonçu Qeysəbdül hara, iri qara gözləri sürməli, boyu sərv, beli incə, durna yerişli 
Zübeydə xatın hara!) onu ələ saldığı vaxtlar, yəni müharibədən  əvvəl və 
müharibənin ilk çağlarında o boyda kişi eşqin dərdindən bəzən uşaq kimi ağlayırdı 
da. Məhəbbətin gücü o yerə gəlib çatmışdı ki, Əbdül yeganə atını satıb Zübeydəyə 
hədiyyələr almaq istəyirdi, qabirkot «demasezonnı», qabardin yubka, yun jaket və 
ilaxır bu kimi şeylər, amma at çox qoca idi və gəlib baxanlar bu atdan imtina edirdi. 
Müştərilər Qeysəbdülün qoca atına o qədər baxmışdılar, dişlərini o qədər 
yoxlamışdılar ki, yazıq at kim yaxınlaşırdısa, o saat özü dinməz-söyləməz 
dodaqlarını qaldırıb dişlərini ağardırdı. 
At da yazıq, elə Əbdülün özü də yazıq, indi o atın da sümükləri çürüyüb gedib, 
Əbdülün də; iyirmi ildən artıq idi Əbdülün öldüyü. 
Zübeydə müharibənin axırıncı ili Əbdülə ərə getdi; ərə getdi deyəndə ki, 
Əbdülü gətirdi öz evinə, kəbinini də kəsdirdi, vəssalam. Əbdül də, bir növ, 
Zübeydənin ev əşyası, həyət-bacanın əmlakı kimi bir şey idi. Zübeydə çox vaxt 


 
82
Bakıda rəfiqələrinin yanında qalardı, bəzən Tiflisə, Kislovodska, Soçiyə gəzməyə 
gedərdi, bəzən aylarla, bax, bu həyətə ayaq basmazdı və Qeysəbdül gözətçilik 
eləyərdi buralarda və Qeysəbdül burasını da çox yaxşı başa düşürdü ki, Zubeydə ona 
niyə ərə gedib; öz yerini bilən adam idi Qeysəbdül və buna görə də kənd camaatının 
onunla işi yox idi, dəyib-dolaşmırdılar ona, sataşıb ələ salmırdılar onu. 
Əlbəttə, kənd camaatı əvvəlcə Qeysəbdülü məzəmmət elədi, «gör gedib kimi 
alıb» dedi, «o həyasız şəhərdə kefdə-damaqda, Araz aşığından, Kür topuğundan, bu 
da, bu başıbatmış da, burada, guya, ərlik eləyir, guya, evin kişisi olub» dedi, 
cavanların arasında «xoşqeyrət oğlu, xoşqeyrət!» deyib ürəyində onu söyənlər də 
oldu, amma yavaş-yavaş hamının ona yenə  də yazığı  gəlməyə başladı  və bir 
müddətdən sonra, elə bil ki, Qeysəbdulün Zübeydəyə heç bir dəxli yoxmuş kimi, 
kişinin yanında da arvadının dalınca danışırdılar; kimin ağzına nə  gəlirdi elə 
Qeysəbdülün yanındaca Zübeydənin qarasına deyirdi və Qeysəbdül heç cınqırını da 
çəkib bir kəlmə söz demirdi; ən qəribəsi bu idi ki, Qeysəbdül incimirdi də, elə bil ki, 
deyilən hədyanların hamısı ilə razı idi, amma di gəl ki, nə fayda, özündən asılı 
deyildi, bütün kürreyi-ərzi Zübeydənin bir dırnağına da dəyişməzdi. Kəndin 
arvadları bunu yaxşı bilirdi və belə bir aşiqliyə, belə bir sədaqətə ürəyində paxıllıq 
eləyənlər də çox idi; belə bir aşiqlik, sədaqət kənd arvadlarının yanında 
Qeysəbdülün hörmətini qaldırıb qoymuşdu dağ başına. Zübeydə kənddə olmayanda, 
arvadlar hərdənbir, guya ki, təsadüfən Qeysəbdülün həyətinə  gəlirdi, hal-əhval 
tuturdu onunla, xörək gətirən, təndir çörəyi yollayan da olurdu və  hətta iki-üç 
arvadın adını  çəkirdilər ki, guya, bu arvadlar sonradan-sonraya Qeysəbdülə  aşiq 
olublar. 
Hə, öz yerini bilən adam idi rəhmətlik  Əbdül. Bir dəfə  nə üçünsə  kənddən 
Bakıya, Zübeydənin o vaxtkı yaxın rəfiqəsi Rozagilə zəng eləyib Zübeydəni xəbər 
alırmış ki, hardadı, bir aydan artıqdı xəbər-ətər yoxdu ondan, Roza da soruşub ki, «a 
kto eyo spraşivayet?», Qeysəbdül də cavab verib ki, «Abdul», Roza bərkdən gülüb 
və deyib ki, «eşe ne izvestno, kto koqo abdul!». 
Sonralar o məclis olmurdu ki, Roza bu telefon söhbətini danışmasın və əhli-
məclis də  şaqqanaq çəkib gülməsin. Zübeydənin kefi kök olanda özü də gülürdü, 
qanıqara olanda Rozanın abrını bükürdü ətəyinə, «paxıllığından yanıb-yaxılırsan ki, 
mənim ərim var, ağzı ətə çatmayan pişik kimi, az qalırsan öləsən, alan yoxdu axı, 
səni, qalmısan aralıqda!» deyirdi. Roza qızarırdı, bozarırdı, «zarafat eləyirəm də!»– 
deyirdi. 
Əlbəttə, Roza düz deyirdi, Roza zarafat eləyirdi, daha belə zarafatlardan başqa 
ürəkaçan bir şey yox idi, günlər keçirdi, aylar, illər keçirdi və bu günlər, aylar, illər, 
elə bil, öz-özünə açırdı sandığı, tökürdü pambığı və bu sandığın içinə baxanda, 
ancaq belə-belə zarafatlar adamın köməyinə gəlirdi. 
Əbdül özü zarafat-zad bilməzdi, rəhmətlik çox duzsuz kişi idi, təkcə bircə dəfə 
bir duzlu söz demişdi ki, Zübeydə onu heç yadından çıxarmırdı və hər dəfə də 
yadına salanda öz-özünə gülürdü: bir yol, əllinci illərin əvvəlləri idi, Bakıdan kəndə 
bir nevropatoloq gəlmişdi, hamamdan bir az aşağıda çörəkçi Fətullagilin evini 
kirayə edib bütün yayı burda dincəlirdi, Martirosyan idi famili və hamı deyirdi ki, 
çox yaxşı həkimdi bu Martirosyan. Bağban Ağasadığın dörd ildən bəri başına hava 
gəlmiş oğlu Ələkbəri iki həftənin içində düz-əməlli adam eləyib qoymuşdu camaatın 
gözünün qabağına; hə, bir yol Zübeydə də gedib özünü bu həkimə göstərmək istədi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə