Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   32   33   34   35   36   37   38   39   ...   145

 
83
axır vaxtlar, tez-tez əsəbiləşirdi (elə bil, yavaş-yavaş başa düşmüşdü ki, axırı, bax, 
beləcədi, Abdulla kişinin bekarçılıqdan düzəltdiyi süpürgələri bazarda satmaqdı!) və 
Zübeydə evdən çıxanda Əbdülə dedi: «– Bakıdan nervi həkimi gəlib bura, gedirəm 
onun yanına». Əbdül soruşdu ki, neynirsən onu? Zübeydə dedi ki, necə yəni 
neynirsən onu? «Gedirəm, – dedi. – Nervimi düzəltsin». Qeysəbdül ağzını açıb: 
«Ba-a-a!.. – dedi.– Zübeydə, nervisiz sənin nə ləzzətin!» 
Yazıq  Əbdül, Allah rəhmət eləsin sənə... Zübeydə  hərdən  əsəbiləşəndə, 
doğrudan da, turp əkirdi onun başına. 
– Zübeydə!.. 
Zübeydə əlindəki şlanqın ağzını yerə dirəyib bir də qulaq verdi və darvazanın 
dalından onu bir də səslədilər: 
– Zübeydə! 
– Kimdi? – Soruşdu Zübeydə. – Kimdi orda? 
– Mənəm! 
– Sən kimsən? Allahın bacısı oğlusan? Əstəğfürulla... Aduvu de də!.. 
– Mənəm, Ağagüldü! 
Əslində, Zübeydə bu səsin sahibini o saat tanımışdı və elə bil, səhərdən bəri 
gözləyirdi də bu səsin sahibini, çünki əlində  şlanq ağacları, gülləri, evin dalındakı 
ləkləri sulaya-sulaya arabir hardansa çox dərinlərdən bir hıçqırıq eşidirdi: bu, 
Nisənin bayaqkı hıçqırtısıydı və bu hıçqırtıda Zübeydənnn ətini ürpəşdirən bir xof, 
qorxu var idi, bir xoşagəlməzlik var idi. 
– Nə var, nolub, balam, gecə vaxtı nöş yaduva düşmüşəm belə? Əsfələssafilin 
idim bayaq, indi əziz-xələf olmuşam səninçün? 
Ağagül nə Zübeydənin bu sözlərinə, nə  də ki, bu sözlərdəki eyhama cavab 
verdi, səsini çıxarmadı, susub dayandı darvazanın dalında və ürəyində də fikirləşdi 
ki, sözlər çıxır bu arvadın ağzından, heç xoruz səsi eşitməmiş sözlər... 
Zübeydə  tələsmədən  əvvəlcə  şlanqı quyunun yanına gətirdi, sonra motoru 
söndürdü, sonra çarhovuzun krantını açıb  əllərini yaxaladı, üz-gözünə su vurub 
tərini aldı, sonra çarhovuzun yanındakı badam ağacından asılmış təmiz ağ dəsmalla 
qurulandı  və bütün bunlardan sonra, nəhayət, darvazaya yaxınlaşıb Ağagülün nə 
istədiyini və niyə gəldiyini çox gözəl başa düşə-düşə: 
– Nə istəyirsən? – soruşdu. – Nə sözün var mənə, bu gecə vaxtı? – soruşdu və 
darvazanın bala qapısını açdı. 
Ağagül: 
– Işim var sənnən, – dedi və bala qapıdan həyətə girdi. 
– Nə işin, balam, sən kim, mən kim? Sənnən mənim nə işimiz? 
Ağagül darvazanın üstündə yanan və bu saat bütün ətrafında ağcaqanadlar 
uçuşan iki yüz əllilik elektrik lampasının işığında yenə  də bu arvadın buxağı 
sallanan  ətli, girdə sifətinə, xınalı, qırmızı saçlarına, hələ  də  nəsə sürtdüyü qara 
gözlərinə baxıb daha burda çox dayanmamaq üçün və bu arvadı da çox görməmək 
üçün birbaş mətləbə keçdi: 
– Mənə bax, Zübeydə, bayaq bizi görməyüvü deməginə heç kimə, mənimçün 
yox e, Baladadaş canı, mənə  nə var, gedirəm, onsuz da, əsgərliyə, Nisəyçün 
deyirəm, deməginə heç kimə... Özü də... özü də elə-belə döyül mənnən Nisəninki, 
nöşün ki, evləniciyik biz, mən qeyidib gələnnən sonra, alaciyəm onu.... 


 
84
 – Hə?.. – dedi Zübeydə. – Allah xeyir versin, alaceysən Firuzənin qızını, əcəb 
eliyəceksən, çox mübarək, övlənəcəksüz, oğullu-uşaqlı olasuz, çağırarsuz toyuvuza, 
gəlib Allah xeyir versin deyərik, çağırmazsuz, nolar, yenə Allah xeyir versin, atam 
balası, mənə nə? Hə? Mənə nöş atçot verirsən, milisioner Səfərəm ki, ya səninçün 
mən? Kim kimnən vağzal bağında,  əncir ağacının dibində, gecə yarısı neyniyir, 
mənə nə? Xalxın işinə nöş burnumu soxuram? Söz gəzdirmək mənim sənətim döyül, 
atam balası, hamı bilir ki, söz gəzdirməklə  mənim aram yoxdu... – Zübeydə 
Ağagülün gözlərinin içinə baxa-baxa bu sözləri dedi, heç gözünü də  qırpmadı. – 
Yeri get yat, atam balası, gecdi, səhər dura bilməzsən. 
Təbii ki, Zübeydənin dediyi sözlərin hamısını əksinə başa düşmək lazım idi və 
Ağagül də bunu başqa cür başa düşə bilməzdi: səhərin gözü açılmamış Zübeydə 
bütün kəndin arvadlarına ağzına gələni danışacaqdı. 
Oğlanın döyüküb iki yüz əllilik lampa işığında ona beləcə yaxından baxması 
Zübeydəni bu dəfə doğrudan-doğruya hövsələdən çıxardı  və Zübeydə  əlini uzadıb 
darvazanın bala qapısından yapışdı ki, Ağagülün dalınca bağlasın: 
– Yeri, yeri get yat, atam balası... 
Bu vaxt həmin bürkülü Abşeron gecəsində birdən-birə bir toyuq qaqqıldadı və 
bu toyuq qaqqıltısı  sısqa ağcaqanad vızıltısı, elə bil ki, çox-çox uzaqlardan gələn 
təmkinli dəniz uğultusu yeknəsəqliyində çox da gözlənilməz səsləndi; Zübeydə 
təəccüblə  Ağagülün arxasınca boylandı  və  oğlanın arxada tutub saxladığı torbanı 
gördü. 
– Bu nədi, adə, belə?  
Ağagül: 
– Toyuqdu, – dedi, – səninçün gətirmişəm. – Və torbanı Zübeydəyə uzatdı. – 
Ala. 
Zübeydə: 
– A-a-a... – dedi və dodağının qıraqlarındakı qızıl dişləri iki yüz əllilik elektrik 
lampasının işığında işıldadı: bu arvadın müftə mala xüsusi həvəsi vardı və müftə şey 
hansı  əhvalda olursa-olsun, o saat maqnit kimi onu özünə  çəkirdi; Zübeydə 
gözgörəsi dəyişib başqa adam oldu:  – A-a-a... Ağagül, nə zəhmət çəkmisən?.. 
Ağagül əlində tutduğu torbadan canını tez qurtarmaq üçün bir də: 
– Ala... götür... – dedi. 
– Xəcalət verirsən də... 
Zübeydə torbanı Ağagüldən aldı və əlini içəri salıb toyuğu çıxartdı; qırmızı çil 
toyuq işıq üzü görən kimi, bərkdən qaqqanaq çəkib qanadlarını  şappıldada-
şappıldada arvadın  əlindən buraxılmaq istədi və Zübeydə  də çil toyuğu təzədən 
torbaya basdı: 
– Gör nə hay-həşir qoparır, – dedi və soruşdu: – Anovun xəbəri var? 
Ağagül bu suala cavab vermədi və Zübeydə  də ikinci dəfə bu sualı  təkrar 
eləmədi.  
Zübeydə: 
– Gəl içəri də, burda nöş dayanmısan? – dedi.  
Ağagül: 
– Yox, çox sağ ol, – dedi və belə başa düşdü ki, işlər düzəlib daha, amma iki 
yüz əllilik elektrik lampasının işığında bu arvadın girdə ətli sifətinə, qara gözlərinə 
baxanda, ürəyində yenə də bir nigarançılıq baş qaldırdı. – Getdim mən... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə