Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   35   36   37   38   39   40   41   42   ...   145

 
89
(Quyuqazan Həsənqulunun arvadı kürən Anaxanım başını bulaya-bulaya deyinirdi: 
«Səhərdən axşamacan sovxozda işləyən mən, istirahətə gedən Zübeydə 
ciyəriyanmış!»), amma o tərəflərin qışı doğrudan-doğruya çox gözəl idi, pansionat 
da çox təmiz, səliqəli idi və ən başlıcası da bu idi ki, heç kim onu tanımırdı, bilmirdi, 
cavanlar üçün «tyotya Zubeyda» idi, yaşlılarla həmsöhbət idi, bir Izabella 
Xaymovna vardı orda, mehriban arvadıydı çox, yaşı yetmişi keçmişdi, amma pudra-
boyasından qalmırdı heç, pansionatdan sonra üç-dörd dəfə məktub yazdı Zübeydəyə, 
amma Zübeydə cavab göndərmədi, bircə dəfə şəkərburayla paxlava bişirib yolladı 
onunçun Odessaya, amma Izabella Xaymovna elə indiyə kimi hər bayramda bir 
«otkrıtka» göndərirdi. 
Zübeydə Mayoridə pansionatda qalanda Izabella Xaymovnaya demişdi ki, 
bura putyovkanı mənimçün oğlum alıb, yollayıb məni bura ki, bir az işdən-gücdən 
istirahət edim, nəvələrin səs-küyündən... 
– Düş, ay Ağagül, bala, düş aşağı. Day yoruldum mən, gücüm çatmır, saxlaya 
bilmirəm ləyəni day... 
Zübeydə içi üzüm dolu ləyəni yerə qoydu və  Ağagül də  nərdivandan düşüb 
əliylə meynənin toz-torpağına bulaşmış sir-sifətinin tərini sildi, nərdivanı aparıb 
yerinə qoydu, «aerodrom» papağını çıxarıb bir-iki dəfə çırpdı, təzədən başına qoydu 
və: 
Mən getdim, – dedi. 
Zübeydə  ləyəni aparıb artırmanın sement döşəməsinə qoydu, sol əlini belinə 
basdı və belini düzəldib: 
– Çox sağ ol, qadası, – dedi. – Get, xoş gəldin, – dedi və birdən-birə istədi ki, 
həyətin aşağı başındakı cavan heyva ağacına bağlanmış  qırmızı çil toyuğu da 
qaytarsın Ağagülə, amma tez də bu fikrindən vaz keçdi: bu fikir necə birdən-birə 
gəlmişdisə başına, elə-eləcə  də birdən-birə yox olub, getdi. – Toyunda əvəzini 
çıxarıq, – dedi.  – Allah qoysa... Ilahamin. 
Ağagül istədi ki, Zübeydəyə bir də tapşırsın ki, vağzal bağında Nisəylə 
öpüşmələrini kəndin camaatına yaymasın, amma daha bir söz demədi, darvazadan 
çıxıb bala qapını da ardınca örtdü. 
Yavaş-yavaş, lap yavaş-yavaş  dənizdən meh əsməyə başlamışdı  və 
külafirəngidə bu yel daha artıq hiss olunurdu, burada ağcaqanad da nisbətən az idi. 
Zübeydə üzümün doşablığını ayırdı, yeməliyini ayırdı, sirkəliyini ləyəndən arıtdayıb 
balonlara doldurdu, ləyəni quyunun suyunda yaxaladı və sudan bir parç da götürüb 
içdi, sonra gəlib külafirəngiyə qalxdı, yerdən saldığı palazın üstündə oturdu. Yemək 
istəmirdi, isti onun iştahını kəsmişdi, elə günorta yediyinin üstündə idi, televizora da 
baxmaq istəmirdi, həvəsi yox idi, elə-beləcə külafirəngidə oturub dənizə tamaşa etdi. 
Ay dənizə payəndaz salmışdı  və bu saat bu payəndaz lap xırdaca-xırdaca 
tərpənirdi, bu payəndazın üzündə şövq vuran ay işığı lap xırdaca-xırdaca titrəyirdi; 
dəniz belə sakit olanda axır vaxtlar Zübeydəyə pis təsir edirdi, belə bir səssizlik, 
sükunət axır vaxtlar bu arvadı  sıxırdı, ürəyini qısırdı,  əslində elə cavanlıqdan belə 
idi, intəhası cavanlıqda bunun fərqinə varmırdı, amma indi özündən asılı deyildi; 
Allah hərəni bir cür yaradıb, onu da belə yaratmışdı. Dənizin uğultusu gələndə
dalğalar özünü qayalara çırpanda, adama elə gəlirdi ki, tək deyil, elə bil ki, bütün bu 
ətraf da yaşayır, nəfəs alır sənlə birgə. 


 
90
Indi dənizin üzü tərtəmiz idi, ay işığında bircə köpük də  ağarmırdı  və bu 
təmizlik, bu sakit, sükunətli təmizlik Zübeydənin ürəyində bu dəm hansı bir incə, 
kövrək simisə tərpədirdi, amma bunun nə olduğunu, hansı xatirə olduğunu Zübeydə 
yadına sala bilmirdi; bu, vur-çatlasın, çal-oynasın xatirələrindən deyildi, nəsə başqa 
bir şey idi. 
Birdən, elə bil ki, quyunun dibindən gəlib çıxan dəniz uğultusunun, arabir 
Zübeydənin qulağının dibindən ötən ağcaqanad vızıltısının, külafirənginin 
qabağındakı xartut yarpaqlarının lap həlim-həlim, lap güclə  eşidiləcək xışıltısının 
həmin yay gecəsindəki yeknəsəqliyini yenə toyuq qaqqıltısı pozdu, qırmızı çil toyuq, 
bir-iki dəfə qaqqıldadı, elə bil ki, bu böyük dünyada toyuqların payına düşən 
insafsızlığın qarasına deyindi və Zübeydə  də ayağa qalxıb külafirəngidən düşdü, 
artırmadakı girdə mizin üstündəki mis qazanın qapağını qaldırdı, qurumasın deyə, 
hər gün xüsusi parçaya büküb saxladığı təndir çörəyindən iki fal qoparıb götürdü və 
heyva ağacının yanına gəlib çörəyi didə-didə qırmızı çil toyuğun qabağına səpdi. 
Qırmızı çil toyuq dimdiyini torpağa dirəyib bir müddət çox müdrik bir 
biganəliklə qabağına düşən çörək qırıntılarına baxdı, sonra üzünü yana çevirdi və 
Zübeydə də: 
– Ba-a-a... Qudurasan qurbağa!.. – dedi. – Yaxşı deyiblər ki, mal yiyəsinə 
oxşamasa, haramdı... 
Məsələ burasında idi ki, Ağagülün anası Ağabacı, yəni, bu təkəbbürlü qırmızı 
çil toyuğun bu gecəyə  qədərki sahibi kənddə Zübeydəni istəməyənlərdən  ən 
birincilərindən idi. Nuh-Nəbidən bu günə kimi, Zübeydənin hər bir hərəkətini, hər 
bir söz-söhbətini, yerişini-duruşunu, tanışını-bilişini, geyimini-kecimini amansız 
tənqid atəşinə tutanların birincilərindən biri idi və Zübeydənin də bu arvaddan 
zəhləsi gedirdi, amma bir iş vardı ki, həmin acıdil, vecsiz, adamayovuşmaz 
Ağabacının, qara pıspısaya oxşayan Ağabacının indi Ağagül boyda bir oğlu vardı, 
özü də kiçiyiydi Ağagül hələ, ondan böyük bir oğlu əsgərlikdə idi. Ağagüldən kiçik 
bir oğlu da var idi – Nuhbala və altı da qızı var idi, nə isə... 
Zübeydənin də indi qızları ərə gedə bilərdi və Zübeydənin də belə bir oğlu ola 
bilərdi, o oğlan da gedib vağzal bağında gözəl bir qızla öpüşə bilərdi,  əsgərlikdən 
evə  məktub göndərərdi, Zübeydə  də elçi gedə bilərdi, gəlin gətirə bilərdi... Yaxşı, 
yaxşı, sən o uzundraz Ağagülün canı, başlama özündən hoqqa çıxarmağa, başlama 
fikir dəryasına düşüb dərd  əlindən üzməyə, yeri get yat, Ağabacı indi dördüncü 
yuxusunu alır yəqin, heç fikirləşmir də ki, dünyada Zübeydə adında bir məxluq var... 
Elədir ki, var, düzdü, qocalıqdandı bu fikir-zikir hamısı, qocalıqdandı ki, var. 
 

 
Ağagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın  əlindən 
soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında 
gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, 
onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, 
gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə 
olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, 
quyunun yanında oturub «Isgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü 
saxlaya bilməz bu arvad, ifritənin biridi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə