Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   36   37   38   39   40   41   42   43   ...   145

 
91
Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu 
saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, 
doğrudan da, Zübeydə idi, amma saçları  pırpızaqlıydı, dodaqları sallanırdı, 
dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı. 
Hayıf o toyuqdan. 
Məsələ,  əlbəttə, təkcə toyuqda deyildi; toyuqları çox idi və bir qırmızı çil 
toyuğun azlığı ilə kasıb düşməyəcəkdilər; uzaqbaşı, Ağagül anasına deyəcəkdi ki, 
toyuğu Bakıdakı yoldaşlarından birigilə pay aparıb; məsələ onda da deyildi ki, 
Ağagül yalan danışacaqdı və yalan danışmaq yaxşı iş deyildi, kişiyə yaraşmazdı – 
bir yalan ki, Nisə kimi bir qızın təmiz adını təmiz də saxlamaq üçün idi, o yalanın 
eybi yox idi; məsələ onda idi ki, toyuq da gedəcəkdi, Nisə də bədnam olacaqdı kənd 
içində... 
 
VI 
 
Zübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı 
və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, 
özü də  ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, 
Bilgəhdə, ya o tərəfdə, Nardaranda  biri də yox idi. 
Indi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər 
gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, 
zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan 
yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də 
olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə 
Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə  şampan 
tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq 
sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə 
oxşayırdı... 
Miçətkənin içinə, deyəsən, bir ağcaqanad girmişdi və Zübeydə yenə 
ağcaqanadların qarasına deyinə-deyinə qalxıb artırmanın işığını yandırmaq istədi, 
amma miçətkənin içinə girmiş ağcaqanadın vızıltısı həyətin aşağı başında indi yəqin 
mürgü döyən qırmızı çil toyuğu təzədən arvadın yadına saldı və Zübeydə birdən-birə 
fikirləşdi ki, Ağabacı  səhər durub görəndə ki, qırmızı çil toyuq hində yoxdu, neçə 
olacaq və səhər-səhər də biri gəlib bu qırmızı çil toyuğu onun həyətində görəndə nə 
olacaqdı? 
O toyuğu elə indicə durub kəsib, yolub, təmizləyib, yaxşıca ütüb qoymaq 
lazımdı evə, onsuz da, nə olmuşdusa ona bu gecə, yata bilmirdi, elə bil bütün 
dünyanın dərdi-səri bu gecə Zübeydəyə qalmışdı. 
Zübeydə ayağa qalxıb miçətkəndən çıxdı, otağa girib dolabdan iti bir bıçaq 
götürdü, elə gecə köynəyindəcə həyətə düşdü və yavaş-yavaş ürəyində baş qaldıran 
bir nigarançılıqla qırmızı çil toyuğa tərəf getdi. 
Qırmızı çil toyuq hənirti eşidib gözlərini açdı, birdən-birə bu gecə vaxtı ağ 
köynəkdə peyda olan təzə sahibinə baxdı, bir balaca yerində qurcalanıb təzədən 
gözlərini yumdu. 
Zübeydə ürəyindəki daha artıq bir narahatlıqla gah əlindəki bıçağa, bıçağın ay 
işığında işıldayan iti tiyəsinə baxdı, gah o biri dəqiqəsindən xəbəri olmayan qırmızı 


 
92
çil toyuğa baxdı və fikirləşdi ki, yəni, doğrudan da, bu toyuğu özü kəsəcək? Başını 
Qibləyə tərəf uzadıb qanadlarını bir ayağının altına, ayaqlarını da o biri ayaqlarının 
altına alıb, dilini ağzından çıxarıb bıçaqla başını üzəcək? Arvad işidi bəyəm bu, a 
imansız? Arvad da toyuq kəsər? Camaat yatıb, bütün kənd şirin yuxudadı indi, bu 
nə gündü sən düşmüsən, bu nə qara gündü belə? 
Əlbəttə, Zübeydə ömründə toyuq kəsməmişdi, kişi işiydi bu, lap əvvəldən, 
dədə-babadan belə olmuşdu. Indi bəs neyləsin, hansı kişi köpək oğluna gedib desin 
ki, Ağabacının oğlu Ağagül mənə pay gətirib, guya ki, pay gətirib, bunun zəhmətini 
çək, kəs mənimçün? Gərək gədəni bayaq qoymayaydım getsin, kəsdirəydim bu 
toyuğu, lap yoldurub ütdürəydim də ona. Yaman şeysən... Bunu Zübeydə özü özünə 
dedi: «Yaman şeysən...» 
Kənd isə, doğrudan da, yatmışdı, təkcə küçə şalbanlarındakı elektrik lampaları 
yanırdı  və bir də  dənizdəki o tənha mayak yanıb-sönürdü. Həmin yay gecəsinin 
bürküsü, elə bil, bu mayakın da işığını soldurmuşdu, yanıb-sönməsini, canlılığını 
ölgünləşdirmişdi və bu saat, elə bil ki, bu mayak da ömrün tənhalığından, adamın 
təkliyindən söhbət açırdı və Zübeydə üçün lap beş barmağı kimi aydın oldu ki, bu 
qırmızı çil toyuğu kəsə bilməyəcək və ən başlıcası isə, birdən-birə yaman pərt oldu 
Zübeydə, təkcə gecə köynəyində, bu ayın, bu ulduzların altında, bu ağacların 
arasında, bu dənizin qabağında  əlində  bıçaq tutub qırmızı çil toyuqla üzbəsurət 
dayanmağına pərt oldu Zibeydə. 
Toyuğun işi asan idi, toyuğu bir yeşiyə salıb evə qoya bilərdi, sabahda, 
birigündə onu kəsdirməyin çarəsini tapardı, bircə ölümə çarə yoxdu, amma məsələ 
burasındaydı ki, Zübeydənin gecəyarısı əlində bıçaq beləcə dayanması səhərdən bəri 
yadına salmaq istədiyi, amma yadına sala bilmədiyi o xatirənin əhvali-ruhiyyəsi ilə
o xatirənin ürəyindən keçən sorağı ilə heç cürə uyuşmurdu – burasını Zübeydə lap 
dəqiq bilirdi və bu zaman çox qəribə oldu, birdən-birə, bircə anın içində  həmin 
xatirə Zübeydənin yadına düşdü, həmin cavan oğlanın sifəti də əvvəlcə tutqun, sonra 
tamam dumandan çıxıb lap aydınca gəldi durdu gözlərinin qabağında. Bu xatirə 
illərdən bəri kirəc bağlamışdı, illərdən bəri yada düşməmişdi. 
Zübeydə  əyilib  əlindən yerə düşmüş  bıçağı götürdü və süst addımlarla evə 
getdi, artırmanın işığını yandırdı, stolun üstündə oturub əllərini dizlərinin üstünə 
qoydu, elə bil, birdən-birə o uzaq illərin bütün hay-küyü, qayğısızlığı, sərbəstliyi 
arasındakı bir təmizlik, bir paklıq, bir şəffaflıq üzə  çıxdı, bir cəsurluq, bir igidlik
kişilik üzə  çıxdı, indiyə qədər hardasa ört-basdır olub, on illərlə xatırlanmayan bir 
təbəssümün, özü də sərt bir təbəssümün ilıqlığı indi gəlib Zübeydəyə yetişdi. 
Hardaydı o məktublar? Harda saxlamışdı onları? 
Iki dənə idi, iki dənə, ikisini də Bakıdakı mərkəzi poçtdan götürmüşdü, «Do 
vostrebovaniya» idi, iki dənə üçkünc əsgər məktubu, Zakirin məktubları... Və 
Zübeydənin yadına düşdü ki, o iki məktubdan birini, çox təsirlisini, çox ağıllısını elə 
müharibə vaxtı Dürdanə ondan götürmüşdü, yadigar saxladı özündə, «Belə məktubu 
da cavabsız qoyarlar, az?» – dedi. «– Dəyişmərəm, – dedi, – yüz Qızıldiş Adil 
kimilərini beləsinin bir dırnağına». Belə demişdi Dürdanə və Dürdanə elə o vaxtlar 
yavaş-yavaş ağıllanmağa başlamışdı. Belə demişdi Dürdanə və o ikinci məktubu, o 
gözəl sözlər yazılmış təsirli məktubu götürmüşdü özü üçün yadigar, görəsən saxlayır 
indi? Amma ikinci məktub dursun gərək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə