Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   38   39   40   41   42   43   44   45   ...   145

 
95
günəşsiz sevinə bilmirdi, şadlana bilmirdi, yaşaya bilmirdi; kasıbçılıqdan isə günəş 
boylanmırdı. Müharibə illərinin çörəksizliyində günəş doğmurdu; aclıq olsun, kef 
olsun, deyiblər, amma düz deməyiblər, lap ağ yalan deyiblər, aclıqla kef bir araya 
sığışan şey deyil, hər halda, Zübeydə, o gözəl qız, müharibə illərinin o xatın qızı 
belə bir əqidədəydi. Araz aşığından idi o qızın, Kür topuğundan, özünü kefi 
köklərin, damağı çağların odunda yandıran, yandırıb kül eləyən bu bəxti qaranın... 
Zübeydə bağlamanı büküb dolabın alt gözünə qoydu, yeşiyi bağlayıb burnunu 
çəkə-çəkə, gecə köynəyinin yaxası ilə üz-gözünün yaşını silə-silə ayağa qalxdı, 
otaqdan çıxıb, külafirəngiyə  tərəf gəldi, yuxarı qalxıb, palazın üstündə oturdu və 
dənizə baxdı. 
Zübeydə yadına gələndən bu dənizin sahilində oynamışdı, anası onca günün 
içində  sətəlcəmdən öləndən sonra, bütün bu tərəflərdə, Abşeronun bu hissəsində 
məşhur balıqçı olan atasının torunu Zübeydə yamamışdı, qayığını Zübeydə silib-
süpürmüşdü, atası ölən həmin gecə bütün kənd camaatı onların evinə girib-çıxmışdı, 
amma heç kim də bunu bilməmişdi ki, Zübeydə  səhərə kimi dənizin, bax, bu 
sahilində təkcə oturmuşdu. 
Əslində, lap əslində, Zübeydə bu dənizin yanında da üzüqara idi, çünki 
nənəsilə tək qaldığı o uzaq illər, bax, bu dəniz Zübeydənin beynindəki bütün fitnə-
fəsadların, kin-küdurətin, nəfs-tamahın  şahidi olmuşdu; Zübeydə indi belə 
fikirləşirdi, indi o uzaq illərin firavanlıq, fironluq arzu-xəyallarını fitnə-fəsad hesab 
edirdi, indi, onda yox. Nənəsi yazıq o qədər qocalmışdı ki, ölməyinə yaxın (nənəsi 
öləndə müharibənin ikinci ili idi) Zübeydəni öz balıqçı  oğlu hesab edirdi, yəni 
Zübeydəni, Zübeydənin atası bilirdi, əlbəttə, doxsandan idi bu və elə bu özü də 
doxsandan idi ki, Zübeydə bu dəm bütün bunların hamısını beləcə fikirləşirdi. 
Yel yenə tamam-kamal dayanmışdı  və  hətta, külafirəngidə  də  ağcaqanadlar 
adamı oturmağa qoymurdu, elə bil ki, vızıldaya-vızıldaya hər  şeyin keçib-
getdiyindən, heç nəyin geri qayıtmayacağından dəm vurub uçuşurdu; xartutun 
yarpaqları  səsini tamam kəsmişdi. Dənizin uğultusu, elə bil, başqa bir dünyadan 
gəlirdi, elə bil, o biri dünyanın səsi idi və elə bil ki, gecə ovuna çıxmış o iki yarasa 
da bürküdən karıxdığı üçün ağaclara dəyirdi, evin divarına toxunurdu, külafirənginin 
dirəklərinə  çırpılırdı. Hərdənbir gələn cırcırama səsi də sabahın nəfəskəsən 
istisindən xəbər verirdi. 
O ev isə, Şirinxanımın o köhnə evi, Içərişəhərin qoşa qala qapısı ağzındakı 
ikimərtəbəli binanın ikinci mərtəbəsində idi. O ev də, ondan beş-altı bina aralıdakı 
Zakirgilin evi də indi çoxdan sökülmüşdü, yerində meydan salınmışdı. Zübeydənin 
cavanlıq günlərinin çoxu, yəni, o günlərinin ki, ağrısı indi ağrıdırdı Zübeydəni, 
Şirinxanımın o evində keçmişdi. 
Şirinxanım Zübeydəgilin – bu qayğısız və gözəl, nazlı-qəmzəli qızların içində 
hamısından ağıllısı, tədbirlisi, işəyarayanı və istiqanlısı idi. Şirinxanım anası ilə 
yaşayırdı, anası Sabunçu vağzalında peraşkisatan idi və səhər tezdən gecəyə kimi 
evdə olmurdu, olanda da rəfiqələrin əl-ayağına dolaşmırdı, «yaxşı eləyirsiz, kef 
eləyirsiz, əlivizin də içindən gəlir, beşgünlük dünyadı» deyirdi. Qızı ona bir şey 
bağışlayanda, ya bir kofta, ya bir yaylıq, ya da bir başqa şey alanda, Zübeydəgil ona 
bir hədiyyə verəndə arvadın uçmağa qanadı olmurdu və sidq-ürəkdən özünü də, 
qızını da xoşbəxt bilirdi, «əcəb eləyirsüz, işləmirsüz, qoy nə qədər hürürlər 
hürsünlər, paxıllıqdandı hamısı, səhər sübhdən gecəyə kimi ayaqüstə vağzal 


 
96
qabağında peraşki satıram, nəyim var, bir həsirəm, bir də Məmməd Nəsirəm, «əcəb 
eləyirsüz, lap əlivizin də içindən gəlir» deyirdi. 
Şirinxanım yaxşı arvad paltarı tikirdi (elə indi də, xəstəxanada baş  həkim 
işləyirdi, amma öz paltarlarını özü tikirdi, başqasına etibar eləmirdi) və o zaman 
Bakının bir çox məşhur xanımları Içərişəhərin həmin qoşa qala qapısı  ağzındakı 
ikimərtəbəli sarı binaya gəlib-gedirdi,  Şirinxanıma paltar tikdirirdi. Zübeydəgil 
saatlarla bu evdə oturub bir-birləriylə dərdləşirdi, zarafatlaşırdı, küsüşürdü, barışırdı 
və Zübeydəgilin ən gözəl məclisləri, dalbadal ad günləri – hərəsinin bir ildə dörd-
beş ad günü – bu evdə keçirdi. Çox şərablar içilmişdi, çox qədəhlər sındırılmışdı o 
evdə. Bir dəfə işıq sönəndə Qızıldiş Adil yüzlük yandırıb stolun üstünə işıq salmışdı 
və o vaxt bir ağızdan min ağıza hamı demişdi ki, bəxtəvərdi Zübeydə, yəni 
bəxtəvərdi Zübeydə ki, belə bir oynaşı var. 
Beləydi, Zakir... Bax, beləcəydi, Zakir, işlər... 
Şirinxanımgilə paltar tikdirməyə  gəlib-gedən xanımlar özlərini dartırdılar, 
yuxarıdan aşağı baxırdılar Zübeydəgilə, bilirdilər ki, Zübeydəgil hansı yuvanın 
quşlarıdı, amma əslində ürəklərində həsəd aparırdılar Zübeydəgilə, həsəd aparırdılar 
gözəlliklərinə, kef çəkmələrinə, utanmazlıqlarına və Zübeydəgil də elə bilirdi ki, 
həmişə də belə olacaq, day demirdilər ki, ətdən olan divara etibar yoxdur... 
Yavaş-yavaş hər şey dağıldı getdi, adamlar ayrıldı bir-birindən, Qızıldiş Adili 
tutdular getdi, beşbarmaq Əsədağanı çopur Nəcəfqulu bıçaqla vurub öldürdü, özü də 
tutuldu getdi. Kəriş  ağıllı  çıxdı, tulladı  hər  şeyi, gitara çalıb-oxumağını da tərkitdi 
(amma bunu nahaq elədi...), gedib öz gücünə instituta girib oxudu, indi deyirlər ki, 
hansı zavodunsa direktorudu, Dibirovu vəzifədən çıxartdılar, haradasa itdi-batdı və o 
günlər yavaş-yavaş uzaq-uzaq illərin xatirəsinə çevrildi və indi, bu bürkülü yay 
gecəsi, bu külafirəngidə o uzaq-uzaq illərin xatirəsini bir tar müşayiət edirdi, o tarı 
Zakir çalırdı  və Zakirin güclü kişi barmaqları altında tarın simləri o xatirələrin 
boşluğundan, mənasızlığından, puçluğundan söhbət açırdı. 
Zakir bu tarı  hərdənbir çalırdı, özü də axşamlar çalırdı. Zübeydə  hərdən 
Şirinxanımgilə gedəndə, hərdən Şirinxanımgildən qayıdanda bu tarın səsini eşidirdi 
və burasını da yaxşı bilirdi ki, bu tarı çalan oğlan onu istəyir; hələ Zakir öz sözünü 
Zübeydəyə deməmişdən  əvvəl bilirdi bunu, Zakir Qızıldiş Adillə onun qabağını 
kəsdiyi o vaxtdan xeyli əvvəl bilirdi bunu, Zakirin baxışlarından, Zakirin evlərinin 
qabağına çıxıb küçədə onu gözləməyindən bilirdi bunu. 
Bir dəfə Şirinxanımgildə Şirinxanım özü bir məclisdən sonra, stolun üstündə 
artıq qalmış bir fujer şampanı birnəfəsə başına çəkib demişdi ki, Zakirə görə bütün 
kürreyi-ərzdəki kişilərdən zəhləsi gedib, Zakirə görə  həyatdan rəncidə-hal olub, 
Zakir  Şirinxanımın məhəbbətinə cavab vermədiyi üçün və  Şirinxanımın üzünə 
baxmadığı üçün belə olub. «Ölürəm o tarçalan oğlanın dərdindən! – demişdi 
Şirinxanım, sonra da üzünü Zübeydəyə tutub: – Görmürsən, – demişdi Şirinxanım – 
görmürsən, səni istəyir o, korsan sən, görmürsən, niyə özünə bir gün ağlamırsan? 
Elə bilirsən o ərlərini gözləyənlərin, o qardaşlarını, atalarını, nişanlılarını 
gözləyənlərin qarğışı tutmayacaq bizi? Bu saat bir tikə qara çörək tapıb yeyə 
bilməyənlərin ahı tutmayacaq bizi? Elə bilirsən bu məclislərin, bu tostların, bu yağlı 
sifətlərlə üzbəsurət oturmaqlarımızın peşmançılığını çəkməyəcəyik biz?». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə