Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   41   42   43   44   45   46   47   48   ...   145

 
103
kitabxanaçı Nəcəf deyirdi ki, guya, rəssamlıqda ən çətin iş adam əli çəkməkdi, 
qəhrəmanın ayaqlarının da biri elə bil bir az uzun idi o birindən, başındakı bilmirdin 
saçıdı, yoxsa tük papaqdı, amma, hər halda, əvvəllər Ağababanın da çox xoşuna 
gəlmişdi bu şəkil, amma indi necə oldusa, birdən-birə bu şirə yazığı gəldi, fikrindən 
keçdi ki, deyəsən, elə bu şir də Əmirqulu kimi bir şeydi... 
...Ağababanın şirə yazığı gəldi və bu şiri çəkən rəssam da gəldi durdu gözünün 
qabağında və  Ağababanın o rəssama da yazığı  gəldi, amma burası lap ağ oldu ki, 
birdən-birə  Əmirquluya da yazığı  gəldi, elə bil həmin Ağababa deyildi ki
pəncərədən küçəyə baxıb görürdü ki, Əmirqulu yenə keflənib tut ağacının dibinə 
yıxılıb, gah insan səsinə oxşayan, gah da insan səsinə oxşamayan səslər çıxarır və 
ürəyində Əmirqulunu söyürdü: «Köpəkoğlu, xalis əsfələssafilindir!» 
Nədən idi ki, bu Ağababanın başına belə fikirlər gəlirdi, dünyaya yazığı 
gəlirdi, ürəyi sıxılırdı  və bilmirdi ki, nə eləsin? Bu isti yay günündə otağın 
bürküsündən idi, ya nədən idi? 
Elə bil ki, Əmirqulu Ağababanın beləcə yumşalmasını gözləyirmiş, küçədən 
yenə onun səsi gəldi və  Ağababa gözlərini  şirdən çəkib ayağa qalxdı, küçə 
pəncərəsinə yaxınlaşıb pərdəni qaldırdı. 
Əmirqulu, adətən, gündə dörd stəkan  şirin çaxır içirdi. Əmirqulunun arvadı 
bədbəxt qızı  bədbəxt Xeyransa kənddəki çaxır dükanında, sonra Vartan 
Nersesoviçin müdir olduğu böyük mağazada dava salıb, qırğın-qiyamət eləmişdi və 
indi kənddə heç kim Əmirquluya çaxır vermirdi, odur ki, Əmirqulu gözünə 
döndüyüm də  hər gün xoruz banıyla yuxudan durub birinci marşrut avtobusuna 
minirdi, gah Maştağada, gah Buzovnada, gah Mərdəkanda,  Şüvəlanda iki dolu 
stəkan (hərəsi 250 q.) şirin çaxırını içirdi, bir də axşam eyni minval ilə iki stəkan 
şirin çaxırını içirdi və bu dörd stəkan  şirin çaxır bütün günü bəs eləyirdi 
Əmirquluya, samovar üstündəki çaynik kimi həmişə  dəmdə olurdu, amma elə ki
artıq içdi, elə ki, öz cədvəlini pozdu, ortada hardansa bir imkan tapıb araq içdi, onda 
zalım oğlu gəlib yıxılırdı küçədəki bu tut ağacının dibinə. Hərdən Xeyransa abır-
həyadan az qala yerə girə-girə Ağababaya deyirdi: 
– Ağababa qədeş, mindirmə bunu maşunuva. 
Amma nə çox bu Abşeron yollarında marşrut avtobuslar, nə çox yüz cürə 
maşın və  Əmirquluyla bu cür mübarizələr bir nəticə vermirdi, bununku o idi ki, 
kitabxanaçı Nəcəf demişkən, zəng eləyəsən şəhərə, maşınla gəlib götürüb aparsınlar 
və xəstəliyinə bir çarə qılsınlar, amma Xeyransa, aydın məsələ idi ki, belə təkliflərə 
razı olmurdu, çünki Xeyransa da bu kənddə bir kişinin qızı idi və camaatın gözü 
qabağında ərini aparıb şəhərdə dəlixanaya ata bilməzdi. 
Indi də  Əmirqulu küçə  tərəfdən evlərinin qabağındakı tut ağacının dibində 
oturub kürəyini söykəmişdi ağacın gövdəsinə və oxuyurdu özü üçün: 
 
Mən əntiqə çortdayam!  
Çortdayam, frontdayam!  
Atıram plamyotları,  
Vururam samalyotları. 
 
Xeyransa evlərinin küçə balkonunda küftə-bozbaş üçün ət döyə-döyə başını 
ikinci mərtəbədən aşağı uzadıb: 
– Ay sən öləsən! – dedi. 


 
104
Əmirqulu hərəsi bir tərəfə axan gözlərini bir anlıq bir yerə cəm eləyib: 
– Mənim canımçün vururam! – dedi. – Lap katyuşa da atıram, mən ölüm, hə!.. 
...Hərdən axşamüstülər, o vaxtlar ki, səhərki iki stəkanın təsiri keçib-gedirdi, 
axşamkı iki stəkanı isə hələ içməmişdi və başqa da heç nə dilinə vurmamışdı, yəni o 
vaxtlar ki, Əmirqulu nisbətən ayıq idi, soruşanda ki, bu nə səfeh mahnıdı oxuyursan 
belə, deyirdi ki, balam, səfeh niyə olur, Xeyransayla bir yerdə yaşamaq elə frontda 
olmaqdı də... 
...Ağababa bu dəfə ürəyində  Əmirqulunu söymədi, təkcə bunu fikirləşdi ki, 
Allah adama belə bir ər, belə bir oğul verincə, bir qara daş versə yaxşıdı. 
Ağababa bu sarıdan narahat olmaya bilərdi, çünki özü toyda-məclisdə, ildə - 
əyyamda bir dəfə içərdi və oğlanları da bu cəhətdən özünə oxşamışdı, Baladadaşın 
da, Ağagülün də, Nuhbalanın da yığışıb gedib araq alıb qayalıqlarda içməyi, 
şəhərdən yeşik-yeşik pivə alıb gətirib küçədə nərd oynaya-oynaya noxudla içməyi, 
əllərinə keçən pulu aparıb Gümüş Malikin kababxanasında qoymağı yox idi. 
Ağababa ilə Ağabacının üç oğlu var idi, altı da qızı var idi, üç oğul dalbadal 
olmuşdu, sonra da altı  qız olmuşdu. Böyük oğlanları Baladadaş  əsgərlikdə idi, 
əslində əsgərlik vaxtı qurtarmışdı, hansı kursdasa oxuyurdu, bir azdan sonra qayıdıb 
gələcəkdi, sonra da yazırdı ki, bir müddət evdə qalıb gedəcəkdi hərbçilərin ali 
məktəbinə imtahan verməyə. Ikinci oğlan Ağagül də, həmin Ağagül ki, dəllal 
Zübeydə hamamda söz yayıb ki, guya, onu vağzal bağında bir qızla öpüşən görüb
iki ay idi ki, əsgər getmişdi və Baladadaş kimi o da Amur vilayətində idi. Üçüncü 
oğul Nuhbala onuncu sinfə keçmişdi, gələn yay məktəbi qurtarıb o da əsgərliyə 
gedəcəkdi. Nailə doqquzuncu sinfə keçmişdi. Firuzə yeddinci sinfə keçmişdi. 
Kəmalə altıncı sinfə keçmişdi. Amalə dördüncü sinfə keçmişdi. Dilşad üçüncü sinfə 
keçmişdi. Sonbeşik Böyükxanım idi və Böyükxanım da ikinci sinfə keçmişdi. 
Doqquz uşaq idi və Böyükxanım anadan olanda Ağababa bu axırıncı  uşağa 
anasının adını qoymuşdu, yəni ki, ən  əziz ad axırıncınındı, amma indi məlum 
olmuşdu ki, Böyükxanım axırıncı deyil. 
Hələlik doqquz uşaqdı. 
Məsələ burasında idi ki, bir həftə bundan qabaq gecə yerlərinə girəndə 
Ağabacı utana-utana, qızara-qızara demişdi: 
– Ağababa, başuva dönüm, deyəsən, uşaq gözləyirəm... 
 
II 
 
Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir 
cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan o aydın, o açıq üfüq xəttinə 
kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par 
parıldayırdı, gömgöy idi, sakit idi. 
Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, 
dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz alırdı, elə bil ki, günün 
istisindən, xəzrinin lap yüngülcə meh olub əsməsindən həzz alırdı. Bu qumun 
sarısında, bu dənizin göylüyündə, bu səmanın maviliyində ağappaq Dolça qabaqda 
qaçırdı, Tavarla Sarıbaş da onun dalınca qaçırdı. Dolça hərdən dayanırdı, yerində 
fırlanıb geri çönürdü, dal ayaqları üstə qalxıb Tavarla Sarıbaşı qarşılayırdı, onları 
qabağa buraxırdı, sonra yenə qaça-qaça onları ötüb keçirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə