Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   49   50   51   52   53   54   55   56   ...   145

 
119
Allah, adam bu qədər gilas yeyər? Bəs, deyirlər gilas adamın qarnını ağrıdır, 
bəs, bunun qarnına niyə bir şey eləmir? Bu boyda qarına gilas neyləsin? Ağabacı 
çox çalışırdı ki, ürəyində kirayənişinlərinə qarşı kin-küdurət yaranmasın, amma heç 
cürə mümkün deyildl. 
Ağabacı kirayənişinləri ilə açıq-aşkar düşmənçiliyə başlamışdı, amma məlum 
səbəbdən ürəyində düşmənçilik eləyirdi və belə bir minval ilə  səsini içinə salıb 
düşmənçilik aparmaq Ağabacının gününü lap qara eləmişdi (atalar elə bu yerdə 
deyiblər ki, deyirəm, çölümü yandırır, demirəm, içimi; atalar yaxşı kişi olublar və 
həmişə də yaxşı sözlər deyiblər). 
Düz beş gün idi ki, Ağabacı ilə  Ağababa evlərini kirayə vermişdilər, özləri 
birinci mərtəbədəki yarımzirzəmi mətbəxə və mətbəxin yanındakı balaca otaqkimiyə 
(qışda bura odun yığırdılar) köçmüşdülər. Ağababa şüşəbəndin altını brezentlə örtüb 
bağlamışdı  və  qızlar burda yatırdı; Ağabacı  şüşəbəndin altına palaz döşəmişdi və 
qızların yerini də palazın üstündən salmışdı. Dünən gecə o qədər isti oldu ki, 
Ağababa ilə Ağabacı bu istiyə tab gətirmədi və mətbəxdən çıxıb bütün ömürlərində 
birinci dəfə, yəni ikisi də evdə ola-ola, ömürlərində birinci dəfə bir-birilərindən ayrı 
yatdı, özü də  uşaqlarla bir yerdə yatdı: Ağabacı  Ağababanın yerini şüşəbəndin 
altında o başdan, özününkünü də bu biri başdan saldı, arada da qızlar yatmışdı. 
Və düz beş gün idi ki, Nuhbala da evə gec gəlirdi, kirayənişinləri yatıb işığı 
söndürəndən sonra gəlirdi, çünki Nərgiz Nuhbalaya demişdi ki, and iç ki, bütün 
ömründə məndən başqa heç kimi sevməyəcəksən; Nuhbala da böyük qardaşı 
Baladadaşın canına and içmişdi ki, qara torpağın altına gedən günə kimi, ömründə 
Nərgizdən başqa heç kimi sevməyəcək və başqa bir qadın xeylağına gözünün ucuyla 
da baxmayacaq, buna görə də Nuhbala evə gec gəlirdi, gec gəlirdi ki, talvara 
qalxanda ikinci mərtəbənin pəncərəsindən Əminə xanımın soyunmağını, südlə dolu 
inək yelininə oxşayan döşlərini, yekə dalını görməsin, bu arvadın, ərinin yanında 
otaqda tumançaq gəzməyini görməsin (Nuhbalanın Əminə xanımdan çox, Bəşir 
müəllimə hirsi tuturdu: «Əri – oğraş, niyə işığı söndürmür, pərdəni çəkmir heç 
olmasa?!»). 
Dörd nəfər idi, Ağababagilin həyət-bacasında fironluq eləyən bu kirayənişinlər 
dörd nəfər idi: Bəşir müəllim idi, əlli yaşı olardı, bəlkə əllidən də çox olardı, 
ortaboylu, qarayanız, qıvrım qara saçlı bir kişi idi, amma sonra məlum oldu ki, 
saçına da, nazik bığına da rəng qoyur. Ağababa diqqətlə baxanda bunu başa düşdü 
və bundan sonra Bəşir müəllimin üzünə baxa bilmirdi, bir də ki, Bəşir müəllimdən 
həmişə ətir iyi gəlirdi. Əminə xanım idi, yaşı qırx olmazdı hələ, yumurta kimi 
ağappaq idi, saçları xurmayı, gözləri ala idi, özü də ding-ding dingildəyirdi; 
oğlanları Adil idi, Adik deyirdilər və bu Adik məktəbi bu il qurtarmışdı; qızları 
Ofelya idi, Ofa deyirdilər, altıncı sinfə keçmişdi və bütün bu ailəni birləşdirən bir 
şey tamam göz qabağında idi ki, o da bunların hamısının köklüyü idi: ata da kök idi, 
ana da kök idi, balalar da kök idi, hamısı kök idi. (Əmirqulunun arvadı Xeyransa 
qonşularının bu kirayənişinlərini birinci dəfə görəndə az qaldı gülməkdən uğunub 
getsin, çünki bu kök adamları görən kimi, bütün kənddə məşhur olan, kişilərin də öz 
aralarında deyib-güldüyü, arvadların da öz aralarında deyib-güldüyü bir söhbət 
yadına düşdü: qarovulçu Həsənulla Irtışın, Obun sahillərindən qayıdıb gələndən 
sonra, bir müddət tək yaşadı kənddə, sonra evlənmək fikrinə düşdü və kəndin 
ağsaqqallarından qəssab Ağakişi soruşanda ki, qarovulçu Həsənulla kimi almaq 


 
120
istəyir, qarovulçu Həsənulla demişdi ki, kim olur-olsun, kimi alırsız mənim üçün 
alın, amma kök olsun! Qəssab Ağakişi kənddəki tay-tuşları ilə klubun həyətindəki 
çayxanada oturub çay içə-içə: «Alə, – demişdi, – bu üftadə elə bir ailə qurmaq 
istəyir ki, üssü köklük olsun. Bu arvad istəmir evə, istifadə üçün mal istəyir». Və bu 
xəbər kəndə yayılandan sonra, məlum məsələdi ki, qarovulçu Həsənullaya gedən bir 
arvad olmadı və qarovulçu Həsənulla da axırda: «– Çort poberi!» – dedi və gedib 
Bakıdan dul bir arvad alıb gətirdi, özü də kök arvad.) 
Hə, Ağababagilin kirayənişinlərinin dördü də kök idi, amma əslində onlar dörd 
yox, beş nəfər idi, çünki bunların bir dostu var idi, adı Kələntər müəllim idi və bu 
Kələntər müəllim də Allahın hər verən günü Ağababagilin evində idi, yəni ki, 
kirayənişinlərin yanına gəlirdi. Amma Kələntər müəllim arıq və uzun idi, boğazının 
hulqumu çıxırdı və uzunluqda, əyri-üyrülükdə bu kişi dəvə boynuna oxşayırdı, həm 
də yaman qayışbaldır kişi idi. 
Yoğun səsli qız indi də o biri mahnısına başladı  və bu mahnı yazılan valın 
ortası çatdaq olduğu üçün, ortada ilişə-ilişə bütün bu həyət-bacanı başına aldı: 
 
«Volqa»sı yaşıl oğ-ğ-ğ-lan, Qəni, Qəni!  
Ağzı qızıl diş oğ-ğ-ğlan, Qəni, Qəni!  
Gəl sən mənə sataş-ş-şma.  
Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!.. 
 
«Mürdəşir üzüvü yusun sənin! «Qəni» deyə-deyə qara yerə girəsən elə!» – 
Ağabacı ürəyində bu sözləri deyə-deyə, yoğun səsli qızın qarasına deyinə-deyinə 
çayniki elə hirslə samovarın dəmkeşinə basdı ki, çaynik yanı üstə əyildi və qaynar su 
çaynikdən tökülüb Ağabacının baş barmağını yandırdı. «– Mənə bu da azdı! – dedi 
öz-özünə  Ağabacı. – Guya ki, bunlardan sezonun axırında iki yüz manat alıb 
bəxtəvər olacağam!» 
 
Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni... 
 
Bu dəfə  də valdan «Ay can! Ay can!» səsləri gəldi. Bu əldədüzəltmə valları 
hansı bir toy məclisindəsə yazmışdılar və bu cür valları Bakıdakı «Nərgiz» kafesinin 
yanında əldə çox baha qiymətə satırdılar, çünki bu cür valların öz azarkeşləri var idi 
və bu cür azarkeşlərin də cibi həmişə dolu olurdu; Əminə xanım da bu valları 
«Nərgiz» kafesinin qabağından aldırıb gətirmişdi və ümumiyyətlə,  Əminə xanım 
«Nərgiz» kafesinin qabağında satılan bu cür valların birini də buraxmazdı, hamısını 
aldırıb səhərdən-axşama kimi ləzzətlə qulaq asardı. 
Sonra həmin cır səsli oğlan yenə qışqıra-qışqıra cavab verdi, guya ki, Qəni bu 
başıbatmışdır: 
 
Dəm, dəm olmuşam, ay gözəl,  
Gözləri xumar olmuşam, ay gözəl!..
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə