Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   50   51   52   53   54   55   56   57   ...   145

 
121
Allah lənət eləsin dəllal Zübeydəyə, Zübeydə ürcah elədi bu kirayənişinləri 
Ağabacıgilə, «– Yaxşı adamlardı – dedi, – çox kulturnu adamlardı!», yalansa bir 
qara daş düşsün dəllal Zübeydənin başına, kirayənişin tapdığı üçün, Allah bilir, nə 
qədər almışdı bunlardan, dəysin öz başına, amma bunları gətirib Ağabacıgilə ürcah 
eləməyi elə bil ki, azmış, beş manat da tutub Ağabacıdan aldı ki, kirayənişin 
tapmışam səninçün! Lap əcəb elədi dəllal Zübeydə,  əlinin də içindən gəldi, çünki 
dəllal Zübeydə kimi anasının  əmcəyini kəsənin sözünə baxanda axırı da belə olar. 
Sonra Ağabacı fikirləşdi ki, gərək evin kişisi bir nəfər olsun, kişi nə dedi, gərək elə 
də olsun, necə ki, Ağababa deyirdi ki, kirayənişin lazım deyil bizə, elə də olmalı idi. 
Dolça birinci gün damın yanında dayanıb bu təzə adamlara baxdı, bu təzə 
adamların hərəkətinə, danışığına, davranışına fikir verdi və milisioner Səfər düz 
deyirdi ki, itin xasiyyəti yiyəsinin xasiyyətinə oxşayar, Dolçanın da, deyəsən, elə 
birinci gündən bu təzə adamlardan gözü su içmədi, bu təzə adamları görəndə üzünü 
çevirdi, arxasını çevirdi. 
Əlbəttə, bu təzə adamlar Dolçanın onları xoşlayıb-xoşlamamağının dərdini 
çəkmirdi və ümumiyyətlə, dərd çəkən adamlar qəbilindən deyildi bunlar, bircə 
Ofelya Dolça ilə dil tapmaq istəyirdi, amma bu da mümkün olmurdu. 
Ofelya Ağababagilin qızlarına qaynayıb-qarışmırdı  və  həyət-bacada 
ayağıyalın, başıaçıq gəzən, istədikləri vaxt çörək yeyən, istəmədikləri vaxt yeməyən, 
qaynadılmamış, çiy quyu suyu içən, təkbaşına gedib dənizdə çimən bu qızlara 
Ofelya elə heyrətlə baxırdı, elə bil bu qızlar tamam başqa bir dünyanın adamlarıydı 
və  Ofelya  bu  qızlarla dil tapmaqdansa, sövq-təbii, Dolça ilə dil tapmaq istəyirdi, 
Dolça ilə dostlaşmaq istəyirdi və bütün mehrini salmışdı Dolçaya. 
Ofelya bütün günortanı gilas, gilasın üstündən  şokolad,  şokoladın üstündən 
kotlet, kotletin üstündən toyuq, balıq,  ərik, qara kürü və sairə  və ilaxır bu sayaq 
şeylər yeyə-yeyə Dolçanın damının yanındakı iydə ağacının kölgəsində dayanıb ya 
da Ağababanın düzəltdiyi taxta kətillərdən birini gətirib üstündə oturub boynu 
zəncirli Dolçaya baxırdı. 
Dolça tərtəmiz geyinmiş, saçları səliqə ilə daranıb qırmızı bant taxılmış bu kök 
qıza fikir vermirdi, qız ona yaxınlaşmaq istəyəndə Dolça hürürdü və Ofelya da o 
saat qorxub geri çəkilirdi və şüşəbənddən bunu görən Əminə xanım:¸ 
– Qudurasan, qurbağa! – deyirdi. 
Əminə xanımın belə deməsinin səbəbi o idi ki, Ofelya evdə şey qoymurdu, 
hamısını gətirib Dolçanın qabağına atırdı, bütöv kotlet, toyuq budu, küftə, dolma içi 
atırdı Dolçanın qabağına, amma Dolça bunların heç birini yemirdi və bütün bunları 
həyətə gələn pişiklər tələm-tələsik yeyib qaçırdı. Ofelya o qədər pərt olurdu ki, az 
qalırdı ağlasın. Ofelya o qədər əlləşib-çalışırdı, o qədər mehriban danışırdı, o qədər 
əzizləyirdi, amma bütün bunlardan bir iş çıxmırdı və Dolça nə Ofelyanın üzünə 
baxırdı, nə də onun verdiyi yeməli şeylərə dilini vururdu. 
Əminə xanım yaxşı xörək bişirirdi və bu xörəklərin yaxşılığı, çox dadlı olmağı 
qoxusundan məlum edirdi. Kirayənişinlər bu evə köçən gündən gündə bir neçə 
xörəyin ətri bütün bu həyət-bacanı başına götürürdü: səhər-səhər kəllə-paça, ət 
blinçiki, tavakabab, günorta və axşam dolma, dovğa, plov, çığırtma, qızartma, 
bozartma və ən çox da kotlet (Əmirqulunun arvadı Xeyransa deyirdi: «– Çox kalan 
adamlardı evündə olanlar!». «– Kalandırlar özləriyçün, mənə nə?» – deyirdi Ağabacı 


 
122
və ürəyində də deyirdi ki, alnımıza belə yazılmışmış, bu yay bizimki də belə 
gətirməliymiş...). 
Daha bir həftədən artıq idi bura köçmüşdülər, amma bu müddət ərzində Əminə 
xanım bir dəfə  də olsun həyətdən eşiyə  çıxmamışdı, tualet həyətin aşağı başında 
olmasaydı, zalımın qızı heç şüşəbənddən də  aşağı düşməzdi yəqin. Bəşir müəllim 
hər gün Bakıdan taksi ilə  gəlirdi və  səhərlər taksi ilə  də  şəhərə gedirdi (Ağabacı 
deyirdi ki, bu kişi ki, bu qədər pul verir taksiyə, elə özünə bir maşın alsın də, 
Xeyransa da deyirdi ki, ağəz, olmaz yəqin də, qorxur də, məvacibi azdı yəqin, yoxsa 
nöşün almır?!). Bəşir müəllim hər dəfə də şəhərdən gələndə iki əli də dolu zənbillə 
gəlirdi və Əminə xanım bu zənbilin içindəkilərdən bir ucdan dadlı xörəklər bişirirdi. 
Dərslər kəsilmişdi və Nuhbala bütün günü dəniz qırağında olurdu, qapqara 
qaralmışdı  və yazıq biz bildiyimiz səbəbdən gecələr də evə gec gəlirdi, evdəkilər 
onun üzünü, demək olar ki, görmurdü. Qızlar bu xörək  ətirlərinin dərdindən hərə 
başını götürüb bir rəfiqəsinin evinə gedirdi və  Ağabacı da bu gedişlərin səbəbini 
bildiyi üçün canını dişinə tutub heç bir söz demirdi. Bütün bunlara bəlkə də dözmək 
olardı, amma bir şeyə dözmək çox çətin iş idi: bu cürbəcür xörəklərin, bu cür ətin 
müqabilində  Ağabacı  hər dəfə tavaya kartof töküb qızardanda, badımcan doğrayıb 
qızardanda, elə bil ki, uşaqlarından xəcalət çəkirdi; indiyəcən Ağababagildə belə şey 
olmamışdı və bu ən betəri idi. 
Ofelya: 
– Dolça! Dolça! – deyirdi və sidq-ürəkdən elə hey çalışırdı ki, bu ağ itlə 
dostluq eləsin. – Ala! – Əminə xanımın təzə dana ətindən bişirdiyi kotleti Dolçanın 
qabağına atırdı, amma Dolça bu dostluğu qəbul eləmirdi ki, eləmirdi. 
Bir dəfə Ağabacının tükü ürpəşdi, arvada elə gəldi ki, Dolça gözünü Ofelyanın 
atdığı kotletdən çəkdi, üzünü döndərdi və ağladı. 
Axşam Ağabacı  Ağababaya dedi ki, səhər üç toyuq kəssin və sabah bu üç 
toyuğu bişirib yeyəndən sonra, Ağabacı sümüklərin hamısını bir qaba yığdı  və 
həmin qabı aparıb Dolçanın qabağına qoydu. Dolça da həmin gün bu sümüklərin 
hamısını xırçıldada-xırçıldada beş dəqiqənin içində yeyib qurtardı. 
Nə isə, dəsgah idi, Ağababa demişkən, eşşək gətir, mərəkə yüklə. 
 
V 
 
Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, 
oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura 
gəlib-gedirdi, çünki belə  məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; 
hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi. 
Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və  hər dəfə bu maşın 
Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim 
şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik 
şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın 
pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa 
aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma 
burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə