Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   48   49   50   51   52   53   54   55   ...   145

 
117
öldürdüyü Sarıbaş) xasiyyətdə, hətta görkəmdə də elə bil ki, yiyəsinin burnundan 
düşüb. (Kəndin uşaqları deyirdi ki, quşvuran Fazil ovladığı quşların başını kəsib 
Sarıbaşa verirmiş və tula buna elə adət edib ki, ovu tapan kimi, sahibini gözləməmiş 
başını qoparıb yeyirmiş, quşvuran Fazil də heç nə olmayıbmış kimi, həmin quşları 
aparıb Bakı bazarlarında camaata satırmış və guya bu işin ucbatından xəstələnənlər 
də olub Bakıda; bir də deyirdilər ki, quşvuran Fazilin tulası murdar ət yeyir, çünki 
Sarıbaş səhərdən axşamacan su dümləyirdi.) Milisioner Səfər deyirdi ki, bax, misal 
üçün, götürək Ağababanın bu ağ itini, doğrudan da bütün xasiyyətini öz yiyəsindən 
götürüb, çox gözütox itdi. 
Bostanda yenə yemiş partladı  və Dolça qulaqlarını  şəkləyib bostan tərəfə 
baxdı. Bağban  Əsədulla Özbəkistandan tezyetişən yemiş növü gətirib  əkmişdi 
həyətində və üzümlər hələ qoralamamış bu yekə sarı yemişlər yetişib yeməli olurdu. 
Bağban  Əsədulla xüsusi hörmət  əlaməti olaraq bu tezyetişən yemiş növündən 
Ağababaya da toxum vermişdi və bu il Ağababanın bostanında  toxumu 
Özbəkistandan gətirilmiş  həmin yemişlər sapsarı saralıb böyümüşdülər, 
yetişmişdilər. Bu yemişlər gecələr, nisbətən sərinlik olanda partapartla partlayıb öz-
özünə parçalanırdı. Dolça əvvəllər başa düşmürdü ki, bu partapart nədi belə, amma 
sonra başa düşdü ki, yemişlərin işidi bu. 
Sonra Dolça quyunun başındakı şalbandan asılmış elektrik lampasının işığında 
sürətlə uçub-keçən yarasaya baxdı, sonra odun doğranan kötüyün üstünə qalxdı, 
oradan hinin damına qalxdı, hinin damından da daş hasarın üstünə çıxdı və dənizə 
tərəf baxdı. 
Dolça ay işığında işıldayan qara gözlərini bir müddət dəniz tərəfdən çəkmədi. 
Dolça bəlkə o tək cüllütü yadına saldı, bəlkə  dənizlə bağlı yadına düşəcək 
başqa şeylər var idi? – Hər halda Dolça fikirləşirdi; baxışıyla, duruşuyla fikirləşirdi 
və beləcə hasarın üstündə dayanıb dənizə  tərəf baxdı, sonra başını  dəniz tərəfdən 
çöndərib kəndin yatmış evlərinə baxdı, yenə  də qulaqlarını  şəkləyib qulaq asdı – 
sahibinin xorultusundan başqa, hərdənbir tuppatupla yerə dəyən küknar qozalarının 
tappıltısından başqa, bir də ki, hasarın o tayında, küçədə, «ehsan tutu» deyilən yüz 
yaşını keçmiş xartut ağacının xışıltısından – yüngül gilavar tutun yarpaqlarını 
səsləndirirdi – başqa bir səs yox idi. Dolça başını qaldırıb zəndlə «ehsan tutu»nun 
şaxəli qol-budağına, qaranlıqda bir-birindən seçilməyən, hamısı bir yerdə bütöv bir 
şey kimi qaralan yarpaqlarına baxdı. 
Kənddə deyirdilər ki, bu tut ağacını yüz neçə il bundan əvvəl Məşədi Muxtar 
adında bir kişi  əkib və guya, bu Məşədi Muxtar milisioner Səfərin arvadının ulu 
babasıdı; Məşədi Muxtarın Əhməd adında doqquz yaşlı oğlu dənizdə batıb ölüb və 
Məşədi Muxtar da bu xartutu küçədə  əkib, küçədə baxıb-becərib ki, yoldan ötən, 
ürəyi yanan ağzına bir tut qoysun və  Əhmədin ruhu şad olsun. Kənddə bu ağaca 
«Məşəd Muxtar tutu» da deyirdilər, «Əhməd ağacı» da deyirdilər, amma əksərən 
«ehsan tutu» deyirdilər.  Əlbəttə, Dolçanın bütün bunlardan xəbəri yox idi, amma 
yayın bu vaxtında, yəni iyulun əvvəllərində gündüzlər bu ağacın böyük kölgəliyi, 
qol-budağı  kəndin uşaqları ilə dolu olardı  və  bəlkə  də Dolça da indi bunu yadına 
saldı, gündüzün o səs-küyündən, o hay-həşirindən sonra gecənin bu səssizliyinə, 
tutun bu xışıltısına qulaq asdı  və yalnız bundan sonra könülsüz-könülsüz başını 
çöndərib qayalığa tərəf baxdı, elə bil ki, bayaqdan ora-bura baxmalar, qulaq asmalar 
bir hazırlıq imiş, əsas qayalıq imiş. 


 
118
Dolça gözlərini o tərəf-bu tərəfə dolandırırdı, guya ki, təsadüfən qayalığa 
nəzər salırdı, sonra da tez gözünü oradan yayındırırdı, elə bil ki, bu qayalıqlarla 
əlaqədar Dolçanın suçlu bir işi var idi, elə bil nədəsə təqsirkar idi; sonra Dolça iki 
dəfə yavaşdan qayalığa tərəf hürdü, qabaq ayaqlarını büküb çənəsini hasarın üstünə 
qoydu və yavaşdan da zingildədi; elə bil ki, Dolça həmin yay gecəsi Alabaşa, 
Sarıbaşa «əlvida» dedi. 
Sonra Dolça hasardan enib bostana tərəf qaçdı. 
 
IV 
 
Yenə əvvəlcə oğlan cır, nazik səsini zildə kökləyib dad elədi: 
 
– Leyli! Leyli!
 
 
Sonra qız kişi səsinə oxşayan yoğun səsiylə soruşdu: 
 
– Nədi. Məcnun?
 
 
Sonra ikisi də bir yerdə oxumağa başladı: 
 
– Bəs, biz axı, neyləyək?  
Ibn-Səlam elçi gəlir,  
Dərdi kimə söyləyək? 
 
 
Oğlan təzədən səsini zildə köklədi: 
   
     
   
     – Çiçəyim, mələyim, 
Ey gözəlim mənim, qəşəng Leylam,  
Sənsiz həyatda yaşamaq mənə olar haram! 
 
Ağabacı bu dəfə özünü saxlaya bilməyib ürəyində fikirləşdi ki, ağıllı olub 
başqalarının dərdini çəkincə, gic ol, qoy elə hamı sənin dərdini çəksin; kül bunların 
başına! Ağabacı bunu fikirləşdi, amma məlum olmadı ki, kimin qarasınca deyinir: 
bu oxuyanların, yoxsa ki, kirayənişinlərin. Dünən gecə yerlərinə girəndə və Ağababa 
deyəndə ki, bu kirayənişinlərdən gözü su içmir, Ağabacı Ağababanı sakit elədi: «– 
Armud saplaqsız, adam nöqsansız olmaz, ay Ağababa...» – dedi, amma Ağababa 
hələ dörd gün idi gündüzlər evdə olmurdu və bu işlərdən bir o qədər də xəbəri yox 
idi. 
Düz beş gün idi ki, bu konsert davam edirdi, düz beş gün idi ki, bu cır səsli 
oğlan Leylini çağırırdı və yoğun səsli qız da: «– Nədi, Məcnun?» – deyirdi (Ağabacı 
da ürəyində: «– Boyuvu elə qara yerə soxum sənün!» – deyirdi), sonra da ikisi bir 
yerdə oxumağa başlayırdı. 
Düz beş gün idi ki, günorta çağı bu konsert başlayan kimi, yəni Əminə xanım 
valı patefonun üstünə qoyub səsi axıracan qaldırandan sonra, özü gəlib şüşəbəndin 
pəncərəsi ağzında dayanıb gilas yeməyə başlayırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə