Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   51   52   53   54   55   56   57   58   ...   145

 
123
Ağababagilin qızları Adili öz aralarında Abış çağırırdılar, çünki bir axşam 
Nuhbala Adildən soruşmuşdu ki, Amerika Birləşmiş  Ştatlarının paytaxtı haradır? 
Adil də cavab vermişdi ki, «ABŞ». 
Bəşir müəllimin harada işlədiyi dürüst məlum deyildi və işə kefi istədiyi vaxt 
gedirdi, amma bir gün Nuhbala evə belə bir xəbər gətirdi ki, uşaqlar deyir ki, guya, 
Bəşir müəllim Bakıda bazar müdiridir; hər halda, nə  Ağababa, nə  də  Ağabacı bu 
barədə bir söz soruşmamışdı, çünki Bəşir müəllimin harda işləməsinin onlara dəxli 
yox idi; çünki Ağabacı da öz ürəyində günləri sayırdı ki, avqustun axırı nə vaxt gəlib 
çıxacaq və bu kirayənişinlər nə vaxt çıxıb gedəcək, Ağababa da öz ürəyində günləri 
sayırdı ki, bu əhvalat nə vaxt qurtaracaq. 
Nə  qədər ki, Ağababa toy eləyib evlənmişdi, Ağabacı ilə bir yastığa baş 
qoymuşdu, o vaxtdan Ağababa həmişə evə  tələsmişdi və  ələlxüsus da – yaş 
ötmüşdü, ondan idi, ya nə olmuşdusa – axır vaxtlar Ağababa «Bakı-Buzovna» 
marşrut avtobusunu sürə-sürə gündə altı dəfə o başa, altı dəfə də bu başa kəndlərinin 
yanından ötüb-keçəndə az qalırdı ki, içi adamla dolu avtobusu başlı-başına buraxıb 
düşüb getsin evlərinə  və  Ağabacı  sərin quyu suyundan bir dolu vedrə  çəkib elə 
həyətin ortasındaca töksün Ağababanın boyun-boğazına və Ağababa da üz-gözünü 
əməlli-başlı yuyub bütün bu avtobus haray-həşirini, bu avtobus basırığını yadından 
çıxarsın,  şüşəbənddə oturub armudu stəkanla pürrəng çaydan içə-içə televizora 
baxsın. 
Sən demə, yaşının bu çağında Ağababanın görəcəyi günlər var imiş. Hələ də, 
Ağababa gedib işdə xahiş eləyəcəkmiş ki, əlavə növbə versinlər ona, evdə də yalan 
danışacaqmış, deyəcəkmiş ki, Ağabacı, «naparnikim» xəstələnib, ona görə də əlavə 
iş veriblər mənə. 
Ağabacı başa düşürdü ki, əslində Ağababa evdən qaçır, amma üzə vurmurdu 
bunu və Ağabacı özünü tənbeh eləməkdən də yorulub təkcə bununla təskinlik tapırdı 
ki, başına gələn başmaqçı olar, qələt eləyərəm bundan sonra atabaatamla, ev kirayə 
vermərəm yayda. 
Əlqərəz, doğrudan uzun əhvalat idi və indi bu əhvalatın başında kabab dəsgahı 
dururdu. 
Kabab dəsgahı birinci dəfə həmin avqust axşamı başladı, həmin avqust axşamı 
ki, Əminə xanımın günorta xörəklərinin ətri həyətdən çəkilhaçəkil idi və qızlar da 
qayıdıb gəlmişdi evə, özləri də yığılmışdı televizorun qabağına. Hələ kirayənişinlər 
evə köçməmiş Ağababa televizoru şüşəbənddən endirmişdi şüşəbəndin altına. (Bəşir 
müəllimgilin iki tranzistor televizoru var idi, birini qoymuşdular şüşəbəndə və 
Əminə xanım bu televizora baxırdı, o biri televizoru ki, yapon televizoru idi, Ofelya 
özüylə həyətdə gəzdirirdi və Dolça on-on beş dəfə dalını Ofelyaya çöndərəndən 
sonra, Ofelya naəlac qalıb, bütün bu Abşeronda təkcə qalıb, iydə ağacının altında 
televizora baxırdı; əlbəttə, bu balaca əl televizoru maraqlı televizor idi və iydə 
ağacının kölgəsində oturub televizora baxmaq yaxşı iş idi, Ofelya bir dəfə, hətta, 
Iranı tutmuşdu həmin televizorda, amma Ağababanın qızlarından heç kim gedib 
Ofelyayla bir yerdə o televizora baxmırdı, Adil də televizora baxmırdı, qalın bir 
kitabı qabağına qoyub yayın istisində, özü də Abşeronun istisində otaqda oturub tər 
tökə-tökə, guya ki, imtahana hazırlaşırdı, amma bir də baxıb görürdün ki, düzdü, 
kitab biçarə Adilin qabağındadı, amma fikri-xəyalı uçub gedib, Allah bilir hardadı, 
hərdən özünə gəlirdi, kitab əvəzinə divardakı şirə, qəhrəmana baxırdı, yenə də 


 
124
gedirdi uzaqlara; o ki, qaldı Bəşir müəllimə, Bəşir müəllimin televizordan zəhləsi 
gedirdi və Bəşir müəllimin qəzet-jurnalla da arası yox idi, çünki Bəşir müəllim 
deyirdi ki, adam gərək «naturalnı» yaşasın, ələlbət belədi!) 
Həmin avqust axşamı Ağabacı da, qızlar da yığışmışdı şüşəbəndin altındakı 
televizorun qabağına və düzdü, bu televizor köhnə televizor idi, o qədər də yaxşı 
göstərmirdi. Ağabacının da çox ürəyindən keçirdi ki, bu televizoru dəyişdirsin, təzə 
bir televizor alsın ki, həm böyük göstərsin, həm də aydın göstərsin, həm də tərpənib 
adamı dilxor eləməsin, amma indi bunun mətləbə dəxli yox idi, çünki bir azdan xalq 
çalğı alətləri orkestrinin konserti başlayacaqdı və deyilənə görə bir qız oxuyacaqdı 
ki, elə bil Zeynəb Xanlarovadır. 
Yüngül bir xəzri başlamışdı. 
Ağabacı televizorun qabağında yerini yaxşıca rahatlayıb böyük bir həvəs və 
ləzzətlə konsertin başlamasını gözləyə-gözləyə dedi: 
– Yox, ağəz, yox e!.. Ola bilməz! Nə  qədər özlərini öldürsələr də, nə  qədər 
yamsılasalar da, Zeynəbə çatan olmaz! Bir dənədi kişinin qızı! Yoxdu onnan day! 
Bu vaxt Kələntər müəllimin qırmızı «Jiquli»si darvazanın qabağında dayandı 
və bu dəfə  qırmızı «Jiquli»nin içindən Kələntər müəllimdən başqa səs-küylə dörd 
kişi də çıxdı və bunların maşından çıxmağı ilə ara qarışdı, məzhəb itdi. 
Kələntər müəllim qışqırdı: 
– Bəşir müəllim! Ay Bəşir müəllim! Gəl gör kimlər gəlib! 
Yekə dalı  və yoğun baldırları enli, zolaqlı pijama şalvarının altından titrəyə-
titrəyə, Bəşir müəllim, bu qədər köklüyünə uyuşmayan bir cəldliklə  şüşəbəndin 
pilləkənlərini aşağı düşdü: 
– Ay xoş  gəlmisiniz! Ay həmişə siz gələsiniz? Belə  səfa gətirmisiniz,  əcəb 
eləmisiniz! Ələlbət, əcəb eləmisiniz! 
Qonaqlar həyətə girdi və bu qonaqlar, görünür, hardasa yeyib-içib təzədən 
durub bura gəlmişdilər, çünki bu qonaqlarla bir yerdə spirt və quyruq kababının iyi 
də  Ağababagilin həyətinə doldu; o, zarafat elədi, bu güldü, o biri darvazanın bala 
qapısından həyətəcən çığırın hər iki tərəfində əkilmiş qərənfillərdən dərdi, bu birisi 
də  ağacdan xartut dərəndə  həm ağ köynəyi qıpqırmızı  qızardı, həm də tutun 
budağını qırdı və bütün bu zırıltının müqabilində Ağabacı təkcə ona şükür eləyirdi 
ki, yaxşı ki, Ağababa evdə yoxdu; Ağababanın ürəyi partlardı, dözməzdi buna, lap 
qan salardı Ağababa, bədbəxt olardılar. 
Qonaqlar Kələntər müəllimin otaqdan dartıb gətirdiyi Adili görüb: 
– Igid budu? – soruşdular, sonra: – Qoçaq oğlandı – dedilər, sonra özlərindən 
birini göstərib: – Igid, sən sabah, bax, bu müəllimə, hörmətli Cabbar müəllimə 
imtahan verəcəksən, – dedilər. – Özün də möhkəm ol, igid! – dedilər. – Qorxma, 
qorxan gözə çöp düşər! – dedilər. 
Əminə xanım bura köçdükləri vaxtdan birinci dəfə  aşağı düşüb  şüşəbəndin 
altına gəldi. Ağabacıdan təcili manqal istədi, şiş, maşa, kömür istədi və eşidəndə ki
Ağabacıgilin nə manqalı, nə şişi, maşası və kömürü var, Əminə xanımın gözü çıxdı 
kəlləsinə və sidq-ürəkdən heyrət edə-edə: 
– Bay, sənə mən nə deyim, ay arvad! – dedi. – Müharibə vaxtı-zaddı bəyəm? 
Kabab bişirmirsiniz? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə