Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   52   53   54   55   56   57   58   59   ...   145

 
125
Heyrətini və sairə şeyləri bu sayaq sözlərlə ifadə etməyə Əminə xanımın vaxtı 
yox idi və  Əminə xanım  şüşəbəndin altından çıxıb yekə dalını oynada-oynada 
tələsik Kələntər müəllimə yaxınlaşdı, Kələntər müəllim məhrəm bir adam kimi
başını aşağı əyib qulağını Əminə xanımın ağzına yaxınlaşdırdı və Əminə xanım da 
Kələntər müəllimin qulağına tələm-tələsik nəsə  pıçıldamağa başladı; Kələntər 
müəllim diqqətlə Əminə xanıma qulaq asa-asa şüşəbəndin altına, Ağabacıgil tərəfə 
baxdı, məzəmmətlə başını buladı  və tez həyətdən çıxıb maşınına mindi və  qırmızı 
«Jiquli» sürətlə Gümüş Malikin dəniz qırağındakı kababxanasına tərəf götüruldü. 
Bir azdan bütün bu həyətə, bütün bu tərəflərə bir kabab iyi yayıldı, kabab 
tüstüsü aləmi basdı və Əmirqulunun arvadı Xeyransa başını pəncərədən çıxartdı ki, 
görsün bu nə həngamədi belə, sonra başa düşdü ki, iş nə yerdədi və tez də pəncərəni 
kip-kip bağladı ki, evinə kabab iyi gəlməsin, kabab tüstüsü dolmasın. 
Kələntər müəllim Gümüş Malikin kababxanasından gətirib həyətin ortasında 
qaladığı manqalda kabab bişirirdi və çox yağlı qoyun əti olduğu üçün, yağ  əriyib 
cızhacızla közün üstünə tökülürdü və tüstü aləmi bürüyürdü; Kələntər müəllim 
tüstüdən gözlərinin yaşı axa-axa, Ağabacının içində paltar qaynatdığı yekə qazanın 
qapağı ilə manqalı yelləyirdi və Adil də bişmiş şişləri bütün həyət boyu, pilləkənlər 
boyu yağı dama-dama şüşəbəndə qaldırırdı. 
Şüşəbənddə isə məclis arəstə idi. 
Bəşir müəllim: 
–  Ələlbət, bu, erməni konyakıdı! Bu da Çeçen-inquş konyakıdı!  Ələlbət, 
Çeçen-inquş konyakıdı! Bu da Dağıstanındı! Dağlar qartalları düzəldib bunu! 
Ələlbət belədi! – deyirdi. 
Cabbar müəllim: 
– Əşi, bu kişi lap aləmdi ki, – deyirdi.  
Səftər müəllim: 
– Içək aləm kişilərin sağlığına! – deyirdi. – Çünki belə aləm kişilər olmasaydı, 
bu dünya çox səfeh dünya olardı! 
Əlisahib müəllim millət dərdi çəkirdi və deyirdi ki, Allah, bu millətin axırı nə 
olacaq, niyə bu millətin bu cür kişiləri bu qədər azdı, o qədər azdı bu cür kişilər ki, 
çıraqla axtarasan gərək və nə yaxşı iş görüb Kələntər müəllim ki, onları gətirib bura, 
millətin bu cür kişiləri ilə üzbəsurət oturdub.  
– Süfrəyə bir bax!  – deyirdi Əlisahib müəllim. – Gör necə süfrədi, özü də beş 
dəqiqənin içində!  Əşşi, sən bir əliaçıqlığa bax, sən bir nemətlərə bax! Millətin 
simasıdı bu, millətin! 
Təkcə  Fərman müəllim birdən-birə susub heç nə demirdi, tez-tez hıçqırırdı, 
rəngi-rufu sapsarı saralmışdı  və belə  məlum olurdu ki, Fərman müəllimin halı 
xarabdı, ürəyi bulanır. 
Bəşir müəllim: 
– Əminə xanım, zəhmət olmasa, Fərman müəllimə qatıq gətir, ələlbət lazımdı, 
– dedi. 
Cabbar müəllim: 
– Əşşi, bu kişi lap aləmdi, vicdan haqqı, aləmdi. - dedi.  
Kələntər müəllim  şişləri bir-bir manqalın üstündən götürüb verirdi Adilə  və 
Adil də  şişləri qorxa-qorxa alırdı ki, əli yanar. Kələntər müəllimin kefi doxsan 
doqquz vururdu və Kələntər müəllim belə bir kefiköklüklə əlini əlinə sürtüb: 


 
126
– Nədən qorxursan, ay zalım! – dedi. – Girmisən e, instituta, girmisən, dədə 
canı! – Sonra Kələntər müəllim Adili lap xətircəm eləməkdən ötrü başı ilə 
şüşəbəndə işarə elədi. – Ə, sən öl girmisən! Nağdı, qağa, dədə canı! 
Adil şişlərdən ürəkli yapışdı. 
Kələntər müəllimin gözü şüşəbənddə qaldı və bir müddət elə bil ki, manqalın 
üstündəki kabablar Kələntər müəllimin yadından çıxdı, çünki Əminə xanım 
şüşəbənddən həyətə boylanırdı, manqala tərəf baxırdı  və  Əminə xanımın ipək 
xalatının açıq yaxasından döşlərinin arası açıq-aşkar görünürdü, sonra Kələntər 
müəllim özünü ələ aldı birtəhər və yenə  də manqalla məşğul oldu. Və  Ağabacı 
həmin axşam o vaxt özünə gəldi ki, qızlar bu kabab iyindən, bu kabab tüstüsündən 
baş götürüb hərə bir tərəfə getmişdi, televizordakı qız da oxuyurdu təkcə özü üçün
çünki bu dəm bu həyətdə televizorda oxuyan qıza heç kim qulaq asmırdı, sonra 
Ağabacı  zəncirin səsini eşitdi, Dolçanın mırıltısını  eşitdi və  Ağabacı  şüşəbəndin 
altından başılovlu çıxıb Dolçanın damına tərəf getdi. 
Xəzri kababın iyini, közün üstünə damıb cızıldayan yağın tüstüsünü birbaş 
boynu zəncirli Dolçanın üstünə aparırdı. 
Dolça elə bil yadından çıxarmışdı ki, zəncir dartmaqla qırılan deyil, boynunu 
zəncirdən qoparmaq istəyirdi, özünü o tərəfə, bu tərəfə atırdı, mırıldayırdı; Dolçanın 
tükləri qabarmışdı, ağzından su axırdı, gözləri həm pıçalaqlamışdı, həm də az qalırdı 
hədəqəsindən çıxsın. 
Ağabacı əlimyandıda Dolçaya yaxınlaşmaq istəyəndə it lap bərkdən mırıldadı 
və  Ağabacı bu neçə illər  ərzində birinci dəfə Dolçadan qorxdu, itin qabarmış 
tüklərinə baxdı, yekəlmiş gözlərinə baxdı, ağzından tökülən suya baxdı, arvada elə 
gəldi ki, Dolça mırıldamır, yaralanmış canavar kimi ulayır, sonra Ağabacı özünü ələ 
aldı, cəld əlini atıb zənciri Dolçanın boğazından açdı və Dolça üç böyük sıçrayışla 
Kələntər müəllimin yanına atıldı, yerində qıvrıldı. 
Kələntər müəllim qazan qapağı ilə manqalı yelləyə-yelləyə ayağını yerə vurdu 
və Dolçanın üstünə qışqırdı: 
– Sürük burdan! 
Dolça dal ayaqları üstə yerə çöküb başını dik qaldırdı, Kələntər müəllimin düz 
gözlərinin içinə baxdı  və  Ağabacıya elə  gəldi ki, Dolça bu saat atılıb Kələntər 
müəllimi qamarlayacaq, amma incəvara Dolça ayağa qalxdı, iki dəfə bərkdən hürdü
manqalın başına dolandı, sonra qaça-qaça darvazanın bala qapısından küçəyə atıldı. 
Dolça küçə boyu qaça-qaça kənddən çıxdı və dəniz qırağına tərəf baş götürüb 
getdi, amma dəniz qırağına gəlib çatmadı, necə oldusa qaça-qaça da dövrə vurdu və 
təzədən kəndə girib gəldiyi küçə ilə də geri qaçdı, darvazanın bala qapısından həyətə 
girib dayandı, dilini çıxarıb ləhləyə-ləhləyə üstü kabab dolu manqala baxdı. 
Kabablar manqalın üstə cızhacızla qızarırdı. 
Ofelya: 
– Dolça! Dolça! – qışqırdı. – Dolça şüşəbəndə baxdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə