Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   56   57   58   59   60   61   62   63   ...   145

 
133
qızarmış qabırğalardan üç-dördünü götürüb, əlləri yana-yana aşağı düşdü, iydə 
ağacının yanına yüyürüb isti qabırğaları, yağı daman qızarmış quzu qabırğalarını 
bir-bir Dolçaya tərəf atmağa başladı: 
– Dolça! Ala! Ala! Dolça! Ala! 
Birinci tikə Dolçanın qabaq ayaqlarının yanına düşdü və Dolça necə 
dayanmışdısa elə eləcə başını  aşağı  əyib qabırğa tikəsinə baxdı, sonra yenə başını 
qaldırıb Ofelyaya baxdı. 
Dolça hürmədi. 
Dolçanın ağzı açılmışdı, dili ağzından sallanmışdı və ağzından su axırdı. 
Dolçanın qara gözlərində dərin bir kədər var idi. 
Ikinci tikə də Dolçanın sinəsinə toxunub yerə düşdü. 
Üçüncü tikə havada yox oldu və Ofelya əvvəlcə başa düşmədi ki, məsələ nə 
yerdədi, amma görəndə ki, Dolça tez-tez ağzındakı  ət parçasını yeyir, əlindəki 
axırıncı tikəni də atdı  və Dolça bu axırıncı tikəni də göydə qapıb təpişdirməyə 
başladı. 
Ofelya elə bil ki, ömründə belə sevinməmişdi və sevindiyindən Ofelya bilmədi 
atdana-atdana  şüşəbəndə necə qaçıb çıxdı  və  qızarmış quzu qabırğasıyla dolu 
boşqabı necə götürdü. 
Əminə xanım dedi: 
– Az, dəli olmusan, hara aparırsan bunları?  
Ofelya da dedi: 
– Indi ağlayaram, onda bilərsən! 
Ofelya dolu boşqabla yenə iydə  ağacının yanına qaçıb gəldi və Ofelya bura 
gələnə qədər Dolça yerdəki iki tikəni də yemişdi. Dolça dal ayaqları üstə qalxdı və 
fürsəti fövtə verməyən Ofelyanın bir-bir atdığı isti quzu qabırğalarını göydə qapa-
qapa, tələm-tələsik yeməyə başladı. Ofelya lap Dolçanın yanına gəldi və Dolça 
tikələri elə tez-tez, elə acgözlüklə  təpişdirib yeyirdi ki, sümükləri elə tez-tez, elə 
xırçıldada-xırçıldada çeynəyib udurdu ki, ət qurtaranda Ofelya boşqabı Dolçanın 
qabağına qoydu və Dolça boş boşqabın dibindəki yağı yalamağa başladı. 
Ağabacı  şüşəbəndin altında oturub göy qutabı üçün xəmir yayırdı  və 
Ağabacının gözləri Dolçaya sataşanda, bu dəfə də arvad gözlərinə inanmadı, oxlov 
əlində quruyub qaldı  və  Ağabacı bir müddət lal-dinməz oldu, tərpənmədi, 
kirayənişinlərinin boşqabının dibini yalayan Dolçaya tamaşa elədi, elədi, sonra ürəyi 
yana-yana öz-özünə: «– Yazıq heyvan!..»– dedi. 
 
«Volqa»sı yaşıl oğ-ğ-ğlan, Qəni, Qəni!  
Ağzı qızıldiş oğ-ğ-ğlan, Qəni, Qəni!  
Gəl sən mənə sataş-ş-şma,  
Çünki həyasızam mə-ə-ən, Qəni, Qəni!... 
 
Sonra cır səsli oğlan həmişəki kimi, səsini zildə köklədi: 
 
Dəm, dəm olmuşam, ay gözəl,  
Gözləri xumar olmuşam, ay gözəl!.. 
Və həmin gündən sonra Dolça Ağabacının arpa unundan düzəltdiyi kütə, yala 
bir də heç vaxt toxunmadı, Ofelyanın bir ucdan daşıdığı kotletləri, tavakababları, 
küftələri, qızarmış ətləri göydə qapıb yeməyə başladı. 


 
134
Həmin gündən Dolça Ofelyanın kölgəsi oldu və Ofelyanı görəndə  həmişə 
əlinə baxdı. 
Həmin gündən sonra Ofelya Dolça ilə oynadı, sonra Dolça ilə dalaşdı, sonra 
Dolçanı ələ saldı, qovdu, Dolçaya güldü, amma Dolça Ofelyadan əl çəkmədi, Ofelya 
acıqlananda Dolçaya yemək vermədi, Dolça qara gözləri ilə yalvardı, yalmandı, hər 
dəfə Ofelyanın ürəyini yumşaltdı və dadlı tikələri havada qapıb təpişdirdi. 
Sonra Dolça daha Kələntər müəllimə  də hürmədi, həyətdə kabab bişirən 
Kələntər müəllimin ayaqlarına dolaşmağa başladı. Kələntər müəllimə yalmandı  və 
Kələntər müəllimin də  hərdən ürəyi yumşaldı,  şişin ucundan bir tikə  çıxartdı, 
Dolçaya tulladı  və Dolça da Kələntər müəllimin atdığı kabab tikəsini göydə qapıb 
ağzı yana-yana yedi. 
Bir dəfə həm yay axşamının bürküsündən, həm də manqalın istisindən puçur-
puçur tər tökən Kələntər müəllimin bu zırıltıda bir tərəfdən də ayaqlarına dolaşan 
Dolçaya açığı tutdu və təpiklə Dolçanın belindən vurub kənara atdı. 
Bu vaxta qədər Dolçaya təpik dəyməmişdi və Dolça Kələntər müəllimin 
təpiyindən zingildəyə-zingildəyə öz damına tərəf qaçdı, bir müddət orda dayanıb 
Kələntər müəllimə baxdı, «Abış»ın  şüşəbənddəki qonaqlara daşıdığı yağı axan 
şişlərə baxdı, sonra yenə Kələntər müəllimin yanına gəldi və ən nəhayət də Kələntər 
müəllimin ona atdığı iki tikəni göydə qapıb yeyə bildi. 
Pişiklər daha Dolçanın qorxusundan cürət eləyib bu həyətə  gələ bilmədi, 
hərdənbir gizlincə gələndə də yeməyə bir şey tapmadı, çünki nə olurdusa hamısını 
Dolça özü yeyirdi. 
Dovşanlar Ağababanın bostanında kef çəkdi, çünki Dolça səhərlər, günortalar 
və axşamlar  Əminə xanımın bişirdiklərindən, Kələntər müəllimin kabablarından o 
qədər yeyirdi ki, bütün geçəni ağırlaşırdı, damdan bayıra çıxmırdı. 
Dolça bir neçə günün içində canlandı, ətə-qana doldu, əməlli-başlı kökəlməyə 
başladı. 
Ağabacı özünü elə göstərirdi ki, guya bu işdən xəbəri yoxdu, amma daha arpa 
unundan yal çalmırdı, küt düzəltmirdi, çünki, onsuz da, Dolça bunları dilinə 
vurmurdu. 
Nuhbala da, qızlar da özünü elə göstərirdi ki, elə bil heç nə olmayıb və bu 
barədə bir-birilərilə bir kəlmə  də  kəsmirdilər, amma Nuhbala ürəyində bu 
kirayənişinləri indi lap yeddimərtəbə söyürdü. 
Düzdü, Ağababa günortalar, demək olar ki, evdə olmurdu və bütün bu işləri öz 
gözü ilə görmürdü, amma təfavütü yox idi, çünki Ağababa görmədiklərini başa 
düşürdü, hiss eləyirdi və  Ağababa birinci dəfə Dolçanın kirayənişinlərə 
yalmanmasını görəndə kişinin ürəyindən elə bil yandıra-yandıra bir od parçası 
qopub gəldi: «– Gidi dünya!..» – dedi, sonra Ağababa fikirləşdi ki, axı, yazıq 
Ağabacı zahıdı, onuncu uşağı gözləyir Ağabacı və bu qədər ki, Ağabacı kabab iyi 
çəkir, kabab tüstüsü udur, bunun axırı heç yaxşı olmaz, gərək ət tapıb, manqal tapıb 
bir kabab bişirsin, yoxsa, doğrudan, yaxşı olmaz bunun axırı, amma Ağababa 
bilmirdi ki, Ağabacı fikirləşir ki, qarnındakı uşağın kababdan zəhləsi gedəcək, çünki 
bu qədər ki, bu uşaq yazıq, ana bətnində kabab iyi udur, iyrənəcək kababdan, yaxşı 
da eləyəcək elə; hər halda, Ağabacı belə təskinlik tapırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə