Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   45   46   47   48   49   50   51   52   ...   145

 
111
– Bu tüfənglə ayı vurmuşam e, mən, bir it nədi ki? Bu saat sovuraciyəm 
beynini göyə! 
Bağban  Əsədulla quşvuran Fazilin ardınca gedə-gedə  və yazıq Alabaşın 
aqibətini bildiyi üçün ürəyi də  əsə-əsə öz-özünə dedi: «– Bay sənin atova lənət! 
Atası da elə özü kimi çaqqal idi. Əclaf oğluna elə bil ki, medal verəcəklər it 
vurmağına görə! Xəncərlə adam başını qoyun başı kimi kəsər, «uf» deməz!» 
Əmirqulu əlini yuxarı qaldırıb: 
– Tapacıyıq onu! – dedi. – Tapacıyıq onu!  – Sonra yellənə-yellənə gedə-gedə 
də iki əliylə  şalvarının belindən tutub yuxarı  çəkdi, çünki həmişəki kimi yenə  də 
şalvarı əynindən düşürdü. 
Bu vaxt qabaqdakı sal qayanın arxasından bir it atılıb onlara tərəf qaçdı  və 
quşvuran Fazilin tüfəngi sinəsinə  sıxması ilə bağban  Əsədullanın  əl atıb tüfəngin 
ağzını yana eləməsi bir oldu və atılan güllə bu dəfə lap sahildə dənizi deşdi.  
Bağban Əsədulla: 
– Görmürsən başqa itdi?! – qışqırdı. Qaça-qaça özünü qayalığın üstündəki bu 
adamlara yetirmək istəyən Tavar güllədən hürkdü və bu dəfə, elə bil ki, güllə ona 
dəymişdi, zingildəyə-zingildəyə bu adamlardan kənara – yuxarı  tərəfə qaçmağa 
başladı; Tavar dəhşətli bir qorxu içində idi. 
Dolça Tavarın qaçmağına baxdı, güllənin dənizi deşdiyi yerə baxdı, sonra tez-
tez ayağının birini götürüb o birini qoya-qoya yenə bu adamların dalına düşdü və elə 
bu zaman bütün bu tərəfləri adamın tükünü biz-biz eləyən it boğuşmasının səsi 
bürüdü. Hamı yerində donub qaldı  və birdən-birə  hər tərəfi bürümüş bu it 
zingiltisinin, hənirtisinin təsirindən quşvuran Fazilin əlləri titrəməyə başladı  və 
bağban  Əsədulla da quşvuran Fazilin titrəyən  əllərinə baxıb: «– Ay sən öləsən! – 
fikirləşdi, – Ayıvurana bax!». 
Əmirqulu bir neçə addım qabağa atdı, özü də daha yellənmirdi, elə bil ki, 
möcüzə baş vermişdi, bu boğuşma səsi  Əmirqulunu ayıltmışdı  və günün bu 
vaxtında, günorta çağı Əmirqulu ayıq idi. 
Quşvuran Fazillə bağban  Əsədulla da bir-iki addım qabağa atdı. Uşaqlar 
səslərini kəsib yerlərindən tərpənmədi. Dolça uşaqlarla böyüklərin arasında dal 
ayaqları üstə oturub dilini çıxartdı  və günün altında ləhləməyə başladı. Quşvuran 
Fazil çönüb Dolçaya baxdı və təəccüb elədi ki, Ağababanın iti itlər boğuşan tərəfə 
heç hürmür də. 
Əmirqulu bir-iki addım da qabağa yeridi və bu vaxt sal bir qaya parçasının 
arxasından görünən Alabaş  qıcırtmış dişlərini Sarıbaşın boğazından çəkib 
Əmirquluya tərəf atıldı.  Əmirquludan heyvani bir çığırtı qopdu və qorxudan bircə 
anın içində gözləri böyüyüb az qaldı hədəqəsindən çıxsın, saçları qabardı və yazıq 
Əmirqulu həmin heyvani çığırtı ilə çığıra-çığıra da qaçmağa başladı. 
Alabaşı  təkcə yekəliyindən, kəsilmiş qulaqlarından, kəsilmiş quyruğundan 
tanımaq olardı, yoxsa ki, Alabaş Alabaş deyildi daha, bu üç gündə keçəlləmişdi, 
pıçalaqlı gözləri iriləşmiş, qıpqırmızı  qızarmışdı, baxışlarından dəlilik yağırdı, 
ağzından köpük axırdı. 
Əmirqulu həmin heyvani səslə qışqıra-qışqıra qaçırdı (uşaqlar bir azdan kəndə 
belə bir xəbər yaydılar ki, bağban Əsədullanın qudurmuş iti Əmirqulunu qovanda, 
Əmirqulu qaça-qaça qorxudan Xeyransanı köməyə çağırırmış) və Alabaş az qala ona 
yetəyetdə bağban Əsədulla quşvuran Fazilin lap qulağının dibində bağırdı:  


 
112
– Alə, at də! 
Quşvuran Fazil gözlərini, zingildəyə-zingildəyə yerində  qıvrılan Sarıbaşdan 
çəkib tüfəngi döşünə  sıxdı  və güllənin açılmağı ilə  də Alabaşın göyə atılıb yerə 
düşməsi bir oldu və bağban Əsədulla bu dəfə, istər-istəməz, fikrindən keçirdi ki, – 
yaxşı atır köpəkoğlu. 
Alabaş qabaq ayaqlarının dırnağı ilə qayanı cırmaqladı, bir-iki dəfə o tərəf-bu 
tərəfə qovruldu, sonra qabaq və dal ayaqlarını gücü gəldikcə uzadıb axırıncı nəfəsini 
buraxdı. 
Ağzının kənarlarından, boğazından, böyründən qan axan Sarıbaş  səndələyə-
səndələyə ayağa qalxdı, qayanın üstünə düşüb qalmış Alabaşa baxdı, sonra əlində 
tüfəng tutmuş quşvuran Fazilə baxdı  və itin dəhşət, qorxu və  ağrı dolu gözlərində 
birdən-birə bir sevinc qığılcımı parladı  və Sarıbaş  səndələyə-səndələyə, bədəninin 
qanı arxasınca zolaq sala-sala yiyəsinə tərəf gəldi. 
Hamı gözünü Alabaşdan çəkib Sarıbaşa baxırdı və bu dəm bu tərəflər yenə də 
tamam sakitlik içində idi. 
Quşvuran Fazil: 
– Səndən day it olmaz! – dedi, kənd kişilərinin qaydasını pozub uşaqların 
yanında çox biədəb bir söyüş söydü və tüfəngi döşünə  sıxıb Sarıbaşı düz alnının 
ortasından vurdu. 
Həmin yay gününün sakitliyini quşvuran Fazilin dördüncü gülləsi beləcə 
pozdu və  səhərdən bəri dal ayaqlarının üstündə necə oturmuşdusa eləcə  də oturan 
Dolça bu dördüncü güllədən sonra ağzını uzadıb quşvuran Fazilə iki dəfə hürdü. 
Quşvuran Fazil Dolçanın yanından keçəndə hirsindən təpiklə bu iti vurub 
zingildətmək istədi, amma bu itin Ağababanın iti olduğunu yadına saldı və burasını 
da fikirləşdi ki, Ağababayla belə zarafatın axırı onunçun yaxşı qurtarmaz. Dolçanı 
vurmadı, təkcə tüpürdü Dolçaya sarı və bu dəfə bərkdən yox, dodaqaltı çox biədəb 
bir söyüş söydü. 
Quşvuran Fazil, bağban Əsədulla, uşaqlar qayalıqdan düşüb kəndə tərəf getdi: 
quşvuran Fazil getdi ki, görsün hirsini kimin üstünə tökür, arvadının, ya qaynının, ya 
da başqa bir adamın üstünə; bağban Əsədulla getdi ki, evdən bel götürsün, külüng 
götürsün, gəlib itlərin cəsədini basdırsın ki, günün altında qayalıqda qalıb 
iylənməsinlər; uşaqlar getdi ki, bütün bu əhvalatı görməyənlərə danışsınlar. 
Hamı getdi. Təkcə Dolça bayaqdan bəri dayandığı yerdə də dayanmışdı. 
Dəniz əvvəlki kimi gömgöy və sakit idi. Göy buludsuz, günəşli idi. Sahil yenə 
bomboş idi. Dəniz günəşdən alışıb-yanırdı. Sahil boyu qumdan ilğım qalxırdı və bu 
dəm bu sakitlik, rahatlıq içində bayaq açılan o dörd güllə  də elə bil ki, çox-çox 
uzaqlarda qalmışdı, elə bil ki, çox-çox uzaqların söhbəti idi bu, elə bil ki, bu 
sakitlikdə, bu mülayimlikdə nə güllə açıla bilərdi, nə it boğuşa bilərdi. 
Dolça yenə göyə, yenə  dənizə baxdı, yenə sahilə baxdı  və yenə  həmin tək 
cüllütü sahildə gördü, amma Dolça daha cüllütə tərəf qaçmadı. 
O ki qaldı Əmirquluya, Əmirqulunun şalvarı bayaq yaş olmuşdu və Əmirqulu 
özünü qayalığın aşağısına verdi ki, şalvarını  çıxarıb qurutsun, sonra görsün gedib 
harda başına nə çarə qılır. 
Əmirqulu, axır vaxtlar belə ayılmamışdı, belə ayıq olmamışdı və təbii ki, belə 
ayıqlığa dözmək müsibəti-kəbir idi. 
Belə-belə işlər, necə deyərlər, kəpənək məni dişlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə