Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   42   43   44   45   46   47   48   49   ...   145

 
105
Dolçanın qapqara gözləri bu dəm günün işığında par-par parıldayırdı  və bu 
gözlərdə bir sevinc var idi, bir şadlıq var idi, elə bil ki, Dolça dünyanın belə bir 
sakitliyinə, belə bir göylüyünə, belə bir maviliyinə sevinirdi. 
Dolçanın dörd yaşı var idi və  kənddə heç kim baş açmırdı ki, bu itin cinsi 
nədi... 
...Ağababa Dolçanı tapan gecə (dörd il bundan qabaq küçüyün Ağababanın 
dalına düşüb gəldiyi o yağışlı-yağmurlu gecə) qonşuları qaravulçu Həsənulla gəlib 
itə baxdı və əvvəlcə dedi: 
– Bu mansi-xantı itidi. 
Sonra dedi: 
– Yox, bu komi-mansi itidi.  
Sonra da dedi: 
– Net, net, bu komi-xantı itidi... 
Həsənulla hələ müharibədən  əvvəl necə olmuşdusa Xantı-Mansiyə gedib 
düşmüşdü və Irtışın, Obun sahillərini kənd-kənd gəzib oralarda yaşamışdı. Kənddə 
danışırdılar ki, o uzaq kəndlərin hər birində Həsənullanın bir arvadı var; Baladadaş 
məktubla belə bir xəbər göndərmişdi ki, Xantı-Mansidən Amur vilayətinə əsgərliyə 
gəlmiş bir oğlanla tanış olub və həmin oğlan guya ki, qarovulçu Həsənullanın elə bil 
ki, burnundan düşüb və ümumiyyətlə, kənddə deyirdilər ki, o tərəflərdə qarovulçu 
Həsənullaya oxşayan oğlan, qız çoxdu. Müharibədən sonra kəndə müharibədən 
salamat qalanlar qayıtdı, bir də ki, əllinci illərin  əvvəllərində  Həsənulla qayıtdı, 
başında silindr, boğazında qalstuk, əynində şalvarının balağı dar, miləmil kostyum 
qayıtdı, qarovulçu işləməyə başladı, Bakıdan dul bir arvad alıb gətirdi və bu günə 
qədər də elə  həmin silindr başında,  şalvarı  yırtılmış  həmin kostyumun pencəyi 
əynində idi. 
Qarovulçu Həsənulla bu kənddə ən birinci it bilicisi hesab olunurdu və həmin 
yağışlı gecə  Ağagül qaçıb qarovulçu Həsənullanı çağırdı. Qarovulçu Həsənulla 
Azərbaycan dilini yadından çıxarmışdı, rus dilini də  əməlli-başlı öyrənməmişdi və 
danışanda hər iki dili bir-birinə qatırdı (Poçtalyon Fətoş deyirdi ki, o uzaq yerlərdən 
indi qarovulçu Həsənullaya daha məktub gəlmirdi, əllinci illərdə gələn məktublarda 
Həsənullanı «Qriqori Mixayloviç» çağırırmışlar: qarovulçu Həsənullanın atasının 
adı Mehdi idi; amma heç kimin ağlına gəlmirdi ki, poçtalyon Fətoşdan soruşsun ki, 
balam, sən niyə o məktubları açmısan və o məktublarda yazılanları oxumusan?). 
Qarovulçu Həsənulla küçüyü görən kimi: 
– Moloko! – dedi. – Moloko lazımdı! 
Uşaqlar yastı, mis dolçadakı südü elə dolçadaca gətirib qoydular küçüyün 
qabağına və qarovulçu Həsənullanın bu dolçadan çox xoşu gəldi: 
– Xoroşi dolça! – dedi.  
Ağababa: 
– Bəs bu küçük necədi? – soruşdu. – Xoroşi küçük? 
Qarovulçu Həsənulla: 
– Da, da, xoroşi dolça! – dedi və elə o gecədən də uşaqlar küçüyün adını Dolça 
qoydular... 
...Dolça qaça-qaça qayalığın yanına gəldi və dayanıb bu sal qayalara, yekə 
qaya parçalarına baxdı və Dolçanın gözlərində bu dəm elə bir şövq vardı ki, gözləri 


 
106
elə parıldayırdı ki, elə bil bu sal daşlarla zarafat eləyirdi, elə bil bu sal daşlara kələk 
gəlmək istəyirdi ki, siz hara, buralar hara. 
Bütün bu tərəflərin yiyəsiz qancıq itləri həmişə bu qayalıqda olurdu, yiyəsiz 
qancıqlar bu qayalıqlarda küçükləyirdi, küçüklərini burada əmizdirirdi və o küçüklər 
də buralarda böyüyürdü, bəzisi özünə yiyə tapırdı, bəzisi səfil-didərgin olurdu, 
amma daha bu qayalıqlardan gedirdi, çünki kəndin itləri bir-birini yaxşı tanıyırdı, 
hərdən bir-biriləri ilə boğuşsalar da, yanlarına başqa it qoymurdu, başqa itlərin 
hamısını öz ərazilərindən qovurdu. 
Kənd camaatı ancaq erkək it saxlayırdı, kimisinin həyət iti var idi, kimisinin 
qoyun iti var idi, kimisinin də tulası vardı (Zübeydənin itdən zəhləsi gedirdi və it 
saxlanan həyətlərin arvadlarına deyirdi ki, ağəz, heyvan saxlamaq istəyirsiniz, gedin 
qoyun saxlayın, inək saxlayın də, it nədi?). Lazım olanda, qancıq tapılırdı: ya öz-
özünə gecələr bu qayalıqlarda tapılırdı, ya da hərdən kəndin bəzi it yiyələri, 
quşvuran Fazil kimiləri Bakıda cins qancıq saxlayanlarla sövdələşib sonralar 
özlərinə  də bir-iki küçük götürürdü. Bakıda cins qancıq saxlayanlar yaman dəllal 
olurdu, özləri kənd-kənd gəzib cins köpək axtarırdı, sonra da cins küçükləri satıb pul 
qazanırdı. Kənddə bu cür xalis cins köpək üç dənə idi: biri bağban  Əsədullanın 
Alabaşı idi, qoyun iti idi və bağban Əsədulla lap körpəlikdən onun qulağını kəsmişdi 
ki, yaxşı  eşitsin, quyruğunu dibindən kəsmişdi ki, soyuq olanda tüklü quyruğuna 
qısılıb tənbəl-tənbəl yatmasın; biri quşvuran Fazilin tulası idi – Sarıbaş, indi Dolça 
ilə qaçıb qayalığa gələn həmin bu Sarıbaş, Fazil onu özüylə ova aparırdı və ömründə 
bir adam haqqında bir kəlmə yaxşı söz deməyən Fazil sidq-ürəkdən etiraf edirdi ki, 
Sarıbaş olmasa, onun kimi bir ovçunun da ovçuluğu yarıbayarıdı; biri də ki, Vartan 
Nersesoviçin ovçarkası Reks idi; qalan itlərin cinsi əməlli-başlı məlum deyildi. 
Üç gün idi bağban Əsədullanın Alabaşı itmişdi. Kənddə əksərən hamı gecələr 
itləri zəncirdən açıb buraxırdı  və itlər də yay ayları bütün gecəni həyət-bacanı, 
kəndin küçələrini gəzib-dolaşırdı, dəniz qırağına gəlirdi, bu qayalıqları  ələk-vələk 
eləyirdi, səhər də hansının yiyəsi vardısa, həyətdə damı vardısa, qayıdırdı öz 
həyətinə, öz damına. Üç gün idi bağban Əsədullanın iti, həmin qulaqsız, quyruqsuz, 
yekə  və yaraşıqlı Alabaşı  həyətlərinə qayıtmamışdı  və dünən günorta bütün kəndə 
belə bir xəbər yayıldı ki, bağban Əsədullanın iti qudurub. 
Əlbəttə, nə Tavarın, nə Sarıbaşın, nə də Dolçanın bu xəbərdən xəbəri yox idi 
və həmin təmiz, sakit yay günü Tavarla Sarıbaş sal daşların dibini, qayaların arasını 
iyləyə-iyləyə özlərini verdilər qayalığa, Dolça bir az qayalığın aşağısında dayandı, 
dənizə baxdı, göyə baxdı, göz işlədikcə uzanan bu sarı, narın qumlu sahilə baxdı və 
elə bil ki, sahilin bu təmiz qumundan, bu bolluca günəşindən, dənizin bu 
sakitliyindən və bu cür gömgöylüyündən ayrılmaq istəmədi, yenə geri çönüb sahil 
boyu qaçmağa başladı. 
O sakit yay günü dənizin lap sahilinə bir cüllüt uçub gəlmişdi. Cüllüt 
Abşeronun bu tərəfində tək-tük görünərdi, həftədə, ayda bir dəfə və bu tərəflərdə 
ona şorcüllütü deyirdilər, çünki cüllüt, adətən, aşağıda, Məhəmmədli kəndinin 
yanındakı Duzlu gölün sahilində olurdu. 
Və elə bil ki, uçub bu tərəflərə gəlmiş bu cüllüt də bu boş sahildə tək-tənha 
qalıb bir ins-cins üçün darıxmışdı və sahil boyu qaçan Dolça gəlib ona çataçatda 
cüllüt qanad açıb dənizə tərəf uçurdu, bu göylükdə, bu mavilikdə yarımdairə vurub 
yenə sahilə qonurdu, nəm qumun üstündə hərəkətsiz dayanıb, elə bil ki, Dolçanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə