Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   40   41   42   43   44   45   46   47   ...   145

 
101
Bu söhbət iki gün idi başlamışdı  və bu həmin iki gün idi ki, Ağababanın iş 
növbəsi deyildi, evdə oturub istirahət edirdi və bütün ömürlərində birinci dəfə idi 
ortaya elə söhbət düşmüşdü ki, bu söhbətin ucbatından Ağababa sidq-ürəkdən 
istirahət edə bilmirdi. 
Ağababa «Bakı – Buzovna» marşrut avtobusunu sürürdü. Üç gün işləyirdi, iki 
gün evdə olurdu və evdə olanda da həyət-bacayla məşğul olurdu, qışda meynələri 
kəsirdi, yayda tağları sulayırdı və sairə və ilaxır belə işlərlə məşğul olurdu. Son on 
iki ildə belə idi, yəni marşrut avtobusunda işləyəndən belə idi, amma, ümumiyyətlə, 
Ağababa düz, qızıl kimi, otuz iki il idi sürücü işləyirdi, on səkkiz yaşından, yəni min 
doqquz yüz qırx altıncı ildən bu tərəfə, indi də ki, Allaha şükür, yetmiş səkkizinci il 
idi; «polutorka»lardan başlamışdı, indi «Ikarus» sürürdü və burasını daha dəqiq 
bilirdi ki, «Ikarus» axırıncı maşınıdı, pensiyasını alıb gəlib oturacaqdı evdə. 
Yorulmuşdu Ağababa. 
–  Əgər biz də camaat kimi kirayə versəydik evi yaylarda, gör indi nə  qədər 
qabağa düşərdik! Eyib şey döyül ki, ay Ağababa, öz evimizdi, özümüz tikmişik, 
halal pulumuza tikmişik, verərik bir ay, iki ay yayda kirayəyə  mərifətli bir ailəyə
abırlı adamlara, onlara da yaxşı olar ki, gəlib hava udarlar burda, çimərlər dənizdə, 
bizə də yaxşı olar ki, əlimizə artıq pul gələr bir az, xərcimizə kömək eləyər, nöş sən 
axı, buna razı olmursan e, ay başuva dönüm, ay Ağababa? Vallah savab işdi!.. 
Ağababa bağban  Əsədullanın bağışladığı  kəhrəbaya oxşayan sarı  təsbehi 
şaqqıldada-şaqqıldada  şüşəbəndin açıq pəncərəsi qabağında oturub dənizə baxırdı. 
Buradan, Ağababagilin  şüşəbəndindən baxanda dəniz elə bil əlinin içində idi: 
Buzovnadan Zuğulbayacan uzanan qayalıq görünürdü, qayalıqdan aşağıda bütün 
dəniz görünürdü, üfüq xəttinə kimi bir gömgöylük görünürdü, sahil boyu sapsarı 
qumluq görünürdü; dənizin göylüyü hardasa bir az açıq idi, hardasa bir az tutqun idi 
və bu göylükdə bu saat bir ucsuz-bucaqsızlar var idi, dibi görünməyən bir dərinlik 
var idi, bir dünya su var idi və bir də ki, bu göylükdə bir mehribanlıq, ilıqlıq, 
mülayimlik var idi; dənizdən səs gəlmirdi, dəniz uğuldamırdı və bu səssizliklə lap 
xırdaca ləpələrin sahilə doğru sakitcə  də  ləpələnməsi arasında qəribə bir uyğunluq 
var idi, bu sükut ilə bu ləpələnmə bir-birini tamamlayırdı  və bu dəm adama elə 
gəlirdi ki, dəniz elə həmişə bu cür olur, elə bil heç vaxt heç bir uğultu bu səssizliyi 
parçalamır, heç bir bozluq heç bir vaxt bu göylüyü boğub, tamam soldurub yox 
eləmir, bu sakit ləpələr heç bir vaxt dalğaya dönüb köpüklənə-köpüklənə qayalara 
çırpılmır, elə bil xəzri həmişə beləcə meh olub əsir. 
Səhərdən bəri bir nəfər bu dəniz göylüyündə, bu dəniz səssizliyində çimirdi və 
həmin bir nəfər çimib qurtarıb, dənizdən doyub sahilə çıxanda məlum oldu ki, bu, 
bir nəfər yox, iki nəfərdi, bir oğlan, bir qız... 
Ağababa ayağa qalxıb enli kürəkləriylə şüşəbəndin açıq pəncərəsinin qabağını 
kəsdi, elə bil ki, Ağabacının da səhərdən bəri dənizdə bir adam olub, indi ikiləşən bu 
oğlanla bu qızı görməyinin qabağını aldı (bu tərəflərin adamları belə  iş tutmazdı, 
həmin oğlanla həmin qız şübhəsiz idi, şəhərdən, Bakıdan gəlmişdi və bazar ertəsinin 
adamsız dənizində özlərini suya vermişdi), bir müddət Ağabacının təzə kündə 
açmağına baxdı, sonra birdən-birə hirsli-hirsli: 
– Qurtar! – dedi. – Ölməmişəm hələ mən! Nə qədər ki, sağam mən, bu evdə 
bir yad adamın bir qara qəpiyi də xərclənməyəcək! Sırğa elə bunu, as qulağundan. 
Bildün? 


 
102
Ağababa bu sözləri dedi və baş barmağı ilə hələ cavan vaxtlarından ağarmış 
qalın bığını hirslə qaşıdı, sonra otağa keçdi və mizin arxasında oturub divardakı 
şəklə baxdı. 
Ağababa ona görə belə hirsli danışdı ki, qanı qaraydı, özü də bu qanıqaralıq 
təkcə ona görə deyildi ki, Ağabacının başına girmişdi ki, gərək bu yay evi kirayə 
versinlər; bu səssiz-küysüz yay günündə, işləmədiyi bir gündə, heç kimin sataşıb-
dolaşmadığı bir gündə nəyə görə belə hirsli idi, heç özü də bilmirdi; amma birdən-
birə dərd-dur eləməyə ürəyi bir adam istədi. Baladadaş üçün darıxdı, Ağagül üçün 
darıxdı, sonra qızlar bir-bir gəlib gözünün qabağından keçdi və belə məlum oldu ki, 
Ağababanın ürəyində nə isə bir nigarançılıq var, özü də bu nigarançılıq lap 
dərinlərdən baş qaldırır, bir qaranlıqdan, bir dumandan baş qaldırır. Sonra Ağababa 
şirə baxdı, əlində xəncər tutmuş qəhrəmana baxdı və necə oldusa, kişinin birdən-birə 
bu şirə yazığı gəldi; bu şir şir olmağına şir idi, amma qəhrəmanın əlindəki xəncərə 
elə baxırdı, elə bil şir yox, dovşan baxır... 
...Bu şəkli böyük otağın divarına üç il bundan qabaq Bakıdan gəlmiş bir 
rassam çəkmişdi. Rəssamı Bakıdan kəndin klubuna çağırmışdılar ki, qırmızı 
parçaların üstünə şüarlar yazsın və bir də sülhün rəmzi kimi bir göyərçin şəkli 
çəksin, bu göyərçin şəklini assınlar klubun girəcəyinə, çünki Bakıdan hörmətli bir 
adam gələcəkdi, klubda iclas eləyəcəkdilər. Həmin rəssam klubda işini qurtarandan 
sonra, bir xeyli müddət qaldı kənddə, başladı kəndin evlərində otaqların divarlarına 
pulla şəkil çəkməyə. Kəndə bir dəb düşdü ki, gəl görəsən, kimi göyərçin şəklini 
çəkdirdi divarına, kimi meşə, gül-çiçək; bağban Əsədulla otağında divar boyu  gəmi 
şəkli çəkdirdi, üstündə də yazdırdı ki, «ADMIRAL NAXIMOV», çünki müharibə 
vaxtı bu gəmidə vuruşmuşdu; dülgər Müzəffər otağında bütün divar boyu çiyninə şal 
salmış yarısı balıq, yarısı da sarı saçları suda dalğalanan gözəl bir qız şəkli çəkdirdi 
və bunun üstündə dülgər Müzəffərin arvadı Zəhra düz qırx gün əri ilə danışmadı, 
küsü saxladı; quşvuran Fazil bir ovçu şəkli çəkdirmişdi divarına ki, pələngi alnından 
vurub yerə sərmişdi və quşvuran Fazil belə deyirdi ki, guya, bu ovçunun sifəti öz 
sifətidi, guya, rəssam ona baxıb, cuşa gəlib, bu şəkli belə çəkib, hamı da 
Əmirquludan sonra başlamışdı: Əmirqulu həmin rəssamla dostlaşmışdı, tez-tez şirin 
çaxır içirdilər və içə-içə də Əmirqulu rəhmətlik anasını yadına sala-sala o qədər 
ağlamışdı ki, axırda həmin rəssam Xeyransa evdə olmayanda gəlib Əmirqulugilin 
böyük otağının divarında üzünü görmədiyi, heç bir şəkli qalmamış arvadın – 
Əmirqulunun anasının bütün divar boyu şəklini çəkmişdi və bundan sonra bütün 
kəndə dəb düşmüşdü. Həmin rəssam gəlib Ağababagilin də böyük otaqlarının 
divarında bütün divar boyu bir şir, bu şiri öldürən bir igid adam şəkli çəkdi və 
Ağabacı bir xeyli əli qoynunda bu şəklə baxandan sonra, soruşanda ki, bu nədi belə, 
dedi ki, gürcülərin çox böyük bir şairi var, Şotadı adı, onun yazdıqlarıdı çəkmişəm 
sizinçün. Axşam həmin rəssam Əmirqulu ilə şirin çaxır içib yenə gəlib çəkdiyi bu 
şəklə baxdı, özünü saxlaya bilməyib hönkür-hönkür ağladı, Əmirqulunun da gözləri 
doldu və hönkür-hönkür ağlayan rəssama baxıb Ağababaya dedi ki, bunun kimi 
böyük rəssam yoxdu dünyada, amma Bakıda qoymurlar onu qabağa getsin, basırlar 
başından, çünki adamı yoxdur və arvadı da bu rəssamı atıb gedib başqasına. Bu şəkil 
kənddə hamının cani-dildən xoşuna gəldi və hamı da bu fikrə gəldi ki, bu şəkil 
həmin rəssamın şah əsəridi, hətta Zübeydə də bunu danmadı və Ağabacı hamamda 
bu şəkli tərifləyəndə səsini çıxarmadı; düzdü, qəhrəmanın əlləri birtəhər çıxmışdı və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə