Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   46   47   48   49   50   51   52   53   ...   145

 
113
III 
 
Həmin sakit, təmiz yay gününün axşamı idi və Ağababagil yığışıb oturmuşdu 
şüşəbənddə. Ağababagilin hamısının şüşəbənddə yığışmağının üç səbəbi ola bilərdi: 
ya Ağabacı  nəsə dadlı bir şey bişirmişdi və hamı da yığışmışdı ki, bu dadlı  şeyi 
yesin, ya bir azdan televizorda Zeynəb Xanlarovanın konserti başlayacaqdı, ya da 
Baladadaşdan, Ağagüldən məktub gəlmişdi və hamı bir yerdə bu məktubu oxuyub 
qulaq asırdı. 
Budəfəki səbəb məktub idi və həmin məktubu Ağagül Nuhbalaya yazmışdı və 
indi Nuhbala da bu məktubu bərkdən oxuyurdu, hamı da cani-dildən həmin məktuba 
qulaq asırdı. 
Ağagül belə bir məktub yazmışdı: 
«Qələmi çernildə bir az saxladım,  
Bu qısa məktubu belə başladım.  
Əziz kiçik qardaşım Nuhbala, salamdan sonra bizi xəbər alsan əgər, mən sağ 
və salamatam və sənin də sağ-salamat olmanı arzu edirəm. 
Nuhbala, sən indi evimizdə bir qardaşsan və sən gərək elə eləyəsən ki, mənim 
də, böyük qardaşımız Baladadaşın da papağını yerə soxan olmasın, qızların üstündə 
gözün olsun və sən indi gərək elə eləyəsən ki, onlar çox ədəbli qızlar olsun, necə ki, 
bizim anamız Ağabacı çox ədəbli arvaddır. (Bu yerdə  Ağabacı özünü saxlaya 
bilməyib dəsmalla gözlərini sildi. «– Ayaqlaruvun altında ölüm sənin, Ağagül» – 
dedi.) 
Nuhbala, indi sən gərək atamız Ağababaya da çox kömək eləyəsən, çünki o 
boyda külfəti saxlamaq çox çətindi, özü də atamız Ağababa çox kişi adamdı. (Bu 
yerdə  Ağababanın gözləri doldu və  uşaqlar bunu görməsin deyə kişi tez üzünü 
pəncərəyə tərəf çevirdi ki, guya, dənizə baxır, amma Ağabacı da, uşaqlar da başa 
düşdü ki, kişi kövrəlib və təbii ki, heç kim bunu üzə vurmadı.) 
Nuhbala, uzaqda olanda çox şey fikirləşir adam. Qayıdıb gələndə  mən də 
qollarımı çirmələyim gərək, pul qazanım gərək, nöşün ki, qızları biz gərək öz 
adımıza layiq köçürək. 
Nuhbala, qalanını gələn məktubumda yazaram. Uzağı yaxın eləyib evdəkilərin 
hamısını öpürəm. Məndən atamız Ağababaya, anamız Ağabacıya, Nailəyə, Firuzəyə, 
Kəmaləyə, Amaləyə, Dilşada, Böyükxanıma salam de. 
Nuhbala, Dolçadan da muğayat ol. 
Imza özüm, 
Qurtardı sözüm. 
Ortancıl qardaşın Ağagül». 
Ağagül  əsgər paltarında çəkdirdiyi bir şəkil də qoymuşdu zərfin içinə  və 
həmin  şəklin arxasına da qırmızı karandaşla darağın ağzı boyda üç titrək xətt 
çəkmişdi və bu üç qırmızı titrək xəttin üstündə yazmışdı: 
«Əziz kiçik qardaşım Nuhbala! Baxanda xatırlama, xatırlayanda bax!». 
Həmin  şüşəbənddə, həmin sakit, təmiz yay gününün axşamı  Ağagülün  əsgər 
paltarında çəkdirdiyi  şəkil neçənci dəfə bir-bir bacılarının, qardaşının, anasının, 
atasının  əlində  gəzdi və  Ağababa həmin axşam yenə darıxdı, yerindən qalxıb 
şüşəbənddən həyətə düşə-düşə günortadan bəri birinci dəfə arvadını dindirdi: 
– Sabah aş bişir! 


 
114
Bu o demək idi ki, sabah sübh tezdən Ağababa işə getməzdən  əvvəl 
toyuqlardan ikisini hindən çıxarıb kəsəcəkdi və axşamüstü hamı  şüşəbəndə  yığışıb 
aş yeyəcəkdi və Ağabacı Ağababanın payını ayrıca bir qazana çəkib saxlayacaqdı, 
gecə Ağababa işdən gələndən sonra Ağabacı qazanı qızdıracaqdı, Ağababanın payını 
çəkib özü də oturacaqdı yanında və  kənddəki təzə  xəbərləri bir-bir danışa-danışa 
Ağababanın aş yeməyinə tamaşa eləyəcəkdi. 
Ağabacı: 
– Ağəz, tez olun! – dedi. – Nailə, düyünü gətir! Firuzə, o stəkanı gətir ordan! 
Dilşad, ləyəni ver! 
Ağabacı  aş bişirəndə on-on iki stəkan düyünün aşını bişirirdi, çünki külfət 
böyük idi, aşın qarası azlıq eləyirdi, uşaqlar isə düyünü çörəklə yemirdi və buna 
görə də düyü çox olduğu üçün Ağabacı düyünü axşamdan arıtlamağa başlayırdı. 
Nailə düyünü gətirdi. Firuzə stəkan gətirdi. Dilşad ləyən gətirdi. Kəmalə, 
Amalə, Böyükxanım da mizin arxasına keçdi. Ağabacı kisədən on iki stəkan düyü 
götürüb ləyənə tökdü və ləyəni qoydu mizin ortasına. Qızlar da, Ağabacı da hərə bir 
tərəfdən ləyəndən bir ovuc düyü götürüb tökdü qabağındakı müşəmbənin üstünə.  
Nuhbala Ağagülün məktubunu zərfin içinə qoydu və  zərfi aparıb otaqdakı 
paltar dolabının, evin qiymətli şeyləri – Ağabacının nişan üzüyü, bir də zümrüd qaşlı 
üzüyü, Ağababanın partiya bileti, Baladadaşın məktubları, işıqpulunun qəbzləri və 
bu sayaq başqa  şeylər olan gözünə qoydu, sonra Ağagülün  əsgər paltarlı  şəklini 
otağın yuxarı başında, divardan asılmış girdə güzgünün yuxarısına, böyük qardaşı 
Baladadaşın  əsgər paltarlı  şəklinin yanına keçirdi. Sonra evdən çıxıb həyətin 
ortasındakı talvara qalxdı,  şalvarını, köynəyini çıxarıb yerinə girdi, şalvarının 
cibindən bir «Avrora» siqareti çıxarıb ovcunun içində gizlincə yandırdı ki, Ağababa 
görməsin və gizlincə də bir-iki dərin qullab vurub başını yastığa qoydu, göyə baxdı, 
ulduzlara baxdı, birdən-birə Nuhbala özünü də  əsgər paltarında gördü, gördü ki, 
evlərinə  məktub yollayıb və hamı da şüşəbəndə  yığışıb onun məktubunu oxuyur, 
anası Ağabacı dəsmalla gözlərini silib onunçun deyir: «– Ayaqlaruvun altında ölüm 
sənün, Nuhbala!», atası  Ağababa onunçun kövrəlir və sabahkı  aş da onun 
məktubuna görə bişir və bu saat Nuhbalanın belə bir əsgər məktubunu Nərgiz də 
qardaşlarından qorxa-qorxa, gizlincə-gizlincə oxuyur. Nuhbala bu dəfə siqaretdən 
lap dərin bir qullab alıb bütün sinəsinə çəkdi. 
Kəndin aşağısında bir sanatoriya tikmişdilər və bu ildən həmin sanatoriya işə 
başlamışdı, bu ildən də kənddə ağcaqanad azalmışdı, çünki aşağı tərəfdə – qayalıqla 
kəndin arasındakı qamışlığa vertalyotla dərman səpmişdilər və gör bu dərmandan 
sonra iş nə yerə çatmışdı ki, Nuhbala həmin bürkülü yay gecəsi miçətkənsiz-zadsız 
uzanmışdı talvarda və ulduzlara baxa-baxa Nərgiz barədə və ümumiyyətlə, bu 
dünyanın eşq-məhəbbət məsələləri barədə fikirləşirdi. 
Həmin gecə də günorta kimi tamam sakit idi. Göy aylı-ulduzlu idi və ya da bu 
sakit gecələrdə həmişəki kimi, dənizə işım-işım işıldayan bir payəndaz salmışdı və 
xırda ləpələr də o işıq zolağını elə hey sahilə axıdırdı. Kənd hələ yatmamışdı, 
pəncərələr oyaq idi, darvazaların üstündən, küçələrdəki şalbanlardan asılmış elektrik 
lampaları yanırdı. Küçələr bomboş idi, hətta cavanlar, yeniyetmələr də vağzal 
bağına, kinoteatrın, klubun qabağına yığışıb futboldan danışmırdı, meyxana demirdi. 
Bürkünün əlindən hamı özünü həyət-bacaya vermişdi. Bütün bu tərəflərin sakitliyini 
hərdən Bakıya gedən və Bakıdan gələn elektrik qatarlarının səsi pozurdu və bir də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə