Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   67   68   69   70   71   72   73   74   ...   145

 
159
Vasili Kuzmiç məhz «Allah» sözünü dedi. 
Məsələ burasında idi ki, Vasili Kuzmiç müsəlman olmuşdu, hər halda, özü 
deyirdi ki, mən daha müsəlmanam. 

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına 
yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz 
otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı 
qopmuş divarı  təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş 
lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq 
(onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o 
zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, 
doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng 
tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı 
bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı. 
Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü 
saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da: 
– Bu da mənim günüm... – dedi. 
VI 
 
Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan 
Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi: 
–  Əbili (yəni  Əbülfət) heç iməkləmədi ki... Bir də gördüm, getdi, küçədə 
özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı... Küçədə futbol 
oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı... 
Sonralar Xədicə xala ürəyi yana-yana deyirdi ki, o uşağı, o bədbəxt Əbilini elə 
Səyyarənin özü gözə gətirdi... 
VII
 
 Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz 
qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana,  Şüvəlana, SES qəsəbəsinə gedib 
çıxırdı  və  həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi 
avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri 
təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə  qəzet-jurnalla o 
tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.  
Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən 
maşınların qabağına qaçdığı bu müddət ərzində günün altında saralmış, üstünə 
maşın təkərlərinin altından çıxan toz hopmuş kağız yığınını yox, yekə bir dəstə gülü 
sinəsinə sıxmışdı.  
Surxay arıq adam idi, Abşeron günəşinin altında qapqara yanmışdı, hərdən 
dayanıb it kimi ləhləyə-ləhləyə nəfəsini dərirdi və Kamança Tanrıverdi uşaq kimi 
maşınların qabağına qaçan bu uzun adama baxa-baxa Şuşada əlində bayraq yellədə-
yellədə mitinqlərin önündə dayanan, yürüşlərin qabağında addımlayan, həmişə də 
başını dik tutan, özünün də, yerişinə, duruşuna, gözgörəti, o bayrağa layiq bir o 
məğrurluq şəsti verən Bayraqdarı gözünün qabağına gətirirdi və o bayraqdarlıq 


 
160
məğrurluğu ilə Buzovna dairəsində beləcə qəzet satmaqla məşğul olmaq 
düşgünlüyünü, Kamança Tanrıverdi, nəinki Surxaya, bütün xatirələrin canlı şahidi 
olan bir adam kimi, heç özünə də sığışdıra bilmirdi və ürəyində dünyanın qarasına 
ən pis küçə söyüşləri söyürdü.  
Bayraqdarın bu aqibəti, əslində, elə Kamança Tanrıverdinin özünün aqibəti kimi 
bir şey idi və dünyanın qarasına söydüyü o küçə söyüşləri də, əslində, təkcə Surxay 
Bayraqdara görə deyildi, həm də özünə görə idi, Buzovna Fəhlə Yataqxanasına 
pərçim edilmiş o camaata görə idi.  
Nəsillikcə kamançaçalan olan Tanrıverdi müəllim (ona Kamança Tanrıverdi 
müəllim deyirdilər)  Şuşa Musiqi Məktəbində kamançadan dərs deyirdi, yay 
aylarında isə axşamlar Şuşa Istirahət Evinin həyətində dünyanın ən gözəl havalarını 
ifa edirdi və onun o kamançasının elə  aşiqləri var idi ki, Füzulidə, Bərdədə, 
Ağdamda, Xankəndində yeyib-içəndə birdən Kamança Tanrıverdi müəllimin o 
havaları yadlarına düşürdü və maşını sürüb xüsusi Şuşaya gəlirdilər ki, ona qulaq 
assınlar və pencəyinin ciblərini də pulla doldursunlar.  
Hərdən Abşeronun 40 dərəcə istisində, ya Abşeron küləkləri əsməyə başlayanda 
və az qala, Buzovnadakı Fəhlə Yataqxanasının (Kamança Tanrıverdigilin də orada 
mənzili (otağı) var idi) damını uçurub aparmaq istəyəndə, Kamança Tanrıverdi, 
sərin yay axşamları Şuşa Istirahət Evinin həyətində çaldığı havaları, elə bil, qəfildən 
eşitməyə başlayırdı və kişiyə elə gəlirdi ki, o zaman o havaları o çalmırdı, əslində, o 
havaları  Şuşanın dağları çalırdı,  Şuşanın bulaqları, ab-havası, gülləri, çiçəkləri, 
rəngbərəng kəpənəkləri çalırdı, ona görə də indi rəhmətlik Ustad Məşədi Müzəffər 
Ağanın kamançası daha o səsləri çıxara bilmirdi. Qaçaqaç düşəndə Kamança 
Tanrıverdi müəllim  Şuşadakı mülkündən təkcə  rəhmətlik babası Ustad Məşədi 
Müzəffər Ağadan qalmış kamançanı götürüb qaçmağa macal tapdı  və indi o 
kamança ilə gecə-gündüz Abşeron kababxanalarında çalıb qəpik-quruş qazanırdı. 
Kamança Tanrıverdi müəllim indi, ancaq Kamança Tanrıverdi olmuşdu, «müəllim» 
sözü yaddan çıxıb getmişdi.  
On dəqiqədən çox olardı ki, Kamança Tanrıverdi o böyük muşmula ağacının 
kölgəsində dayanıb, uşaq kimi maşınların qabağına qaçan Surxay Bayraqdara 
baxırdı və bu müddət ərzində bir nəfər də olsun, Bayraqdardan qəzet alan olmadı. 
Bayraqdar növbəti dəfə Kamança Tanrıverdinin böyründən ötən maşının üstünə 
qaçanda onu gördü və ona yaxınlaşıb ləhləyə-ləhləyə: 
– Boy, qağa?– dedi. – Nətərsən? 
Kamança Tanrıverdi bir müddət heç nə demədi və birdən – heç özü də bilmədi 
necə oldu? nəyə görəsə Bayraqdarı sancmaq istəyirdi? ya özü-özündən nəyinsə 
acığını çıxırdı?– soruşdu: 
– Deyirsən o bayraq qayıdacaq də,  Şuşaya?– Və bu sözlərdə açıq-aşkar bir 
rişxənd var idi. 
Surxay Bayraqdar sübh tezdən Buzovna dairəsində ciyərinə  çəkdiyi maşın 
tüstüsündən, qazdan xırıldaya-xırıldaya bir müddət ösgürdü və ösgürtüdən nazik, 
uzun boğazının damarlarının  şişi getməmiş, çox ciddi və heç bir şübhə yeri 
qalmayan təntənə ilə: 
– Əlbəttə! – dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə