Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   65   66   67   68   69   70   71   72   ...   145

 
155
kişi özü ağappaq alt paltarının üstündən əyninə bir pencək geyib, ağ təsəyi də 
həmişəki kimi, başında, əlinə aftafa alıb bağı sulamağın siftəsini edirdi və bu, illər 
keçdikcə etiqad mərasimi kimi bir şeyə çevrilmişdi, elə bil, kişinin ömrünü də bütün 
il boyu gözlədiyi o növbəti sulama mərasimi uzadırdı. 
Və  əlbəttə, Kolxoz kişinin, aydın məsələdir, burasından da xəbəri yox idi ki, 
Abşeronda sovet hökuməti qurulanda birdən-birə bolşevik olmuş üç-dörd nəfər 
keçmiş fəhlə – onlardan birinin büstü Sovet Ittifaqı dağılanacan Buzovna parkında 
dururdu, birinin də adını  məktəbə vermişdilər, sonra həmin məktəbdə oxumuş 
Qarabağ  şəhidinin adı ilə  dəyişdilər – iki rus əsgəri ilə  gəlib, Məşədi Ağarəhimi 
yuxudan durğuzub, elə  həmin ağappaq tuman-köynəkdə, aparıb sinfi düşmən kimi 
güllələdilər və iyirminci illərdə, otuzuncu illərin əvvəllərində Məşədi Ağarəhim Mir 
Abdulla oğlunun bağı tamam tələf olub getdi və o bağdan təkcə üç iydə ağacı, bir də 
o qədim zeytun qaldı.  
Sonralar – müharibə qurtarandan sonra – qırxıncı illərin axırlarında burada bu 
Fəhlə Yataqxanasını tikdilər və elə ki, Sovet Ittifaqı dağıldı, müəssisələr dayandı, 
Yataqxanada yaşayan fəhlələrin hərəsi bir tərəfə dağılışdı, sonra ermənilər Qarabağı 
işğal etdi, o vaxt – 1992-ci ilin cırhacır isti yay aylarında Şuşadan qaçqın düşmüş 
camaatın bir qismini müvəqqəti olaraq bu Yataqxanada yerləşdirdilər və o 
müvəqqəti, bu müvəqqəti, – Buzovnadakı Fəhlə Yataqxanası həmişəlik məsgən olub 
qaldı. 
Kolxoz kişi həyətdə durub əlini uzadaraq orda-burda suvağı tökülmüş, Nuh-
Nəbidənqalma  əhəngi rəngini itirmiş, il-on iki ay pəncərələrinin, eyvanlarının 
arasında zivədən pal-paltar asılmış Yataqxana binasını göstərib deyirdi: 
– Bu da bizim elimiz, obamızdır də...  
III 
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988-
ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun 
maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – 
Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı  və o bayraq dədəsi kimi 
uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma 
üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına 
görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın 
dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı: 
– Bay-raq-dar!..  
– Bay-raq-dar!.. 
– Bay-raq-dar!.. 
Və günün günorta çağı Müsavat hökumətinin üçrəngli bayrağını Şuşanın 
mərkəzində başının üstünə qaldırmış Surxayı – Stalinin ölən günləri idi – təzədən 
ara qızışmasın deyə, Bakıdan gəlmiş Azərbaycan KP MK təlimatçısının göstərişi ilə 
həbsdən azad etdilər və Telefon Stansiyasının yanındakı mətbuat köşkündə qəzet-
jurnal satan Uzun Surxay (Məmmədov) o gündən də oldu Bayraqdar – Surxay 
Bayraqdar. Daha doğrusu, Şuşa camaatı onu «Bayraqdar Surxay»– deyə çığırmağa 
başladı, amma Surxayın «Bayraqdar Surxay» yox, «Surxay Bayraqdar» daha çox 
xoşuna gəlirdi və Surxay erməni təcavüzü ilə bağlı Moskvaya göndərilən bütün 
etiraz məktublarına, mitinqlərdə həbs olunmuş adamları azad etmək 


 
156
tələbnamələrinə, Azərbaycanın SSRI-nin tərkibindən çıxmaq istəməsi barədə Siyasi 
Büroya göndərilən teleqramlara və s. elə bu cür – «Surxay Bayraqdar» kimi imza 
atmağa başladı və onun hələ heç kimə demədiyi, ürəyində gəzdirdiyi bir arzusu da 
bundan ibarət idi ki, Əbülfətin də familini gələcəkdə «Məmmədov» yox, 
«Bayraqdar» yazdırsın: Əbülfət Surxay oğlu Bayraqdar. 
Şuşa camaatı gözünü açıb bu mətbuat köşkündə Surxayın dədəsi Uzun Məti 
dayını qəzet-jurnal satan görmüşdü və o vaxt ki, Uzun Məti dayı xəstələnib yorğan-
döşəyə düşdü (onda Surxay məktəbin onuncu sinfində oxuyurdu), elə o vaxtdan da 
Surxay məktəbi atıb, gəlib dədəsinin yerində oturdu və iyirmi il sərasər Şuşadakı o 
gözəl köşkdə qəzet-jurnal satdı. 
Surxay o biri sinif yoldaşları kimi Bakıya, ali məktəbdə oxumağa getmədi, heç 
onuncu sinifi də bitirmədi. Köşkdə dədəsinin yerinə keçəndən sonra, hərdənbir dərsə 
gedirdi, amma bir dəfə  Məleykə müəllimə – məktəbin dərs hissə müdiri – köşkün 
qabağında dayanıb: 
– Dərsə niyə gəlmirsən, a bala? – soruşdu. 
Surxay: 
– Dədəmin yerindəyəm axı... – donquldandı. 
Məleykə müəllimə də: 
– Nədi, dədən səni varis elan edib?– deyə onun üzünə çımxırdı və bununla da 
kifayətlənməyib  əli ilə köşkü göstərdi: – Pah!.. – dedi. – Bura da sənin 
padşahlığındı?! 
Və  Məleykə müəllimənin o «Pah!»ından sonra Surxay məktəbi tamam atdı, 
amma oxumağın dalınca getməsə  də,  Şuşada az adam tapılardı ki, Surxay qədər 
siyasi aləmdən xəbərdar olsun (Syerra-Leonenin prezidentinin adından tutmuş 
Suslovun dədəsinin adınacan) və «perestroyka»nın  şıdırğı vaxtında ilk dəfə 
Məhəmməd Əmin Rəsulzadənin şəklini tapıb köşkün şüşəsinə taxan adam da Surxay 
oldu və o zaman, elə bil ki, uzun illərin ayrılığından sonra nəhayət ki, Azərbaycana 
qayıda bildiyinə görə  Şuşadakı o qəzet köşkünün  şüşəsindən xəfif bir təbəssümlə 
gülümsəyən Məhəmməd Əmin bəyi çox adam ilk dəfə görürdü və soruşurdu ki, bu 
kimdi belə?  
Surxay evləndi, Əbülfət – Əbili anadan oldu və o vaxt, əlbəttə, Surxay bilmirdi 
ki, Əbülfət haçansa, Eysebio olacaq, bütün Bakı onu «Eysebio»– deyib, çağıracaq. 
Surxay o vaxt Salazarın kim olduğunu, nə vaxt doğulduğunu bilirdi, amma dünyada 
Eysebio adında bir məxluqun olduğundan heç xəbəri də yox idi və  əlbəttə, o vaxt 
Surxay burasını da bilmirdi ki, Allah-taala Eysebionun ömrü üçün (Əbülfətin ömrü 
üçün) bu dünyada az bir möhlət ayırıb. 
Illər keçdikcə, Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o 
qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi – hər şey 
belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası 
və onu Bayraqdar edən üçrəngli bayraq oldu.  
Surxay Gülzar arvadı tikiş maşınının arxasında oturdub başının üstünü kəsdirərək 
göy, qırmızı, yaşıl ipəkdən bayrağı özü tikdirdi, ayı, ulduzu da öz əli ilə kağızın 
üstündə ölçdü, biçdi, kəsdi və sonra yenə Gülzar arvadın başının üstündə dayanıb ağ 
ipəyə keçirtdi, bayrağın dəstəyini əvvəlcə şam ağacından düzəltdi ki, yüngül olsun, 
sonra fikirləşdi ki, üçrəngli bayrağın dəstəyi gərək yüngül olmasın, palıd ağacından 
bir dəstək düzəltdi, sonra o palıd dəstəyi də üçrəngli bayrağa layiq bilmədi və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə