Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   62   63   64   65   66   67   68   69   ...   145

 
146
Həm bu xəzriyə görə, həm də  şənbə  və bazar günü olmadığına görə sahil 
bomboş idi və Ağababa bu boş sahillə gedə-gedə, necə oldusa, birdən-birə o yağışlı-
küləkli sonuncu yaz gününü yadına saldı, dalınca düşüb evlərinə gedən o gülməli 
küçüyü yadına saldı, dənizə baxdı, qumluğa baxdı  və fikirləşdi ki, min-min o cür 
yağışlı-küləkli günlər olub bu dənizin qırağında, min-min o cür küçüklər görüb bu 
dəniz, min-min Ağababalar görüb, min-min dərdin-sərin  şahidi olub bu dəniz və 
adamların bütün dərdi-səri, bütün çatışmayan işləri bu dənizin böyüklüyünün, bu 
dənizin qocalığının müqabilində elə o balaca küçük kimi gülməli bir şeydi. 
Poçtalyon Fətoş  məktub-qəzet dolu çanta belində, köhnə velosipedini sürə-
sürə qabaqdan gəlib Ağababagilin yanından ötdü (bütün bu tərəflərdə poçtalyon 
Fətoşdan başqa heç kim bu qumluqda velosiped sürə bilmirdi, özü də poçtalyon 
Fətoşun rəsmi altmış səkkiz yaşı var idi, amma qəssab Ağakişi deyirdi ki, poçtalyon 
Fətoş elə  mənimlə yaşdaş olar, yəni, belə  çıxırdı ki, poçtalyon Fətoşun səksən bir 
yaşı var), salamlaşdı və soruşdu: 
– Hara belə, xeyir ola?  
Ağababa: 
– Gəzməyə gedirik! – dedi.  
Poçtalyon Fətoş: 
– Həmişə gəzməkdə! – dedi və velosipedini sürüb uzaqlaşdı. 
Baxmayaraq ki, şənbə  və bazar günü deyildi, Gümüş Malikin kababxanası 
müştəri ilə dolu idi və təkçə kababxananın içində yox, bütün ətrafındakı qumluqda 
da, əncir kölgəsində, meynə talvarının kölgəsində dördkünc mizlər qurulub, kürsülər 
düzülmüşdü və Bakıdan gələn müştərilər yeyib-içib kef çəkirdilər: kimi dostu ilə 
gəlmişdi, kimi gələn qonağını  gətirmişdi və bu qonaqlar kababdan daha çox göy-
göyərti yeyirdi, araq içirdi və tez keflənirdi, kimi dəstə ilə gəlmişdi və sairə.  
Gümüş Malik Ağababanı görən kimi:   
– Xoş gəlmisən, qədeş! – dedi. – Sonra gördü ki, Ağababa bütün əhli-əyalı ilə 
gəlib və bunu özünə qarşı böyük bir hörmət əlaməti kimi qəbul etdi, çünki, əslində, 
kəndin kişiləri arvad-uşağı götürüb kababxanaya gətirməzdi: – Anam-baçım 
olsunlar,  əcəb eləyib gətirmisən bacını da, uşaqları da! Buralarda oturmayın, süzə 
layiq döyül, tapşırram düzəldərlər süzünçün bu saat! 
Gümüş Malik həm boydan-buxundan, həm də qarından çox yekə bir kişi idi 
(belə danışırdılar ki, guya, bir dəfə Gümüş Malik səhər-səhər otuz üç yumurtanın 
qayğanağını yeyib!) və əvvəllər özü də atası məşhur hambal Israfil kimi yükdaşıyan 
idi, amma evlənəndən sonra qaynı Ələkbərin dost-tanışının sayəsində əvvəlcə klub 
çayxanasında çayçı oldu, sonra öz gücünə Buzovnanın vağzal restoranında bufetçi 
düzəlib işlədi, sonra da bu kababxananın müdiri oldu və Gümüş Malikin işləri elə 
gözəl gətirmişdi, özünə elə bir hörmət qazanmışdı ki, indi qaynı  Ələkbər Gümüş 
Malikin yanında ürək eləyib papiros çəkmirdi ki, kişidən ayıbdı. 
Kababxanada Gümüş Malikin balaca bir müdir otağı var idi ki, burada oturub 
kağız-dəftərdə haqq-hesab aparırdı, telefonla danışırdı, mal qəbul edirdi və  ən 
hörmətli adamlar gələndə bu otaqdakı balaca yazı mizinin üstünü boşaldıb süfrə 
saldırırdı, qonaqları burda oturdurdu ki, başqa müştərilərdən ayrı olsunlar və indiki 
halda Ağababanın külfəti, demək olar ki, hamısı kişi olan bu müştərilərin yanında 
sıxılmasın. 


 
147
Bu istidə başına «aerodrom» papaq qoymuş xörəkpaylayan Çəfərqulu içəri 
girib Ağababagillə salamlaşdı, hal-əhval tutdu (xörəkpaylayan Cəfərqulu 
Xeyransanın xalası oğlu idi və dünyada ən birinci zəhləsi gedən adam Əmirqulu idi) 
və menyünü qoydu Ağababanın qabağına. 
Abşerondakı belə kababxanalarda menyü olmazdı, amma Gümüş Malikin 
kababxanasının bir fərqli cəhəti bundan ibarət idi ki, burda menyü olurdu və hamı 
bilirdi ki, bu gözəl menyü bukletini Gümüş Malik Çexoslovakiyada sifariş elətdirib 
gətirmişdi, arasına  əllə yazılmış kağız qoyurdu və bu kağızda kababxanadakı 
cürbəcür yeməklərin adı yazılırdı, amma qiyməti yazılmırdı. 
Ağababa xörəkpaylayan Cəfərqulunun gətirdiyi menyüyə baxdı  və gördü ki, 
burda ən birinci şaşlık «Sürpriz» yazılıb, Ağababa da göy-göyərti, pomidor-xiyar və 
pendirdən başqa adama bir yeməklik şaşlık «Sürpriz» sifariş verdi. 
Gümüş Malikin bu otağındakı  pənçərədən Məşədi Manqalın manqalları 
görünürdü və ömrü boyu həmişə kabab bişirməklə məşğul olmuş Məşədi Manqal bu 
manqaldan o manqala qaça-qaça bir belə müştərinin kababını bütün gün ərzində 
təkbaşına bişirirdi. (Kəndin camaatı danışırdı ki, Məşədi Manqal hər gün o qədər tin-
tüstü udur ki, axşam iş qurtarandan sonra, yəni, kababxananın manqallarının 
hamısına su çiləyib söndürəndən sonra, Məşədi Manqal bir tikə çiy quyruğa sap 
bağlayıb udur, sonra sapı dartıb quyruq tikəsini çəkib qarnından çıxarır və quyruq 
tikəsi hisdən qapqara olur; guya, Məşədi Manqal bu minval ilə  hər axşam mədə-
bağırsağını təmizləyir.) 
Xörəkpaylayan Cəfərqulu göy-göyərti gətirib mizin üstünə düzdu, xiyar, 
pomidor gətirdi, pendir gətirdi, Ağababa üçün iki yüz qram araq gətirdi, quyuya 
sallanmış və indi buz kimi olan «Badamlı» gətirdi və: 
– Nuş can!  – deyib getdi. 
Ağababagil mizin üstundəkilərdən yeməyə başladı, sonra Ağababa araqdan 
yüz qram süzüb Baladadaşın və Ağagülun sağlığına içdi, sonra da hamı «Sürpriz» 
kababını gözləməyə başladı. 
Ağabacı dedi: 
– Balam, bu nə kababdı belə? Birdən qoyun əti olmaz, alayı şey olar a?.. 
Ağababa başa düşdü ki, Ağabacı ehtiyat eləyir ki, birdən donuz əti-zad olar, 
kişini gülmək tutdu və  Ağababanın axır vaxtlar bu qədər urəkdən güldüyü 
olmamışdı; Nuhbala da, qızlar da başladılar gülməyə  və elə bu vaxt klarnet səsi 
gəldi, zurna səsi, nağara səsi gəldi, «Gəlin» havasının adamın sümüyünü oynadan 
səsi aləmə yayıldı, sonra qapı açıldı, xörəkpaylayan Cəfərqulu  əlində üstü 
pomidorla, göy-göyərti ilə  bəzədilmiş içi kabab dolu böyük bir bulud oynaya-
oynaya içəri girdi və xörəkpaylayan Cəfərqulunun ardınca da klarnetçalan Muxtar, 
zurnaçalan  Ərəstun, nağaravuran Ibrahim çala-çala, klarneti, zurnanı, nağaranı 
oynada-oynada içəri girdilər, xörəkpaylayan Cəfərqulu buludu mizin ortasına qoydu. 
Muxtar, Ərəstun və Ibrahim də keçib dayandılar Ağababanın başının üstundə və güc 
verdilər «Gəlin» havasına. 
Bu əhvalatın gözlənilməzliyindən əvvəlcə Ağababagilin gözü çıxdı kəllələrinə 
və handan-hana özünə gələn Ağababa: 
– Alə, Cəfərqulu, bu nədi belə? – soruşdu.  
Xörəkpaylayan Cəfərqulu: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə