Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   66   67   68   69   70   71   72   73   ...   145

 
157
rəhmətlik Uzun Məti kişinin cavanlıq çağlarında həyətdə əkdiyi böyük qoz ağacının 
bir gözəl budağından dəstək düzəltdi, Bazar başında misgər Əlihüseyn kişinin 
dükanına gedib bayrağa dəmir ucluq düzəltdirdi, o ucluğa nikel çəkdirdi və 
qaynanasına – Səyyarənin anasına – o arvadın əl işi bütün Şuşada məşhur idi – ipək 
qotaz düzəltdirib o ucluqdan asdı və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı 
başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet 
Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik 
bayrağını birinci dəfə gördü. 
Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı 
olmasın, erməni gülləsinə tuş  gələn bir şəhid dəfni olmadı ki, Surxayın  əlindəki o 
bayraq orada başını əyməsin... 
Və o bayrağın eşqi Telefon Stansiyasının yanındakı o mətbuat köşkünə, qəzet-
jurnallara və o qəzet-jurnallardakı siyasi xəbərlərə hörməti və  məhəbbəti də 
sıxışdırıb Surxayın ürəyində büzüşdürdü – indi o ürəyin içindəki üçrəngli bayraq 
idi...  
IV
 
Vasili Kuzmiçın qızı bir yəhudiyə  ərə getmişdi və indi əri ilə birlikdə köçüb 
ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra 
da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera 
Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən 
artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı. 
Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi 
sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya 
əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera 
Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, 
iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən 
evə  gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini 
yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir 
araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını 
da Vasili Kuzmiç. Sonra rus çastuşkaları,  Şuljenkonun, ya Utesovun mahnıları 
yazılmış valları  hələ 60-cı illərin  əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə 
qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb 
haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə 
cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna 
özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, 
Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı  və indi o həyata 
birinci qibtə edən adam, elə Kuzmiçin özü idi. 
Və  hərdən bağda – Əhməd Ağayeviçin bağında qədim  əncir ağacının dibində 
oturub kürəyini ağacın yoğun gövdəsinə söykəyərək filtrsiz siqaret çəkə-çəkə o 
zamanları xatırlayan Vasili Kuzmiçin, bəzən, özünün də inanmağı  gəlmirdi ki, 
haçansa, həqiqətən elə gözəl bir həyat yaşayıb, amma Vasili Kuzmiçin ürəyində 
xüsusi bir təəssüf hissi də yox idi, çünki o, həyat adamı idi və fikirləşirdi ki, həyatdı, 
yaşanıb, keçib-gedib və yalnız Vera Arxipovnanı xatırlayanda, sonuncu siqareti nə 
vaxt çəkməyindən asılı olmayaraq, Kuzmiç təzə bir siqaret yandırırdı. 


 
158
Sovet zamanının bayramlarında – 1 Mayda, 9 Mayda, 7 Noyabrda Vasili 
Kuzmiç Vera Arxipovnanın səliqə ilə ütülədiyi göy kastyumunu geyib, Lampa 
zavodunda işlədiyi müddətdə  əmək qələbələrinə görə aldığı orden və medalları 
döşünə taxırdı, axşamdan  şotka ilə  təmizləyib boya sürtdüyü üçün pap-par 
parıldayan ayaqqabılarını geyirdi və nümayişlərə gedirdi, sonra da ya onlarda, ya 
dostlardan birinin evində  yığışırdılar, gecəyə  qədər yeyib-içirdilər, qarmon çalıb 
oynayırdılar və indi o günlər – o gözəl günlər Vasili Kuzmiçə yuxu kimi gəlirdi, 
onun ürəyini bir kədər bürüyürdü, amma yenə də xüsusi bir təəssüf hissi keçirmirdi
çünki həyat idi və həyatın öz qanunları var idi. 
Uşaqların hərəsi bir tərəfə getdi, sonra satqın Qorbaçovun (ABŞ  kəşfiyyatının 
onu  ələ almasına Kuzmiçin qəti  şəkk-şübhəsi yox idi) «perestroyka» boşboğazlığı 
başladı, ara qarışdı, məzhəb itdi, sonra Sovet Ittifaqı dağıldı, Lampa zavodunda 
istehsal dayandı, sonra Vera Arxipovna öldü və  işsiz Vasili Kuzmiç üçotaqlı 
mənzilində  tək qaldı. Yavaş-yavaş alətlərini – çəkicini, mişarını, kəlbətinini, 
rəndəsini... – satmağa başladı, sonra yorğan-döşəyə, qab-qaşığa keçdi və bu 
minvalla o üçotaqlı mənzildə demək olar ki, bir şey qalmadı. 
Əhməd Ağayeviçin sürücüsü, tatar balası  Şövkət Vasili Kuzmiç ilə bir blokda 
yaşayırdı və Bilgəhdəki o bağa köçməyi, ora qulluq eləməyi və oranın qarovulunu 
çəkməyi də həmin sürücü təklif elədi. 
Bakının 3-cü mikrorayonundakı həmin üçotaqlı mənzili Vasili Kuzmiçə Lampa 
zavodunda vermişdilər və Vasili Kuzmiç o boş  mənzilin mətbəxində qabağına bir 
şüşə araq qoyub xeyli fikirləşdi, özü özü ilə söhbət elədi və səhər Vanyaya teleqram 
vurdu ki, Bakıya gəlsin. Vera Arxipovna öləndə Vanya gəlməmişdi və Vasili 
Kuzmiç fikirləşdi ki, çağırışının səbəbini bilməsə, Vanya yenə gəlməyəcək, ona görə 
də teleqramda yazdı: «Evi satıram. Gəl.» 
Üç gündən sonra Vanya Bakıda idi və Vasili Kuzmiç, doğrudan da, evi satdı, 
doqquz min dolları gətirib mətbəxdəki mizin üstünə qoydu və dedi: 
– Nə qədər istəyirsən, götür. 
Vanya udquna-udquna mizin üstündəki o bir dəst yüzlük dollara baxdı – bu 
qədər pulu Vanya, ancaq kinoda görmüşdü – sonra, elə bil, gördüklərinin 
gerçəkliyinə inanmayan gözlərini güclə o pullardan çəkib atasına baxdı, sonra 
özündən asılı olmayaraq birdən-birə titrəməyə başlamış əlini uzadıb pulun hamısını 
götürdü, sonra da eləcə udquna-udquna yenə atasına baxdı: 
– Sənə də lazımdı? 
Vasili Kuzmiç barmağını bığına çəkib: 
– Yox, – dedi və o vaxtdan da Əhməd Ağayeviçin Bilgəhdəki bağında yaşamağa 
başladı. 
O isti iyun günü də Vasili Kuzmiç əncir ağacının altında oturub acqarına siqaret 
çəkirdi və siqaret çəkə-çəkə də o bir dəst dolları xatırladı, Vanyanın udquna-udquna 
o pullara baxmağı gözlərinin qabağına gəldi və fikirləşdi ki, o pulların üstündə 
Vanya onu öldürə də bilərdi. 
Düzdü, Vasili Kuzmiç bunu fikirləşdi, amma Vanyaya qəzəblənmədi, çünki 
həyat idi və həyatın öz qanunları var idi. 
Vasili Kuzmiç siqaretdən bir dərin qullab alıb ciyərlərinə  çəkdi və  ağzından, 
burnunun pərələrindən tüstü çıxa-çıxa: 
– Allah ona kömək eləsin... – dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə