Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə12/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   8   9   10   11   12   13   14   15   ...   184

 

29

Doğrudan da, əgər Tolik sürüşüb suya düşsə, boğulsa, mən də yaşaya bilmərəm, 



mən də ölərəm. Indi mən nədən qorxuram: Tolikin boğulacağından, ya özümün 

ölməyimdən? 

Fakt budur ki, qorxuram, düz deyir. 

Yox, Fira heç zaman məni sevə bilməzdi. Fira cəsur idi. Firanın idealı da cəsur 

idi, cəsur ideal. Mən cəsur deyiləm. 

Cəsur olmamağımı nədən bilirəm? Bəyəm elə bir təsadüf olubmu ki, mənim də 

cəsurluğuma ehtiyac olsun? Yox, olmayıb belə bir təsadüf. Bəlkə mən də cəsuram? 

Bəlkə, doğrudan, məni sevirdi Fira? Əgər bilsəydim ki, Fira məni sevirdi, indi onun 

ölümünə daha artıq yanardımmı? Ümumiyyətlə, yanırammı onun ölümünə? 

Yanmaqla heyfsilənmək eyni şey deyil. 

Fira cəsur qız idi. 

Mən haradan bilirəm ki, Fira cəsur qız idi? Elə bir təsadüf düşmüşdü ki, Fira 

mənim yanımda öz cəsurluğunu göstərsin? Yox, amma Fira cəsur qız idi. 

Bir dəfə Sürəyya mənim yanımda məndən Firaya gileylənəndə Fira çox ciddi 

surətdə demişdi ki, Sabir göründüyü adam kimi deyil, onda tamam başqa cür adamın 

potensial aləmi var. Fira səhv etmişdi, amma özü bu cür idi; bu iki Firəngizin ikisi 

də gözəl idi, ancaq ikinci Firəngiz daha mürəkkəb idi, o cəsurluğu da ikinci 

Firəngizdə görürdüm, hiss edirdim və ikinci Firəngiz birinci Firəngizdən daha artıq 

yaxın idi mənə. Mən isə bir nüsxəli Sabirəm. 

Tolik dedi ki, bayaqkı motosikldən bizdə də olsaydı, əntiqə olardı. Bayaq nahar 

üçün şəhərə gedəndə univermağın yanından keçirdik, vitrində qıpqırmızı, nikelli bir 

motosikl qoymuşdular, Tolik yarım saat dayanıb baxdı, həmin motosikli deyirdi. 

Mən ömrümdə motosikl sürməmişəm – sürməmişəm dedim, – ömrümdə heç 

yerli-dibli motosikldə  gəzməmişəm. Uşaqlıqda bir üççarxlı velosipedim var idi, 

beşinci sinifdə oxuyana qədər eyvanda sürürdüm onu. 

Sürəyyanın atasının «Moskviç»i var idi, bura da, yəni Iosif Samoyloviç Bassın 

hüzuruna da həmişə həmin «Moskviç»lə gələrdik – özü sürürdü; bu il «Moskviç» öz 

sahibi ilə birlikdə Bakıda qalıb, amma biz yenə bura, yəni «Avtopansionat»a 

gəlmişik, Iosif Samoyloviç Bassın sayəsində, daha doğrusu, Iosif Samoyloviç Bassa 

bağışladığımız iki şüşə «Göygöl» konyakının və bir kilo qara kürünün sayəsində kef 

eləyirik: kenpinqdə ikiyerli xudmani bir evciyimiz var; bu evcik də müvəqqətidir – 

biz buradan gedənəcən. 

Niyə müvəqqəti, bəyəm gələn il gəlməyəcəyik bura? Ömrümüzün axırına kimi 

gəlməyəcəyik bura? 

 

Köhnə hamam, köhnə tas, 



Köhnə pansion, köhnə Bass. 

 

Ömrümüzün axırına qədər gəlsək də bura, yenə bu evcik müvəqqətidir. 



Nə üçün mən həmişə  məhz buraya gəlməliyəm? Nə üçün hər yay eyni evləri, 

eyni sifətləri: süpürgəçi Lyonya, inzibatçı Jenya, bufetçi Sergey, gözətçi Foma 

Gerasimoviç, day nə bilim kim... görməliyəm, eyni mənzərəyə tamaşa etməliyəm, 

hər addımına bələd olduğum yerləri bir də təzədən gəzməliyəm? Bu cür, ya qeyri-bu 

cür – bunların mənim üçün əhəmiyyətli bir fərqi varmı? Yox... Bəs, niyə indi bu 

barədə fikirləşirəm? 




 

30

Hələ institutda oxuyanda Fira ilə Sürəyya səhər-səhər bir-biri ilə dalaşırdılar. 



Firagil bizdən – bizdən deyəndə ki, Sürəyyagildən; evlənəndən sonra onlarda 

qalıram – bir az aralı yaşayırdılar, o, səhər instituta gedəndə bizə gəlib Sürəyyanı da 

götürürdü, birlikdə gedirdilər. Fira hər dəfə yolunu başqa-başqa küçələrdən salırdı, 

deyirdi ki, hər gün səhər-səhər eyni küçələrlə gedə bilmirəm, zəhləm belə eynilikdən 

gedir. Yaxın yolu qoyub, az qala, bütün şəhəri fırlanırdı, Sürəyyanı da salırdı dalına. 

Sürəyya da hər səhər dalaşırdı ki, öz yolumuzla gedək. 

Tolik dedi ki, yorulmuşam. Sonra da dedi ki, zəhləm gedir göldən, çünki sən heç 

nə danışmırsan. Dedim ki, nə danışım? Dedi ki, nağıl danış. Soruşdum ki, Cırtdanın 

nağılını danışım? Soruşdu ki, Cırtdan kimdir? Dedim ki, heç kim. Dedi ki, «Qar qız» 

nağılını danış. Dedim ki, sonra danışaram, indi gedək qayığı qaytaraq, yoxsa 

saatımız orda qalar. 

Saat orda qalsa nə olar ki, gün qaraldacaq, yeri bilinməyəcək. Fərqi varmı? Yəni 

fərqi varmı ki, yeri qalsın, ya qalmasın? Onsuz da, saat ki yoxdur, istəyir yeri 

görünsün, istəyir yeri görünməsin. 

Fira heç zaman məni sevə bilməzdi, çünki mən eyni bir adamla, lap 

xoşlamadığım bir adamla bir il bir otaqda qalıb heç hara çıxmaya bilərəm, bir il 

mütəmadi onunla nərd, ya «Duraki» oynaya bilərəm; uduzsam da yandırmaz, udsam 

da sevindirməz. 

Saatı qoluma taxdım. Tolik dedi ki, darıxıram, sən heç nə danışmırsan, mamam 

da gedib Bakıya mənə babamın «Moskviç»ini gətirsin, amma gəlmir. Tolik, 

doğrudan da, darıxırdı, çünki Tolikin yerinə olsaydım, mən də darıxardım, hərçənd 

son dəfə darıxdığım yadıma gəlmir. Yəqin ona görə ki, həmişə darıxdırıcılıq içində 

olmuşam və bu barədə fikirləşməmişəm – mənası yoxdur, ona görə. 

Bəs, niyə indi fikirləşirəm? 

Indi ki, fikirləşirəm, qoy lap möhkəm deyim: yoldaş  sənətşünaslıq namizədi 

Sabir Məlikov, bilirsənmi, niyə darıxmırsan, daha doğrusu, darıxmağın yadına 

gəlmir? Çünki həmişə sükunətin içindəsən, çünki bunun sənin üçün fərqi yoxdur – 

nə darıxmağın, nə də darıxmamağın. 

Bu nə fikirlərdir girir başıma?  

Tolikə dedim ki, gedək parkda gəzək, sonra da axşam naharı eləyək. Tolik dedi 

ki, əvvəlcə gedək yenə «Fantomas»a baxaq, sonra gedək gəzək, lap sonra da yeyək; 

Fantomas belə gülür: ha-ha-ha. Mən dedim ki, o cür yox, belə gülür: xa-xa-xa. 

Avtobus dayanacağındakılar dönüb mənə baxdılar. Istədim onlara baş  əyim, 

diqqətlərinə görə təşəkkür edim. 

Tolikə yemək yedizdirəndə Fira mənə  əl çalardı, mən də qalxıb ona baş 

əyərdim. Fira deyərdi ki, bilmirəm, bu camaat niyə səni duzsuz hesab eləyir, yenə 

həvəssiz adam hesab eləsəydilər, deyərdim hə.  

Bütün tanışlığımız müddətində Fira birinci və axırıncı dəfə mənə həvəssiz adam 

dedi və  mən, demək olar ki, bütün gecəni Sürrəyyanın yanında qurcalanıb Firanın 

necə də hədəfə dəydiyinə təəccüb edirdim. Əslinə baxsan, bu mənim üçün bir kəşf 

idi. Fikirləşirdim ki, həvəssiz adamam ona görə ki, arzusuzam. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə