Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə143/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   139   140   141   142   143   144   145   146   ...   184

 

318


gizli qızıl mütəxəssislərindən (!) biri, əslində, elə birincisi idi və Bakının 

qarabazarında dövrə vuran Nikolay qızıl onluqlarının, imperialların və ümumiyyətlə, 

qızıl məmulatının çox böyük hissəsi onun o qızıl əllərindən keçib-gedirdi və aydın 

məsələdir ki, söhbət yalnız qızıl diş salmaqdan yox, gizli qızıl alverindən gedirdi, 

sonra elə ki, Sovet Ittifaqı birdən-birə tar-mar oldu, Müseyibin və onun uzun illər 

boyu əsl yaradıcılıq eşqi və hörümçək torunun səliqəsi ilə yaratdığı şəbəkənin gizli 

fəaliyyəti açıq-aşkar bir biznesə çevrildi. 

Hər şey gözəl idi, hörmət də artırdı, var-dövlət də artırdı, oğlanlarının ikisi də 

nər kimi idi, nəvələrin sayı da artırdı, amma hər  şey, elə bil, ləzzətini itirmişdi, o 

sovet dövründəki (ateizm vaxtı!) gizli həyatın sevincini indi həmin gözəl həyəcanla 

yaşamaq mümkün deyildi, nə üçün? – iş burasındaydı ki, bu sualın cavabını da 

vermək mümkün deyildi... Görünür, qadağanın (sovet qadağalarının!) öz şirinliyi 

olur və o zaman ki, hər  şey açıq-aşkardır, nə istəyirsən, onu da edirsən, hər  şey 

sadələşir və indi Müseyibin bir sükut içində oturub gözünü zillədiyi II Yekaterinanın 

qoz ağacından gümüşlə  işlənmiş o kiçik kürsüsü də, elə bil ki, tamam adi bir şey 

idi... 


Müseyib antikvar vurğunu idi və onun dənizə baxan bu binanın səkkizinci 

mərtəbəsindəki beşotaqlı  mənzili,  əslində, antikvar muzey kimi bir yer idi və 

rəhmətlik arvadı – o da qəribə adamlardan biri idi – hərdən deyirdi ki, qonaq 

gələndə, vallah, adam utanır... Misal üçün, bir yeniyetmə təzə paltarını geyib camaat 

arasına çıxanda necə  şaşırırdı, utanırdısa, arvadı da, rəhmətlik, görünür, o cürə 

utanmağı deyirdi...  

II Yekaterinanın bu kətilini Sovet Ittifaqı dağılandan sonra, Leninqradda (indi 

təzədən Sankt-Peterburq olub) gizli və  gərgin sövdələşmədən sonra məşhur bir 

demokratdan almışdı, o demokrat isə, bunu hansı muzeydən, necə  əldə etmişdi?– 

özü bilərdi və Yekaterinanın bu kətili Müseyib üçün, həqiqətən də, bir sevinc və 

fəxarət mənbəyi idi, amma indi, bu bürkülü iyul axşamı o da beləcə adiləşmişdi. 

Indicə oğlanları gələcəkdi və şübhəsiz ki, yenə konyak açılacaqdı, soyuducudakı 

delikatesləri özləri çıxarıb mizin üstünə düzəcəkdilər və üç kişi oturub dünyanın 

gözəl işlərindən danışacaqdılar, gözəl xatirələr yada düşəcəkdi, sonra da oğlanları 

gedəcəkdilər. Arvadı öləndən sonra, Müseyib bu beş otaqda tək qalmışdı, qoca bir 

yəhudi qadın xidmətçisi var idi, axşam saat altıdan sonra o da gedirdi və o zaman bu 

əntiq-füruş şeylər tamam-kamal adiləşirdi, sadələşirdi və o adiləşmə, sadələşmə özü 

ilə bir qüssə gətirirdi... 

Oğlanlarının hərəsinin öz evi var idi, amma ikisinin də ürəyi burada, atasının 

yanında idi və Müseyibin sağ tərəfindəki bu ağrı başlayandan sonra, ikisi də, az qala, 

dava edirdilər ki, həkimə getmək lazımdır. Müseyibin də ki, özü həkim idi, amma 

həkimə getməklə qəti arası yox idi və həyatında heç vaxt həkimə getməmişdi.  

Bir tərəfdən o ağrı dilxor edirdi, o biri tərəfdən də  oğlanları  məcbur edirdi və 

Müseyib  şeytana lənət deyib, Diaqnostika Mərkəzində  həkimlərlə danışıb bu gün 

səhər ora müayinəyə getdi. Cib telefonunu söndürmüşdü və Müseyib evə  gələndə 

hələ qapını açmamış, liftdən çıxanda eşitdi ki, telefonun səsi aləmi dağıdır.  

Böyük oğlu idi: 

– Əşşi, telefonu da söndürmüsən, səhərdən birtəhər olmuşam! Nə oldu? 

– Nə olmalıydı ki? 

– Baxdılar? Nə dedilər? 

– Dedilər ki, hər şey əladı!  

– Yaxşı baxdılar? UZI-dən keçdin? 




 

319


– UZI-dən də keçdim, analizlərin də hamısını verdim!  

– Dedilər əladı? 

– Hə! 

– Bir şey yoxdu? 



– Hə  də, dedilər heç nə yoxdu. Yüngül soyuqdəymədi, keçib gedəcək. 

Tərtəmizdi, dedilər, hər şey!– Müseyib güldü.– Nə olacaqdı e, mən də bilirdim ki, 

boş şeydi də!.. 

– Axşam gəlirəm! 

Və Müseyib, elə bil, gözüylə gördü ki, oğlunun gözləri sevincdən necə doldu və 

oğlunun belə bir münasibətindən elə Müseyibin özünün də gözləri doldu. 

Telefonun dəstəyini yerinə qoymağa macal tapmamış, telefon təzədən zəng 

çaldı. 


Kiçik oğlu idi. 

Və eyni söhbət – söz-sözə!– onunla oldu və onun da o nigarançılığının 

ürəyindən çıxmasını Müseyib, elə bil, gözü ilə gördü. 

Ikisi də polisdə  işləyirdi. Böyüyü mayor idi, amma polkovnik vəzifəsində 

işləyirdi və lap bu yaxın günlərdə  həmin rütbəni də növbədənkənar alacaqdı – 

Müseyib bu məsələni artıq həll etmişdi. 

Kiçiyi hələ kapitan idi.  

 

* * *



 

 

Hərdən Zibillikdə (bəzən elə o hündürmərtəbəli binaların həyətlərində  də) 



Əliqulunun rəqibləri peyda olurdu və bu adamlar peşəkar şüşəyığanlar deyildi, çünki 

peşəkar  şüşəyığanların meşə heyvanları kimi, hərəsinin öz ərazisi olurdu və onlar 

çalışırdı ki, bir-birinin ərazisinə girməsin, bir-birinin işinə qarışmasın; o qəfil peyda 

olan rəqiblər alkoqoliklər idi, tapdıqları şüşələri tələsik dükana aparıb əvəzində pivə, 

bəxtləri gətirsəydi, yəni, şüşə çox olsaydı, şirin çaxır alırdılar və bu alkoqoliklər tək 

olanda dünyanın  ən köməksiz və  cəsarətsiz yazıq bəndələri idi, amma elə ki, iki 

nəfər, üç nəfər oldular, əməlli-başlı qorxulu olurdular, boş şüşə üstündə lap adam da 

öldürərdilər və o isti iyul səhəri elektrik qatarından düşüb adamın təpəsini deşən gün 

şüalarının altında Zibilliyə tərəf gedən Əliqulu uzaqdan orada iki nəfərin qaraltısını 

görəndə qanı qaraldı  və bir az da yaxınlaşanda məlum oldu ki, bu iki nəfər iki 

alkoqolik rus qadınıdır, hərəsi əlinə bir taxta alıb Zibilliyi eşələyir. 

O alkoqolik rus qadınlarından biri başını qaldırıb qapaqları  şişmiş  rəngsiz 

gözlərini günün şüaları altında qıya-qıya bu cılız kişiyə – Əliquluya baxıb, elə bil, 

çoxdan onu gözləyirmiş kimi: 

– A-a-a!..– dedi.– Prişol da!.. Oqraş!.. – Sonra da bir yağlı rus ana söyüşü söydü. 

Ikinci qadın da Əliquluya baxdı, amma, deyəsən, onun birinci qadın qədər 

enerjisi yox idi, quruyub çatdamış  və qaralmış dodaqlarının kənarları  ağappaq 

köpüklənmişdi və bu qadın təkcə elə: 

– Svoloç!– deməklə kifayətləndi. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə