Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə39/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   35   36   37   38   39   40   41   42   ...   184

 

88

Sevilin anası dedi: 



Elə-belə gətirib e, ay Murad, pulsuz. 

Murad gülümsədi: 

– Eyb etməz, qoy gedib pivə içsin, sərinlənsin. 

Baladadaş heç bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı. 

Arxadan Muradın səsi gəldi: 

– Az oldu? 

Sonra da göygözlü, xumayısaçlı, ağbənizli həmin on səkkiz yaşlı  qız bərkdən 

güldü. 


Iki ay var idi: biri göydə, biri də  dənizdə  və  dənizdəki bu ay narın ləpələrin 

üzərində oynayırdı. Baladadaş sahildə – qumun üstündə oturub gözlərini dənizdəki 

aydan çəkmirdi. 

Bütün sahildə heç kim yox idi, bir dəniz var idi, bir Baladadaş, bir də dənizdəki 

bu ay. 

Sahilin bu tənhalığı bir həzinlik gətirmişdi və Baladadaş da həmin həzinlik 



içində gözlərini dənizdəki aydan çəkə bilmirdi. 

Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı və yavaş-yavaş 

sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf gəldi. 

Ağanəcəfgilin həyətlərindən gələn mahnı  səsi aləmi bürümüşdü: Qədir 

Rüstəmov «Sona bülbüllər»i oxuyurdu və Baladadaş da mahnının müşayiətilə 

Sevilgilin təzə  həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan onların işıqlı 

artırmasına baxdı. 

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi. 

Sevilin anası: 

– Sən Allah, maşını yavaş sür, – dedi. – Ürəyim qalacaq sənin yanında. Telefon 

da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən. 

Murad gülümsədi: 

– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın. 

Sevil dedi: 

– Qal burda də, nə olar?.. 

Murad dedi: 

– Yaxşı deyil... 

Sevilin anası dedi: 

– Bircə toyunuzu tez eləsəydik... 

Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin şalvarının dalını 

çırpıb Sevilgilin həyətlərindən uzaqlaşdı. 

Yenə günün cırhacırı idi və belə isti ola, özü də şənbə günü – dəniz də, sahil də 

adamla dolu idi.  

Baladadaş  dənizdən təzəcə  çıxmışdı  və az qala dizinəcən uzanan qara trusiki 

nazik baldırına yapışmışdı. 

Ağanəcəf əlindəki taxta şumaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı: 

 – Əhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir gəlsin mənim 

yanıma, Amurski oblasta. Deyir ki, kursa da girər, yaxşı. Ordan sonra vayenni 

akademiyaya da girmək olur əntiqə. Mən də bu gün yazdım ona ki, Baladadaş yaxşı-

yaxşı  şumaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir 

sənə. 

Baladadaş birdən-birə: 




 

89

– Sənə  nə var e... – dedi. – Dünya vecinə döyül!... – Sonra qumun üzərində 



uzanıb gözlərini qıydı və günəşə baxdı. 

Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş 

halda gözlərini döyüb bilmədi ki, nə desin. Sonra sahilə  tərəf gələn qırmızı 

«Moskviç»i göstərib: 

– Upravlyayuşi gəlir, – dedi. 

Baladadaş soruşdu: 

– Kim? 

Ağanəcəf dedi: 



– Upravlyayuşi. 

– Upravlyayuşi kimdir? 

– Ode, qırmızı «Moskviç»də gəlir. 

Baladadaş dikəlib qırmızı «Moskviç»ə baxdı, Ağanəcəf həsəd dolu gözlərini bu 

təptəzə qırmızı «Moskviç»dən çəkməyərək dedi: 

– Təzə qonşumuzdu qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə 

qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşidi bu. Bilirsən neçə 

kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar. 

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı. 

Sevilin xurmayı saçları  çılpaq çiyinlərinə tökülmüşdü. Sevilin çılpaq qıçları, 

yalın ayaqları qumun üzərində elə addımlayırdı ki, elə bil bütün bu dəniz də, bütün 

bu sahil də bu qıçların sahibinə məxsus idi. Muradın əzələləri sayılan sağlam bədəni 

dənizin sularını yardı, Sevilə yol açdı və onlar üzə-üzə sahildən uzaqlaşdılar. 

Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevildən başqa heç 

kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı 

saçları  dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə 

gəzdirirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də  şer pıçıldayırdı. 

Baladadaş Sevilin ağ  bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına,  şer 

pıçıldayan dodaqlarındakı gülüşünə baxırdı və o da gülümsəyirdi.  

Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sifətində 

gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü, 

öpdü və üfüqə baxdı. 

Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhəddi idi; bu üfüq xəttindən bu 

tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz 

Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı. 

Baladadaş  əlləri üstündə tutduğu Sevilə  tərəf  əyilib onun xurmayı saçlarını  və 

dənizi öpməyə başladı. 

Peyin var bağ üçün, istəmirsən? 

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, 

elə bil heç nə görmədi və heç nə eşitmədi, təzədən dənizə baxdı, lakin daha nə Sevil 

var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı. 

– Peyin var deyirəm, bağ üçün, lazımdır? 

Baladadaş yenə  də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca 

kişiyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi: bu kişi hardan peyda oldu belə? Sonra 

oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını  çırpdı, cavab gözləyən 

qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı. 

Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahillə yoluna davam 

etdi. 



 

90

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və 



o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya 

baxdı. 


Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi. 

Sevil sakitcə oturub kitab oxuyurdu və  xəbəri yox idi ki, cəmi yarımca saat 

bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox 

idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımca saat bundan əvvəl 

öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının  şorməzə  təmini indi də 

dodaqlarında hiss edirdi.  

Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığa – Baladadaşın 

hasara dırmaşdığı səmtə baxdı və dedi: 

– Yenə gəlib çıxmısan hasara? 

Baladadaşın ürəyi birdən-birə  qırılıb hasarın dibinə düşdü – qabaqlar belə  şey 

olmazdı Baladadaşda. 

Sevil dedi: 

 – Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdın ora. Elə bilirsən 

xəbərim yox idi? Murada desəm, bilirsən neyləyər sənə? 

Baladadaşdan səs çıxmadı. Təkcə qurbağalar quruldayırdı – deyəsən, yağış 

yağacaqdı. Bir də ki, cırcıramaların səsi aləmi götürmüşdü başına. Sevilgilin 

evindən də  səs gəlirdi – yəqin televizorla kino göstərirdilər və Sevilin anası da 

oturub kinoya baxırdı. 

Sevil gözlərini qaranlıqdan çəkmədən dedi: 

– Nə istəyirsən? Sənin tayınam? Get bir güzgüdə kepkana bax... Kepka deyil e, 

aerodromdur, aerodrom. Üstündən qalxıb aya uçmaq olar. 

Sonra Sevil özü öz sözlərinə güldü. 

Sevilin anası içəridən boylanıb soruşdu: 

– Kimlə danışırsan elə? 

– Heç kimlə. Özüm özümlə! – Sevil yenə güldü. – Olmaz? 

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də heç 

vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ 

burasındaydı ki, əl-ayağı sözünə baxmırdı, elə bil ki, Sevilin sözləri onun ürəyini 

kəsib hasarın dibinə atmışdı, əlini, ayaqlarını qurutmuşdu. 

Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi: 

– Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum? 

Yenə  də qurbağalarla cırcıramaların səsindən başqa cavab gəlmədi və Sevil 

hirslə ayağa qalxıb evə girdi, qapını da arxasınca çırpdı. 

Baladadaş bir müddət qurbağalarla cırcıramaların səsinə qulaq asdı, sonra axır 

ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı. 

Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın. 

Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə 

salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addımlayırdı.  

Qırmızı «Moskviç» arxadan gəlib onun yanında dayandı  və Murad maşının 

pəncərəsindən boylanıb: 

– Gəl otur, – dedi. 

Baladadaş bir qırmızı «Moskviç»ə, bir də  kənd tərəfə baxdı, sonra əllərini 

şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında 

oturdu. 


Qırmızı «Moskviç» yoluna davam etdi. 


Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə