Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə132/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   128   129   130   131   132   133   134   135   ...   184

 

293


 – Ya Şərəfbəxş! – dedi. – Günah işləməkdən özümü güclə saxladım! Əlim qana 

batacaqdı, xəncəri yerə atıb, sənin hüzuruna qaçdım. Mən qonşuma, yeri düşəndə, 

yaxşılıqdan başqa heç nə etməmişəm. Amma o, mənə pislik edir. Neyləyim mən, ya 

Şərəfbəxş? Xisləti xanəbərəndazdı*, mən nə edim? 

Şeyx Mustafa Şərəfbəxş diqqətlə o adamın gözlərinin içinə baxdı  və o dəm o 

adama elə  gəldi ki, Şeyx həzrətləri onun gözlərinin içindən arxanı da görür, yəni 

Şeyx həzrətlərinin baxışı onun gözlərinin içindən başını dəlib o tərəfə keçir və yəqin 

elə bu hissə görə Şərəfbəxşin dediyi sözlər cismani bir yazı kimi o adamın beyninə 

həkk olundu. 

Şeyx Mustafa Şərəfbəxş dedi: 

 – Get, o qonşuya yaxşılıq elə. 

Və o adam başa düşdü ki, indicə bu həyətdən çıxacaq və bundan sonra həmin 

xanəbərəndaza əlindən gələn yaxşılığı edəcək; fürsət axtaracaq ki, o xanəbərəndaza 

yaxşılıq eləsin. 

Və  həmin aylı-ulduzlu yay gecəsi də sona yetdi, sonra yay da tamam bitdi, 

günlər keçdi, payız sarısı o həyəti bürüdü və  hər dəfə  də axşam düşüb gecənin 

qaranlığı bu ətrafa yayılmağa başlayanda o qoca armudun altına yığılmış xəzəl təkcə 

keçib getmiş o yazın, yayın yox, bu yer üzündə yaşanmış uzun-uzun illərin həmin 

yay gecəsindəki o ulduzlar qədər bir uzaqlıqda qaldığından və  Əvvəldən başlayıb 

doxsan ildən sonra Axıra yetişməkdə olan bir ömür yolunun əslində gedər-gəlməz 

yolu olmasından xəbər verirdi, Axır yaxınlaşdıqca Əvvəl uzaqlaşırdı, amma qəribə 

idi, o mülayim payız gecəsi, payızın sapsarı  rəngi gecənin içində  əriyib görünməz 

olmuş o həyətdə, adda-budda yarpaqları (sarısı qaranlıqda  əriyib itmiş yarpaqları) 

çılpaq budaqlarının arasından süzülüb gələn ay işığında qaralan o qoca armud 

ağacının altında, qalın döşəklərin üstündə oturub, əyninə kürk salmış  və gözlərini 

qarşısında yanan manqalın qıpqırmızı  qızarmış közlərinə dikmiş  Şeyx Mustafa 

Şərəfbəxş o uzaq Əvvəli bu köz qızartısı kimi aydın görürdü, o uzaq (və  əbədi!) 

Əvvəlin bütün görümləri – hətta iki-üç yaşlı uşaqlıq çağları belə bütün dəqiqliyi ilə 

gözlərinin qabağından keçirdi, amma o doğma, mehriban görümlər  Şərəfbəxşin 

ürəyinə ilıqlıq, hərarət gətirmirdi,  əksinə, uzun-uzun illərin ayrılığına (əbədi 

ayrılığına!) bürünmüş o görümlərdə bir payız sazağı, payız sarısı var idi, çünki o 

görümlər Axıra çataçatda olan o uzun ömür yolunun get-gedə qalınlaşan bir lay kimi 

yaratdığı soyuq və qalın şüşənin arxasında idi. 

Və yenə  də  həyətdəki xəzəl sükutunun qəfildən pozulmasına, elə bil ki, ilkin 

təəccüb edən o qoca armud ağacı oldu, daha doğrusu, o anlarda xəfif bir meh ötdü 

və xəzəlin qurumaqda olan üz qatındakı ən yüngül yarpaqlar o xəfif mehin səmtiylə 

kiçicik yerini dəyişib, lap yavaşdan xışıldadı  və  Şeyx Mustafa Şərəfbəxş gözlərini 

manqalın qızarmış gözündən çəkib, əvvəlcə o quru və yüngül yarpaqlara baxdı – bu 

xəzəl də,  əlbəttə, Axır idi, amma Axırın beləcə yüngüllüyü o payız gecəsi birdən-

birə yenə də kəpənəyi Şərəfbəxşin yadına saldı... 

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir...  

... Sonra evə tərəf baxdı və kimliyini duydusa da... 

... Kimdi? – soruşdu və: – Qoyun gəlsin, – dedi. 



 

294


O adamın həmin həyətə ilk dəfə ayaq basdığı o yay gecəsindən sonrakı müddət 

ərzində özünün özü ilə mübarizə aparması, özünün özünü məcbur etməsi, özünün 

özünə qalib gəlməsi indi o qoca armud ağacı, o xəzəl kimi aşkar bir həqiqət idi və 

bunu o adamın baxışı deyirdi, yerişi, duruşu söyləyirdi və yenə də Şeyx həzrətlərinin 

hüzurunda dayandığı zaman o adamın gözləri  Şərəfbəxşin  əllərinə sataşdı: hər iki 

əlini dizlərinin üstünə qoymuşdu, uzun kəhrəba təsbehi sol biləyindən asılı qalmışdı 

və manqalda qızaran közün işığında qırışları oxunan o əllərlə – o uzun, quru 

barmaqlarla, ləkələr düşmüş  və boşalmış  dəri ilə  həmin həyəti başına götürmüş 

xəzəl, elə bil ki, bir-birini tamamlayırdı, amma bu ilk baxışda belə idi və o adam 

ocağın istisində  qızınan o əllərin özünün istisini hiss etdi və başa düşdü ki, onu 

həmin sazaq payız gecəsi ahənrüba kimi çəkib o həyətə, o hüzura gətirən elə həmin 

istilikdi. 

O adam: 

 –  Ya  Şərəfbəxş! – dedi. – Mən  əlimdən gələn yaxşılığı  əsirgəmirəm. Imkan 

düşəndə  də, düşməyəndə  də o qonşuya yaxşılıq edirəm. Amma bunun əvəzində o 

yenə də mənə pislik edir. O qədər pislik edir ki, mən günaha batmaqdan qorxuram. 

Xisləti, ya Şərəfbəxş, xisləti xanəbərəndazdı. Mənə bir yol göstər! Nə eləyim mən? 

Şeyx Mustafa Şərəfbəxş kiçik maşanı götürüb manqaldakı közü yerbəyer elədi 

(və o adam o əllərin hərəkətindən diksindi, elə bil ki, o əllər həmişə eləcə diz 

üstündə donub qalmalı imiş...), araya sükut çökdü və həmin kiçik sükut o adam üçün 

az qala bir fəsil çəkdi; sonra Şərəfbəxş göy gözlərini manqaldan ayırmadan: 

 – Get, – dedi, – o qonşuya yenə yaxşılıq elə. 

Həmin payız gecəsi o adam üçün gündüzün gün işığı kimi aydın idi ki, əgər 

Şərəfbəxş belə deyirdisə, deməli, belə olmalıdı, düzdü, bu – o adamı  sıxırdı, ona 

əzab verirdi, amma, bir halda ki, həqiqət axtarırdı,  ədalət axtarırdı, günah 

işləməkdən qorxurdu, deməli,  Şərəfbəxşin dediyini eləməli idi, çünki Şərəfbəxşin 

dili ilə həqiqətin, ədalətin danışdığına o adamın zərrə qədər də şübhəsi yox idi. 

Və o payız da keçdi, soyuq bir qış  gəldi o həyətin xəzəli qalın qarın altında 

qaldı, o uzun qış günlərinin birində  də hava müsaidə etmədi ki, Şərəfbəxş  həyətə 

çıxsın, bütün fəsil boyu evdə oturub, yalnız pəncərə  şüşəsinin arxasından dünyaya 

tamaşa eləyə bildi, o qoca armud ağacının çılpaq budaqları qarda, çovğunda üşüyə-

üşüyə, nəhayət, yenə yaza çıxdı, yüz il əvvəl olduğu kimi, o budaqlar yenə təzə-tər 

çiçəklədi, yarpaqladı, o çiçəklər yavaş-yavaş bəhərə çevrilməyə başladı, yay gəldi və 

o yay gecələrindən birində  Şeyx Mustafa Şərəfbəxş  həzrətləri yenə  də o armud 

ağacının altında oturub, belini mütəkkənin üstündən ağacın yoğun gövdəsinə 

söykəmişdi və ötüb keçmiş doxsan bir ilin mane ola bilmədiyi bir uşaq marağı ilə 

göyə baxırdı və tərtəmiz göy üzü yenə də ulduzlarla dolu idi və Şeyxin o təbəssümü 

yenə dodaqlarında idi, o təbəssümdə yenə  də bir heyrət  əlaməti var idi, eyni 

zamanda, o heyrətlə bərabər, bir vəcd də var idi, hətta o təbəssümdə bir minnətdarlıq 

da oxumaq mümkün idi: qoca kimə minnətdər idi? Nəyə minnətdar idi? O aya, 

ulduzlara? O aydınlıq yay gecəsinə? O ağaclara, gül-çiçəyə? Nəyə? Kimə? Nə üçün? 

... Amma o bir günlük ömrü kəpənəyə kifayət edir... 

Və bu dəfə ilkin olaraq qoca özü başını çevirib evə tərəf baxdı (gəlişi heç bir səs 

eşitmədən duydu) və gələnin kim olduğunu soruşmadan: 

 – Buraxın, gəlsin, – dedi. 



Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə