|
Seçilmiş əsərləri
5
«Yaradıcılıq» sözü ilə «sənətkar» sözü eyni mahiyyətlidir, əslində, sinonimdirlər
(«gizli» sinonim!), həvəskarın yaradıcılığı olmaz, sənətkarın yaradıcılığı olar.
Mən bu 10 cildliyə də 1968-ci ilə qədər yazdığım hekayə və povestləri daxil
etməmişəm.
Indicə bu «10 cildlik» sözlərini yazanda yenə uşaqlıq illərimi xatırladım.
Ilyas Əfəndiyev çox oxuyan, klassik və müasir dünya ədəbiyyatına yaxından
bələd olan bir yazıçı idi və onun yaxşı kitabxanası var idi və o kitabxanadakı
kitablarla mənim aramda qəribə bir ünsiyyət, hətta mən deyərdim ki, bir münasibət
var idi.
O kitablar mənim üçün, əslində, canlı məxluqlar kimi bir şey idi.
Mən rəflərə düzülmüş o kitablarla, xüsusən çoxcildliklərlə – Şekspir, Molyer,
Tolstoy, Balzak, Stendal, Dikkens, Dostoyevski... – fəxr edirdim və ona görə yox ki,
baxın, bizdə belə kitablar var, ona görə ki, öz-özlüyündə belə kitablar var, necə ki,
qardaşla fəxr edirsən, atayla, oğulla fəxr edirsən.
Mən məhz kitab olduğu üçün kitabla fəxr edirdim.
Və o gözəl xəyallar aləmi də yaxşı yadımdadır ki, indi fikir məni tez-tez keçmişə
apardığı kimi, o zaman da fikir məni tez-tez gələcəyə aparanda gözlərimin qabağına
mənim öz gələcək cildlərim gəlirdi: 50 cild... 60 cild... 100 cild...
... Mənim 2 cildlik ilk «Seçilmiş əsərlər»im 1987-ci ildə nəşr olunub. Sonralar
xeyli kitabım çıxsa da, bu 10 cildlik mənim ikinci «Seçilmiş əsərlər»imdir.
Mən bu cildlərə yalnız mətbuatda çap olunmuş əsərlərimi salmışam.
Bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə qədərki yazı-pozu işlərimin, bir növ,
yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir
sual peyda olur: nə yazmısan? necə yazmısan? niyə yazmısan?..
Mən bu suala da cavab vermirəm (bəlkə cavab vermək istəmirəm?).
Çünki o cavabın sahibi oxucudur.
Mən isə, yalnız onu deyə bilərəm ki, olanı budur.
E l ç i n
2 oktyabr 2004.
Zuğulba.
7
MƏNLƏ MƏN ARASINDA
Mən bu kitaba
1
son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
32 il – bir igidin ömrü...
Aradan 32 il keçib, amma bu hekayələrdən hər birini yazdıran ovqat bütün bu
illər boyu mənim yaddaşıma hopub qalıb və indi – bu sətirləri yazdığım 2000-ci ilin
küləkli payız gecəsi o ovqatı mən həmin uzun (və bir göz qırpımlıq!) illərin ağrısı-
acısı və sevinci ilə, itkiləri və qazancları ilə 32 il bundan əvvəlkindən çox fərqlənən
hissiyyatımda yenidən yaşayıram.
Və bu dəm mən sidq-ürəkdən Allaha şükür edirəm ki, 32 ildən sonra bu
hekayələri bir yerə toplamağı mənə qismət etdi.
Bir də mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə
sözə belə toxunmadan onları vaxtilə necə yazılmış və necə çap olunmuşdusa, eləcə
də yenidən nəşr etdirirəm.
Epoxalar dəyişdi, siyasi-ictimai münasibətlər dəyişdi və mən – oxucudan
gizlətmirəm – daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim
gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də
yoxdur.
Bu hekayələrin bir qismi olsun ki, yaxşı hekayələrdir, başqa bir qismi bəlkə də
nisbətən alınmayıb, amma onlarda bir zərrəcik də desən, yalan yoxdur.
Və bu hekayələr – mövzusundan, yaxşılığından-pisliyindən, yaxınlığından-
uzaqlığından asılı olmayaraq, bir yerdə, bir küll halında – mənəm!
32 il bundan əvvəl XXI əsr və üçüncü minillik mənim üçün çox uzaq bir
gələcəyin qeyri-real rəqəmləri idi, amma bu gün onlar real həyatımızın
göstəriciləridir.
Bu hekayələr bugünkü Elçinlə əlçatmaz, ünyetməz bir keçmişdə qalmış 32 il
bundan əvvəlki o Elçin arasında, bəlkə də, ən doğma bir bağlılıqdır, həmin doğma
xətdir ki, o cavan yazıçı ilə, o cavan yazıçının hiss-həyəcanı, qara saçları və məchul
bir gələcəyə (bu günə!) tuşlanmış baxışları ilə məni birləşdirir.
Mən bu kitabın adını, şirini və acısı ilə bərabər, yaşanmış o illərin ancaq mənə
məxsus hiss-həyəcanı şərəfinə «32» qoymaq istəyirdim.
Amma, bax, indicə qələmi götürdüm və bu hekayələr toplanmış qovluğun
üstündə həmin hekayələrdən birinin adını yazdım: «Baladadaşın ilk məhəbbəti».
Ona görə yox ki, 1972-ci ildə yazılmış bu hekayə məşhur oldu, əsasında film
çəkildi, bir çox dillərə tərcümə edildi, mənim Moskvada rus dilində nəşr olunmuş ilk
kitabımın adını daşıdı vəs.
Ona görə də yox ki, bu hekayəyə qədər «aerodrom» papaqlı baladadaşlar
sənətdə ancaq satiranın hədəfi olurdu, az qala, mənəvi məhdudluq meyarına (!)
çevrilirdi və birdən-birə bu «aerodrom» papaqlı şumaqədər ustasının lirik-romantik
(yəni insani!) aləmi peyda oldu.
Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizliyi, iddiasızlığı,
səmimiliyi mənim üçün bu 32 ilin daşınan yükü müqabilində çox əhəmiyyətli bir
şeydir.
__________________
1”Baladadaşın ilk məhəbbəti”kitabına (“Qapp-Poliqraf” nəşriyyatı,Bakı, 2000) yazılmış ön söz
.
Dostları ilə paylaş: |
|
|