33
Ona görə mən siz deyiləm ki, sizin indi də inandığınız və sevdiyiniz arzular var,
həqiqi arzularınız, mən isə... Bu gün heç, bu gün bir müstəsnadır; sabah yenə hər şey
öz qaydasına düşəcək, sabah gün saatın yerini qaraldacaq, saat olmasa da, vaxt gün-
gün, il-il, əsr-əsr keçəcək.
Hər şey insanın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını
dəyişdirə bilər – bunlar hamısı yaxşıdır, amma bütün bunlar üçün gərək həvəs olsun,
məndə isə belə bir həvəs yoxdur, çünki bunda heç bir məna görmürəm və bütün
bunlar barədə də fikirləşmirəm; fikirləşmirəm ona görə ki, hər gün Firəngiz ölmür.
Tolik dedi ki, heyıf qurtardı kino, sonra dedi ki, gəl bir də baxaq. Mən də dedim
ki, sabah gəlib bir də baxarıq, bu gün bəsdir.
Kamal Əcəlsizin qəribə təxəllüsü var, yəni ki, mən əcələ inanmıram, harada
qırıldı, qırıldı. Bu özü də elə bir etirazdır, Kamal Əcəlsizin imkanı daxilində olan bir
etiraz, hərçənd Fira deyərdi ki,– Fira onu üç-dörd dəfə Tolikin ad günündə
görmüşdü – hə, Fira deyərdi ki, bu kişi gərək təxəllüsünü Əcəlsiz yox, Əlacsız
qoyaydı.
Fira özü də əlacsız idi, çünki Fira ölüb.
Biz hamımız əlacsızıq, amma gərək öz-özümüzü aldadaq, aldatmasaq, axırı
mənim kimi olur.
Mənə nə olub bəyəm?
Yenə təzədən başlayaqmı? Həvəssizsən, həvəssizliyi doğuran arzusuzluqdur,
arzusuzluğu doğuran... və s. bayaqkı ardıcıllıqla.
Tolik yenə dedi ki, tez-tez gedirsən.
Əlbəttə, Tolikin yerinə mən də olsaydım darıxardım. Kaş mən də darıxmağı
bacaraydım. Bax, bu da altıncı arzu və bu altı arzunun altısı da bir qara qəpiyə
dəyməz, təkcə Toliki böyütmək arzusundan başqa, hərçənd bu da arzu yox, sövq-
təbii istəkdir, heyvanlarda da var.
Mən darıxmağı bacarsam da, bacarmasam da, dəxli yoxdur, əhəmiyyətsizdir,
çünki hər ikisi bacarıqdır: darıxmağı bacarmaq bacarığı və darıxmağı və darıxmağı
bacarmamaq bacarığı və hər ikisi boşdur.
Tolik univermağın vitrini qabağında ayaq saxladı. Qıpqırmızı, nikelli motosikl
günortadakı kimi vitrində idi. Dayanıb yenə tamaşa etdik.
Tolikin gözlərindən qığılcım yağırdı – elə həsrətlə, elə maraqla baxırdı bu
motosiklə. Sonra mənə baxdı, yenə mənə baxdı, dedi ki, gəl bu motosikli alaq.
Gülüb dedim ki, nə ilə alaq, hanı pulumuz? Cibindən bayaqkı beşqəpikliyi çıxarıb
dedi ki, bude, bununla alaq.
Beşqəpiklik qızıl kimi parıldayırdı.
Əlbəttə, mən bu motosikli ala bilərdim: bütün yayı xərcləyəcəyimiz pul
portmanatın içində, cibimdə idi – bəlkə də çatardı. Nədənsə, mənə elə gəldi ki, əgər
mən bu motosikli alsam, həmin an mənim həyatımın dönüş nöqtəsi olar. Mən
Sürəyyanın da qarşısında cavab verə bilərdim, hərçənd təcili olaraq Bakıya
qayıdacaqdıq. Əgər mən bu motosikli alsaydım, heç bir böyük ailə iğtişaşı və yaxud
faciə baş verməzdi; əgər bir hadisə – qoy lap faciə olsun, baş versəydi də, deməli,
belə olmalı idi. Fəqət bu motosikli almağa, sadəcə olaraq, mənim həvəsim yox idi,
çünki artıq hər şey geridə idi, artıq bunun bir mənası yox idi.
Beşqəpikliyi Tolikdən aldım və univermağa girdik. Oyuncaq satılan şöbəyə
yaxınlaşıb bir manat əlli səkkiz qəpik verdim və Tolik üçün bir motosikl aldım.
– Niyə doğruçu motosikl almadın?
– Sən böyüyəndə alarıq.
34
– Indi alardıq, sən sürərdin.
– Axı, mən sürə bilmirəm.
– Niyə sürə bilmirsən?
– Ona görə ki... Yəqin öyrədən olmayıb, ya da... ya da özüm qorxmuşam, ya
da... bilmirəm niyə...
– Onda, indi öyrən sürməyi.
– Indi öyrənə bilmərəm.
– Niyə öyrənə bilməzsən?
– Çünki gecdir daha.
Bir az nə isə fikirləşəndən sonra dedi:
– Mən böyüyəndə motosikl sürə biləcəyəm.
– Yaxşı olar, – dedim.
Bu gün Toliki axşam naharı əzabından xilas etdim, Sürəyyanın gözündən iraq.
Sonra avtobusa minib geri qayıtdıq, Iosif Samolyoviç Bassın hüzuruna.
Köhnə hamam, köhnə tas,
Köhnə pansion, köhnə Bass.
Firanın eyni yoldan zəhləsi gedirdi, hər gün səhər-səhər tutaşırdı Sürəyya ilə.
Mən neçə ildir ki, eyni yolla Bassın hüzuruna qayıdıram.
Bu yolu motosikllə də qayıtmaq olardı; sürətlə; eynilik bilinməzdi onda.
Bir də ki, istəyir eynilik bilinsin, istəyir bilinməsin– mənası yoxdur.
...Həmin beşqəpikliyi yadigar saxlayıram, indi də portmanatımın gözündədir:
tək-tənha, qızıl kimi parıldayan beşqəpiklik.
Dekabr, 1968.
35
EPITAFIYA
(Felyetonvari)
NEKROLOQ ƏVƏZI. Amansız ölüm gənc və istedadlı alimimiz Əlirza Yananı
yaradıcılığının çiçəkləndiyi bir dövrdə aramızdan apardı. Sənət səmamızın bir parlaq
ulduzu daha əbədi olaraq kainatın ənginliklərində görünməz oldu.
Respublikamızın səfalı guşələrindən birinə ezamiyyətə getmiş alovlu alimimiz
Əlirza Yanan paytaxtımıza daha qayıtmadı.
Unudulmaz gənc alim Əlirza Yanan Kür çayında çimərkən bir daha sahilə
dönmədi; ləzzətli osetrin balıqları ilə cahanda tanınmış Kür çayı Əlirza Yananın
əbədi məskəni oldu.
Nurlu al şəfəqlər altında par-par yanan Kür ləpələrinin ana laylası tək həzin və
müqəddəs, pıçıltılı laylasının müşayiəti ilə rahat yat, əziz Əlirza Yanan, xalqımız
qədirbiləndir, o, heç vaxt öz sevimli oğullarını unutmur.
TƏDQIQATIMIZ. Bu faciəli xəbər dünən axşam saat beşdə bizə yetişdi. Biz
dərhal istedadlı gənc ədəbiyyatçı alimimizin evinə getdik. Ömrünün bahar çağına
yenicə qədəm qoyaraq hələ özünə ailə qurmağa imkan tapmamış (ah!) Ə. Yananın
zəngin arxivi tamamilə bizim ixtiyarımızda idi və biz bu zəngin arxivdə indiyə qədər
elm aləminə məlum olmayan, mühüm əhəmiyyət kəsb edən bir sənəd aşkar etdik.
Bu naməlum bir əlyazması – bir vərəq həcmindədir, makinada iki intervalla
yazılmışdır və birinci nüsxədir. Vərəqin arxa tərəfində qara kağız izləri müəyyən
etdik və bu bizə imkan verir ümidvar olaq ki, gələcəkdə ikinci nüsxə də aşkar
ediləcək. Hələlik, müəllifini müəyyən etmədiyimiz bu gözəl şeri olduğu kimi
köçürüb ilk dəfə oxucularımızın nəzər-diqqətinə yetirmək şərəfinə nail olduq.
Dərsə gedir uşaqlar.
Bağçada alma, nar var.
Məllim gəlir o başdan.
Soruşacaq Dadaşdan.
Dadaş girdi içəri.
Gördü orda Dilbəri.
– Dilbər, Dilbər, a Dilbər!
Şeri bilirsən əzbər?
Dilbər dedi: – Bilirəm!
Amma sənə demirəm!
Müəllim qalxdı diki.
Dadaşa verdi iki.
Sovet pedaqogika elminin nə qədər sürətlə inkişaf etdiyini parlaq bədii boyalarla
əks etdirən, böyük tərbiyəvi əhəmiyyətə malik bu şerin müəllifinin
müəyyənləşdirilməsi çətin, fəqət şərəfli bir tədqiqat tələb edir və ümidvarıq ki,
gələcəkdə bu diqqətəlayiq işin öhdəsindən ləyaqətlə gələcəyik. Lakin hazırda bizi
maraqlandıran, istedadlı azəri alimi Ə. Yananın bu şerə münasibəti, bu şerin ictimai-
bədii təhlilini verməsi, fəlsəfi, estetik və etik mahiyyətini, müəllifin sənətkarlıq
xüsusiyyətlərini açmasıdır.