38
NƏTICƏ OLARAQ. Ölüm amansızdır. Lakin sənətkarlar heç zaman ölməz!
Biz əziz və qədirbilən oxucularımıza söz veririk ki, gələcəkdə təzədən və bir
daha təzədən, gənc alim Əlirza Yananın yuxarıda haqqında bəhs etdiyimiz həm
elmi-nəzəri və həm də bədii yaradıcılığına qayıdacağıq, yeni-yeni tədqiqat
əsərlərimizlə hörmətli oxucularımızı sevindirəcəyik. Yeri gəlmişkən qeyd edək ki,
həmişə olduğu kimi, bu dəfə də nəşriyyatlar bu işdə öz kömək əllərini
tədqiqatçılarımızdan əsirgəməməlidirlər, vaxtsız aramızdan getmiş şöhrətli alimimiz
Əlirza Yananın seçilmiş əsərlərinin ikicildliyini alimlərimizin şərhləri, giriş və son
sözləri, xatirələri, şəkilləri ilə bərabər yaxın zamanda oxuculara çatdırmalıdırlar.
O. Dəruni,
filoloji elmlər namizədi.
BILDIRIŞ. Hörmətli oxucular, bu gün sübh tezdən əldə etdiyimiz məlumat bizi,
eləcə də filoloji elmlər namizədi, hörmətli alimimiz O. Dəruni yoldaşı sizin
yanınızda xəcil etmişdir. Məlum olmuşdur ki, Əlirza Yanan adlı vətəndaş heç də
ölməmişdir. O, Kür çayını üzüb o biri sahilə keçərək sərxoş olduğu üçün özünü yaxşı
apara bilməmiş və yerli milis işçiləri tərəfindən yaxalanaraq on beş günlük həbs
cəzasına məhkum edilmişdir. Bununla da, vətəndaş Yanan həm bizi, həm də hörmətli
və şöhrətli alimimiz O. Dərunini pis vəziyyətdə qoymuşdur. Belə ki, bu məlumatı çox
gec aldığımız üçün, yuxarıdakı məqaləni qəzet səhifəsindən çıxara bilmədik. Lakin
onda təskinlik tapırıq ki, bir gün dünyaya gələn, bir gün dünyadan gedəcək və o
zaman yuxarıdakı məqalə də xarakterik aktuallığını bərpa edəcək.
2 mart 1969.
39
ZIREH
Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın
nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən
sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə Şahinin
çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım
mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim
ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi
hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib
pəncərənin gözlüyünü açım.
Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən
düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə
birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də əməlli-başlı yatım
gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan
gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun
yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi
yatmırdı.
Şahin də yatırdı, elə rahat yatırdı ki, elə bil Şahin deyildi – guya ki, Şahin rahat
yata bilməzdi, – hər şey belədir: böyük xoşbəxtlik kiçik müsibətin yanında heçə
dönür, necə ki, böyük yaxşılıq kiçik pislikdən sonra unudulur; niyə belədir –
bilmirəm, amma nə tez unutmuşam Şahinin mışıl-mışıl yatmağını... Əvvəlcədən bir
az Cırtdandan danışardım, bir az Məlikməmməddən, sonra soruşardı ki, neçə
canavar öldürmüşəm, neçə pələng vurmuşam, neçə ayını qaldırıb yerə çırpmışam,
daha nə eləmişəm; mən də bir-bir deyərdim: bir gün beş canavar olardı, yeddi pələng
olardı, səkkiz ayı olardı, başqa bir gün on canavar olardı, dörd pələng olardı, doqquz
ayı olardı, – bu baxırdı mənim goplamaq həvəsimə – Şahin də bic-bic gülərdi, elə bil
özü də yaxşıca bilirdi ki, hamısı gopdur.
Solmaz gəlib dedi ki, mamam yerinə uzanan kimi yatdı. Mən də dedim ki, yaxşı
oldu, yazıq arvad gör neçə gündür yatmır, qoy dincəlsin bir az. Sonra Solmaz lap
mənə yaxınlaşdı, bu iyirmi gündə birinci dəfə qucaqladı; heç nə demədi: mən də heç
nə demədim.
Şahin bizim ilkimiz idi, həm də Şahindən başqa daha heç vaxt uşağımız
olmayacaqdı, çünki Şahindən sonra Solmazın daha heç vaxt uşağı ola bilməzdi;
Şahinin ilk qədəmi belə olmuşdu, amma Şahin var idi – kifayət idi.
Sakit ol, dedim, arxayınçılıqdır daha, Solmaz dedi ki, sakitəm, lap sakitəm daha,
görmürsən sakitəm? Lap sakit ol, dedim, lap, istəyirsən bir az ağla, ağla bir az,
ürəyin boşalsın. Yox, dedi, ağlaya bilmirəm, ağlaya bilmirəm, çünki daha Şahin
bizimlə qaldı. Elədir, dedim, ağlama, Şahin bizimlə qaldı, çünki belə olmalı idi, mən
bilirdim ki, belə olacaq, lap əvvəldən bilirdim ki, Şahin bizimlə qalacaq, ağlama,
dedim, ağlama, qurtardı daha, hər şey qurtardı. Ağlamıram, dedi, bu elə belədir,
ağlamıram, fikir vermə.
Şahin birdən xəstələndi; həyətdən gəlib bir az gopa basdı, bir az deyib güldü,
sonra da xəstələndi – belə işləri var Şahinin. Gözləri parıldayırdı yaman, özü də pis
parıldayırdı, özü də od tutub yanırdı. Solmaz dedi ki, deyəsən axı, qızdırması var
uşağın. Mən də dedim ki, yenə özündən pəstaha çıxartma, başlama yenə; sonra
ölçdük qızdırmasını, sonra gördük ki, qızdırması var, xəstələnib. Otuz doqquz idi
qızdırması, axşam qırxı ötdü. Belə-belə işlər...
40
Solmaza dedim ki, sakit ol, eşitdin, bayaq Kazımlı sənin yanında dedi ki, böhran
ötdü, sənin yanında dedi ki, on-on beş gündən sonra duracaq ayağa, Kazımlı sözü
havaya üfürən həkimlərdən deyil, özün məndən yaxşı bilirsən, sakit ol. Solmaz
gülümsədi, elə bil onu heç gülümsəyən görməmişdim, elə bil həmişə deyib-gülən
Solmaz deyildi, əslində, doğrudan da, həmişəki Solmaz deyildi, qocalmışdı bu
iyirmi gündə. Sonra məndən soruşdu ki, Kazımlı çıxanda sənə nə isə dedi, nə dedi
sənə? Heç nə demədi, dedi ki, xudahafiz. Solmaz dedi ki, yox, eşitdim axı, nəsə dedi
sənə. Dedim, Kazımlı dedi ki, böhran keçib daha, yüz faiz xətircəm ola bilərsiniz.
Yox, dedi, başqa nə isə dedi. Sonra Solmaz mənə elə baxdı ki, dedim Kazımlı nə
dedi. Əslində elə bir şey də deməmişdi, demişdi ki, bu gecə də muğayat olun, işdi-
şayətdi, bu gecə yenə böhran ola bilər, axırıncı böhran, qorxub-eləməyin, lap
gecənin yarısı da olsa, gəlib məni durğuzun. Yenə dedim ki, Kazımlı dedi ki,
qorxub-eləməyin, nə oldu sənə, nə oldu axı, deyirəm ki, Kazımlı dedi qorxmayın, o
saat gəlib məni durğuzun, vəssalam. Dedim ki, bir bax Şahinə, gör necə rahat yatıb,
heç görmüsən belə rahat yatmağını, görmürsən ki, daha heç nə olmayacaq, özü də
Kazımlı dedi ki, işdi-şayətdi...
Solmaz pəncərəyə yaxınlaşıb pərdəni qaldırdı: məhəllənin cailləri yenə dalanın
ağzına yığışıb söhbətləşirdilər. Solmaz pərdəni aşağı saldı. Gözü pərdədə,
pəncərənin qabağında dayandı.
Gərək sənə deməyəydim, dedim, deməyəydim ki, Kazımlı nə dedi. Deməsəydin
nə olacaqdı, dedi, bir şey dəyişəcəkdi bəyəm? Niyə həmişə pisindən yapışırsan,
dedim, ən bədindən yapışırsan, niyə həmişə ürəyinə pis şey gəlir, Kazımlı dedi ki,
işdi-şayətdi, yəni ki, heç nə olmayacaq, yəni ki, hər şey qurtardı getdi işinin dalınca,
niyə ən bədindən yapışırsan? Dedi ki, nə edim bəs? Sonra dönüb mənə baxdı, mən
də özümdən çıxdım, özümdən çıxdım ki, Solmaz birdəfəlik başa düşsün: bu gecə
heç nə olmayacaq, çünki daha keçdi getdi hər şey, qurtardı daha.
Gülü xala başıalovlu otağa girdi ki, nə olub? Solmaz dedi ki, heç nə, ay mama,
nə olacaq ki, niyə qalxırsan o saat səs eşidən kimi, get yat, sən Allah. Gülü xala
rahat-rahat nəfəs alan Şahinə baxıb doluxsundu yenə, elə onu de, nə ola bilər ki, olan
oldu, keçən keçdi daha. Sonra Solmaz anasını o biri otağa apardı.
Bu iyirmi gündə birinci dəfə hiss edirdim ki, otaq dərman iyiylə dolub
ağzınacan. Sonra çəliyinin səsindən bildim ki, Məmmədbağır gəlir: tak-tuk.
Solmaz gedib qapını açdı, dedi ki, keç içəri. Məmmədbağır dedi ki, dayan,
çubuğu boşaldım, sonra girim içəri. Solmaz onu otaqda çubuq çəkməyə qoymurdu,
deyirdi ki, otağın havası elə düz-əməllidir, sən də bir tərəfdən çubuğu fısqırd.
Solmaz, Məmmədbağırın qolundan yapışıb gətirib mizin arxasında oturtdu.
Maxorka iyi aləmi basdı. Məmmədbağır həmişəki kimi, yerini rahatlayandan sonra
salamlaşdı: əssalam-əleykumə; sonra da soruşdu ki, salamatlıqdırmı, sonra da dedi
ki, inşallah, salamatlıq olar.
Bilmirəm niyə Məmmədbağır üçün deyiblər ki:
Gəldi Məmmədbağır,
Dur Allahı çağır?
Bizim məhəllədə belə sözlər çoxdur, amma mənası yoxdur.