56
– Yox, on iki yaşım. – O həmişə belə cavab verirdi ki, on yeddi yaşında olmağı
doğruçu çıxsın, indi də belə dedi, amma hiss elədi ki, yavaş-yavaş dilxor olur. Həm
də ona görə dilxor olur ki, Ağahüseynin adı yenə də hardansa girmişdi başına; əlini
içi dovşan dərili qolsuz kürkdən çəkdi. – Lap on bir yaşım var.
– Yaxşı, yaxşı, burnunu sallama. – Sənubər onun burnunu tutub dartdı, elə
ehmallıca dartdı ki, sifətindəki qızartı keçib getdi. – Doğrudan, sənin atan böyük
adamdır?
Haradansa Sənubərin başına girmişdi ki, onun atası böyük adamdır guya, özü də
idarəyə maşınla gedib-gəlir.
– Adamdır də... – O nə qədər fikirləşirdisə də bu suala başqa cavab tapa
bilmirdi; bir dəfə istəmişdi ki, atası barədə yalandan təsirli, lap faciəli bir əhvalat
quraşdırıb danışsın, amma danışmamışdı, çünki yaşından və oxuduğu sinifdən başqa
daha yalan demək istəmirdi Sənubərə; atası teatrda rejissor idi və nədənsə, ona elə
gəlirdi ki, atasının rejissor olduğunu bilsə, Sənubəri gülmək tutacaq, həm də o,
Sənubərin gözündən düşəcək – niyə belə fikirləşirdi, heç özü də başa düşə bilmirdi.
– Əgər böyük adamdırsa, niyə sənə palto almır?
O ən çox bu cür sözlərdən dilxor olurdu, çünki bu cür sözlərdən sonra özünü bu
balaca otaqda əsl kişi hiss edə bilmirdi və bu cür sözlərdən sonra həmişə çıxıb
gedirdi və bir müddət özünü vaxtında doğulmayan, həyata vaxtında gəlməyən insan
sanırdı, heç kimin onu başa düşmədiyini, hamının ona yad olduğunu fikirləşirdi,
özünü faciəli tənhalıqda hesab edirdi, sonra yenə də yavaş-yavaş bu pilətənin iyi
burnuna gəlirdi, bu pilətənin istisini hiss edirdi. Sənubərin köşək gözlərini görürdü,
onun nazik qabırğalarını ovcunun altında duyurdu və dərindən nəfəs alırdı ki, nə
yaxşı dünyada bu balaca otaq var, nə yaxşı dünyada bu nöyüt pilətəsi var, nə yaxşı
dünyada Sənubər var. Sənubərin də köşək gözləri var.
– Mən getdim.
Sənubər divanın üstündən ayağa qalxıb onun qolundan yapışdı.
– Bir az otur. Yaxşı da, otur bir az.
O, dediyi sözdən dönən deyildi – hər halda özü barədə bu fikirdə idi.
– Işim var.
– Yaxşı da, otur bir az. Daha heç nə demərəm, vallah. Otur bir az.
O əyilib palazın üstünə düşmüş şalı qaldırdı və hiss etdi ki, doğrudan da, bir az
oturmalıdır, çünki Sənubər lap uşaq kimi yalvarırdı; o, lap təəccüb etdi, çünki
Sənubər heç vaxt bu cür uşaq kimi yalvarmazdı, ona elə gəldi ki, bu saat çıxıb getsə,
Sənubər bu balaca otaqda yetim qalacaq.
O, divanda oturdu.
– Mənim bir dənəmsən! Səndən başqa heç kimim yoxdur, bircə dənəmsən
mənim! – Sənubər dizləri üstə çöməlib onun yanında oturdu və ona qısılaraq
boynunu qucaqladı.
– Yaxşı, bəsdir. – O yenə də özünü əsl kişi hiss edirdi.
Sənubər ona daha da bərk qısıldı. Bu gün nə isə birtəhər idi. Sənubər, elə bil lap
kimsəsizləşmişdi, lap balacalaşmışdı. Birdən-birə o özünü Sənubərin həyatdakı
yeganə mənəvi dayağı hesab etdi və qızın saçlarından öpdü. Sənubərin saçının iyi
həmişə onu məst edirdi və o bu qoxudan çəkinirdi, çünki, bu zaman dünyanın ən
sentimental adamı olurdu – bunu özü də bilirdi, amma heç nə edə bilmirdi.
57
O, cibindəki siqaretlərdən birini çıxartdı və başını pilətəyə uzadıb siqareti odda
yandırdı, – bu otaqda siqareti həmişə belə yandırardı. Siqaretdən xoşu gəlmirdi və
bilirdi ki, heç zaman əməlli-başlı siqaret çəkən olmayacaq, amma bu balaca otaqda
hərdən elə anlar olurdu ki, o nə deyəcəyini, nə edəcəyini bilmirdi və bu zaman
siqaret çəkirdi.
Sənubər bu gün, doğrudan da, lap qəribə olmuşdu; hərdən ondan ayrılırdı,
birinci dəfə görübmüş kimi heyran-heyran ona baxırdı, sonra yenə ona qısılırdı. O
isə, bu baxışlar altında özünü Sənubərin qəyyumu sanırdı və nə isə təntənəli bir söz
demək istəyirdi, amma nə deyəcəyini bilmirdi.
O, Sənubərin saçlarını bir də öpdü və dedi:
– Biz evlənəndən sonra həmişə bu otaqda ikimiz bir yerdə olacağıq.
O, doğrudan da, belə fikirləşirdi və buna inanırdı da; əslində indidən öz
evlərində özünü qonaq hiss edirdi; o, hələ lap uşaqlıqdan kinorejissor olmaq
istəyirdi, məktəbi qurtarandan sonra gedib Moskvada kinematoqrafiya institutuna
girəcəkdi, amma indi fikirləşirdi ki, məktəbi qurtarandan sonra daha Moskvaya
getməyəcək, Bakıda qalacaq, öz evlərindən çıxacaq, gedib bir yerdə işləyəcək – çox
güman ki, şoferlik edəcək, çünki maşın sürə bilir və onlar evlənib bu otaqda
yaşayacaqlar. Əvvəllər bircə şey onu düşündürürdü ki, bəs, Sənubərin anası harada
qalacaq? O istəyirdi ki, yalnız ikisi – Sənubər və o bu otaqda yaşasınlar, başqa heç
kim. Sənubərin anası da başqalar sırasında idi. Indi Sənubərin anası özü öz ayağı ilə
çıxıb gedir, Ağahüseynə ərə gedir – özü bilən yaxşıdır.
– Heç nəyə əl vurmayacağıq bu otaqda, elə beləcə qalacaq.
Birdən Sənubər dartınıb ondan aralandı və onun heç vaxt görmədiyi bir nifrətlə
qışqırdı:
– Allah vurmuşdu bu otağı! Zəhləm gedir bu otaqdan! Bezmişəm bu otaqdan.
Hər daşına tüpürüm bu otağın.
O, heyrətlə Sənubərə baxırdı. Sənubər isə bu heyrətin fərqinə varmırdı. O heç
təsəvvürünə gətirə bilməzdi ki, bu balaca otağa – onların otağına – bu qədər nifrət
edir. Axı, niyə, niyə axı? – O, sinəsini dəlik-deşik edən bu sualı Sənubərə vermədi,
nədənsə, birdən-birə Sənubərə yazığı gəldi, bilmədi niyə, yenə də Sənubərin
saçlarını öpmək istədi, amma Sənubər başını kənara dartdı:
– Işin olmasın məndə! Burax məni, – dedi! – Azı on yaş kiçikdir anamdan! Mən
neyləyəcəyəm? Çıxıb gedəcəklər, kef eyləyəcəklər özləriyçün! Bəs, mən
neyləyəcəyəm? Bu dörd divar arasında qalıb neyləyəcəyəm?
Sənubər nə danışırdı, necə yəni mən bu otaqda neyləyəcəyəm, bəs, o?
Bircə anın içində hiss etdi ki, ürəyinin lap dərinliklərinə kimi təhqir olunub və
buna dözmək mümkün deyildi; o, ayağa qalxıb otaqdan çıxdı. Sənubər dərhal
sakitləşdi, elə bil üstünə soyuq su tökdülər, onun ardınca atılıb dedi ki, getmə, daha
deməyəcəyəm, yalan deyirəm, elə-belə deyirəm, getmə, tək qalmaq istəmirəm,
istəmirəm tək qalım burda, getmə.
O, tələsik arakəsmədən keçib dəhlizə çıxdı və qapını ardınca çırpdı, qorxdu ki,
yenə tab gətirməz, yenə qalar orda; siqareti tullayıb pilləkənlərlə aşağı düşdü.
Sulu qar yağırdı. Onun kauçuk altlı çəkmələri qənbərin üstündə sürüşürdü, az
qalırdı yıxılsın, amma o, səkiyə çıxmırdı – belə dilxor vaxtlarında həmişə qənbər
döşənmiş bu küçənin tən ortası ilə düşərdi, bu, son dərəcə kinematoqrafik idi və o,
hərdən özünü lap ekranda da görərdi.
Bu saat o yenə həyatın vəfasızlığı barədə düşünürdü, heç kimin onu başa
düşmədiyindən sinəsi od tutub yanırdı.